Məhkəmə qərarları › İş №e-2(3-6)-1968/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-1968/2026

09.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-1968/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “avtomobilə dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “maddi zərərin ödənilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Cavabdeh iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ## ###### 2001-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan cavabdeh Cavabdeh, ona vurulmuş ziyana görə 2840 (iki min səkkiz yüz qırx) manat pulun, məhkəmə üçün ödənilmiş 49,00 manat dövlət rüsumun və 320 manat hüquqi xidmət üçün ödədyi pulun, cəmi 3209 (üç min iki yüz doqquz) manat pul məbləğinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir.

2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ##.##.2024-cü il tarixdə özünün idarə etdiyi “BMW” markalı **-NM-*** dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsi ilə ona məxsus olan “Toyota RAV4 H2.5 HIBRID” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürət həddini aşmaqla arxa hissədən vuraraq, AR IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə ona məxsus sözügedən nəqliyyat vasitəsinə ciddi maddi zərər vurmuşdur. Cavabdeh haqqında Bakı Şəhər DYPI polis əməkdaşları tərəfindən AR IXMnin 327.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinməklə ##.##.2024-cü il tarixli IXP******* saylı protokol və həmin portokol əsasında da TP******* nömrəli ##.##.2024-cü il tarixli qərar tərtib edilmişdir. Ona dəymiş zərəri “xxxx” ASC 4160 manat qiymətləndirmişdir. Lakin “xxxx” MMC maşınına dəyən zərəri 7000 (yeddi min) manat dəyərləndirərək ##.##.2024-cü il tarixli Qiymətləndirmə aktı vermişdir. “xxxx” ilə “xxxx” MMC-nin qiymətləndirməsi arasında yaranan 2840 (iki min səkkiz yüz qırx) manat pulu cavabdehdən tələb etsə də, pulu ödəməkdən imtina edir. Bir daha bildirir ki, mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlə hadisə baş verərkən aralarında keçən danışıqlardan dolayı borcunu ödəmək üçün mümkün olan dialoq imkanlarından istifadə etmişdir. Buna baxmayaraq razılaşma borclunun öhdəliyini yerinə yetirməkdən imtina etdiyi üçün baş tutmamışdır.

3. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Lətifə Məmmədova) ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh vurulmuş zərərin əvəzi qismində 2840 (iki min səkkiz yüz qırx) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 49 (qırx doqquz) manat və hüquqi yardıma görə ödənilmiş 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi müəyyən edilmişdir.

4. Iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

5. Apellyasiya şikayətinin dəlilləri:

6. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ona məxsus BMW markalı **NM*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxx”da sığortalı olmuş və hadisə zamanı həmin sığorta nümayəndəsi gəlmiş və bundan sonra zərər vurulan iddiaçıya məxsus nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı qüsur aktı tərtib edərək zərərin miqdarının 4160 manat olması müəyyən edilmişdir. Sonradan iddiaçı özü tərəfindən 7000 manat zərər göstərilən qüsur aktını məhkəməyə təqdim etmiş və iddia tələbini onun nəqliyyat vasitəsinin sığortalı olduğu “xxxx” ASC-yə qarşı deyil, əsassız olaraq ona qarşı yönəltmişdir. Rayon məhkəməsi qətnamə qəbul edərkən bunları nəzərə almamışdır və əsassız olaraq iddia ərizəsini icraata götürərək məhkəmə ekspertizası keçirmiş və həmin ekspertiza qərarını mötəbər sübut kimi qəbul edərək iddia tələbini qismən təmin etmişdir. Rayon məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Tərəflərin izahatı:

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayəti müdafiə etdi və təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi:

9. Inzibati tənbeh vermə haqqında ## ###### 2024-cü il tarixli qərara əsasən müəyyən edilir ki, ünvan 2 ünvanında Cavabdeh idarə etdiyi “BMW 5281” minik markalı **-NM-*** dövlət nömrə nişanlı avtomobil iddiaçıya məxsus “Toyota RAV4 H2.5 HIBRID” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşmuş, nəticədə iddiaçıya məxsus avtomobilə zərər dəymişdir. Həmin yol nəqliyyat hadisəsinin baş verməsində cavabdeh Cavabdeh IXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 40 (qırx) manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.

10. Inzibati xəta haqqında ******* nömrəli, ##.##.2024-cü il tarixli protokola əsasən, Cavabdeh Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

11. “xxxx” MMC tərəfindən tərtib edilən ##.##.2024-cü il tarixli ilkin qiymətləndirmə aktına görə “Toyota RAV4 H2.5 HIBRID” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 7000 manat müəyyən edilmişdir.

12. “xxxx” ASC tərəfindən verilən qiymətləndirməyə dair ##.##.2024-cü il tarixli hesabatdan görünür ki, avtomobilə dəyən zərər 4160 manat müəyyən edilmişdir.

13. İddiaçı tərəfindən “xxxx” ASC-yə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizədən müəyyən olur ki, o, sərəncamında olan “Toyota RAV4 H2.5 HIBRID” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə ##.##.2024-cü il tarixində baş vermiş sığorta hadisəsi ilə bağlı “xxxx” ASC tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razıdır və ödəniləcək 4160 (dörd min yüz altmış) manat məbləğində sığorta ödənişinin şəxsi bank hesabı vasitəsilə həyata keçirilməsini xahiş edir.

14. “xxxx” MMC-nin ##.##.2024-cü il tarixli hesab-fakturasına əsasən İddiaçı tərəfindən “Toyota RAV4 H2.5 HIBRID” markalı avtomobilin ehtiyyat hissələri üçün 6847 (altı min səkkiz yüz qırx yeddi) manat məbləğində pul ödənilmişdir.

15. Dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı “xxxx” MMC-dən mütəxəssis rəyi alınmış və ##.##.2025-ci il tarixli Hesabatından görünür ki, “Toyota RAV4 H2.5 HIBRID” markalı, **- MM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində dəyişdirilməli olan hissələrinin və görüləcək işlər üçün xidmətin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində yuvarlaq hesabla 7100 manat müəyyən edilmişdir. Dəymiş ziyan amortizasiya xərcləri nəzərə alınmaqla, (avtomobilin istismarına görə köhnəlmə əmsalı tətbiq edilməklə) yuvarlaq hesabla təxminən 6390 (altı min üç yüz doxsan) manat müəyyən edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Tətbiq edilən prosessual hüquq normaları:

17. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

20. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Rayon məhkəməsi iddia tələbini qismən təmin edərək qeyd etmişdir ki, mütəxəssis rəyi ilə qüsur aktında hesablanan məbləğ arasındakı uyğunluğu nəzərə alaraq, avtomobilə dəyən zərər haqlı olaraq 7000 manat həddində hesablanmışdır. Belə olan halda sığorta ödənişindən sonra qalıq qalan 2840 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə keçirilmiş məhkəmə iclaslarının sayı və işin mahiyyətini nəzərə alaraq, hesab edir ki, hüquqi yardıma görə cavabdehdən 150 manat məbləğində vəsaitin tutulması ağlabatan hesab edilməlidir.

22. Cavabdehin baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi mülki işin mübahisəsiz halıdır.

23. Cavabdeh apellyasiya şikayətində qiymətləndirmə rəyinin mötəbərliyini və maddi zərərin məbləğini mübahisələndirmişdir.

24. Məhkəmə cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, hazırkı işin halları ilə zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması sübut edilmişdir. Tədqiq edilmiş qüsur aktına, qiymətləndirmə rəyinə, iş materiallarındakı digər sübutlara əsasən rayon məhkəməsinin düzgün nəticəyə gəldiyi müəyyən edilir. Həmçinin cavabdeh tərəfindən mötəbərliyini mübahisələndirdiyi qiymətləndirmə rəyini və rayon məhkəməsinin gəldiyi nəticəni şübhə altına salan hər hansı sübutlar təqdim edilməmişdir. Eləcə də iş materiallarında da belə sübutlar mövcud deyildir. Belə olan halda isə müəyyən olur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

28. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

29. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

30. Yuxarıda qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

31. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir” Nəticə:

33. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

35. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

36. Beləliklə müəyyən olunur ki, hazırkı mülki iş üzrə iddianın qiyməti 2840 (iki min səkkiz yüz qırx) manat olduğuna görə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

37. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

38. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar