Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2225/2026 04.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh tutulan alimentin məbləği artırılaraq ##.##.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,74 misli miqdarında sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Cavabdeh ilə ##.##.2017-ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu nikahdan ##.##.2019-cu il təvəllüdlü X1 doğulmuşdur. Tovuz Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə çıxarılmış qətnaməyə əsasən nikahları pozulmuş, azyaşlı uşaq anasının himayəsində saxlanılmış və cavabdehdən uşağın saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Hazırda uşağın ehtiyacları artmış, həmçinin ölkədə yaşayış minimumu və minimum əmək haqqı dəfələrlə artırılmışdır. Mövcud aliment məbləği uşağın normal inkişafı, sağlamlığı və gündəlik tələbatlarının ödənilməsi üçün kifayət etmir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadına əsasən iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardad qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iddia tələbinin mahiyyətini düzgün müəyyən etməmişdir. Onun müraciəti yalnız alimentin indeksasiyası barədə deyil, azyaşlı uşağın saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi və artırılması barədə olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən tərəflərdən birinin maddi və ailə vəziyyəti dəyişdikdə, eləcə də diqqətəlayiq digər hallar olduqda məhkəmə alimentin müəyyən edilmiş miqdarını dəyişdirə bilər. Hazırkı halda: Bu hallar alimentin yalnız indeksasiyası deyil, onun məbləğinin yenidən müəyyən olunmasını zəruri edir. Məhkəmə isə iddia tələbini tam araşdırmadan onu yalnız minimum əmək haqqının artımı ilə əlaqələndirmiş və “indeksasiya xarakterli tələb” kimi qiymətləndirmişdir. Halbuki iddia ərizəsində uşağın artan ehtiyacları və alimentin yetərsizliyi ayrıca əsas kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Iddia ərizəsinin icraata qəbul edilməməsi həmin konstitusion hüququn məhdudlaşdırılması ilə nəticələnmişdir. Bundan əlavə, uşağın mənafeyi ailə qanunvericiliyinin əsas prinsiplərindən biridir və məhkəmə qərar qəbul edərkən ilk növbədə azyaşlı uşağın maraqlarını nəzərə almalıdır. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarı yalnız sırf indeksasiya xarakterli tələblərə aiddir. Onun müraciəti isə alimentin məbləğinin dəyişdirilməsi barədə mübahisə olduğundan həmin hüquqi mövqenin tətbiqi düzgün olmamışdır. Bu səbəbdən hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması barədə qərardad ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün məhkəmənin icraatına qəbul edilməlidir. Uşağın yaşı artmışdır; gündəlik qida, geyim, tibbi xidmət və təhsil xərcləri əhəmiyyətli dərəcədə çoxalmışdır; ölkədə inflyasiya və qiymət artımı baş vermişdir; əvvəllər müəyyən edilmiş 190 manat aliment məbləği uşağın normal saxlanılması üçün kifayət etmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir və şəxsin hüquqlarına aid məsələyə məhkəmədə baxılması hüququ məhdudlaşdırıla bilməz. Hazırkı halda məhkəmə iddia tələbimin mahiyyətini tam araşdırmadan, iş üzrə mübahisənin faktiki hallarına qiymət vermədən və alimentin artırılması tələbinin əsaslarını araşdırmadan ərizənin icraata qəbul edilməsindən imtina etmişdir. Halbuki onun müraciəti yalnız alimentin indeksasiyası deyil, azyaşlı uşağın artan ehtiyacları, yaşayış şəraitinin dəyişməsi və müəyyən edilmiş aliment məbləğinin uşağın saxlanılması üçün kifayət etməməsi ilə əlaqədar alimentin artırılması barədə olmuşdur. Bu isə mübahisənin mahiyyəti üzrə məhkəmə araşdırmasını tələb edir. Iddia ərizəsinin icraata qəbul edilməməsi nəticəsində o və azyaşlı uşağı məhkəmə müdafiəsi hüququndan faktiki olaraq məhrum edilmişlər. Məhkəmə tərəfindən işin mahiyyəti üzrə araşdırılmadan ərizənin qəbulundan imtina olunması Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş məhkəməyə müraciət etmək hüququnun pozulmasına səbəb olmuşdur. Bundan əlavə, Avropa Insan Hüquqları Konvensiyasının 6-cımaddəsinə əsasən hər kəs öz hüquq və vəzifələri ilə bağlı mübahisələrə məhkəmə tərəfindən ədalətli baxılması hüququna malikdir. Iddia ərizəsinin mahiyyəti üzrə baxılmadan qəbul edilməməsi həmin hüququn da məhdudlaşdırılması ilə nəticələnmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Tovuz Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb edir. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, uşağın ehtiyacları artmış, həmçinin yaşayış minimumu və minimum əmək haqqı dəfələrlə artırılmışdır. Mövcud aliment məbləği uşağın tələbatını ödəmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli ** nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016 cı il 28 mart tarixli *-*/**** nömrəli Qərarına 8.4-3-ci yarımbəndi əlavə edilmiş və 8.4-3-ci yarımbəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Rayon məhkəməsi iddia ərizəsini geri qaytararaq iddiaçıya alimentin indeksasiya olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğunu və alimentin indeksasiya olunması üçün müstəqil iddia ilə məhkəməyə müraciət etmək əvəzinə alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə (Tovuz Rayon Məhkəməsinə) müraciət etməli olduğunu izah etmişdir. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2(3-6)-2225/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2225/2026
04.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver