Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2260/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı mülki iş (Açar sözlər: «müqavilə öhdəliyinin ica edilməməsi, zaminlik») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi nümayəndə1 İdris qızının iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: ##.##.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı “X4” MMC Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi, Sumqayıt şosesi 7 km-də inşa etdirdiyi * saylı binanın, 36-cı blok, * saylı 2 otaqdan ibarət, ümumi sahəsi 69,5 kv.metr olan mənzili “alıcı” cavabdeh1 satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri 79865,09 manat təşkil edir.
2. “xxxx" ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2011-ci il tarixli, AK-*** nömrəli kredit müqaviləsi və ödəniş cədvəlinə əsasən borc verən İddiaçı ASC borc alan cavabdeh1 239 ay müddətinə, illik 12% hesablanmaqla, 27491,37 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
3. İddiaçı ASC ilə “Akkord İnşaat Sənaye” ASC arasında bağlanmış ##.##.2010- cu il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən tərəflər “Şirkət” tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün “Şirkət”in inşa etdikləri mənzillərin satışının “Bank” tərəfindən kreditləşdiirlməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdəsinə götürür.
4. “xxxx” ASC ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasın da bağlanmış ##.##.2010-cu il tarixli müqaviləyə ##.##.2015-ci il tarixli əlavəyə əsasən tərəflər müqavilənin 2.12-ci bəndinin birinci cümləsinin dəyişdirilməsi və aşağıdakı redaksiyada verilməsi barədə razılığa gəlmişdirlər: “Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və ona hesablanmış faizlərin ödənilməsi dövriliyini ən azı 2 dəfə 5 təqvim günündən çox pozduqda, “Bank”xxxx“Şirkəti” məlumatlandırmalıdır. “Şirkət” məlumatlandırıldıqdan 30 iş günü ərzində borcalan tərəfindən ödənişlər bərpa edilmədikdə “Bank”xxxx“Şirkətin” bankda olan hesabından, ona xəbərdarlıq etməklə silir”.
5. ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə cavabdeh1 arasında bağlanmış ##.##.2011-ci il tarixli AK-*** saylı kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixə əsas borc 27170,95 manat, müqavilə müddəti üçün hesablanmış faiz borcuna görə 36509,52 manat, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesabalanmış və tələb olunan cərimə borcuna görə 319,53 manat olmaqla, ümumi borc 64000 manat təşkil edir;
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 64000 manatın, bundan 27170,95 manat əsas, 36509,52 manat faiz borcu, 319,53 manat cərimə və 172 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlərdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edib.
7. İddiada göstərilib ki, bank tərəfindən cavabdeh cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmuş və xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia tələbi qismən təmin edilərək Cavabdehlər cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən 27,033,65 manat əsas borc, 36509,52 manat faiz borcu, 319,53 manat cərimə borcu olmaqla, cəmi 63862,7 (altmış üç min səkkiz yüz altmış iki manat, yetmiş qəpik) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 282 manat pulun 281 (iki yüz səksən bir) manatı tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəniməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat pul cavabdehlər cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASCdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE00000000000002088501, X5, KOD 210005, müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan cavabdeh1 kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə bağlanmış zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyin tam həcmdə icrası üçün cavabdehdir (2.12-ci bənd). Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehlərdən tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği cavabdeh cavabdeh1 vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmışdır. Kredit müqaviləsinin bağlanması və İddiaçı ASC tərəfindən cavabdeh cavabdeh1 239 ay müddətinə, illik 12 faiz olmaqla, 27491,37 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış ilə təsdiq olunur. Digər cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC isə ##.##.2010-cu il tarixində (##.##.2015-ci il tarixli əlavə) bankla bağladığı zaminlik müqaviləsinə əsasən mübahisələndirilən kredit müqaviləsi üzrə zamin qismində bank qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə cavabdeh – cavabdeh1 (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının digər cavabdeh - “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə (zaminə) qarşı da tələb irəli sürmək hüququ yaranmışdır. Göründüyü kimi, cavabdeh cavabdeh1 müqavilə ilə müəyyən olunmuş müddətlərdə borcunu ödəməmiş, öhdəliyini pozmuş, iddiaçının tələb etməsinə baxmayaraq öz öhdəliyini icra etməmişdir. Bu səbəbdən risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmaqla öz öhdəliyinin təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidirlər. Əsas və faiz borcunun məbləğinə gəlincə məhkəmə qeyd edib ki, iddiaçı əsas borca görə 27170,95 manat, faiz borcuna 36509,52 manat pul tələb etmişdir. Məhkəmə tərəfindən keçirilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli rəyi ilə ##.##.2025-ci il tarixə əsas borc üzrə 27,033,65 manat, faiz borcu üzrə 36966,91 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödəniş ##.##.2014-cü il tarixində olmuş, iddiaçı tərəfindən cavabdeh cavabdeh1 borcun ödənilməsi ilə bağlı ##.##.2025-ci il tarixində yazılı xəbərdarlıq ünvanlanmışdır. Həmin tarixə isə faiz borcu ekspert rəyi ilə 36966,91 manat hesablanmışdır. Məhkəmə faiz tələbinə münasibətdə iddia tələbindən kənara çıxmayaraq hesab edir ki, əsas borca görə 27,033,65 və faiz borcuna görə 36509,52 manat pul cavabdehlərdən tutulmalıdır. Cərimənin ödənilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə həmçinin hesab edir ki, borclu tərəfindən öhdəlik lazımınca icra edilmədiyindən iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir, əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC (nümayəndəsi və vəkili X1) apellyasiya şikayətində qətnamənin ona aid hissədə ləğv olunub həmin hissədə iddianın təmin olunmamasını xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, cavabdehə məhkəmə bildirişi gəlməmiş, cavabdeh məhkəmə prosesində iştirak edə bilmədiyi üçün o, məhkəmə müdafiəsindən məhrum olmuşdur. Zaminlik müqaviləsi olmadığı halda, məhkəmə İddiaçı ASC ilə Akord arasında ## #### 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin olmasını əsas götürərək həmin müqaviləni əsassız olaraq zaminlik müqaviləsi kimi qiymətləndirərək iddianı “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə aid hissədə də təmin etmişdir. Tərəflər arasında zaminlik müqaviləsi mövcud deyil.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
11. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu elektron kabinet vasitəsilə təqdim etdiyi və iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə yazılı etirazda şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edib göstərir ki, bank müqaviləni bağlayan zaman qanunvericiliyin bütün tələblərinə riayət etmişdir. Tərəfin könüllü olaraq müqavilə şərtləri ilə razılaşması, onu imzalaması, lakın məhkəmənin müqavilədə nəzərdə tutulmuş, tərəflərin iradə ifadəsini əks etdirən halları nəzərə almaması qanunvericiliyin ruhuna ziddir. Əgər müqaviləyə əlavə edilmiş müddəalar gələcəkdə tətbiq olunmayacaqdırsa, onların müqaviləyə daxil edilməsinin heç bir mənası da olmazdı. Bank məhz müqavilənin bu müddəalarına əsaslanaraq “Akkord STİK” ASC-nin tikdiyi mənzillərin kreditləşməsini həyata keçirmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi nümayəndə1 İdris qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər cavabdeh1 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin cavabdeh ASC-yə aid təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
22. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə cavabdehin mübahisələndirdiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
23. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
25. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
26. Əvvəla, cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin “Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinetinə məhkəmə iclaslarının yeri və vaxtını da nəzərdə tutan məhkəmə bildirişləri yerləşdirilmişdir. Bu cür vəziyyətdə cavabdeh ASCnin məhkəmə bildirişinin gəlmədiyi barədə əsassız dəlildən istifadə etməsi anlaşılan deyil. Məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməməsi isə məhkəmə müdafiəsindən məhrum olma kimi qiymətləndirilə bilməz.
27. Bundan əlavə, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC İddiaçı ASC ilə arasında ## #### 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilə mahiyyətcə həm də zaminlik müqaviləsi hesab edilir(bənd 2.12).Çünki zaminlik müqaviləsi üçün qanunda müəyyən edilmiş bütün tələblərə cavab verir. Yəni yazılı formada bağlanıb, zaminliklə təmin edilən öhdəlik və zaminliyin digər şərtləri göstərilib. Tərəflər arasında ayrıca zaminlik müqaviləsinin bağlanmaması ## #### 2010-cu il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin məzmunca zaminlik müqaviləsini əks etdirən şərtlərini zaminlik müqaviləsi kimi qiymətləndirilməməsi üçün əsas ola bilməz. Bu mövqe artıq analoji işlər üzrə də qanuni qüvvəsini almış məhkəmə aktları ilə öz təsdiqini tapıb.
28. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən şikayət verən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın mübahisələndirilən hissədə təmin olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən əmələ gələn öhdəliklər, hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə suiistifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.
29. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.