Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2021/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Cavabdeh 11402 manat dəymiş ziyanın məbləği, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mütəxəssis rəyinin alınması üçün ödənilmiş 250 manat və 124,21 manat dövlət rüsumu olmaqla, cəmi 11776,21 manat tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət olunmuşdur. cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsinin rədd edilməsi, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1, 360, 363.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizənin dəlillərini araşdıraraq və mülki işi nəzərdən keçirərək hesab edir ki, qeyd edilən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə rədd edilməlidir və cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- ****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi cavabdehə poçt vasitəsi ilə göndərilmiş, lakin “qapı bağlı” olması əsası ilə zərf məhkəməyə geri qaytarılmışdır. ##.##.2025-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, e-*(***)-****/**** saylı məhkəmə işinin seçilmiş tərəfinə vəkil kimi əlavə edilməsini xahiş etmişdir. Qeyd olunan məhkəmə işinə cavabdehin nümayəndəsi və vəkili kimi əlavə edildikdən sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən ##.##.2025-ci il tarixdə müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Belə ki, mülki iş üzrə sənədlərdən müəyyən olunur ki, cavabdehə kağız daşıyıcıda göndərilən məhkəmə bildirşləri qapı bağlıdır qeydi ilə geri qaytarılsa da, sms bildirişləri cavabdeh qəbul etməklə ona qarşı olan iddia ərizəsi ilə bağlı mülki işə baxılmasını bilmişdir. Məhkəmə qeyd edir ki, rəsmi qeydə alındığı ünvan üzrə dövlət orqanlarının bütün çağırışlarını, bildirişlərini almaq cavabdehin vətəndaş olaraq vəzifəsi olduğundan, həmin ünvan üzrə ona göndərilən məhkəmə bildirişlərini nəzarətdə saxlayıb qəbul etmək onun vəzifəsidir. Belə ki, cavabdeh aldığı sms bildirşlərlə barəsində mülki işin olmasından xəbərdar idi. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Müddətin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsi və vəkili ərizədə qeyd etdiyi səbəbi məhkəmə üzrlü və ağlabatan hesab etmir. Göründüyü kimi, cavabdeh qətnamədən apellyasiya şikayəti verilmə müddətini üzrsüz səbəbdən ötürmüşdür. Qanunla müəyyən edilmiş prosesual müddət, işdə iştirak edən şəxsin ərizəsi əsasında hər bir halda deyil, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, bərpa edir. Sadalanan xüsusatlara əsasən, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, cavabdehin nümayəndəsi və vəkili qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, müddətin ötürülməsi cavabdehin iradəsindən kənar baş verməmişdir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Cavabdeh qərardaddan şikayət verərək, Xətai rayon Məhkəməsi e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikasının 27.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130, 133, 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, hesab edirik qəbul edilmiş qərardad əsassız olduğundan ləğv edilməli və ərizənin təmin edilməsinə dair yeni qərardad qəbul etməlidir. Məhkəmə qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, cavabdehə kağız daşıyıcıda göndərilən məhkəmə bildirşləri qapı bağlıdır qeydi ilə geri qaytarılsa da, sms bildirişləri cavabdeh qəbul etməklə ona qarşı olan iddia ərizəsi ilə bağlı mülki işə baxılmasını bilmişdir. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, rəsmi qeydə alındığı ünvan üzrə dövlət orqanlarının bütün çağırışlarını, bildirişlərini almaq cavabdehin vətəndaş olaraq vəzifəsi olduğundan, həmin ünvan üzrə ona göndərilən məhkəmə bildirişlərini nəzarətdə saxlayıb qəbul etmək onun vəzifəsidir. Belə ki, cavabdeh aldığı sms bildirşlərlə barəsində mülki işin olmasından xəbərdar idi. Məhkəmənin bu mövqeyi ilə razı deyilik. Belə ki, əvvəla qeyd edilməlidir ki, aparılmış məhkəmə icraatı barəsində məhkəmə tərəfindən SMS bildiriş göndərilsə də göndərilmiş SMS lər cavabdehə çatmamışdır. Ola bilsin ki, məhkəmə tərəfindən AZEMIS sistemində iddiaçının adına olan hansısa mobil telefon nömrəsinə SMS bildiriş göndərilmiş, lakin həmin bildiriş cavabdehə gəlib çatmamışdır. Həmçinin, bildirişin cavabdeh göndərilməsi qətnamənin rəsmi olaraq cavabdehə təqdim edilməsi mənasını verə bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə qətnamə rəsmi olaraq təqdim edilməlidir. Rəsmi olaraq təqdim edilmə dedikdə bu hərəkət ya rəsmi poçt vasitəsi ilə ya da əlbəəl şəkildə təqdim edilmə başa düşülür. Qanunvercilikdə bildirişlərə dair tənzimləyici normada qətnamənində bildiriş vasitəsi ilə rəsmi təqdim edilməsi kimi bir anlayış mövcud deyildir. Eyni zamanda, şəxsə məhkəmə qətnaməsinin çatmaması yəni geri qayıtması ondan apellyasiya şikayətinin verilməsinin qarşısını ala bilməz. Bu hal AR Konstitusiyasının 60-cı maddəsinə ziddir. Bundan əlavə məhkəminin cavabdehin yaşayış yeri ilə bağlı qeyd etdiyi arqumentlərə gəlincə Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmçini cavabdehin yaşayış yerinin dəyişməsi barədə məhkəməyə məlumat vermək kimi bir vəzifəsi yoxdur. Həmin vəzifə qanunvercilikdə iddiaçının üzərinə qoyulmuşdur. Yuxarıda sadalanan hallardan belə nəticə hasil olur ki, qəbul edilmiş qətnamə şəxsə rəsmi qaydada təqdim edilməli və həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün 1 aylıq müddət həmin təqdimetm anından hesablanmalıdır. Göründüyü kimi məhkəmə tərəfindən işin həqiqi, faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və əsassız qərardad qəbul edimişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026 –cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının Insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən edən 24-cü maddəsinin III hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin tələblərinə əsasən: 129.1. Illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 136.0. Bu Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: 136.0.1. məhkəmənin adı və ünvanı; 136.0.2. məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; 136.0.3. verilən məhkəmə sənədinin adı; 136.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri; 136.0.5. məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və sair); 136.0.6. məhkəmə sənədinin verildiyi şəxs; 136.0.7. məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası. 146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 60, 72 (III), 80, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360- 366, 385, 387, 399 ,“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Iş materialları ilə müəyyən edilir ki, sözügedən ##.##.2025-ci il tarixli qətnamə cavabdehin rəsmi qeydiyyat ünvanına sifarişli-xəbərnaməli zərf vasitəsi ilə göndərilmiş, qapının bağlı olması səbəbindən zərf geri qayıtmış, 02 sentyabr 2025ci il tarixdə qətnamə icraya yönəldilmişdir. ( səh 114-119). Sonradan isə##.##.2025-ci il tarixdə vəkil Vəkil cavabdehin vəkili kimi sistemə əlavə olunmaq üçün vəkil müraciəti etmiş, proses iştirakçılarına əlavə olunduqdan sonra isə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə müraciət etmişdir. Diqqətə çatdırılmalıdır ki, rəsmi qeydə alındığı ünvan üzrə göndərilən məhkəmə bildirişlərini nəzarətdə saxlayıb qəbul etməyən ərizəçi fərqli ünvanının olması barədə məhkəməyə məlumat verməmiş, üzrlü səbələri müəyyən edən sübutedici hallar təqdim etməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2021/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2021/2026
18.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver