Məhkəmə qərarları › İş №e-2(3-6)-2461/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2461/2026

22.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2461/2026 22.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” QSC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: dəymiş zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi ilə, Iddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdeh Cavabdeh qarşı əsas borca hesablanmış 5% pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. “X1 Azərbaycan” QSC ilə Ömərov Eldar Sədrəddin oğlu arasında bağlanmış ##.##.2012-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə əsasən 5 il müddətinə 5.000 manat məbləğində kredit xətti açılmışdır.

2. Ömərov Eldar Sədrəddin oğlu ##.##.2016-cı il tarixdə vəfat etmiş, ölümündən sonra * saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisinə daxil olmuş müraciət əsasında vərəsəlik iş açılmış və vərəsəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

3. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Ömərov Eldar Sədrəddin oğlunun vərəsəsi kimi Cavabdeh tanınmışdır.

4. “X1 Azərbaycan” QSC-nin maliyyə arayışından görünür ki, Ömərov Eldar Sədrəddin oğlunun ##.##.2012-ci il tarixli kredit kart müqaviləsi üzrə ödənilməli olan əsas borcdan qalan pul vəsaitinin gecikdirilməsinə görə ##.##.2026-cı il tarixə illik 5 faizlə hesablanmış ümumilikdə cəmi 751.18 manat məbləğində borcu vardır.

5. “X1 Azərbaycan” QSC tərəfindən Cavabdeh ##.##.2026-cı il tarixli bildiriş ünvanlanaraq, müqavilə üzrə yaranmış 751.18 manat borcun 3 gün ərzində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

6. Iddiaçı “X1 Azərbaycan” QSC cavabdeh Cavabdeh qarşı “##.##.2012-ci il tarixli qarışıq müqavilə üzrə 1.758,85 manat əsas kredit borcunun, 169,40 manat əsas məbləğə hesablanmış faiz borcunun, 4.225,70 manat cərimənin, 2 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borcun, habelə 5,50 manat cavabdehə bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xidməti xərclərinin, yəni cəmi 6.161,45 manatın tutulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamə yuxarı məhkəmə instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdeh Cavabdeh qarşı “əsas borca hesablanmış 5% pul tələbi” barədə iddiası üzrə sadələşmiş icraat qaydasında məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 1.758,85 azn pul vəsaitinin (əsas borcun) ödənilməsinin gecikdirilməsi nəticəsində illik 5% olaraq hesablanmış, ümumilikdə cəmi 751,18 manat borcun və ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı «X1 Azərbaycan» QSC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.

8. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2012-ci il tarixdə «X1 Azərbaycan» QSC və Ömərov Eldar Sədrəddin oğlu arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq (Worldcard kredit kartı) müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Ömərov Eldar Sədrəddin oğluna istehlak yönümlü 5.000 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyın edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Araşdırma zamanı məlum olmuşdur ki, Ömərov Eldar Sədrəddin oğlu ##.##.2016-cı il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhəri * saylı Asan xidmət notariat ofisinə ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş məktubundan müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsəsi – oğlu – Cavabdehdur. O, mirası qəbul etmiş vərəsədir. Vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsə Cavabdeh rəhmətə getmiş Ömərov Eldar Sədrəddin oğlunun banka olan borcu barədə məlumatlı olmuşdur. Lakin üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Ömərov Eldar Sədrəddin oğlunun vərəsəsi (ləri) Cavabdeh tərəfindən Bank ilə Ömərov Eldar Sədrəddin oğlu arasında imzalanmış Kredit Kartı (Worldcard kredit kartı) müqaviləsi üzrə Bank qarşısında olan öhdəliklərini lazımıca icra edilməmişdir kredit üzrə borc qalmışdır. Müqavilənin 4.20.2-ci bəndinə əsasən “Bank”kın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.21.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalanın vərəsəsi Cavabdeh kredit müqaviləsi üzrə tam ödəməyə borclu olduğu halda, müqavilə şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit kart müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 1,758.85 AZN hesablanmış və ödənilməmiş faiz borcu: 169.40 AZN cərimə borcu: 4,225.70 AZN müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc: 2.00 AZN bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri: 5.50 AZN cəmi borc: 6,161.45 AZN. Mülki iş materiallarından göründüyü kimi kredit kart limiti aktiv istifadə edilmişdir. Lakin, öhdəliklər cavabdeh(lər) tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş, lakin hazırkı borcalanın kredit borcu üzrə iddia məhkəmə tərəfindən yalnız prosessual səbəbdən – iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin edilməmişdir. Lakin məhkəmə qətnaməsi ilə kredit borcunun mövcudluğu təsdiqlənmiş, sadəcə kreditorun bu borcu məcburi qaydada tələb etmək imkanı istisna edilmişdir. Göründüyü kimi, cavabdeh(lər)in kredit kart borcu üzrə 1758.85 manat ödənilməmiş əsas borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) ##.##.2012-ci il tarixli Worldcard Kredit Kartı müqaviləsinin müddətinin bitdiyi tarixdən yəni, ##.##.2017-ci ildən sonra bu günə kimi öhdəliyi icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən illik 5 faiz olaraq 751.18 manat məbləğində Banka maddi zərər dəymişdir. Cavabdeh(lər)in Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla : ##.##.2017 tarixindən ##.##.2026 tarixinə qədər əsas məbləğ üzrə gecikmə gün sayı – 3075 gün - 751.18 manat olmaqla ümumilikdə cəmi 751.18 manat təşkil edir.

9. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə hazırkı iş iddia icraatına keçirilmişdir.

10. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsi ilə (hakim N.K.Məmmədova) iddia təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi hazırkı mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli üç ulduzlu qərarındakı aşağıdakı hüquqi mövqeyi nəzərə almışdır.

12. Göründüyü kimi, oxşar işdə iddiaçının kredit müqaviləsi üzrə tələbi iddia müddətinin keçməsi əsası təmin edilməmiş, iddiaçının kassasiya şikayətindəki 445.7-ci maddəsinə əsasən 5% zərər tələbi üzrə dəlilləri ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, həmin zərər tələbi qanundan irəli gəlsə də, norma ilə nəzərdə tutulan hüquqi nəticənin gerçəkləşməsi borclunun pul məbləğinin (kredit müqaviləsi üzrə borcunun) ödənilməsini gecikdirməsindən, yəni, əsas müqavilə tələbi üzrə öhdəliyin icrasından asılıdır.

13. Məhkəmə hesab etmişdir ki, əlavə (müstəqil olmayan) öhdəliklərin əsas öhdəliklərdən asılılığı və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxarsa, bu halda əsas öhdəliyin təminatı olan əlavə hüquqlar üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur.

14. Iddiaçının hazırda əsas borcu gecikdirməyə görə MM-in 445.7-ci maddəsinə istinad edərək 5% tələb etdiyi kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası bundan üç il əvvəl Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2023 cü il tarixli qətnaməsi ilə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi əsasında iddia müddəti tətbiq edilməklə təmin edilməmiş və iddiaçı apellyasiya və kassasiya qaydasında həmin qətnaməni mübahisələndirsə də, onun şikayətləri təmin edilməmişdir.

15. Hazırda iddiaçının iddia müddəti tətbiq edilməklə təmin edilməmiş kredit müqaviləsi üzrə əsas borca MM-in 445.7-ci maddəsinə istinad edərək iddia qaldırması, həmin kredit müqaviləsindən qaynaqlanmaqla verildiyindən, qüvvədə olan qətnamə ilə əsas tələb üzrə iddia müddəti tətbiq edilməklə kredit müqaviləsi üzrə borc tələbi iddiası təmin edilmədiyindən, ondan törəmiş hazırkı tələb də eyni əsasla iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməməlidir.

16. Məhkəmə onu da qeyd etmişdir ki, hazırkı halda cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilməməsi həmin tələb üzrə iddia müddətinin keçməsi əsası ilə iddianın təmin edilməməsinə maneə deyil. Nə qədər bu tələbin qaynaqlandığı əsas tələb, yəni kredit müqaviləsi üzrə iddia bu əsasla rədd edilmiş, iddia müddətinin keçməsinin müəyyən edildiyi həmin aktlar isə hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir.

17. Iddiaçı ilə Ömərov Eldar Sədrəddin oğlu arasında ##.##.2012-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə iddia müddətinin keçməsi Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə fakt olaraq müəyyən edilmişdir (obyektiv hədd), Qanunun tələbinə görə həmin hal başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, eyni zamanda həmin və hazırkı iş üzrə tərəflər də eynidir (subyektiv hədd). Demək ki, həmin məhkəmə aktları hazırkı iş üzrə preyudisiallıq baxımından obyektiv hədd və subyektiv hədd ilə bağlı şərtlərə cavab verir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 376, 427.3, 442, 445.7, 448.1, 448.2, 554.3, 739.1, 739.2-ci (##.##.2023-cü ilə kimi qüvvədə olan mətn) maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2 ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” ##.##.2023-cü il tarixli Qərarına, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları “Stanyo Belçikaya qarşı” iş üzrə ##.##.2009-cu il tarixli Qərarına, “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə ##.##.1996-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli üç ulduzlu qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 82.3, 88, 106.1, 119.1, 217.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının yanlış tətbiqi, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin düzgün şərh edilməməsi, MM-in 445.7 ci maddəsinin hüquqi təbiətinin səhv müəyyənləşdirilməsi, həmçinin preyudisialıq institutunun tətbiq dairəsinin əsassız genişləndirilməsi səbəbindən qanunsuz və əsassızdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, əsas kredit tələbi iddia müddətinin keçməsi səbəbindən təmin edilmədiyindən həmin öhdəlikdən törəyən MM-in 445.7-ci maddəsi üzrə tələb də təmin edilə bilməz. Bu nəticə MM-in 445.7-ci maddəsinin məzmununa ziddir. MM-in 445.7-ci maddəsində nəzərdə tutulan ilik 5 faiz müqavilə üzrə faiz deyil, borclunun pul öhdəliyini icra etməməsi nəticəsində kreditorun məruz qaldığı zərərin minimum qanuni kompensasiyasıdır. Normanın məqsədi əsas borcun deyil, məhz gecikdirmənin hüquqi nəticələrinin kompensasiyasıdır. Qanunverici həmin normada kreditorun faktiki zərəri ayrıca sübut etməsini tələb etməmiş, gecikmənin özünü zərərin prezumpsiyası kimi qəbul etmişdir. Beləliklə, MM-in 445.7-ci maddəsindən irəli gələn tələb kredit müqaviləsindən deyil, pul öhdəliyinin uzun müddət icra edilməməsi faktından yaranır. Məhkəmə isə bu iki hüquqi institutu eyniləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022ci il tarixli qərarında açıq şəkildə göstərilmişdir: “Iddia müddətinin keçməsi öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir.” Həmin qərarda həmçinin qeyd edilir ki: iddia müddətinin keçməsi kreditorun tələb hüququnun özünü deyil, yalnız bu hüququn məhkəmə vasitəsilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır. MM-in 383-cü maddəsi də eyni hüquqi mövqeyi təsdiq edir. Əgər iddia müddətinin keçməsi borcu aradan qaldırsaydı, qanunverici borclunun iddia müddəti bitdikdən sonra etdiyi ödənişi geri tələb etməsini qadağan etməzdi. Bu norma birbaşa göstərir ki, iddia müddəti keçsə belə öhdəlik hüquqi mövcudluğunu saxlayır. Hazırkı işdə də kredit öhdəliyinin mövcudluğu heç bir məhkəmə aktı ilə inkar edilməmişdir. Əvvəlki iş üzrə yalnız məcburi müdafiə imkanının itirildiyi müəyyən edilmişdir. Məhkəmə preyudisiallıq institutunu həddindən artıq geniş şərh etmişdir. MPM-in 82.3-cü maddəsi məhkəmə aktı ilə müəyyən edilmiş faktların yenidən sübut edilməsini istisna edir. Lakin hazırkı işdə bank əvvəlki işdə müəyyən edilmiş faktları mübahisələndirmir. Əksinə, bank həmin faktlara istinad edir. Bank qəbul edir ki: kredit müqaviləsi mövcuddur; öhdəlik yaranmışdır; kredit müddəti bitmişdir; əvvəlki iddia iddia müddətinin tətbiqi səbəbindən təmin edilməmişdir. Lakin bu faktlar MM-in 445.7-ci maddəsindən irəli gələn ayrıca kompensasiya tələbinin irəli sürülməsini qadağan etmir. Preyudisialıq hüquqi nəticələrin deyil, yalnız müəyyən edilmiş faktların yenidən araşdırılmasını istisna edir. Məhkəmə isə faktın preyudisialığı ilə hüquqi nəticənin preyudisialığını qarışdırmışdır. Əvvəlki işdə MM-in 445.7-ci maddəsi üzrə mübahisə ümumiyyətlə araşdırılmamışdır. Belə olan halda hazırkı tələb üzrə preyudisialıqdan söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin ## ###### 2014-cü il tarixli qərarının tələbləri nəzərə alınmamışdır. Konstitusiya Məhkəməsi həmin qərarda göstərmişdir ki, kreditor kredit müqaviləsinin qüvvədə olduğu müddətdə müqavilə faizlərini, müddət bitdikdən sonra isə öhdəliyin icra edilməməsinə görə qanunla nəzərdə tutulmuş faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Bu hüquqi mövqe göstərir ki, müqavilə müddəti başa çatdıqdan sonra hüquqi münasibət tamamilə yox olmur. Əksinə, yeni hüquqi nəticələr yaranır. MM-in 445.7-ci maddəsi də məhz həmin yeni hüquqi nəticələrin tənzimlənməsinə xidmət edir. Məhkəmə isə bu hüquqi mövqeni nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin yanaşması qəbul edilərsə, bu halda borclu uzun ilər ərzində pul öhdəliyini yerinə yetirmədiyi halda heç bir hüquqi nəticə ilə üzləşməz. Bu isə: vicdanlılıq prinsipinə; mülki dövriyyənin sabitliyinə; müqavilələrin məcburiliyi prinsipinə (pacta sunt servanda); mülki məsuliyyət institutunun məqsədinə tamamilə zidd olardı. Birinci instansiya məhkəməsi: MM-in 383-cü maddəsini; MM-in 445.1-ci maddəsini; MM-in 445.7-ci maddəsini; MPM-in 82.3-cü maddəsini; yanlış tətbiq etmişdir. Qətnamə qanuni və əsaslı hesab edilə bilməz

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Işə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq apellyasiya şikayətini tam müdafiə etdiyini bildirmiş və iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il tarixli Qərarı: Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Işdən müəyyən olunur ki, iddiaçı ##.##.2012-ci il tarixli kredit müqaviləsi üzrə Ömərov Eldar Sədrəddin oğluna 60 ay müddətinə 5.000 manat məbləğində kredit xətti açmışdır. Iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, Ömərov Eldar Sədrəddin oğlu kredit xəttindən istifadə etmiş, lakin kredit müqaviləsi üzrə öhdəliklərini tam və vaxtında icra etməmişdir. Ömərov Eldar Sədrəddin oğlu ##.##.2016-cı il tarixdə vəfat etmiş, onun vəfatından sonra vərəsəlik işi açılmış, miras əmlak cavabdeh tərəfindən qəbul edilmişdir.

30. Daha sonra “X1 Azərbaycan” QSC kredit müqaviləsi üzrə borcun tutulması məqsədilə əsas borclunun vərəsəsi Cavabdeh qarşı məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia rədd edilmişdir.

31. Hazırda iddiaçı sözügedən kredit müqaviləsi üzrə əsas borcun gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş dövr üçün illik 5% ödənilməsini tələb edir.

32. Kollegiya qeyd edir ki, iddia müddətinin keçməsi tələb hüququnu aradan qaldırmasa da, bu hüququn məhkəmə vasitəsilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır. Odur ki, iddiaçının pul tələbinin məcburi qaydada həyata keçirilməsi mümkün olmadığından, həmin pula görə əlavə faizin hesablanması barədə törəmə tələb də təmin edilə bilməz.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

34. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Iddiaçı “X1 Azərbaycan” QSC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar