Məhkəmə qərarları › İş №e-2(3-6)-2136/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2136/2026

02.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2136/2026 02.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi Hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında ##.##.2012-ci il tarixdə nikah bağlanmışdır. Tərəflərin birgə nikahından ##.##.2013-cü il tarixdə X4 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2019-cu tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəsini almış *(***)-****/**** saylı, ##.##.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, ##.##.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı rəsmi əmək müqaviləsi üzrə "xxxx" MMC-də və “xxxx” MMC-də direktor vəzifəsində çalışır, müvafiq olaraq əmək haqqı 800 və 450 manat təşkil edir. Cavabdeh Gəncə regional ədliyyə idarəsində aparıcı məsləhətçi vəzifəsində işləyir və onun hesablanmış aylıq əmək haqqı 1.204 manat təşkil edir. Əmək haqqıdan müvafiq tutulmalar çıxıldıqdan sonra onun bank hesabına 1.044,82 manat vəsait köçürülür. Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin, o cümlədən hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 300 manat və 50 manat mediasiya xərcinin, cəmi 350 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, cavabdehin rəsmi iş yerinin müəyyən edilməsi məqsədilə onun tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə sorğu verilmiş və Ədliyyə Nazirliyinin ##.##.2025-ci il tarixli, 3-16- */*-******/**** saylı cavab məktubuna əsasən cavabdehin Gəncə regional ədliyyə idarəsində aparıcı məsləhətçi vəzifəsində işlədiyi, onun aylıq əmək haqqının 1.204 manat təşkil etdiyi və əmək haqqından müvafiq tutulmalar çıxıldıqdan sonra onun bank hesabına 1.044,82 manat vəsait köçürüldüyü müəyyən olunmuşdur. Aliment öhdəliyinin əsas məqsədi azyaşlı uşağın fiziki, psixoloji və sosial inkişafının təmin olunmasıdır. Hazırda ##.##.2013-cü il təvəllüdlü X4 böyümə və inkişaf mərhələsindədir və onun gündəlik qidalanma, geyim, təhsil, məktəbdənkənar hazırlıq, tibbi xidmət və digər zəruri ehtiyacları əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır. Mövcud aliment məbləği uşağın minimum yaşayış və inkişaf ehtiyaclarını belə tam şəkildə ödəməyə kifayət etmir və bu hal uşağın mənafeyinə açıq-aşkar ziddir. Bununla yanaşı, cavabdehin rəsmi iş yerinin və sabit aylıq gəlirinin olması müəyyən edilmişdir. Cavabdeh dövlət orqanında işləyir, müntəzəm əmək haqqı alır və onun maddi vəziyyəti aliment öhdəliyini aylıq gəlirinin müəyyən hissəsi hesabına yerinə yetirməyə imkan verir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq valideynin sabit gəliri olduğu hallarda alimentin sabit pul məbləğində deyil, gəlirin payı şəklində tutulması uşağın mənafeyinin daha effektiv qorunmasına xidmət edir. Bu səbəbdən də azyaşlı X4 layiqli saxlanılması, normal yaşayış səviyyəsinin təmin edilməsi və hərtərəfli inkişafı üçün alimentin cavabdehin aylıq əmək haqqısının dörddə biri (1/4) miqdarında tutulması zəruri və ədalətli hesab edilməlidir. O, məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri ** saylı Vəkil Bürosu ilə ##.##.2025-ci il tarixli, EM-****VK*****/** saylı hüquqi yardım haqqında müqavilə bağlamışdır. Həmin müqavilə üzrə müvafiq olaraq 300 manat tərəfindən ödəniş edilmişdir. Hesab edir ki, həmin pul məbləği də cavabdeh tərəfdən tutularaq ona ödənilməlidir. Əlavə olaraq məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak edilmişdir. İlkin mediasiya sessiyasından sonra mediasiya prosesi davam etdirilməməsi səbəbindən mediator tərəfindən “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış verilmişdir. İlkin mediasiya prosesinin keçirilməsi ilə əlaqədar olaraq 50 manat məbləğində mediasiya xərci onun tərəfindən ödənilmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydasının dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq ##.##.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq ödənilmiş vəsaitin 150 manat hissəsinin və 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun əvəzi olaraq 56.12 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. (hakim: X2)

5. Məhkəmə iddiaya münasibətdə qeyd etmişdir ki, hazırki dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür.

6. Hazırki işin materiallarından göründüyü kimi, cavabdehin rəsmi işlədiyi yer mövcuddur, qazancı (gəliri) müntəzəmdir, əmək haqqını natura və ya xarici valyutada almır. Belə olan halda, cavabdehdən alimentin məhz sabit pul məbləğində tutulması üçün məhkəmə mütləq əsas görmür. Eyni zamanda, məhkəmə onu da qeyd etmişdir ki, alimentin cavabdehin aylıq qazancından müəyyən hissələrdə deyil, sabit pul məbləğində tutulmasına yalnız iddiaçının (aliment alanın) razılığı ilə yol verilir. Hazırkı halda iddiaçı alimentin cavabdehin aylıq qazancından tutulmasını tələb edir. Cavabdeh etirazının əsası kimi iddiaçının yüksək həddə gəlirinin olmasını, iddiaçının uşağın özəl təhsil müəssisəsində təhsil alması ilə bağlı müstəqil seçim etməsini, sabit məbləğdə təyin edilmiş aliment məbləğini gecikdirmədən tam şəkildə ödəməsini və özünün də himayəsində azyaşlı övladının olmasını qeyd edərək alimentin aylıq qazancının hissəsindən ödəniləcəyi halda mənafeyinin əhəmiyyətli dərəcədə pozulacağını qeyd etmişdir.

7. Məhkəmə cavabdehin etirazında irəli sürdüyü hallarla bağlı qeyd etmişdir ki, cavabdehin bildirdiyi xüsusatlar iddia tələbinin rədd edilməsi üçün əsas deyildir. Belə ki, aliment uşağın saxlanılması üçün qanunla müəyyən edilmiş vəsaitdir. Onun sabit məbləğdə və ya aliment ödəyəcək şəxsin gəlirlərinin müəyyən hissəsi olaraq tutulması iddiaçının seçimi əsasında müəyyən edilir. Hazırki halda iddiaçı qanundan irəli gələn öz subyektiv hüququndan istifadə etməklə alimentin tutulma qaydasının dəyişdirilməsini tələb edir.

8. Məhkəmə tərəflərin maraqları arasında ədalətli tarazlığı gözləyərək və uşağın maraqlarını əsas götürərək hesab etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilməli və ##.##.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı İddiaçı ödənilməlidir.

9. Məhkəmə iddia tələbinin hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 300 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə hesab etmişdir ki, iddia bu hissədə qismən təmin edilməli, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq cavabdehdən 150 manat pul tutularaq iddiaçıya ödənilməlidir.

10. Məhkəmə 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddianı əsaslı hesab edərək, təmin edilməsi qənaətinə gəlmişdir.

11. Həmçinin, iddiaçı qanunla dövlət rüsumu ödəməkdən azad olunduğu üçün 1 illik ödəmənin məcmusu (1204,0:4x12=3612) 3.612 manat təşkil etdiyinə və iddia həmin hissədə təmin olunduğuna görə məhkəmə hesab etmişdir ki, 56,12 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-76-cı, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 112.1.3-cü, 119-cu, 121.1-ci, 217.4-cü maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsi üç əsas hüquqi elementdən ibarətdir: Şərt: tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa”, hüquqi nəticə: “məhkəmə alimentin miqdarını dəyişə bilər və ya azad edə bilər” və qiymətləndirmə meyarı: “tərəflərin diqqətəlayiq başqa maraqları nəzərə alınmaqla”. Bu üçü birlikdə mövcud olmadan norma tətbiq edilə bilməz. Maddədəki dəyişiklik adi artıb-azalmadan, inflyasiyadan, yaxud həyatın adi axarından getmir. Məhkəmə təcrübəsində dəyişiklik onu nəzərədə tutur ki, əvvəlki məhkəmə qərarı çıxarılarkən mövcud olmayan, sonradan yaranmış və uşağın mənafeyini pozan hal əmələ gəlmiş olsun. İllər üzrə maaşın tədricən artması, uşağın böyüməsi, alimentin artıq məhkəmə ilə artırılmış olması və s. dəyişiklik sayılmır və bu hallar proqnozlaşdırıla bilən hallardır, ona görə də Ailə Məcəlləsinin 112.1-ci maddəsinin predmetinə daxil deyil. Ailə və ya maddi vəziyyətə gəlincə, maddi vəziyyət yalnız gəlirin artması faktı deyil, gəlir-xərc balansının köklü dəyişməsi deməkdir. Buna qəfil böyük borclar, ağır xəstəlik, iş qabiliyyətinin itirilməsi və s. misal ola bilər ki, bütün bu və buna oxşar hallar sübutla təsdiq edilməlidir. Ailə vəziyyətinin dəyişməsinə isə rəsmi nikaha daxil olma, yeni nikahdan azyaşlı uşağın dünyaya gəlməsi, aliment ödəyən şəxsin üzərinə yeni valideynlik və təminat öhdəliyinin düşməsi və s. kimi hallar başa düşülür. Hazırda o, rəsmi nikaha daxil olaraq yeni ailə qurmuş və nikahdan az yaşlı övladı var. Beləliklə, Ailə Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulan ailə vəziyyətinin dəyişməsi faktiki olaraq baş vermişdir. Bu dəyişiklik alimentin artırılmasını yox, uşağın mənafeyinə uyğun olaraq balansın qorunmasını tələb edir. Aliment münasibətlərində yalnız bir uşağın deyil, aliment ödəyən şəxsin ailə bütövlüyü və yeni yaranmış valideynlik öhdəlikləri də nəzərə alınmalıdır. İddiaçı ərizəsində onun maddi vəziyyətinin yüksəlməsi, uşağın xərclərinin artmasını konkret sənədlərlə sübut etmir, yalnız ümumi və abstrakt ifadələrlə kifayətlənir. Bu baxımdan onun azyaşlı övladı da bərabər hüquqlu ailə üzvüdür, onun saxlanılması onun ailə vəzifəsidir, məhkəmə aliment məsələsinə baxarkən bütün uşaqlar arasında balansı qorumalıdır. Deməli, onun ailə vəziyyətindəki bu dəyişiklik alimentin artırılması üçün əsas yarada bilməz, əksinə, artıq mövcud aliment rejiminin sabit saxlanmasını hüquqi cəhətdən əsaslandırır. Onun yeni ailəsinin sosial və maddi təminatı, yeni azyaşlı uşağın saxlanılması, onun ailə büdcəsinin artıq iki uşağın maraqları arasında bölünməsi zərurəti “tərəflərin diqqətəlayiq başqa maraqları” anlayışına birbaşa daxildir. Hazırda aliment vaxtında ödənilir, borc yoxdur (əksinə, artıq ödəmə var), icra problemi mövcud deyil. Bu şəraitdə icra üsulunun (iddiaçının təbirincə tutulma qaydasının) dəyişdirilməsi uşağın təminatını artırmır, yalnız texniki mexanizmi dəyişir. Bütün bu hallara baxmayaraq iddia irəli sürülübsə, bu hüququn uşağın müdafiəsi üçün deyil, onun üzərində təzyiq və nəzarət aləti kimi istifadəsi ehtimalını yaradır. Bu isə hüququn məqsədinə zidd olmaqla sui-istifadədir. Mövcud icra üsulunun dəyişdirilməsi yalnız texniki mexanizmin dəyişdirilməsidir və uşağın real maraqları baxımından hüquqi nəticə doğurmur. Əksinə, artıq işlək və etibarlı mexanizmin dəyişdirilməsi hüquqi sabitliyi pozur, valideynlər arasında münasibətləri sərtləşdirir və ailə hüququnun məqsədinə zidd olaraq konflikt potensialını artırır. Çünki hüquqi müdaxilə üçün zərurət və risk mövcud olmadığı halda, digər dövlət mexanizminin işə salınması uşağın müdafiəsindən daha çox onun üzərində nəzarət və təzyiq aləti kimi çıxış edir. Zərurətsiz sərtləşmə uşağın mənafeyinə xidmət etmir. Bu səbəbdən, uşağın mənafeyi anlayışına istinad edilməklə irəli sürülən tələbin, əslində, mövcud və effektiv icra mexanizmini dəyişdirməyə yönəlmiş zərurətsiz və münasibətləri pozan müdaxilə olduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas mövcuddur. Bunun əksinə olaraq iddiaçı sabit pul məbləğində ödənilən alimentin uşağın hansı maraq və mənafelərinə zidd olmasını təsdiq edən hər hansı sübut təsdiq etməyib. Hazırki iddia faktiki icra problemi olmadığı halda, mövcud vəziyyətə uyğun olmayan zərurət arqumentləri ilə, onun işlədiyi dövlət orqanına icra sənədinin yönəldilməsinə gətirib çıxaran rəsmi müraciətidir. Bu müraciətin nəticəsi onun əmək kollektivində ailə mübahisəsinin ifşası, icra altında olan şəxs imicinin formalaşması, işgüzar nüfuza və psixoloji vəziyyətə mənfi təsir yaratmaq potensialına malikdir. Sübut və təsdiqləyici sənədlər olmadan iddianın təmin edilməsinə uşağın üstün mənafeyi adı ilə hüquqdan sui-istifadə edərək çalışmaq, məsuliyyətli, intizamlı valideyndə qıcıq yaratmaq, onu iş yerində nüfuzdan salmağa çalışmaqdan başqa bir şey deyil ki, bu da yolverilməzdir. Hazırki, iş üzrə diqqətəlayiq məqamlardan biri də iddiaçının maddi və sosial vəziyyətidir. Belə ki, iddiaçı “xxxx” MMC və “xxxx” MMC-nin qanuni təmsilçisi və direktorudur. Bu status iddiaçının müntəzəm və kifayət qədər aylıq gəlirə malik olduğunu, stabil biznes fəaliyyəti həyata keçirdiyini, normal və təminatlı həyat şəraitində yaşadığını obyektiv şəkildə göstərir. Bu faktlar fonunda iddiaçının uşağın saxlanılması ilə bağlı xüsusi çətinlik, maddi risk və ya təminat boşluğu yaşadığına dair iddiaları hüquqi və faktiki cəhətdən əsassızdır. Uşağın gündəlik ehtiyaclarının təmin edilməsində iddiaçının öz maddi imkanları kifayət qədərdir və bu ehtiyacların onun mövcud aliment ödənişləri ilə birlikdə qarşılanmaması barədə heç bir sübut təqdim edilməmişdir. Xüsusilə vurğulanmalıdır ki, iddiaçı uşağın saxlanılması üçün əlavə, fövqəladə xərclərin mövcudluğunu, öz gəlirlərinin həmin xərcləri qarşılamaq üçün yetərsiz olduğunu, uşağın sosial, tibbi və ya təhsil baxımından risk altında olduğunu nə iddia edir, nə də sübut edir. Belə olan halda, iddianın uşağın real mənafeyi ilə əlaqələndirilməsi inandırıcı görünmür. Əksinə, mövcud faktiki vəziyyət göstərir ki, iddiaçı maddi baxımdan müstəqildir, uşağın saxlanılmasında fövqəladə yük daşımır, onun aliment ödənişləri ilə bağlı real problem yaşamır. İddiaçı bu tələbi irəli sürərkən uşağın faktiki ehtiyaclarının artdığını, mövcud aliment mexanizminin həmin ehtiyacları qarşılamaq iqtidarında olmadığını sübuta yetirə bilməmişdir. Bu kontekstdə alimentin icra üsulunun dəyişdirilməsi tələbi uşağın təminatını artırmağa yönəlmiş zəruri tədbir kimi deyil, mövcud hüquqi mexanizmi dəyişməklə onun həyatına və sosial statusuna müdaxilə etməyə yönəlmiş addım kimi qiymətləndirilməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, icra üsulunun dəyişdirilməsi nəticəsində icra sənədinin onun iş yerinə yönəldilməsi uşağın saxlanılması ilə birbaşa əlaqəli olmayan nəticələr – onun kollektivdə nüfuzuna, peşəkar reputasiyasına və psixoloji vəziyyətinə təsir yaradan hallar doğurur. Bu nəticələr uşağın mənafeyinə xidmət etmir. Beləliklə, iddiaçının yüksək və stabil gəlirə malik olması, uşağın təminatında obyektiv çətinliklərin mövcud olmaması və alimentin faktiki olaraq problemsiz icra edilməsi şəraitində bu iddianın irəli sürülməsi hüquqi zərurətdən deyil, daha çox onunla şəxsi münasibətlər müstəvisində sataşma, təzyiq və nəzarət niyyəti ehtimalını gücləndirir. Ailə hüququnun məqsədi isə valideynlər arasında şəxsi gərginlikləri dərinləşdirmək deyil, yalnız uşağın real və sübut edilmiş maraqlarını qorumaqdır. Bu səbəbdən iddiaçının maddi imkanları və sosial statusu nəzərə alındıqda, hazırkı iddianın uşağın mənafeyi anlayışı ilə əsaslandırılması obyektiv və hüquqi baxımdan qənaətbəxş hesab edilə bilməz. Məhkəmə iş üzrə mövcud sübutları hərtərəfli və obyektiv qiymətləndirməmiş, xüsusilə onun tərəfindən təqdim edilmiş və aliment öhdəliyinin tam və artıq icra edildiyini təsdiq edən sübutların hüquqi nəticəsini müəyyən etməmişdir. Məhkəmə iş üzrə mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları tam və hərtərəfli araşdırmamış, xüsusilə tərəflərin real maliyyə vəziyyəti, uşağın konkret ehtiyacları və mövcud alimentin yetərliliyi ilə bağlı hallar aydınlaşdırılmadan nəticəyə gəlmişdir. Özəl təhsil xərclərinin zəruriliyi və alternativ imkanların mövcudluğu araşdırılmamışdır. Onun əlavə maliyyə yükünü daşımaq imkanları, o cümlədən onun yeni ailə vəziyyətinin təsiri hərtərəfli qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr iş üzrə müəyyən edilmiş faktiki hallarla uzlaşmır və onlardan məntiqi olaraq irəli gəlmir. Belə ki, məhkəmə özü müəyyən etmişdir ki, o, aliment öhdəliyini fasiləsiz və borcsuz icra etmiş, hətta artıq ödəniş etmişdir. Buna baxmayaraq alimentin artırılmasına zərurət olduğu nəticəsinə gəlmişdir. Uşağın ehtiyaclarının artması barədə konkret və ölçülə bilən sübutlar mövcud olmadığı halda, bu hal məhkəmə tərəfindən fakt kimi qəbul edilmişdir. Onun yeni ailə vəziyyəti və əlavə öhdəlikləri nəzərə alınsa da, onların qərarın nəticəsinə təsiri göstərilməmişdir. Məhkəmə qərarında göstərilən nəticə ilə müəyyən edilmiş faktiki hallar arasında səbəb-nəticə əlaqəsi qurulmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh Cavabdeh isə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhərində olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə kollegiyası cavabdehin ərizəsində göstərilənləri üzürlü səbəb kimi qəbul etməmiş və apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşağın saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1-ci və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir.

19. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

20. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76-cı, 78-ci və 112-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli qərarına əsasən ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası: birincisi - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında, ikincisi - sabit pul məbləğində tutulması müəyyən edilmişdir. Bundan əlavə ailə qanunvericiliyində valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir, yəni birincisi aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ikincisi - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa, üçüncüsü - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa və dördüncüsü - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarının: 8.13-cü bəndinə əsasən Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır; 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən (cavabdeh ümumiyyətlə iddianı əsassız hesab edir), qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu səbəbdən birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və iddianın rədd edilməsinə hər hansı əsas yoxdur.

28. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və digər aidiyyəti müdəalarına istinadən öz mövqeyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir və müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində olan dəyişikliklər nəzərə almaqla tərəflərdən istənilən birinin tələbi ilə dəyişə bilər.

29. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifəsidir. Tərəflərdən birinin üzərinə uşaqlar üçün yaşayış minimumu həddində və ya aylıq qazancın müəyyən hissəsi kimi aliment öhdəliyinin qoyulması həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında ##.##.2012-ci il tarixdə bağlanmış nikah məhkəmə qaydasında pozulan zaman tərəflərin birgə nikahından doğulmuş ##.##.2013-cü il təvəllüdlü X4 iddiaçının yanında saxlanılmış, buna qədər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2018-ci tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 154 manat sabit pul məbləğində aliment tutulmuşdur. Bundan sonra isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli qətnaməsi ilə alimentin məbləği artırılaraq 170 manat müəyyən edilmişdir. Hazırda iddiaçı birgə nikahdan doğulmuş uşağın saxlanılması xərclərinin artması və cavabdehin rəsmi gəlirinin olması əsası ilə alimentin ödənilməsi qaydasının dəyişdirilməsini, alimentin sabit pul məbləğində deyil, cavabdehin gəlirlərinin müəyyən hissəsi miqdarında tutulmasını tələb edir.

31. Cavabdeh iddianı qəbul etmir və apellyasiya şikayətində yenidən nikahda daxil olması, həmin nikahdan bir azyaşlı uşağının olması, iddiaçının özünün iki vəzifədə işləməsi, iddia tələbini təsdiq edən sübutların təqdim edilməməsi, uşağın böyüməsinin və onun gəlirinin tədricən artmasının dəyişiklik üçün əsas yaratmaması, onun tərəfindən aliment öhdəliklərinin vaxtlı-vaxtında icra edilməsi, tələbdə göstərilən qaydada alimentin tutulmasının uşağın təminatını artırmaması əsası ilə iddianın rədd edilməsini xahiş edir.

32. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, alimentin sabit pul formasında və ya aylıq qazancın bir hissəsi kimi tutulması iddiaçının tələbi ilə müəyyən edilir. Alimentin sabit pul məbləğində tutulması əsaslarından biri cavabdehin qazancının (gəlirinin) qeyri-müntəzəm, dəyişən olmasıdır. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, habelə uşağın minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

33. Ailə Məcəlləsinin 76-cı maddəsi isə uşaqların sayından asılı olaraq müntəzəm aylıq gəlirə malik olan şəxsdən tutulmalı olan alimentin miqdarını 1/4, 1/3 və 1/2 pay formasında dəqiq müəyyən etmiş, eyni zamanda, bu payların miqdarının məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldılmasının və artırılmasının mümkünlüyünü təsbit etmişdir.

34. İş materialları ilə müəyyən edilir ki, cavabdeh Gəncə regional ədliyyə idarəsində aparıcı məsləhətçi vəzifəsində işləyir və onun aylıq əməkhaqqı məbləği 1.204 manat, müvafiq tutulmalar çıxıldıqdan sonra isə 1.044,82 manat təşkil edir. Ailə qanunvericiliyin tələbləri baxımından bu münasibətlərin davamlı xarakter daşıması və tərəflərin maddi vəziyyətinin dəyişməsi nəticəsində müəyyən edilmiş aliment miqdarının azaldılmasının və artırılmasının mümkün olması hazırki iddianın rədd edilməsini istisna edir.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, xeyrinə aliment ödənilməli olan şəxs yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarının sabit pul məbləğində deyil, digər valideynin qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilməsi üçün digər tərəfin yüksək əmək haqqına malik olmasını sübut etmək vəzifəsini daşımır.

36. Məhkəmə kollegiyası “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, eləcə də işin qeyd edilən hallarını əsas götürərək hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi alimentin tutulması qaydası qanunvericilikdə nəzərdə tutulan dispozisiya şərtlərinin məcmusu baxımından əsaslıdır.

37. Hazırda cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment ödəyir, onun qazancının ¼ hissəsi isə 261 manat təşkil edəcəkdir. Qeyd edilən qaydada alimentin tutulması isə alimentin miqdarını artımış olmaqla yanaşı, hazırda ölkə üzrə müəyyən edilmiş uşaqlar üçün yaşayış minimimu olan 260 manata uyğunlaşdıracaqdır. Bu məbləğ 2025-ci ildə mövcud olan göstəriciyə də (246 manat) yaxındır.

38. Məhkəmə kollegiyası o halı da xüsusilə vurğulayır ki, əmək haqqının müəyyən hissəsi kimi alimentin müəyyən edilməsinin məqsədi uşağın valideynin gəlirlərində baş verən dəyişikliklərdən proporsional şəkildə faydalanmasını təmin etməkdir. Gəlirin artdığı şəraitdə sabit məbləğ uşağın təminatının valideynin real maddi imkanlarına uyğun səviyyədə saxlanılmasını təmin etmir. Uşağın yaşı artıqda onun xərclərinin artması hamıya bəlli olan obyektiv haldır, hazırda ödənilən aliment məbləği isə uşaqlar üçün müəyyən edilən yaşayış minimumundan xeyli aşağıdır. Bununla yanaşı, cavabdehin yenidən ailə qurması və həmin nikahdan uşağının olması özü-özlüyündə birinci nikahdan olan uşağın saxlanılması hüququnu məhdudlaşdırmır. Cavabdeh yeni ailə vəziyyətinin onun aliment ödəmək imkanını əhəmiyyətli dərəcədə azaltdığını təsdiq edən sübutlar (gəlirlərinin azalması, digər uşağın xüsusi qayğıya ehtiyacı və s.) təqdim etməmişdir. İddiaçının gəlir əldə edilməsi isə atanın aliment ödəmək vəzifəsini aradan qaldırmır. Valideynlərin hər ikisi uşağın saxlanılmasında iştirak etməlidirlər. Ananın işləməsi alimentin artırılması barədə tələbin rədd edilməsi üçün müstəqil əsas hesab edilə bilməz.

39. Məhkəmə kollegiyası qeyd edir ki, uşaqlarla bağlı bütün mübahisələrdə uşağın üstün mənafeyi əsas meyardır. Hazırki halda cavabdehin rəsmi gəlirinin olması, əvvəl müəyyən edilmiş sabit məbləğin uzun müddət dəyişməməsi və uşağın ehtiyaclarının artdığı nəzərə alınaraq, alimentin qazancın və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən edilməsi uşağın mənafeyinə daha uyğun hesab edilməlidir.

40. Məhkəmə kollegiyası diqqətəlayıq olan başqa hal kimi onu da nəzərə alır ki, iddiaçıdan fərqli olaraq cavabdehin uşağın saxlanılması ilə bağlı öhdəliyi yalnız ondan tutulan aliment məbləği ilə məhdudlaşdırılır. Uşaqla bağlı bu məbləğdən artıq yaranmış bütün xərcləri məhz iddiaçı qarşılamaq məcburiyyətindədir. Artıq məbləğin yaranması da istisna deyil. Belə ki, “Planlaşdırılmamış xərclər” məfhumu mövcuddur və reallıqda uşaqlarla bağlı tez-tez yaranır və onlar məhz iddiaçı tərəfindən qarşılanacaqdır.

41. Məhkəmə kollegiyası məhkəmə xərcləri ilə bağlı hissədə də qətnamənin ləğv edilməsi üçün hər hansı əsas görmür.

42. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilməli dövlət rüsumu cavabdehə aid edilməlidir.

43. Hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar