Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2232/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Azərbaycan Respublikası Iqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (Açar sözlər: məhkəmə aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi ğlunun katibliyi ilə, Iddiaçı Azərbaycan Respublikası Iqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı Azərbaycan Respublikası Iqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ##.##.2024-cü il tarixli, **** nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə ##.##.2026-cı il tarixinə mövcud olan 1.350 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cavabdeh iddiaya qarşı etiraz verərək bildirmişdir ki, icarə müqaviləsinin layihəyə uyğun şəkildə yerquruluşu planı tərtib olunaraq 0,011 ha olaraq dəyişdirildiyi təqdirdə qeyd olunan borc məbləğini və növbəti bir il üçün hesablanacaq icarə haqqını qabaqcadan ödəyəcəyinə dair öhdəlik götürür.
3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia tələbi təmin edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
4. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 1 “Qeyd” hissəsi. Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 384.0.4. Apellyasiya instansiya məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 387.2.9. Işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
8. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli Qərarı: Bənd 20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Bənd 23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qətnaməsi ləğv edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.
10. Işdən müəyyən olunur ki, iddiaçı İddiaçı ##.##.2024-cü il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi dövlət mülkiyyətində olan 69.79 kv.metr torpaq sahəsini aylıq 150 manat icarə haqqı ödənilməklə cavabdeh Cavabdeh icarəyə vermişdir.
11. “Elektron Məhkəmə” Informasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə onun adına ********** nömrəli VÖEN açılmışdır.
12. Yuxarıda istinad olunan Ali Məhkəmənin Plenum Qərarına əsasən dövlət mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.
13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərar aldı:
Apelyasiya şikayəti qismən təmin olunsun. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.