Məhkəmə qərarları › İş №e-2(3-6)-2435/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2435/2026

07.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2435/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, ölən borclunun vərəsələrinin öhdəliyinin həddinin sübut etmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 katibliyi, iddiaçının nümayəndəsi nümayəndə1, cavabdeh cavabdeh2 nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. İddiaçı QSC ilə Abdullayev Cavanşir Ruhulla oğlu və zamin cavabdeh1 arasında bağlanmış ## ### 2022-ci il tarixli, ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır.

2. ## #### 2023-cü il tarixli, ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasına əsasən Abdullayev Cavanşir Ruhulla oğlu İddiaçı QSC-dən aylıq 1,9167%, 36 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür.

3. Zaminlik müqaviləsinə əsasən Abdullayev Cavanşir Ruhulla oğlu ilə İddiaçı QSC arasında bağlanmış ## ### 2022-cü il tarixli Razılaşmaya əsasən öhdəliklərin təminatı olaraq ## #### 2023-cü il tarixində cavabdeh1 zamin qismində borcalanın öhdəlikləri üzrə məsuliyyəti öz üzərinə götürmüşdür.

4. Abdullayev Cavanşir Ruhulla oğlunun banka 21508,42 manat əsas, 3214,63 manat faiz, 1602,27 manat cərimə olmaqla, ümumilikdə cəmi 7263.71 manat borcu vardır.

5. İddiaçı QSC tərəfindən ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehlərə borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh2 və cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə ## ### 2022-ci il tarixli, ***R********** saylı kredit sazişi üzrə 21508,42 manat əsas borc, 3214,63 manat faiz borcu və 1602,27 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6140,32 manat məbləğində borcun və 81,4 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Abdullayev Cavanşir Ruhulla oğlu və zamin cavabdeh1 arasında bağlanmış ## ### 2022-ci il tarixli, ***L************ saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat məbləğində kredit xətti açılmışdır. Uzun müddətli kredit və təminat müqaviləsi üzrə Abdullayev Cavanşir Ruhulla oğlu İddiaçı QSC ilə bağladığı ## #### 2023-cü il tarixli, ***R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri ##.##.2024-cü il tarixdən banka qaytarmamışdır. Abdullayev Cavanşir Ruhulla oğlu götürdüyü kredit borcundan 8491,58 manat ödəmiş, onun 21508,42 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Abdullayev Cavanşir Ruhulla oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün ## #### 2025-ci il tarixə 285 gün üçün hesablanmış faiz borcu 4314,82 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. ## #### 2025-ci il tarixə 285 gün üçün hesablanmış cərimə 1221,68 manat təşkil edir. X6 Ruhulla oğlunun vəfat etdiyi, sonuncunun adına ** CS *** qeydiyyat nişanlı “Mercedes S320” markalı nəqliyyat vasitəsi və ** CP *** qeydiyyat nişanlı, “Mercedes Benz E200” markalı nəqliyyat vasitəsinin olduğu məlum olmuşdur. Lakin Bakı şəhəri ** saylı və * saylı Notariat Ofisinin cavab məktubuna əsasən, Abdullayev Cavanşir Ruhulla oğlundan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı notariat hərəkəti həyata keçirilməmişdir. Baş Dövlət Yol Polis Idarəsinə verilən sorğuya cavabdan müəyyən olunmuşdur ki, ** CP *** qeydiyyat nişanlı, “Mercedes Benz E200” markalı nəqliyyat vasitəsindən istifadə hüququ ##.##.2021-ci il tarixdən- ##.##.2031-ci il tarixədək etibarnamə ilə mərhumun oğlu cavabdeh2 verilmişdir. Abdullayev Cavanşir Ruhulla oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququnun yaranması üçün əsasdır.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada 21508,42 manat əsas borc, 3214,63 manat faiz borcu, 160 manat cərimə borcu, 168,98 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 25052,03 manat pulun tutularaq iddiaçı İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

9. Qətnamənin əsaslarına görə, kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Abdullayev Cavanşir Ruhulla oğlu arasında kredit razılaşması üzrə öhdəliklərinin icrasının təminatı kimi cavabdeh1 zamin kimi öhdəlik götürmüşdür. Həmin razılaşmaya əsasən cavabdeh Abdullayev Cavanşir Ruhulla oğlu kreditin qaytarılması və faizlərin ödənilməsi üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Iddiaçı hazırkı iddia ilə əlaqədar 168,98 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasında müqavilə münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Kreditor müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını, həmçinin borc üzrə razılaşdırılmış faizin və cərimənin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə hesab etmişdir ki, cavabdeh kredit razılaşması əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən razılaşma əsasında kredit məbləğini, həmin razılaşma ilə müəyyən edilmiş faizləri və cərimələri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsait(lər)ini və həmin kredit(lər)dən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda iddiaçı verdiyi kredit üzrə əsas borcu və faizləri tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə qeyd etmişdir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. 1602,27 cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə 160 manat cərimə tutulmalıdır. Məhkəmə eyni zamanda digər cavabdeh cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab etmişdir ki, digər cavabdeh Abdullayev Cavanşir Ruhulla oğlunun kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh ##.##.2022-ci il tarixli Razılaşma üzrə üzrə iddiaçı İddiaçı QSC-yə olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin digər cavabdeh(lər) cavabdeh1 ##.##.2022-ci il tarixli Razılaşma üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da iddiaçı qarşısında olan cavabdehin pul vəsaitini qaytarmaqla bağlı öhdəliyi üzər(lər)inə götürmüşdür(lər). Buna görə də, cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, digər cavabdeh(lər) cavabdeh1, cavabdeh cavabdeh2 birlikdə iş üzrə iddiaçı İddiaçı QSC qarşısında birgə məsuliyyət daşıyır(lar). Məhkəmə, həmçinin iddianın 168,98 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlərin iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 442, 443.1, 445.2.1, 448.1, 462.1, 470.1, 472.2, 739-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən, müqavilə iki və ya daha çox tərəfin qarşılıqlı iradə ifadəsi nəticəsində yaranır. Iş materiallarından görünür ki, kredit müqaviləsi cavabdeh2 ilə bağlanmamış, onun bu müqavilə üzrə iradə ifadəsi mövcud olmamışdır. Iradə ifadəsi olmayan şəxs üçün müqavilə üzrə öhdəlik yaradılması maddi hüquqa ziddir. Məhkəmə müqavilənin yalnız tərəfləri üçün məcburi olması prinsipini nəzərə almamışdır. Mübahisə predmeti olan kredit müqaviləsində cavabdeh2 borcalan qismində çıxış etmir. Buna baxmayaraq, məhkəmə onu borclu şəxs kimi tanımışdır ki, bu da maddi hüququn birbaşa pozuntusudur. Məhkəmə müqavilə münasibətində iştirak etməyən şəxsi borclu vəziyyətinə salmaqla maddi hüququn əsas prinsipləri məhkəmə tərəfindən pozulmuşdur. Maddi hüququn məqsədi şəxsin yalnız qanun və müqavilə ilə üzərinə götürdüyü öhdəliklərə görə məsuliyyət daşımasını təmin etməkdir. cavabdeh2 müqavilə münasibətində iştirakı sübuta yetirilmədiyi (belə bir müqavilə iş materiallarında yoxdur) halda onun borclu kimi tanınması hüquqi müəyyənlik və ədalət prinsipinə ziddir. Mülki qanunvericiliyində qeyd edilən normalarından da göründüyü kimi kredit müqaviləsi üzrə borcalan kredit vəsaitini alan və onu geri qaytarmaq öhdəliyini üzərinə götürən şəxsdir. Iş materiallarında kredit vəsaitinin cavabdeh2 tərəfindən alınmasını təsdiq edən sübut yoxdur. Bu halda onu borcalan kimi tanımaq maddi hüquq normalarının səhv tətbiqidir. Birinci instansiya məhkəməsi iş üzrə ədalətli qətnamə çıxarılması üçün həlledici əhəmiyyət daşıyan faktiki halları tam və hərtərəfli araşdırmamış, xüsusilə kredit müqaviləsinin tərəflərinin (Cavanşir Abdullayev) kimliyini və cavabdeh cavabdeh2 həmin müqavilə ilə hüquqi bağlılığını müəyyən etməmişdir. Bu səbəbdən məhkəmə obyektiv həqiqəti müəyyən etmədən nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasını təşkil edən halları sübut etməlidir. Halbuki, iddiaçı cavabdeh2 borclu olduğunu təsdiq edən mötəbər sübutlar təqdim etmədiyi halda, məhkəmə bu halı sübuta yetirilmiş kimi qəbul etmişdir. Sübutetmə vəzifəsinin iddiaçı tərəfindən yerinə yetirilməməsinə baxmayaraq, iddia tələbinin təmin edilməsi prosessual pozuntudur. Məhkəmə tərəfindən qəbul edilmiş sübutlar cavabdehin borc öhdəliyinə malik olmasını təsdiq etmir. Kredit müqaviləsi cavabdehin tərəf olmadığı hüquqi münasibəti əks etdirdiyi halda, məhkəmə həmin sənədi cavabdehin məsuliyyəti üçün əsas sübut kimi qiymətləndirmişdir. Məhkəmə Cavanşir Abdullayevin götürmüş olduğu kredit müqaviləsinə görə işdə heç bir tutarlı sübut olmadığı halda əsassız yerə cavabdeh2 məsuliyyətlə yükləmişdir. Prosessual qanunvericilikdə məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halda qiymətləndirməli olduğu göstərilsə də qətnamədən görünür ki, məhkəmə sübutların qarşılıqlı əlaqəsini və ziddiyyətlərini təhlil etməmiş, iddiaçının dəlillərini formal şəkildə nəzərdən keçirmişdir. Baxmayaraq ki, iş materiallarında məhkəmə tərəfindən verilən sorğulara notariat ofislərindən alınan cavablarla cavabdeh2 vərəsə olmadığı, ümumiyyətlə Cavanşir Abdullayevin ölümündən sonra vərəsəlik işi açılmadığı və miras əmlakının olmadığı qeyd edilir, məhkəmə bu sübutları da düzgün qiymətləndirməmiş, tələsik çıxardığı qətnaməsində kobud prosessual pozuntulara yol vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 ## #### 2026-cı il tarixində məhkəməyə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, apellyasiya şikayəti isə əsassız olduğundan və şikayətin dəliləri formal xarakter daşıdığından apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, kredit alan Abdullayev Cavanşir Ruhulla oğlu vəfat etdiyindən bank tərəfindən onun vərəsələrinin müəyyən edilməsi məqsədi ilə sorğular verilmişdir. Sorğulara verilən cavablara əsasən, Abdullayev Cavanşir Ruhulla oğlunun adında ** CS *** qeydiyyat nişanlı Mercedes S320 markalı nəqliyyat vasitəsi və ** CP *** qeydiyyat nişanlı, Mercedes Benz E200 markalı nəqliyyat vasitəsinin olduğu məlum olmuşdur. Həmçinin müəyyən olunur ki, ** CP *** qeydiyyat nişanlı, Mercedes Benz E200 markalı nəqliyyat vasitəsindən istifadə hüququ ##.##.2031-ci il tarixədək etibarnamə ilə mərhumun oğlu cavabdeh2 verilmişdir. Bank tərəfindən mərhumun əmlakından faktiki istifadə edən vərəsəsi müəyyən edilərək ona və zaminə qarşı iddia qaldırılmışdır. “Mülki Məcəllənin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2018-ci il tarixli Qərarında göstərilir ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Həmçinin Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun Qərarında belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mülki Məcəllənin 1306.5-ci maddəsinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırkı halda miras notarius tərəfindən siyahıya alınmadığından borcun miras əmlakdan çox olmasını vərəsə, yəni cavabdeh sübut etməlidir, lakin cavabdeh bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Bu məsələ ilə bağlı artıq vahid məhkəmə təcrübəsi formalaşmışdır. Hazırkı iş üzrə miras əmlakdan imtina edilməsinə dair vərəsə tərəfindən notariat ofisinə müraciət edilməmiş, miras əmlakdan rəsmi qaydada imtina edilməmiş, notarius tərəfindən müvafiq siyahı tərtib olunmamışdır. Mülki Məcələnin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal xarakter daşıyır. Işə baxan birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, hər hansı pozuntuya yol verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə qarşı etiraz ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

16. Cavabdeh cavabdeh2 nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər cavabdeh cavabdeh1 (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. (## #### 2025-ci il tarixə kimi olan redaksiyada) Maddə 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Maddə 1317.1. Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması üçün tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir; Maddə 1317.2. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.

“... Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Imtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. ... Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.”

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın cavabdeh2 münasibətdə təmin edildiyi hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, mübahisə predmeti olan kredit müqaviləsində cavabdeh2 borcalan qismində çıxış etmədiyi halda iddia ona münasibətdə təmin olunmuşdur.

23. Lakin iddia ərizəsinin məzmunundan da görünür ki, tələb cavabdeh2 münasibətdə kredit müqaviləsi üzrə öhdəliklərin daşıyıcısı kimi deyil, həmin müqavilə üzrə öhdəliklər üçün cavabdeh olan və mərhum Abdullayev Cavanşir Ruhulla oğlunun vərəsəsi kimi irəli sürülmüşdür.

24. Işin halları ilə müəyyən olunur ki, İddiaçı QSC ilə Abdullayev Cavanşir Ruhulla oğlu ilə ## #### 2023-cü il tarixdə bağlanmış kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşmasına əsasən 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmiş, sonuncu ## ###### 2023-cü il tarixdə vəfat etmişdir.

25. cavabdeh2 mərhum Abdullayev Cavanşir Ruhulla oğlunun vərəsəsidir, sonuncu vəfat etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirasdan imtina etmədiyindən Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarına və Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən mirası qəbul etmişdir.

26. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

27. Hazırkı iş üzrə mərhum Abdullayev Cavanşir Ruhulla oğlunun iddiaçıdan kredit alması, həmin kredit üzrə öhdəliklərin tam yerinə yetirilməməsi, borcalanın ölməsi, habelə borcun qalan məbləği iş üzrə mübahisələndirilmir.

28. Mübahisəli məsələ yalnız cavabdehin mülki məsuliyyətinin həddi ilə bağlıdır.

29. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin (## #### 2025-ci il tarixədək qüvvədə olmuş redaksiyada) “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Başqa sözlə, qanunvericilik bir halda vərəsəni miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək yükündən azad etmişdir ki, bu da mirasın notarius tərəfindən siyahıya alındığı haldır.

30. Hazırkı mübahisə üzrə mirasın siyahıya alınma faktı mövcud deyildir, cavabdeh isə miras qoyanın borclarının mirasdan çox olduğunu təsdiq edən halları sübut edə bilmir. Lakin cavabdehin mülkiyyətində də əmlaklar vardır, yəni, miras aktivi də mövcuddur. Birinci instansiya məhkəməsi tərəfindən iddianın cavabdeh cavabdeh2 münasibətdə təmin olunması yuxarıda göstərilən qaydada əsaslandırılmasa da, gəlinən nəticə düzgün olduğuna görə MPMnin 385.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, bu hal qətnamənin ləğvi üçün əsas ola bilməz. Həmin normanın tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar