Məhkəmə qərarları › İş №e-2(3-6)-2084/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2084/2026

20.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2084/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: sığortaçının subroqrasiya hüququnun yaranması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı “Kia Sportage” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixində PME********** saylı müqavilə ilə İddiaçı ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. ##.##.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Kia Sportage” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Chevrolet Aveo” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 540 (beş yüz qırx) manat məbləğində maddi zərər dəymişdir. PME********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən müəyyən edilir ki, istehsal ili 2009-cu il olan, “KIA Sportage” markalı, **-HP- *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, ##.##.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “KİA Sportage” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinmişdir. ##.##.2023-cü il tarixli qüsur aktından müəyyən edilir ki, “Chevrolet Aveo” markalı, **-BP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 540 manat məbləğində ziyan dəymişdir. ##.##.2023-cü il tarixli, TT ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən edilir ki, ##.##.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh inzibati məsuliyyətə cəlb edilmişdir. İddiaçı ASC tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli IAS****** nömrəli “Sığorta ödənişi aktı”nın surətindən müəyyən edilir ki, Cavabdeh tərəfindən X1 vurulmuş zərərə görə İddiaçı ASC tərəfindən sonuncuya 540 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. ##.##.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, 540 manat məbləğində vəsait İddiaçı ASC tərəfindən X1 hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən ##.##.2032-ci il tarixədək qüvvədə olan B1,B kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh 540 (beş yüz qırx) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 570 (beş yüz yetmiş) manat məbləğində vəsaitin tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Kia Sportage” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixində PME2306208870 müqavilə ilə İddiaçı ASCdə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. ##.##.2023-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Kia Sportage” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Chevrolet Aveo” markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “Kia Sportage” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan (nikah haqqında şəhadətnamə ilə) idarə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına” dair ##.##.2023-cü il tarixli qərarına əsasən şəxsin nikah şəhadətnaməsi ilə nəqliyyat vasitəsini idarə etməsi onun həmin nəqliyyat vasitəsini etibarnaməsiz idarə etməsi anlamına gəlir. Belə ki, qeyd olunan qərara əsasən qanunvericiliyin tələbinə görə, notarius ərarvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə ərarvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər. Ərarvadın nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsinin nikah haqqında şəhadətnamə əsasında idarə olunması məsələsi ilə bağlı qeyd edilməlidir ki, nikah haqqında şəhadətnamə ərlə-arvadın mülkiyyətinin hansı hüquqi rejimə aid olduğunu müəyyən etmir. Bu sənəd Azərbaycan Respublikası Ailə Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq, yalnız nikahın bağlanması haqqında qeyd aparıldıqda verilir və tərəflər arasında nikah münasibətlərinin olmasını təsdiqləyir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə əsasən isə ər-arvadın nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamənin olmadığı halda, nəqliyyat vasitəsi idarə edilərkən etibarnamənin olması tələb olunur. Göründüyü kimi nəqliyyat vasitəsinin nikah haqqında şəhadətnamə əsasında idarə olunması onun etibarnamə olmadan idarə edilməsidir. Bu da qanunvericilikdə nəzərdə tutulduğu kimi sığortaçının subroqasiya hüququnu yaradır. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 540 (beş yüz qırx) manat məbləğində maddi zərər dəymişdir. Beləliklə, İddiaçı ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərçəkənə 540 (beş yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı ASC tərəfindən ödənilmiş 540 (beş yüz qırx) manat məbləğində sığorta ödənişinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində X1 məxsus nəqliyyat vasitəsinə ziyan vurulmuş və bu zaman cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar cavabdeh barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və beləliklə də yol nəqliyyat hadisəsinin törədilməsində cavabdehin təqsirli olması təsdiq edilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, yol nəqliyyat hadisəsi zamanı ziyan dəymiş nəqliyyat vasitəsinə vurulmuş ziyanın məbləği 540 manat olaraq müəyyən edilmiş, həmin məbləğ sığorta ödənişi olaraq İddiaçı ASC tərəfindən X1 ödənilmişdir. İşin qeyd edilən halları mülki iş materiallarında olan sübutlarla öz təsdiqini tapmaqdadır. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurulmuşdur. Odur ki, sığorta ödənişi cavabdehdən alınmaqla yanaşı ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2, 21.1, 21.2, 884.1, 888.1, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 6.2, 13.2, 15.1, 15.3, 16.2, 20.2, 20.3, 23.1, 25.1, 63.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, yolnəqliyyat hadisəsi nəticəsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 540 manat məbləğində sığorta ödənişinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır, aşağıdakı əsaslara görə ləğv edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələri ilə əsaslandırmışdır. Lakin məhkəmə həmin normaların tətbiqi zamanı subroqasiyanın yaranması üçün zəruri olan şərtləri xüsusən ərarvadın ümumi mülkiyyət hüququna dair şəhadətnamənin mövcud olub-olmamasını və nəqliyyat vasitəsinin mülkiyyətçinin iradəsinə zidd idarə edilib-edilməməsini lazımı qaydada araşdırmamışdır. Məhkəmə bu normanı tətbiq edərkən subroqasiyanın şərtlərini tam araşdırmadan qərar qəbul etmişdir. Həmin maddəyə görə sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti nəticəsində baş vermiş hadisələrə şamil olunur. Qanuni əsaslar ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Həmin maddəyə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi zamanı müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının xəbəri olmadan istismar edilərsə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Lakin "hüququ olmayan şəxs" ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır, buna görə qanunverici sığortaçının mənafeinin müdafiəsini təmin etmək məqsədilə bu normanı qanuna daxil etmişdir. Hazırkı işdə məhkəmə cavabdehin nəqliyyat vasitəsini mülkiyyətçinin iradəsinə zidd idarə edib-etmədiyini araşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı İddiaçı ASC-yə və cavabdeh Cavabdeh rəsmi qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Cavabdeh məhkəməyə ##.##.2026-cı il tarixli ərizə ilə müraciət edərək ##.##.2026-cı il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyi nəzərə alınaraq, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilərək, verdiyi apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 916.1. Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Maddə 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyində hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 33. 1.Bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürməvərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək üçün sürücülük vəsiqəsi tələb olunmur. Avtonom nəqliyyat vasitəsinin texniki parametrləri imkan verdiyi halda avtonom nəqliyyat vasitəsinin bilavasitə idarə edilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır. II. Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır: 3) “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan; Maddə 37. İ. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü: 1) sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsini, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmışolduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda), nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündəsaxlamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi təmin edildiyindən, qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Kolleqiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Şirinovun şikayəti üzrə 2016-cı il ## ###### tarixli Qərarı). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, iddia tələbini təmin edən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, cavabdehin yol-nəqliyyat hadisəsi törədən zaman Azərbaycan Respublikasının ərazisində qüvvədə olan sürücülük vəsiqəsi əsasında nəqliyyat vasitəsini idarə etməsi işin mübahisəsiz halıdır. İddiaçı “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə və “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndinə istinad edərək hesab etmişdir ki, sığorta hadisəsi baş verən zaman cavabdehin avtomobili idarə etmək hüququ – etibarnaməsi olmamış və bu səbəbdən iddiaçının subroqasiya hüququ yaranmışdır. Birinci instansiya məhkəməsi də, iddiaçının mövqeyi ilə razılaşaraq iddia tələbini təmin etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmayaraq qeyd edir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1-ci maddəsi ilə müəyyən olunmuş hallar sığortaçının mənafelərinin müdafiəsini təmin etməyə yönəldilmişdir. Nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyi olmaqla yanaşı, şəxsin onun idarə edilməsi və ya digər formada istismarı üçün xüsusi nəzəri və təcrübi bilikləri olmalıdır. Belə bilikləri olmayan şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş vermə riskini artırır və son nəticədə sığortaçının üçüncü şəxslər qarşısında məsuliyyətini əmələ gətirir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin Azərbaycan Respublikasının səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi olmuş və “Yol hərəkəti haqqında” Qanuna əsasən onun Azərbaycan Respublikasında avtomobili idarə etmək hüququ ümumən tanınmışdır. Kollegiya eyni zamanda qeyd edir ki, avtomobilin etibarnaməsiz və ya etibarnamə müddəti bitmiş şəxs tərəfindən idarə edilməsi sığorta şirkətinə ödənilən sığorta məbləğini subroqasiya (geri tələb) qaydasında həmin sürücüdən tutmaq hüququ vermir. Belə ki, etibarnamə olmadan avtomobilin idarə edilməsi İnzibati Xətalar Məcəlləsinə görə, yalnız inzibati məsuliyyət yaradır. Bu qayda pozuntusu sığorta şirkətlərinin müqavilə öhdəliklərindən yayınmasına əsas verə bilməz. "İcbari sığortalar haqqında" Qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının qəza törətmiş sürücüyə qarşı regress (subroqasiya) hüququ yalnız şəxs avtomobili qanunsuz yiyələnmə yolu ilə idarə etdikdə yaranır. Mülkiyyətçinin icazəsi ilə sürən (lakin kağız üzərində etibarnaməsi olmayan) şəxs qanunsuz sahib sayılmır. Çünki mülki hüquqa əsasən, mülkiyyətçinin (və ya digər qanuni sahibin) razılığı ilə avtomobilin faktiki istifadəyə (idarəetməyə) verilməsi kifayətdir və bu zaman əşya (avtomobil) razılıq əsasında “faktiki sahiblik” vəziyyətinə keçmiş olur. Bu isə subroqasiya tələbinə əsas verən “qanunsuz istismar” kimi qiymətləndirilmir. “Hüququ olmayan şəxs” dedikdə, mülkiyyətçinin (və ya qanuni sahibin) iradəsinə zidd olaraq avtomobili ələ keçirən və ya qanuna zidd formalarda idarə edən şəxs başa düşülür. Təkcə notarial etibarnamənin olmaması, yaxud vaxtının bitməsi “qanunsuz istismar” anlamına gəlmir. Hazırkı işdə müəyyən edilməli olan mühüm meyar, iddiaçının isə sübut etməli olduğu hal odur ki, avtomobil mülkiyyətçi tərəfindən cavabdehə könüllü şəkildə təqdim edilmişdirmi və sürücünün faktiki istifadəsi onun razılığı əsasında baş tutmuşdurmu. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı cavabdehin nəqliyyat vasitəsini qanunsuz istismar etməsinə dair hər hansı bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh birgə nikah dövründə əldə etdiyi, yəni ərinin adına qeydə alınmış ümumi birgə mülkiyyətində olan nəqliyyat vasitəsini sonuncunun razılığı ilə idarə etmişdir. Kollegiya həmçinin qeyd edir ki, MM-nin 163.1-ci maddəsinə əsasən, “sahiblik əşyanın özünün verilməsi ilə verilir”. Əgər mülkiyyətçi öz iradəsi ilə əşyanı (avtomobili) qarşı tərəfə verirsə və qarşı tərəf faktiki sahibliyi həyata keçirməyə qadir olursa, o, həmin əşya üzərində faktiki sahiblik qazanmış hesab olunur. Avtomobili idarə etmə hüququnun “qanunsuz” olması üçün mülki hüquq nöqteyinəzərindən onun sahiblikdən “iradəxaric” çıxması (yəni zorla, qanunsuz ələ keçirilməsi) zəruridir (MM-in 1108.2-ci mad.). Təkcə etibarnamənin olmaması və ya müddətinin bitməsi, yaxud hər hansı formal bir sənədin çatışmazlığı, mülkiyyətçinin razılığı olan hallarda “qanunsuz istismar” (qanuna zidd yiyələnmə) sonucunu doğurmur. Bu səbəbdən, “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsi ilə subroqasiya hüququ ancaq sığorta olunmuş əmlakın mülkiyyətçisinin xəbəri olmadan, məcburən və ya qanunsuz ələ keçirilərək idarə edildikdə yaranır. İstinad olunanlara əsasən kollegiya cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi qənaətinə gəlir. Kollegiya eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar