Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2337/2026 04.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 İldırım oğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Əhməd oğlundan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdeh cavabdeh3 iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 İldırım oğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. Iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 22.651,09 ABŞ dolları - bundan 9.308,98 ABŞ dolları əsas, 4.482,09 ABŞ dolları faiz, 7.523,58 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.336,44 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 205,52 manat dövlət rüsumunun cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 İldırım oğlundan müştərək qaydada tutularaq, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh3 arasında bağlanmış ******** saylı, ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 11.000 (on bir min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh3 kredit verilərkən cavabdeh2 və cavabdeh1 İldırım oğlu ilə Bank arasında ********/ZM nömrəli, ##.##.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra həmin kredit müqaviləsinə ## ###### 2016-cı il tarixdə ** nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 11.609,79 (on bir min altı yüz doqquz ABŞ dolları 79 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən ##.##.2022-ci il tarixinədək uzadılır. Kredit üzrə borcalan tərəfindən bu Əlavə saziş imzalandığı tarixdən etibarən illik 10 (on) faiz ödənilir. Əlavə Sazişə əsasən cavabdeh2 və cavabdeh1 İldırım oğlu ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12- */*-S-**- ****/**** saylı, ##.##.2025-ci il tarixli və **-*/*-S-**-****/**** saylı, ##.##.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh cavabdeh3 ##.##.2025-ci il tarixə kredit üzrə cəmi borcu 22.651,09 (iyirmi iki min altı yüz əlli bir ABŞ dolları 09 sent) ABŞ dolları təşkil edir. Bundan 9.308,98 (doqquz min üç yüz səkkiz ABŞ dolları 98 sent) ABŞ dolları əsas, 4.482,09 (dörd min dörd yüz səksən iki ABŞ dolları 09 sent) ABŞ dolları faiz, 7.523,58 (yeddi min beş yüz iyirmi üç ABŞ dolları 58 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.336,44 (bir min üç yüz otuz altı ABŞ dolları 44 sent) ABŞ dollari faiz borcu təşkil edir.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh3 9308,90 ABŞ dolları əsas borc, 4266,58 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu və 1320,05 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 15895,53 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 144,22 manat pulun tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi, yəni 61,3 manat (205,52- 144,22=61,3) iddiaçıya aid edilməsi, iş üzrə ## ###### 2026-cı il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaitinin cavabdeh cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin, cərimənin və əldən çıxmış faydanınn ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə eyni zamanda digər cavabdehlər cavabdeh2 və cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, mülki qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından iddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 və cavabdeh1 İldırım oğlu arasında bağlanmış zaminlik müqaviləsində zaminliyin verilməsinin konkret müddəti müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdeh2 və cavabdeh1 İldırım oğlu ilə bağlanılmış ##.##.2015-ci il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh3 arasında bağlanmış ##.##.2015ci il tarixli kredit müqaviləsi üzrə Əlavə Sazişdə tərəflər razılaşdırmışlar ki, kreditin müddəti ##.##.2022-ci il tarixinədək uzadılır. Bu baxımdan məhkəmə hesab edir ki, bank zaminlər cavabdeh2 və cavabdeh1 İldırım oğluna qarşı ##.##.2023-cü il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində onlara qarşı heç bir tələb irəli sürməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
5. Cavabdeh cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsinin əlavə faiz borcu və digər öhdəliklər hissəsində ləğv edilərək, mütənasiblik prinsipi əsasında minimum həddə müəyyən edilməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi dəbbə pulunun məbləğini 1000 ABŞ dolları həcmində müəyyən etsə də, bu məbləğ hələ də öhdəliyin pozulması nəticəsində iddiaçıya dəyə biləcək real zərərin həcmi ilə qeyri-mütənasibdir. Nəzərə alınmalıdır ki, bank ləğv prosesindədir və dəbbə pulu iddiaçı üçün "gözlənilən qazanc" deyil, yalnız öhdəliyin icrasının təminatı üsulu olmalıdır. Məhkəmə ona qarşı həm yüksək faiz borcu, həm də gecikdirilmiş vaxt üçün əlavə faiz tətbiq etdiyi halda, 1000 USD cərimənin saxlanılması mülki dövriyyənin ədalətlilik prinsipinə ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarına əsasən, kreditor müqavilə müddəti bitdikdən sonrakı dövr üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə 1320,05 ABŞ dolları məbləğində faiz borcunu (illik 5%-lə) tutarkən iddiaçının bu vəsaitdən yenidən istifadə edə bilməməsi nəticəsində ona daha böyük ziyanın vurduğunu sübut edib-etməməsini araşdırmayıb. Ləğv prosesində olan bankın bu vəsaitləri kommersiya dövriyyəsinə cəlb edərək mənfəət əldə etmək imkanı faktiki olaraq mövcud deyil. Belə olan halda, "əldən çıxmış fayda"nın avtomatik olaraq hesablanması Mülki Məcəllənin 21.2-ci maddəsinin tələblərinə ziddir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin vaxtında icra edilməməsi onun pozulması hesab olunur. Lakin ##.##.2016-cı il tarixli Əlavə Sazişlə əvvəlki faiz və cərimələrin əsas borca kapitallaşdırılması (11.609,79 USD) ilə nəticələnmişdir. Məhkəmə ekspert rəyinə istinad edərək əsas borcu 9308,90 USD müəyyən etsə də, bu məbləğin daxilində faktiki olaraq əvvəlki dövrlərdən qalan faizlərin "əsas borc" kimi kapitallaşdırılmasını nəzərə almamışdır. Bu isə cavabdehin öhdəliyinin süni şəkildə artırılmasına və maddi hüquq normalarının tərəflərin bərabərliyi prinsipi əleyhinə tətbiqinə səbəb olmuşdur. Yekun olaraq, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə dəbbə pulunu azaldarkən kreditorun əmlak mənafelərini və borclunun vəziyyətini nəzərə alaraq mütənasiblik prinsipini rəhbər tutmalıdır. Lakin qətnamədə müəyyən edilmiş yekun məbləğlər əsas borcun həcmi ilə müqayisədə iqtisadi cəhətdən hədsiz dərəcədə ağır və qeyri-mütənasibdir. Ekspert rəyinə əsasən, ##.##.2022-ci il tarixinə cavabdehin əsas borcu 9,308.90 ABŞ dolları təşkil edir. Lakin məhkəmənin tutulmasına qərar verdiyi digər məbləğlərin cəmi (faiz, əlavə faiz və dəbbə pulu) aşağıdakı kimidir: Müqavilə üzrə faiz borcu: 4266,58 USD; müqavilə bitəndən sonra hesablanmış faiz: 1320,05 USD; məhkəmə tərəfindən azaldılmış dəbbə pulu: 1000 USD; Əlavə yüklərin cəmi: 6586,63 USD. Bu o deməkdir ki, məhkəmə əsas borcun üzərinə onun 70.7%-i qədər əlavə maliyyə yükü qoymuşdur. Birinci instansiya məhkəməsi dəbbə pulunu 1000 dollara endirsə də, digər faiz borcları ilə birlikdə ümumi məbləğ borclunun iqtisadi imkanlarını aşan, cəza xarakterli bir həddə çatmışdır. İddiaçı bankın ləğv prosesində olduğunu nəzərə alsaq, bu vəsaitlərin bank tərəfindən yenidən dövriyyəyə buraxılması və mənfəət əldə edilməsi mümkün deyil. Məhkəmə tərəfindən müəyyən edilmiş 1320,05 USD məbləğindəki "əldən çıxmış fayda" əsas borcun (9308,90 USD) təxminən 14%-nə bərabərdir. Heç bir real zərər sübut olunmadığı halda, əsas borcun 14%-i qədər əlavə ödənişin tələb edilməsi Mülki Məcəllənin 21-ci maddəsində nəzərə tutulan "zərərin əvəzinin ödənilməsi" prinsipindən çıxaraq, kreditorun əsassız zənginləşməsinə xidmət edir. ##.##.2016-cı il tarixində borc 11.609,79 USD məbləğində kapitallaşdırılarkən, həmin məbləğin daxilində artıq əvvəlki dövrün cərimələri və faizləri "əsas borc" kimi rəsmiləşdirilmişdir. Bu isə o deməkdir ki, məhkəmənin bu gün hesabladığı faizlər və dəbbə pulu, əslində vaxtilə hesablanmış cərimələrin üzərinə yenidən hesablanan faizlərdir. Bu "zəncirvari hesablama" nəticəsində yaranan 15.895,53 USD yekun məbləğ, real götürülmüş kredit məbləği ilə müqayisədə aşkar tənasübsüzdür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş 6586,63 USD məbləğindəki əlavə ödənişlər əsas borca (9308,90 USD) nisbətdə ağlabatanlıq və mütənasiblik hədlərini aşmışdır. Bu, borclunun onsuz da ağır olan maliyyə vəziyyətini daha da pisləşdirir və mülki hüququn ədalətlilik prinsipinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.2-ci maddəsinə əsasən, ekspert rəyi obyektiv, elmi cəhətdən əsaslandırılmış və tərəfsiz olmalıdır. Ekspertiza kreditin hesablanması zamanı iddiaçının təqdim etdiyi çıxarışları mexaniki şəkildə rəyə köçürmüşdür. Konkret olaraq, ##.##.2016-cı il tarixli Əlavə Sazişlə borcun 11.609,79 USDyə çatdırılmasının (kapitallaşdırmanın) hansı riyazi hesabla aparıldığı və bunun daxilində nə qədər cərimənin əsas borca çevrildiyi araşdırılmamışdır. Bu, ekspert rəyinin natamam olduğunu göstərir. MPM-nin 100-cü maddəsinə əsasən məhkəmə belə halda təkrar və ya əlavə ekspertiza təyin etməli olduğu halda, natamam rəyə istinad edərək qərar vermişdir. Mülki Prosessual Məcəllənin 97-ci maddəsinə əsasən, ekspert rəyi məhkəmə üçün məcburi olmasa da, o, obyektiv və hərtərəfli araşdırmanın nəticəsi olmalıdır. Lakin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tərəfindən ##.##.2016-cı il tarixli ** nömrəli Əlavə Sazişlə həyata keçirilmiş kapitallaşdırma araşdırılmamışdır. Məhkəmə ekspert rəyinə istinad edərək əsas borcu 9308,90 USD müəyyən etsə də, bu məbləğin daxilində faktiki olaraq əvvəlki dövrlərdən qalan faiz və cərimələrin "əsas borc" kimi kapitallaşdırılması faktı ekspertiza tərəfindən hüquqi və maliyyə qiymətini almamışdır. Ekspertiza sadəcə Əlavə Sazişdə göstərilən rəqəmi (11.609,79 USD) çıxış nöqtəsi kimi qəbul etmiş, lakin bu rəqəmin hansı tərkib hissələrindən (nə qədər real əsas borc, nə qədər cərimə) ibarət olduğunu və bunun "faizə faiz hesablanması" qadağasına zidd olub-olmadığını təhlil etməmişdir. Məhkəmə bu texniki rəqəmi olduğu kimi qəbul etməklə, cavabdehin öhdəliyinin süni şəkildə artırılmasına şərait yaratmışdır. Ekspertiza tərəfindən bu fundamental maliyyə bölgüsünün araşdırılmaması qətnamənin maddi-hüquqi baxımdan qüsurlu olmasına, borcun real həcmindən daha artıq müəyyən edilməsinə gətirib çıxarmışdır. Ekspertizanın bu hissəni araşdırmadan keçməsi faktiki olaraq məhkəmənin gəldiyi nəticənin doğruluğunu şübhə altına qoyur. Əgər ekspertiza bu kapitallaşdırmanı araşdırsaydı, müəyyən ediləcəkdi ki, əsas borc (real istifadə olunan vəsait) daha aşağıdır. Faizlər və cərimələr bu şişirdilmiş (kapitallaşmış) məbləğ üzərindən hesablandığı üçün zəncirvari şəkildə artmışdır. Beləliklə, ekspertizanın bu hissədəki səthi yanaşması məhkəmənin işin hallarını tam və hərtərəfli araşdırmaq vəzifəsini yerinə yetirməsinə mane olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, tam və hərtərəfli baxdıqdan sonra onların aidiyyəti, mümkünlüyü, etibarlılığı və qarşılıqlı əlaqəsi baxımından hüquqi qiymət verməlidir. Bu normanın məqsədi ondan ibarətdir ki, məhkəmə tərəflərin təqdim etdiyi bütün sübutları bərabərlik və çəkişmə prinsipi əsasında araşdırmalı, heç bir sübuta əvvəlcədən müəyyən edilmiş üstünlük verməməlidir. Lakin mübahisə olunan iş üzrə məhkəmə tərəfindən bu prinsipə riayət edilməmişdir. Belə ki, iddiaçı bankın təqdim etdiyi maliyyə sənədləri və hesab çıxarışları faktiki olaraq mütləq həqiqət kimi qəbul edilmiş, cavabdeh tərəfin həmin hesablamalara münasibətdə irəli sürdüyü etirazlar isə lazımi dərəcədə araşdırılmamışdır. Cavabdeh tərəfindən borcun kapitallaşdırılmasının qanuniliyi, hesablamaların şəffaflığı, xüsusilə də yüksək məbləğli cərimələrin əsas borca əlavə edilməsinin hüquqi əsaslarının şübhəli olması barədə konkret və mahiyyətli etirazlar verilməsinə baxmayaraq, məhkəmə həmin arqumentləri ayrıca hüquqi təhlilə cəlb etməmiş, onları “təkzibedilməz sübutlarla rədd edilmiş” hesab etmədən, sadəcə ekspert rəyinə kifayətlənmişdir. Halbuki, ekspert rəyi müstəqil sübut növü olsa da, məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş hüquqi qüvvəyə malik deyildir və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Məhkəmənin ekspertiza rəyini faktiki olaraq mütləq sübut statusunda qəbul etməsi, cavabdehin təqdim etdiyi müdafiə mövqeyini isə kifayət qədər hüquqi əsaslandırma aparmadan diqqətdən kənarda saxlaması sübutların qiymətləndirilməsində birtərəfliliyə yol verildiyini açıq şəkildə göstərir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmənin qətnaməsi iş üzrə müəyyən edilmiş faktiki hallar və tətbiq edilən hüquq normaları ilə əsaslandırılmış olmalıdır. Eyni zamanda, MPM-in 220.4-cü maddəsi tələb edir ki, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin gəldiyi nəticənin hüquqi və faktiki əsasları, eləcə də hansı sübutlara istinad etdiyi aydın şəkildə göstərilsin. Lakin birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə bu tələblərə tam cavab vermir. Məhkəmə müvafiq nəticəyə hansı konkret hüquqi meyarlar əsasında gəldiyini, mütənasiblik prinsipini necə tətbiq etdiyini, cərimənin azaldılması zamanı hansı iqtisadi və hüquqi faktorları nəzərə aldığını qətnamədə əsaslandırmamışdır. Məhkəmə yalnız ümumi mülahizələrlə kifayətlənmiş, cərimə məbləğinin borc məbləği (9308,90 ABŞ dolları) ilə müqayisədə mütənasib olub-olmaması məsələsini ayrıca qiymətləndirmə predmetinə çevirməmişdir. Halbuki, cərimənin məqsədi borclunu cəzalandırmaq deyil, öhdəliyin icrasını təmin etməkdir və bu baxımdan onun məbləği ağlabatanlıq, ədalətlilik və mütənasiblik prinsiplərinə uyğun olmalıdır. Bu istiqamətdə məhkəmənin hüquqi əsaslandırma aparmaması qətnamənin motivasiya hissəsinin natamam olduğunu göstərir. Məhkəmə tərəfindən işin obyektiv həlli üçün zəruri olan bir sıra mühüm faktiki hallar diqqətdən kənarda qalmışdır. ##.##.2016-cı il tarixli, ** nömrəli Əlavə Sazişlə borcun 11.609,79 USD məbləğinə çatdırılmasının hansı maliyyə komponentlərindən (nə qədərinin real əsas borc qalıgı, nə qədərinin isə hesablanmış cərimə və faiz olduğu) ibarət olması araşdırılmamışdır. Bu faktın aydınlaşdırılmaması "faizə faiz" hesablanması kimi nəticəyə yol açmışdır. İddiaçı bank ləğv prosesində olduğu üçün onun vəsaitləri dövriyyəyə buraxmaq və mənfəət əldə etmək imkanları faktiki olaraq məhduddur. Məhkəmə müqavilə bitəndən sonra hesablanmış faizləri (1320,05 USD) təmin edərkən bankın real olaraq hansı "əldən çıxmış faydadan" məhrum olduğunu və bu zərərin mövcudluğunu araşdırmamışdır. Məhkəmə dəbbə pulunu azaldarkən cavabdehin ailə vəziyyətini, himayəsində olan şəxsləri və real gəlir imkanlarını faktiki araşdırma predmeti etməmiş, sadəcə formal rəqəm üzərində dayanmışdır. Qətnamənin əsasını təşkil edən bir sıra nəticələr təkzibedilməz sübutlara söykənmir: məhkəmənin istinad etdiyi ##.##.2026-cı il tarixli ekspert rəyi bankın təqdim etdiyi daxili çıxarışların mexaniki təkrarından ibarətdir. Ekspertiza tərəfindən ödənişlərin ardıcıllığı, daxil olan vəsaitlərin ilk növbədə cəriməyə, yoxsa əsas borca silindiyi sübutlarla əsaslandırılmamışdır. Sübut olunmamış hesablamalar isə qətnamə üçün hüquqi baza rolunu oynaya bilməz. Müqavilə müddəti bitdikdən sonra tətbiq edilən faizlər mülki hüquq mahiyyətinə görə zərərin əvəzi kimi çıxış edir. Lakin iş materiallarında iddiaçının bu məbləğdə real zərərə uğramasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyil. Məhkəmə sübut olunmamış ehtimalı fakt kimi qəbul etmişdir. Məhkəmə cavabdehin borcun mövcudluğunu etiraf etməsini iddianın bütün məbləğlər üzrə (cərimə və əlavə faizlər daxil) qəbulu kimi qiymətləndirmişdir. Lakin iclas protokollarından və etirazlardan görünür ki, cavabdeh məbləğlərin mütənasibliyini mübahisələndirmişdir. Məhkəmənin çıxardığı nəticələr işin real iqtisadi və hüquqi mənzərəsi ilə ziddiyyət təşkil edir: Məhkəmə 1000 USD cəriməni "azaldılmış" hesab etsə də, bu məbləğ əsas borca (9308,90 USD) və digər faiz yüklərinə nisbətdə hələ də qeyri-mütənasibdir. Ümumi borcun təxminən 70%-i qədər əlavə maliyyə sanksiyasının (faiz + cərimə) qüvvədə saxlanılması mülki dövriyyənin ədalətlilik prinsipi ilə uyğunsuzluq təşkil edir. Məhkəmə bir tərəfdən faiz borcunu təmin edir, digər tərəfdən isə əvvəlki faizlərin əsas borca əlavə olunduğu 2016-cı il tarixli Əlavə Sazişdəki rəqəmi əsas götürür. Bu, eyni öhdəlik üzrə ikiqat faiz yükünün yaranmasına səbəb olur ki, bu da işin həqiqi hallarına və tərəflərin bərabərliyi prinsipinə uyğun deyil. Məhkəmə bankın ləğv prosesində olmasını sadəcə status kimi qeyd etmiş, lakin bu statusun zərərin hesablanması metodikasına (mənfəət əldə etmə imkanının olmaması) təsirini nəzərə almamışdır. Nəticə etibarilə, fəaliyyəti dayandırılmış bir qurumun "fəaliyyətdə olan bank" kimi gəlir itkisi tələbi ilə razılaşmaq işin faktiki halları ilə məntiqi ziddiyyət yaradır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Cavabdeh cavabdeh3 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və iddiaçının nümayəndəsi məhkəməyə EMİS vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər tərəflər isə məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Maddə 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.
Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 449.2. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı işdə iddia qismən təmin edildiyindən, qətnamə cavabdeh cavabdeh3 tərəfindən iddianın təmin olunan hissəsində - faiz borcu, cərimə və gecikdirməyə görə hesablanmış 5% faiz məbləğinin tutulması hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh3 (borcalan) arasında bağlanmış ******** saylı, ##.##.2015-ci il tarixli Kredit müqaviləsi üzrə borc alana bank tərəfindən şəxsi istehlak məqsədi ilə 48 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 11000 ABŞ dolları məbləğində kredit verilmişdir.
16. Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zaminlər cavabdeh2, cavabdeh1 İldırım oğlu və borcalan cavabdeh3 arasında bağlanmış ********/ZM saylı, ##.##.2015-ci il tarixli Zaminlik müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh3 (borcalan) arasında bağlanmış ******** saylı, ##.##.2015-ci il tarixli Kredit müqaviləsi üzrə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
17. Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan cavabdeh3 arasında bağlanmış ******** nömrəli, ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə ** nömrəli, ##.##.2016-cı il tarixli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 11609,79 (on bir min altı yüz doqquz ABŞ dolları yetmiş doqquz sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandıği tarixdən ##.##.2022-ci il tarixinədək uzadılır.
18. Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin cavabdeh2 və borcalan cavabdeh3 arasında bağlanmış ******** saylı, ##.##.2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə ** nömrəli, ##.##.2016-cı il tarixli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 11609,79 (on bir min altı yüz doqquz ABŞ dolları yetmiş doqquz sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən ##.##.2022-ci il tarixinədək uzadılır.
19. Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin cavabdeh1 İldırım oğlu və borcalan cavabdeh3 arasında bağlanmış ******** saylı, ##.##.2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə ** nömrəli, ##.##.2016-cı il tarixli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 11609,79 (on bir min altı yüz doqquz ABŞ dolları yetmiş doqquz sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən ##.##.2022-ci il tarixinədək uzadılır.
20. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh3 arasında bağlanmış ******** nömrəli, ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh3 banka ##.##.2025-ci il tarixinə olan borcu 9308,98 ABŞ dolları əsas, 4482,09 ABŞ dolları faiz, 7523,58 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014 cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1336,44 ABŞ dolları faiz borcu olmaqla, cəmi 22651,09 ABŞ dolları təşkil edir.
21. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) tərəfindən borcalan cavabdeh3 və zamin cavabdeh2 ünvanlanmış ##.##.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh3 arasında bağlanmış ******** nömrəli, ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun 3 gün ərzində banka ödənilməsi tələb olunmuşdur.
22. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) tərəfindən borcalan cavabdeh3 və zamin cavabdeh1 İldırım oğluna ünvanlanmış ##.##.2025-ci il tarixli bildiriş məktubundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh3 arasında bağlanmış ******** nömrəli, ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun 3 gün ərzində banka ödənilməsi tələb olunmuşdur.
23. İşin halları ilə müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh3 arasında ##.##.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 11000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zaminlər cavabdeh2, cavabdeh1 İldırım oğlu və borcalan cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır.
24. İddiaçı hazırkı iddiasında cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 İldırım oğluna iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən cavabdeh cavabdeh3 9308,90 ABŞ dolları əsas borc, 4266,58 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu və 1320,05 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faizin tutulması qət edilmişdir.
25. Hazırda iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi faiz, cərimə borcu və 1320,05 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faizin tutulması hissəsində mübahisələndirilir.
26. İddiaçının apellyasiya şikayətinin dəlili odur ki, birinci instansiya məhkəməsi tərəfindən faiz və cərimə məbləğləri düzgün hesablanmamışdır.
27. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən işə birinci instansiya məhkəməsində baxılması zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2026-cı il tarixli, */**** nömrəli ekspert rəyinə istinad etmişdir.
28. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** nömrəli ekspert rəyində qeyd edilir ki, cavabdeh3 ##.##.2015-ci il tarixli ******** nömrəli kredit müqaviləsi üzrə ##.##.2022-ci il tarixə əsas borc üzrə 9308,90 ABŞ dolları və faiz borcu üzrə 4266,58 ABŞ dolları, borc məbləğinin gecikdiriməsinə görə 5% hesablanmaq şərtilə 1320,05 ABŞ dolları borcu vardır.
29. İddiaçı apellyasiya şikayətində faiz borcunun düzgün hesablanmadığı və s. qeyd etsə də, ##.##.2026-cı il tarixli, */**** nömrəli ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı sənəd təqdim edə bilməmişdir, faiz borcu barədə iddiaçının tələbinə etirazının və apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 4266,58 ABŞ dolları faiz borcunun tutulmalı olması ilə bağlı düzgün qənaətə gəlmişdir.
30. cavabdeh3 1000 ABŞ dolları cərimə borcunun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
31. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
32. Məhkəmə kollegiyası kreditorun və cavabdehin mənafeyini, işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh cavabdeh3 mübahisə predmeti olan kredit müqaviləsi üzrə 1000 ABŞ dolları məbləğində cərimənin tutulmalı olması ilə bağlı düzgün qənaətə gəlmişdir. Cavabdeh cavabdeh3 daha az məbləğdə dəbbə pulunun ondan tutulmalı olması, tutulması qət edilən məbləğin onun mənafeyinə zərər verə biləcəyi ilə bağlı hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir.
33. Tərəflər arasında imzalanmış ##.##.2015-ci il tarixli, ******** nömrəli kredit müqaviləsi üzrə müddət bitdikdən sonra ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1320,05 ABŞ dolları məbləğində faiz borcunun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ## ###### 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kredit müqaviləsi üzrə ödənişlərin gecikdirilməsinə görə faiz tutulmasını tələb etmək hüququ Mülki Məcəllənin 445 və 449-cu maddələrinin tələblərindən irəli gəlir.
35. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, cavabdehin borc müqaviləsi üzrə gecikdirilməsinə görə 5% hesablanmaq şərtilə 1320,05 ABŞ dolları borcu vardır. Cavabdeh cavabdeh3 bu məbləğin düzgün hesablanmadığını qeyd etsə də, öz etirazının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut (alternativ ekspert rəyi və s.) təqdm edə bilməmişdir.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il ## #### tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, ## #### 2007-ci il).
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il tarixli Qərarında da göstərilmişdir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ##### 2026cı il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Məmməd Məmmədov