Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2489/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasım qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclasından kənar qaydada baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh2 ##.##.2023-cü il tarixli Kredit müqaviləsi üzrə 3260,20 manat əsas borc, 163,48 manat faiz borcu, cəmi 3423,68 manat məbləğində borcun tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh cavabdeh2 sonuncu məhkəmə iclasından xəbərdar edilmiş (iş səh.78) və qətnamə onun rəsmi qeydiyyatda olduğunu ünvana ## ###### 2026-cı il tarixində sifarişli-xəbərnaməli məktubla göndərilmiş(iş səh.95-96), lakin qətnamənin cavabdehə çatıb-çatmaması və nə zaman çatması müəyyən edilməmişdir. Cavabdeh sonradan qətnaməni ##.##.2026-cı il tarixində qəbzə imza etməklə əldə etmiş (iş səh.99) və cavabdeh tərəfindən ## #### 2026-cı il tarixində apellyasiya şikayəti verilmişdir(iş səh.100). Diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin müddətlə bağlı hallara və tərəfin şikayət vermək hüququnun olmasına münasibət bildirilməmişdir. Bu baxımdan şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Kollegiya hesab edir ki, müddətin hesablanması həyata keçirilməli və münasibət bildirilməlidir ki, bu səlahiyyət də birinci instansiya məhkəməsinə aiddir. Mülki Prosessual Məcəllənin tələbləri birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamələrdən apellyasiya şikayətinin verilməsini, habelə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməsini (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) ehtiva edir. Bu baxımdan cavabdeh müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün əsaslı dəlil və sübutlar təqdim etməmiş, müddətin hansı səbəbdən ötürülməsinə dair mövqe nümayiş etdirməmiş, ötən hər günün prosessual əsaslarını izah etməmişdir. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Məhkəmənin bəlli olan ünvana məlumatların (sənədlərin) göndərilməsi üzrə vəzifələrinin yerinə yetirilməsi, lakin rabitə vasitəsinin məlumatın çatdırılmaması və ya şəxsin məhkəməyə fərqli ünvanda faktiki yaşaması barədə məlumatın verilməməsi, habelə proses iştirakçısının elektron məhkəmə sisteminə daxil olmaması sonuncunun prosessual hüquq və vəzifələrinə aid məsələdir. Eyni zamanda qeyd edilməlidir ki, müvafiq müraciət olunmadığı təqdirdə qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən şikayət vermə müddətinin üzrlülük meyarlarının müzakirəsi prosessual cəhətdən yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmənin təyin etdiyi müddətlər maraqlı şəxslərin ərizəsi üzrə, habelə bu Məcəllənin 101.3-cü maddəsində nəzərdə tutulan ekspertin vəsatəti əsasında məhkəmə tərəfindən uzadıla bilər. 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 136.0. Bu Məcəllənin 135-ci maddəsində nəzərdə tutulmuş qəbzdə aşağıdakılar göstərilməlidir: 136.0.1. məhkəmənin adı və ünvanı; 136.0.2. məhkəmə sənədlərinin verilməli olduğu şəxsin soyadı, adı, atasının adı və ya hüquqi şəxsin adı və yerləşdiyi ünvan; 136.0.3. verilən məhkəmə sənədinin adı; 136.0.4. verilmənin vaxtı (tarix və saat) və yeri; 136.0.5. məhkəmə sənədinin verilməməsinin səbəbləri (almaqdan imtina, göstərilən ünvanda olmama, səhv ünvan və sair); 136.0.6. məhkəmə sənədinin verildiyi şəxs; 136.0.7. məhkəmə sənədinin çatdırılması tapşırılmış şəxsin, yaxud rabitə orqanının nümayəndəsinin imzası. 137.1. Məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. 137.2. Ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur. 137.3. Məhkəmə bildirişinin ünvan sahibi tərəfindən qəbul edilməsindən imtina barədə qeyd onun yaşayış yeri üzrə yerli özünüidarə orqanı, müvafiq icra hakimiyyəti orqanı və ya onun iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir. 137.4. Məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrı-ayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir. 140. Məhkəmə sənədini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina edən və ya onu səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud məhkəmə sənədinin çatdırılması tapşırılmış digər şəxslər bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulmuş qaydada iyirmi manat miqdarında cərimə edilir. 146. Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilən əsaslardan irəli gələrək kollegiya hesab edir ki, müddətlə bağlı birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar mövcud deyildir. Diqqətə çatdırılmalıdır ki, şəxsə sifarişli poçt vasitəsi ilə məhkəmə aktının göndərilməsinə rəğmən onun çatmaması barədə təsdiqedici məlumatların əldə edilmədən prosessual müddətlə bağlı hallara qiymət vermədən məhkəmə müdafiəsi hüququnun ehtimallara və qanunla müəyyən edilmiş dayanıqlı əsaslara uyğun olmayaraq həyata keçirilməsi, bununla da hüquqdan sui-istifadəyə şərait yaradılması prosessual qanunvericiliyinin təməl məqsədlərinə daban-dabana ziddiyyət təşkil edir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (III), 80; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 360-366, 395-397, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-364cü maddələrinin tələblərinə müvafiq apellyasiya şikayətinə qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2489/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2489/2026
10.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver