Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2477/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: "borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi”) hakimlər X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 qızından ibarət tərkibdə, iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “xxxx” ASC cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə ##.##.2023-cü il tarixli ****micBKX/**-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsinin çərçivəsində bağlanmış ##.##.2024-cü il tarixli ***micBKX/** nömrəli əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə məbləği əsas kredit borcu üzrə 32.500 AZN, faiz üzrə 0 AZN, cərimə üzrə 0 AZN cəmi 32.500 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 187,90 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan **-ZV-*** qeydiyyat nişanlı, istehsal ili 2017, WBAJA5109JWA29833 ban nömrəli, 22195094 mühərrik nömrəli, qara metalik rəngli, sedan tipli, BMW 530i minik modelli nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərdən ##.##.2024cü il tarixli 428micBKX/24 əlavə əlavə kredit müqaviləsi üzrə 32.500 AZN məbləğində pulun tutularaq, iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
3. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı olduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən, həmin Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə və ya ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. Lakin, iş materiallarında ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı notariusun icra qeydi mövcud deyildir.
4. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı qanunla müəyyən edilmiş zəruri prosedura əməl olunmadan birbaşa məhkəməyə müraciət edilməsi hazırkı tələbə mahiyyəti üzrə məhkəmədə baxılmasını istisna edir. Həmçinin iş materiallarında olan ipoteka predmetinə məhkəmə qaydasında tutma yönəldilməsi barədə ##.##.2016-cı il tarixli bildirişdən görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 34-cü və 36-cı maddələrinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını təmin etmək üçün ipoteka predmeti olan və X2 mülkiyyətində olan **ZV*** qeydiyyat nişanlı, istehsal ili 2017, WBAja5109JWA29833 ban nömrəli, 22195094 mühərrik nömrəli, qara metalik rəngli, sedan tipli, BMW 530i minik modelli nəqliyyat vasitəsinə məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı nəzərə çatdırılsa da, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2.3-cü maddəsinə əsasən, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq əlavə edilməmişdir.
5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2 və 38.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
6. Məhkəmənin həmin qərardadından narazı qalan iddiaçı “xxxx” ASC şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, X2 ##.##.2025-ci il tarixli DİN BPQMİ-nin MAPS şöbəsinin Arayışına əsasən ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Lakin vərəsəlik işi açılmadığından əmlaka sahiblik edən şəxslər cavabdeh1 və cavabdeh2 vəfat edən şəxsin 1-ci növbəli vərəsəsidir. Eyni zamanda vərəsələr vərəsəlikdən imtina da etməmişdirlər. Vərəsəlik bununla da qəbul edilmiş sayılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2020-ci il tarixli Qərarında qeyd olunur ki, “Azərbaycan Respublikası Konstitusiyasının 60-cımaddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.” Odur ki, əmlaka sahiblik edən şəxslər cavabdeh1 və cavabdeh2 qarşı tutmanın yönəldilməsinə dair məhkəmədə iddia qaldırılmışdır. Ümumiyyətlə vərəsəlik şəhadətnaməsi olmadığı hallarda məhkəmədən fərqli olaraq tutmanın icra qeydi əsasında həyata keçirilməsi də mümkün olmur. Məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iş materiallarında ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı notariusun icra qeydi mövcud deyildir. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı qanunla müəyyən edilmiş zəruri prosedura əməl olunmadan birbaşa məhkəməyə müraciət edilməsi hazırkı tələbə mahiyyəti üzrə məhkəmədə baxılmasını istisna edir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında icra qeydi mövcud olmadığından işə məhkəmə qaydasında baxıla bilməz. Hesab edir ki, tutmanın yönəldilməsinə dair icra qeydi mövcuddursa zatən məhkəmə qətnaməsinə ehtiyac da yoxdur. Bu baxımdan məhkəmənin mövqeyi tamamilə anlaşılmazdır. Ümumiyyətlə elə bir prosedur qaydası da yoxdur ki, məhkəməyə müraciət etməzdən əvvəl icra qeydi alınmalı, daha sonra məhkəməyə müraciət edilməlidir. Məhkəmənin istinad etdiyi 38.1-ci maddənin mahiyyəti isə ondan ibarətdir ki, ipoteka qoyan tutmanın yönəldilməsindən şikayət verdikdə tutmanın yönəldilməsi icra qeydi əsasında həyata keçirilə bilməz. Yəni 38.1-ci maddə notarius tərəfindən icra qeydi aparılması mümkün olmayan halı tənzim edən maddədir. Həmin maddədə, ümumiyyətlə qanunvericilikdə bankın məhkəməyə müraciət etməsini qadağan edən, məhdudlaşdıran hər hansı bir hal nəzərdə tutulmayıb. Əks halda belə bir məhdudiyyətin olması AR Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququna da zidd olardı. Göründüyü kimi, məhkəmə “İpoteka haqqında” Qanunun 37.1. və 38.1-ci maddələrini tamamilə yanlış təfsir və tətbiq etmişdir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(5-101)-1044/2026 saylı ## ### 2026cı il tarixli qərardadı ilə iddiaçı “xxxx” ASC-nin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 2(5-101)-1044/2026 nömrəli qərardadından vermiş olduğu şikayəti təmin etməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
9. 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
10. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
11. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.
12. 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilməli, mülki iş, aşağıda qeyd olunan məsələlər nəzərə alınmaqla yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
14. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi “İpoteka haqqında” Qanunun 36.2-ci və 38.1-ci maddələrinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası əks etdirilməlidir. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
15. Məhkəmə qeyd edilən normalara istinad edərək iş üzrə icraata xitam verilməli olması barədə mövqeyini iddiaçının ipoteka predmetinə tutumanın yönəldilməsi üçün nəzərdə tutulmuş ilkin prosedurların tamamlanmaması ilə əsaslandırmışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci və 39-cu maddələri ipoteka saxlayana həm məhkəmədənkənar, həm də məhkəmə qaydasında tutmanın yönəldilməsi imkanını verir. Qanunun 36-38-ci maddələrində nəzərdə tutulmuş notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi proseduru məhkəmədənkənar qaydada tutmanın yönəldilməsi halına aiddir və həmin prosedurun həyata keçirilməməsi kreditorun məhkəmə müdafiəsi hüququnu istisna etmir.
17. İş materiallarından görünür ki, bank tərəfindən borcluya ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyin icra edilməməsi səbəbindən ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi iradəsi açıq şəkildə ifadə olunmuşdur. Birinci instansiya məhkəməsi isə notariusun icra qeydinin mövcud olmamasını iddianın mahiyyəti üzrə baxılmasına maneə kimi qiymətləndirmişdir. Halbuki notariusun icra qeydi yalnız məhkəmədənkənar icra mexanizminin elementi olmaqla, kreditorun birbaşa məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsi üçün məcburi ilkin şərt hesab edilə bilməz.
18. Buna görə də, birinci instansiya məhkəməsinin notariusun icra qeydi və həmin icra qeydi əsasında xəbərdarlığın verilməməsi səbəbindən iddiaya mahiyyəti üzrə baxılmasının mümkün olmaması barədə nəticəsi qanunun tələblərinə uyğun hesab edilə bilməz.
19. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər ## #### 2025-ci il tarixdə qüvvəyə minmişdir. Halbuki mübahisəli hüquq münasibəti ##.##.2023-cü il tarixdə yaranmışdır. “Lex retro non agit” prinsipinə uyğun olaraq qanunvericiliyə edilmiş bu dəyişikliklər geriyə şamil edilə bilməz. Belə ki, həmin dəyişikliklər Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulan, şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən hallar kateqoriyasına aid deyildir. Buna görə də onlar əvvələr yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilməz.
20. Bu əsasla məhkəmə kollegiyası hesab edir ki, ## #### 2025-ci il tarixdə qüvvəyə minmiş “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərdən əvvəl yaranmış hüquq münasibətlərinə həmin dəyişikliklərin tətbiq edilməli olaması işə baxılarkən nəzərə alınmalıdır.
21. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan əsaslarla mülki iş üzrə icraata xitam verməklə haqlı olmamış, iddiaçının ədalət mühakiməsinə çatımlıq hüququnu pozmuşdur. Ona görə də həmin qərardad ləğv olunmalı, iş, bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
22. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.
23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ləğv edilsin. İş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev