Məhkəmə qərarları › İş №e-2(3-6)-2171/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2171/2026

03.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2171/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialına qarşı iş üzrə (Açar sözlər: faktın müəyyən edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə fondu Publik Hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialına qarşı faktın müəyyən edilməsi barədə ərizəsi üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə fondu Publik Hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəz Filialına qarşı – iddiaçının qayınanası X3 2000-ci il tarixdən ##.##.2012-ci il tarixə kimi qayğısını çəkməsi və qulluğunda olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)- ****/**** nömrəli qərardadı ilə (hakim S.C.Hacıyeva) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

3. Qərardad belə əsaslandırılmışdır ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilən müddəaları məhkəmə əsas tutaraq iddiaçıya xüsusi icraat qaydasında hüquqi faktın müəyyən edilməsi tələbi barədə ərizə ilə ərizəçinin yaşadığı yerin məhkəməsinə müraciət etmək hüququ izah edilir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və işin icraata qəbul edilərək baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqi faktın müəyyən edilməsi ona görə lazımdır ki, o, ## ######## 1978-ci il tarixdən ## ###### 2002-ci il tarixə kimi Azərbaycan Respublikası Elmlər Akademiyasında müxtəlif vəzifələrdə işləmiş və öz ərizəsi ilə işdən azad edilmişdir. Belə ki, ailə vəziyyətiylə və qaynanasının qulluq və qayğıya ehdiyacı olduğu üçün işini davam etdirə bilmədi. O, yaşıyla əlaqədar olaraq pensiyaya çıxmış və onun 24 ilik iş stajı nəzərə alınmamış, ona 220 manat sosial pensiya müəyyən edilmişdir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdikdə ona bildirdilər ki, “əgər həqiqətən də qaynanızın qulluq və qayğısını çəkmisinizsə, hüquqi faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət edin. Əgər məhkəmə həmin faktı müəyyən etsə və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, sizin pensiyanız sosial pensiyadan əmək pensiyasına dəyişdirilə bilər.” Buna görə də hüquqi faktın müəyyən edilməsi ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarından göründüyü kimi o, məhkəməyə iddia ərizəsi ilə deyil, xüsusi icraat qaydasında ərizə ilə müraciət etmişdir. Məhkəmə isə düzgün olmayaraq onun xüsusi icraat qaydasında (elektron sistem vasitəsi ilə) göndərdiyi ərizəni iddia ərizəsinin forma və məzmun qaydalarına riayət etmədiyinə görə geri qaytarıb və ona izah edir ki, faktın müəyyən olunması barədə xüsusi icraat qaydasında ərizə ilə ərizəçinin yaşadığı yerin məhkəməsinə müraciət edə bilər. Bununla əlaqədar olaraq bildirir ki, o, məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə öz yaşadığı Bakı şəhəri Xətai rayon Məhkəməsinə Azərbaycan Respublikasının MPM-nin XXXI fəslinə uyğun olaraq müraciət etmişdir. Həmin Məcələnin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 2002-ci il tarixindən 2012-ci il tarixinə kimi qaynanası S.H.Hacıyevaya etdiyi 10 il qulluq onun sığorta stajına əlavə edilməlidir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli Qərarına görə qulluq olunan vəfat etmişdirsə, quluq etmə faktı məhkəmə qaydasında müəyyən edilir. İş materialarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, qaynanası S.H.Hacıyeva ##.##.2012-ci il tarixdə beyin qan dövranının kəskin pozulması nəticəsində ölmüşdür. Əlavə olaraq bildirmək istəyir ki, o, xüsusi icraat qaydasında olan ərizəsini elektron qaydada məhkəməyə göndərmişdir, lakin ərizəni göndərərkən həmin qrafada xisusi icraat qaydasında ərizə və yaxud ərizə sözləri yox idi, orada yalnız iddia ərizəsi sözü var idi. Həmin qrafada göstərilən sözlərdən hər hansı biri seçilməsə, sistem növbəti qrafaya keçmirdi. O da məcbur olub iddia ərizəsi sözünü seçmişdir. Ərizə geri qaytarılandan sonra *** saylı telefona zəng etmişdir və oradan bildirmişlər ki, bu barədə məlumatları var və həmin nöqsanın aradan qaldırılması barədə işlər aparılır. Məhkəmə qərardad qəbul edərkən onun işə əlavə edilmiş ərizəsinə düzgün qiymət verməmiş və onu iddia ərizəsi kimi qəbul etmişdir.

6. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 151.1. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 305.1.1. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. İşdən görünür ki, ərizəçinin tələbi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədədir.

12. Mülki-prosessual qanunvericiliyin imperativ tələblərindən göründüyü kimi, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır.

13. Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən olunur ki, faktın müəyyən edilməsi barədə hazırki ərizə üzrə icraatın növü iddia icraatı kimi qeydə alınmışdır.

14. Kollegiya qeyd edir ki, hazırki ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar