Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2537/2026 29.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadından Məhəmmədli İlkin Nazir oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t di : İddiaçı Məhəmmədli İlkin Nazir oğlu – cavabdeh Cavabdeh və digərlərinə qarşı öhdəliyin qoyulması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin (VÖEN **********) qanuni təmsilçisi olan yeni direktorunun təyin edilməsi və kommersiya X1 reyestrində “xxxx” MMC-nin qanuni təmsilçi barədə dəyişiklik edilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X1 Qeydiyyatı İdarəsinə müraciət etmək vəzifəsinin Azərbaycan Respublikası Mədəniyyət Nazirlyinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə (hakim İlkin Rüstəmli) iddiaçı Məhəmmədli İlkin Nazir oğlunun – cavabdeh Cavabdeh və digərlərinə qarşı öhdəliyin qoyulması tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi, iddia ərizəsinin Məhəmmədli İlkin Nazir oğluna qaytarılması qərara alınmışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə istinad edərək qənaətini belə əsaslandırıb ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı Məhəmmədli İlkin Nazir oğlu cavabdeh Cavabdeh qarşı əmək müqaviləsinə xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ödənilməmiş əmək haqqının, istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabın, əmək haqqı gecikdirilməsinə görə dəbbə pulunun, mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya X1 Qeydiyyat İdarəsi tərəfindən ##.##.2012-ci il tarixdə 1302863861 qeydiyyat nömrəsi (VÖEN) ilə dövlət qeydiyyatına alınmış nizamnamənin 1-ci maddəsinə əsasən “xxxx” Məhdud Məsuliyətli Cəmiyyəti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Dublyaj” studiyasının əmlakının bazasında yaradılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2021-ci il tarixli *** saylı sərəncamına əsasən “xxxx” MMC-nin adı dəyişdirilərək “xxxx” MMC müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X1 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli çıxarışa əsasən MMC-nin ad dəyişikliyi dövlət qeydiyyatına alınmışdır. Cavabdeh ##.##.2020-ci il tarixli ***-k saylı əmrinə əsasən Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən o, ##.##.2020-ci il tarixdən 1 il müddətinə “xxxx” MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Həmin əmrə əsasən vəzifə maaşının ştat cədvəli əsasında ödənilməsi müəyyən edilmişdir. Həmin əmrin əsasını isə onun ərizəsi, əmək müqaviləsi və müvafiq dərkənarla Kinematoqrafiya şöbəsinin müdirinin xidməti məlumatı təşkil etmişdir. Həmin tarixdən başlayaraq o, ##.##.2023-cü il tarixdə Nazirliyə ərizə ilə müraciət edərək bağlanmış əmək müqaviləsinə ##.##.2023-cü il tarixdən öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və Məhəmmədli İlkin Nazir oğlu ilə Cavabdeh arasında bağlanılmış ##.##.2020-ci il tarixli əmək müqaviləsinə ##.##.2023-cü il tarixdən xitam verilməsi, Cavabdeh Məhəmmədli İlkin Nazir oğluna ##.##.2023- cü il tarixdən ##.##.2023-cü il tarixədək olan müddət üçün ödənilməmiş əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesab verilmə vəzifəsi həvalə edilmiş, Cavabdeh Məhəmmədli İlkin Nazir oğlunun xeyrinə ödənilməmiş əmək haqqının gecikdirilməsinə görə 8.892 (səkkiz min səkkiz yüz doxsan iki) manat məbləğində pul tutulması və Cavabdeh Məhəmmədli İlkin Nazir oğlunun xeyrinə hüquqi xidmət üçün ödənilən 320 (üç yüz iyirmi) manat, mediasiya xərcləri kimi ödənilən 50 (əlli) manat məbləğində pul tutulması qət edilmişdir. Məhkəmə hesab edib ki, iddiaçı tərəfindən irəli sürülən tələb mahiyyət etibarilə yeni bir mübahisə deyil, əvvəlcədən qəbul edilmiş məhkəmə qətnaməsinin icrası ilə bilavasitə bağlı olan tədbirlər toplusudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2- ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunur ki, iddiaçının tələb etdiyi hərəkətlər (əmək münasibətlərinə xitam verilməsi və reyestr məlumatlarının buna uyğunlaşdırılması) işəgötürən orqanının qətnamədən irəli gələn icra vəzifəsidir. Beləliklə, iddiaçının hazırki tələbi mülki məhkəmə icraatının predmeti deyil, icra məmuru tərəfindən icra icraatı çərçivəsində məcburi qaydada həyata keçirilməli olan icra hərəkətidir. İddiaçı bu hərəkətlərin yerinə yetirilməməsini əsas gətirərək yeni iddia qaldırmaq əvəzinə, "İcra haqqında" Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq, borclunun üzərinə qoyulmuş öhdəliyi icra etməməsi ilə bağlı icra məmuru qarşısında vəsatət qaldırmaq və ya icra hərəkətlərindən şikayət vermək hüququna malikdir. Məhkəmə tərəfindən artıq müəyyən edilmiş və hüquqi qiymət verilmiş öhdəliyin icrası məsələsinin yeni bir iddia icraatı ilə yenidən nəzərdən keçirilməsi Mülki Prosessual Məcəllənin məqsədlərinə və prinsiplərinə ziddir. İddiaçı Məhəmmədli İlkin Nazir oğlu həmin qərardaddan verdiyi şikayətdə qərardadın ləğv edilərək iddia ərizəsinin icraata götürülməsini xahiş edib şikayətində göstərmişdir ki, hazırki iddia ərizəsində qeyd olunan mübahisə ilə məhkəmənin qanuni qüvvəsini almış qətnamə ilə hüquqi qiymət verdiyi mübahisə eyni olmadığına görə, məhkəmənin iddia ərizəsinin qəbulundan imtina etməsi iddiaçının məhkəməyə əlçatımlılığına məhrumiyyət yaratmışdır. Hüququnun pozulduğunu fərz edən hər bir şəxsin hüquqlarının və azadlıqlarının məhkəmədə müdafiəsi Konstitusion hüquqdur. Məhkəmənin hazırki mübahisəni əvvəlki məhkəmə qərarlarının icrası ilə əlaqələndirilməsi tamamilə əsassızdır və iddiaçının hüquqlarının birbaşa pozuntusudur. Bu baxımdan məhkəmənin möqveyi əsassız olduğundan qərardad ləğv edilməli və iddia ərizəsi icraata götürülməlidir. Hazırki iddia ərizəsində qeyd olunan mübahisə isə, məhkəmə qətnaməsinin icrasından sonrakı mərhələ ilə bağlıdır və cavabdeh qurum qanuni öhdəliklərini icra etməkdən yayınır. Bu da iddiaçının qanunla qorunan hüquqlarının həyata keçirilməsinə faktiki maneələr və hüquqi əngəllər yaradır. Hazırda mövcud olan mübahisə məhkəmənin hüquqi qiymət verdiyi mübahisə ilə eyni deyil və məhkəmənin qərardadında tövsiyə etdiyi kimi icra qaydasında həlli mümkün deyil. Hazırki mübahisə müstəqil iddianın predmeti olduğundan iddia ərizəsi icraata götürülərək mahiyyəti üzrə baxılmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı Məhəmmədli İlkin Nazir oğlu elektron kabinet vasitəsilə təqdim etdiyi vəsatətdə şikayətə məhkəmə iclasında şifahi icraat qaydasında baxılmasını xahiş etmiş və vəsatətini şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə tərkibi şikayətə şifahi icraat qaydasında baxılması üçün əsas müəyyən etmədi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə tərkibi qeyd edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Məhəmmədli İlkin hazırda mövcud olan mübahisənin məhkəmənin hüquqi qiymət verdiyi mübahisə ilə eyni olmadığını göstərsə də, bu “yeni mübahisənin” nə vaxt yarandığına, birinci iddia zamanı mövcud olub-olmamasına dair şikayətində hər hansı bir dəlil göstərmir. Hazırkı iddiada Məhəmmədli İlkinin göstərdiyi dəlillər həqiqi olsa belə, yenə də yeni əsas hesab edilə bilməz. Çünki göstərdiyi hallar qətnamənin icrası ilə bağlı məsələlərə aiddir. Bunu şikayətdə göstərilənlər də təsdiq edir. Demək ki, iddiaçının hər dəfə “yeni əsas” yarandığını düşünüb məhz iddia ərizəsi ilə, iddia icraatı qaydasında məhkəməyə müraciət etməsi də məhkəməyə müraciət etmək hüququndan sui-istifadəyə dəlalət edir. Ona görə də bu cür vəziyyətlə Məhəmmədli İlkinin birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmaması anlaşılan olsa da şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyil. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## ### 2026cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a ra a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2537/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2537/2026
29.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver