Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1863/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Borc alan Cavabdeh ilə borc verən İddiaçı ASC arasında bağlanmış ##.##.2023-cü il tarixli ***nkBKX/** saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 60 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 8.444 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-in Cavabdeh ünvanladığı ##.##.2025-ci il tarixli bildirişin surətindən görünür ki, bank borc alana ##.##.2023-cü il tarixli ***nkBKX/** saylı kredit müqaviləsi üzrə ##.##.2025ci il tarixinə əsas borca görə 5858,55 manat, faiz borcuna görə 91,65 manat, cəriməyə görə 5,04 manat olmaqla cəmi 5955,24 manat borcunun olması bildirilərək, bütün borc məbləğini 3 iş günü müddətində ödəməklə bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İddiaçı ASC-in ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ***nkBKX/** saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixinə 5.858,55 (beş min səkkiz yüz əlli səkkiz manat, əlli beş qəpik) manat əsas, 315.09 (üç yüz on beş manat, doqquz qəpik) manat faiz borcu, 52.65 (əlli iki manat, altmış beş qəpik) manat cərimə borcu olmaqla, cəmi borcu 6.226,29 (altı min iki yüz iyirmi altı manat, iyirmi doqquz qəpik) manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 5858,55 manat əsas, 315,09 manat faiz, 52,65 manat cərimə borcu olmaqla, cəmi 6.226,29 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 82,27 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış ##.##.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 18% ödəmək şərtilə 8.444 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ## ####### 2025-ci il cümə axşamı tarixinə «xxxx» KB ASC-yə 5858,55 manat əsas, 315,09 manat faiz, 52,65 manat cərimə borcu olmaqla, cəmi 6.226,29 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 5858,55 (beş min səkkiz yüz əlli səkkiz manat, əlli beş qəpik) manat əsas, 315.09 (üç yüz on beş manat, doqquz qəpik) manat faiz, 52.65 (əlli iki manat, altmış beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 6.226.29 (altı min iki yüz iyirmi altı manat, iyirmi doqquz qəpik) manat borc və 82.27 (səksən iki manat, iyirmi yeddi qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçının öhdəliklərini tam yerinə yetirməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikləri icra edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdeh Cavabdeh 5858.55 (beş min səkkiz yüz əlli səkkiz manat, əlli beş qəpik) manat əsas, 315.09 (üç yüz on beş manat, doqquz qəpik) manat faiz, 52.65 (əlli iki manat, altmış beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 6.226.29 (altı min iki yüz iyirmi altı manat, iyirmi doqquz qəpik) manat borc tutularaq iddiaçı “X1" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 462, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, o, bankın hesablamalarının şişirdilmiş olması barədə protest verməsinə baxmayaraq, qəbul edilməmişdir. Bank məhkəməyə müraciət edəndən sonra o, ödəniş etsə də, nəzərə alınmamışdır. O, Qarabağ müharibəsi veteranı kimi rüsumlardan azad olması ilə bağlı Qarabağ müharibəsi veteranı vəsiqəsini qoşma etsə də, nəzərə alınmamışdır. İş mediasiyadan keçmədən birbaşa məhkəməyə verilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilərək qətnamənin ləğv edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı İddiaçı ASC və cavabdeh Cavabdeh rəsmi qaydada məlumat verilmiş, iddiaçı İddiaçı ASC nümayəndəsi və cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək ##.##.2026-cı il tarixinə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, iddiaçı İddiaçı ASC ona “xxxx” bildiriş göndərərək ***nkBKX/** saylı kredit müqaviləsi üzrə tələb hüququnun "BOA Kollektor Agentliyi"nə keçirildiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən, məhkəmə icraatı zamanı tərəfin əvəz edilməsi yalnız məhkəmənin icazəsi ilə mümkündür. Bank bu prosessual tələbi yerinə yetirməmiş, nə məhkəməyə müraciət etmiş, nə də onu qabaqcadan xəbərdar etmişdir. Bu, MPM-in qaydalarının kobud şəkildə pozulmasıdır. İddiaçı bank apellyasiya icraatı davam edərkən, məhkəməyə heç bir müraciət etmədən, ***nkBKX/** saylı kredit müqaviləsi üzrə tələb hüququnu tam həcmdə üçüncü şəxsə keçirdiyini bildirmişdir. Bu addım aşağıdakı hüquqi nəticələri doğurur. Birincisi, tələb hüququnu tam həcmdə özgəninkiləşdirən tərəfin həmin tələb üzrə məhkəmədə iddiaçı qismində çıxış etmək hüququ qalmır. Buna görə bankın apellyasiya şikayəti hüquqi əsasını itirmişdir. İkincisi, bank bu addımla məhkəmə vasitəsilə həlli könüllü olaraq tərk etmişdir. MPM görə, iddiaçının tələbindən faktiki imtinası məhkəmə tərəfindən rəsmi şəkildə qeydə alınmalıdır. Belə qeydə alınma isə həmin tələb üzrə gələcəkdə istər bank, istərsə də tələbi alan hər hansı üçüncü şəxs tərəfindən yeni iddia verilməsinin qarşısını alır. Üçüncüsü, tələbin keçirilməsi ilə birinci instansiya məhkəməsinin qərarında göstərilən 6.226,29 manat məbləği artıq mövcud tələbi əks etdirmir. Keçirmə endirimli qiymətlə baş verdiyindən həqiqi məbləğ dəyişmişdir. Bu hal həm qərarın icrasını, həm də apellyasiyanın predmetini əsassız edir. Apellyasiya şikayətində artıq göstərilən arqumentlərə məcburi mediasiya proseduruna əməl edilməməsinə, borcun şişirilməsinə və veteran imtiyazlarının nəzərə alınmamasına yuxarıda izah edilən yeni faktları da əlavə edərək tələbini aşağıdakı kimi dəqiqləşdirir. İddiaçı İddiaçı ASCnin məcburi mediasiya prosedurunu pozması, apellyasiya icraatı davam edərkən tələb hüququnu üçüncü şəxsə keçirməklə məhkəmə yolundan könüllü imtina etməsi və keçirmə nəticəsində iddia məbləğinin dəyişməsi faktlarını nəzərə alaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi tamamilə ləğv edilməsi və iddia ərizəsinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikası MPM-in müvafiq maddələri əsasında icraatsız qaytarılması, “xxxx”xxxxİddiaçı ASC-dən tələbin “BOA” Kollektor Agentliyinə keçirilməsini təsdiq edən rəsmi məlumatın tələb edilməsi, bankın apellyasiya icraatı zamanı məhkəməyə müraciət etmədən tələbi keçirməsinin MPM-nin prosessual qaydalarına uyğunluğunun yoxlanılması, bankın tələb hüququndan faktiki imtinası rəsmi şəkildə qeydə alınması, bu qeydə almanın həm bankın, həm də tələbi alan “BOA” Kollektor Agentliyinin gələcəkdə eyni tələb üzrə yeni iddia verməsinin hüquqi maneəsinin olması, bankın tələb hüququnu keçirdikdən sonra iddiaçı qismində çıxış etmək hüququnun mövcudluğunun müəyyən edilməsi, bütün bu faktlar təsdiq olunduğu halda dəqiqləşdirilmiş tələbin nəzərə alınması xahiş olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Maddə 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 21.1. Mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. Maddə 21.2. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə” tərəflər arasında yaranmış mübahisənin məhkəməyə verilməsinə qədər və ya məhkəmədə işə baxılan zaman tətbiq edilə bilər. Maddə 21.3. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin bağlanması təşəbbüsü ilə tərəflər və ya onlardan biri çıxış edə bilər. Məhkəmələr də tərəflərə aralarında yaranmış mübahisənin mediasiya yolu ilə həllinə dair təkliflər verirlər. Bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallarda isə müvafiq orqanlar (qurumlar) tərəflərə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmək vəzifələrini izah edirlər. Maddə 21.4. Bu Qanunla müəyyən edilmiş qaydada “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin bağlanması məhkəmədə tərəflər arasında baxılan mülki, ailə, əmək, kommersiya və inzibati mübahisələrə dair işlər üzrə icraatın dayandırılmasına səbəb olur. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanıldığı, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda isə tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılır. Maddə 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmur. Maddə 29.1. Mediator ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edən tərəflərə mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və qaydalarını izah edir, tərəflərlə birgə və ayrılıqda görüşlər keçirir. Həmin gün və ya tərəflərin müraciəti ilə mediatorun təyin etdiyi başqa gün tərəflər sonrakı mediasiya sessiyalarında iştirak etmək istəyib-istəmədiklərinə dair qərar verməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. 3.İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.
5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi təmin edildiyindən, qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cərimə, faiz borcu məbləği hissəsində dəyişdirilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Hazırkı iş üzrə tədqiq olunan sübutlardan müəyyən olunur ki, tərəflər kredit müqaviləsi bağlamaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən onlar arasında müqavilədən irəli gələn hüquq münasibətləri ilə bağlı öhdəlik münasibətləri yaranmış, iddiaçı tərəfindən qeyd olunan müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, yəni ayrılmış kredit cavabdehə verilmiş, cavabdeh isə üzərinə düşən öhdəliklərini vaxtında, lazımi qaydada tam yerinə yetirməmiş, nəticədə banka borcu yaranmış, bundan sonra iddiaçı cavabdehə müqavilənin bir tərəfli qaydada ləğv edilməsi barədə ##.##.2025-ci il tarixli təklifini göndərərək müqavilə üzrə ödənilməmiş qalan borcun tam şəkildə ödənilməsini borc alandan tələb etmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh borc məbləğinə etirazını bildirsə də, etirazında istinad etdiyi halları, yəni iddiaçı məhkəməyə müraciət etdikdən sonra ödənişlər aparmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu halda məhkəmə kollegiyası əsas borc tələbinə dair hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnamənin həmin hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Kollegiya cavabdehdən tutulmalı olan cərimə və faiz borcuna münasibətdə qeyd edir ki, xxxx KB ASC tərəfindən borcluya göndərilmiş ##.##.2025-ci il tarixli bildirişlə cavabdehin qeyd olunan kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə, yəni kreditor tərəfindən kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi tarixədək banka 91,65 manat faiz borcunun olması, ona 5,04 manat cərmənin hesablanması müəyyən edilir. Həmin bildirişlə banka olan bütün borc məbləğinin tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi kreditor borc alana təklif etmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. Kollegiya hesab edir ki, iddiaçı cavabdehin öz öhdəliyini əhəmiyyətli dərəcədə pozması səbəbindən müqavilə üzrə yaranmış bütün borcu qeyd olunan bildirişlə tələb etməklə müqaviləyə bir tərəfli qaydada xitam vermək niyyətini ifadə edərək, qanunvericiliklə ona verilən hüququndan istifadə edərək müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilmiş cərimə və faiz borcunun iddiaçının iradəsinə əsasən müqaviləyə xitam verilən ##.##.2025-ci il tarixinədək cavabdehdən tutulması hissəsində tələb əsaslıdır. Bundan başqa cavabdeh Cavabdeh məxsus Bakı şəhəri Sabunçu RHK tərəfindən ##.##.2003-cü il tarixdə verilmiş ****** saylı vəsiqədən onun müharibə veteranı olması müəyyən olunduğundan, məhkəmələrə verilən iddialar üzrə müharibə veteranları dövlət rüsumunu ödəməkdən azad olunduqlarından kollegiya hesab edir ki, iddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi 82,27 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh iddiaçı xxxx KB ASC-nin xeyrinə 315,09 manat faiz borcunun, 52,65 manat cərimənin tutulması hissəsində dəyişdirilməli, faiz borcunun məbləği 91,65 manat, cərimənin məbləği 5,04 manat müəyyən edilməli, iddiaçının ödədiyi 82,27 manat dövlət rüsumu onun özünə aid edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya iddiaçının vəsatətlərinə münasibətdə qeyd edir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bundan başqa icra icraatı zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. (İcra haqqında Qanunun 31-ci mad.) Cavabdeh tələbin güzəşti barədə bank tərəfindən ona xxxx bildiriş göndərilməsini bildirsə də, ##.##.2026-cı il tarixli xxxx bildirişi aldıqdan sonra banka müraciət etməsinə, tələbin həqiqətən güzəşt edilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Hazırkı mülki iş üzrə iddiaçı xxxx KB ASC-də öz növbəsində özünün əsl iddiaçı ilə əvəz edilməsinə dair vəsatətini, hazırkı kredit müqaviləsi üzrə tələbini güzəşt etməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də kollegiya cavabdehin bu vəsatətlərini əsassız hesab edib təmin etmir. Daha sonra kollegiya cavabdehin iddiaçı tərəfindən mediasiya proseduruna əməl edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlili və bu barədə vəsatəti ilə bağlı qeyd edir ki, iddiaçının hazırkı tələbi üzrə mediasiyanın tətbiqi, yəni tərəflərin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakları tələb olunmadığından, mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirildiyindən cavabdehin bu barədə dəlili və vəsatəti əsassız olduğundan təmin olunmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi cərimə, faiz borcu məbləğinin və dövlət rüsumun tutulması hissəsində dəyişdirilsin. İddia həmin hissədə qismən təmin edilsin. Kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh tutulmalı olan faiz borcunun məbləği 91,65 manat, cərimənin məbləği 5,04 manat müəyyən edilsin. İddiaçı xxxx KB ASC-nin iddia ərizəsinin verilməsi üçün ödədiyi 82,27 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.