Məhkəmə qərarları › İş №e-2(3-6)-2656/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2656/2026

27.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2656/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “Bakı Şəhər İşığı” X6 cavabdeh Məmmədov İmaməddin Tahid oğluna qarşı iş üzrə Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi Hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı “Bakı Şəhər İşığı” X6 cavabdeh Məmmədov İmaməddin Tahid oğluna qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Məmmədov İmaməddin Tahid oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ##.##.2025-ci il tarixdə, saat 23:50-də radələrində Məmmədov İmaməddin Tahid oğlu (bundan sonra cavabdeh) X1 məxsus olan və etibarnamə ilə idarə etdiyi “Mitsubisi L 200 minik” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində hərəkətdə olan zaman “Bakı Şəhər İşığı” X6 (bundan sonra iddiaçı) məxsus 1 ədəd “Palermo” Tipli işıq dirəyini vurmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirkar bilinmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək, 40 manat cərimə olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş smetaya əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Bakı Şəhər İşığı” X6 məxsus 1 ədəd işıq dirəyinə dəymiş zərərin məbləği 7.663,10 manat (əmlakın dəyəri 6.695 manat olmaqla, 3% (hər il üçün 1%) amortizasiya tətbiq edilməklə 6.494,15 manat + 1.168,95 manat ƏDV məbləği) təşkil edir. Cavabdehin mülki məsuliyyətinin icbari qaydada sığortalandığı “xxxx” ASC tərəfindən iddiaçıya baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 5.000 manat məbləğində sığorta ödənişi ödənilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı “Bakı Şəhər İşığı” X6 cavabdeh Məmmədov İmaməddin Tahid oğluna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti “Bakı Şəhər İşığı” X6 vurulmuş maddi ziyandan ödənilməmiş 2.663,10 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 7.663,10 manat məbləğində maddi ziyandan sığorta ödənişi çıxıldıqdan sonra qalan 2.663,10 manat pul vəsaiti cavabdehdən tutularaq “Bakı Şəhər İşığı” X7 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Məmmədov İmaməddin Tahid oğlundan 2.663,10 manat pulun tutularaq iddiaçı “Bakı Şəhər İşığı” X6 ödənilməsi, cavabdeh Məmmədov İmaməddin Tahid oğlundan 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. (hakim X12)

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək iddia tələbinə münasibətdə qeyd etmişdir ki, baxılan iş üzrə yüksək təhlükə mənbəyi olan avtomobil yol-nəqliyyat hadisəsi zamanı Məmmədov İmaməddin Tahid oğlu tərəfindən idarə edilmişdir. Yol nəqliyyat hadisəsini törətmiş şəxs avtomobili qanuni əsas üzrə idarə etmişdir. Avtomobil mülkiyyətçi tərəfindən avtomobilə dair alqı-satqı, bağışlama hərəkətlərin edilməsi məqsədi ilə mülkiyyətçi tərəfindən iş üzrə cavabdeh Məmmədov İmaməddin Tahid oğluna etibarnamə verilmişdir. Bu baxımdan yol-nəqliyyat hadisəsi üzrə mülkiyyətçinin mülki hüquqi məsuliyyəti istisna olunur. Belə ki, yuxarıda sadalanan maddələrdən müəyyən edildiyi kimi, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Beləliklə, hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdeh Məmmədov İmaməddin Tahid oğlunun qanunsuz hərəkətlərinin (hərəkətsizliyinin) nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə onun təqsiri müəyyən edilmişdir. Nəticədə, sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdeh Məmmədov İmaməddin Tahid oğlu (hadisəni törətmiş şəxsə) qarşı subroqasiya hüququ yaranmışdır.

6. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, həmçinin iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia qismən təmin olunduğuna görə 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096- 1097-ci, 1108.1-ci, 1114.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1ci, 14.2-ci, 77.1-ci, 88-ci, 119-cu, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Məmmədov İmaməddin Tahid oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun barəsində qanunsuz olaraq qərar çıxarmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində işıq dirəyinə cüzi zərər dəymiş, yalnız bəzək olan hissəsi qırılsa da, hazırda yeni dirəyin qiyməti ondan tələb edilir. Hadisədən sonra sığorta şirkəti tərəfindən 5.000 manat ödəniş edilsə də, yenidən ona qarşı iddia qaldırılıb. Ona görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, məhkəmə tələb edilən məbləğin hüquqi olaraq qiymətləndiliməsini belə keçirməmişdir. Məhkəmədən dəymiş ziyanla bağlı ekspertiza keçirilməsini tələb etsə də, bu barədə ekspertiza keçirilməmiş, rəsmi olaraq qiymətləndilmə olmadığı halda barəsində əsassız qətnamə çıxarılmışdır. Məhkəmə ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasın kömək etmək əvəzinə sübutları araşdırmamışdır. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Məhkəmə işə obyektiv, qərəzsiz və hərtərəfli baxmamışdır. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı və şifahi qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hesab edir ki, məhkəmə dəymiş ziyanın müəyyən edilməsi üçün ekspertiza təyin etməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən iddiaçı “Bakı Şəhər İşığı” X6 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdeh Məmmədov İmaməddin Tahid oğlu isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması xahiş olunduğundan və qətnamə ilə iddia təmin edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan apellyasiya şikayətinin hər hansı formada təmin edilməsinə əsas yoxdur.

18. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəllilərinə istinadən qeyd edir ki, cavabdeh ##.##.2025-ci il tarixdə, saat 23:50-də radələrində X1 məxsus olan və etibarnamə ilə idarə etdiyi “Mitsubisi L 200 minik” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində hərəkətdə olan zaman “Bakı Şəhər İşığı” X6 məxsus 1 ədəd “Palermo” tipli işıq dirəyini vurmuşdur. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində cavabdeh təqsirkar bilinmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməklə, sonuncu 40 manat cərimə olunmuşdur.

19. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehin təqsirli əməlləri ilə iddiaçıya məxsus 1 ədəd “Palermo” tipli işıq dirəyinə maddi zərər dəyməsi işin mübahisə edilməyən halını təşkil edir. Başqa sözlə, cavabdeh özü də iddiaçıya məxsus işıq dirəyinə onun tərəfindən maddi zərər yetirildiyini qəbul edir, lakin o, vurulmuş zərərin məbləği ilə razılaşmır və hesab edir ki, işıq dirəyininin ancaq bəzək hissələrinə ziyan dəydiyindən ondan belə yüksək məbləğdə maddi ziyan tələb edilməməli və bu halın müəyyən edilməsi üçün ekspertiza keçirilməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin də bu istiqamətdə formalaşdığını nəzərə alaraq qeyd edir ki, iş materiallarında olan smetaya əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Bakı Şəhər İşığı” X6 məxsus 1 ədəd işıq dirəyinə dəymiş zərərin məbləği 7.663,1 manat olmuşdur. Belə ki, həmin əmlakın dəyəri (6.695 manat) ƏDV məbləği ilə birlikdə (1.168,95 manat) 7.663,1 manat təşkil etmiş, 3 faiz amortizasiya tətbiq edildikdən sonra əmlakın qalıq dəyəri 6.494,15 manat olmuş və 1.168,95 manat ƏDV məbləği ilə birlikdə yekun dəyəri 7.663,10 manat təşkil etmişdir.

21. Xüsusilə qeyd edilməlidir ki, söhbət yalnız işıq dirəyinin hər hansı dekorativ və ya bəzək hissəsinin zədələnməsindən getmir. Yol-nəqliyyat hadisəsi nəticəsində bütöv əmlak - “Palermo” tipli işıq dirəyi zədələnmiş və onun əvvəlki funksional vəziyyətinin bərpası mümkün olmadığından dirəyin çıxarılması zərurəti yaranmışdır. Bununla bağlı fotoşəkillər məhkəməyə təqdim edilmiş, işıq dirəyi təyinatı üzrə istifadə edilməsi mümkün olmayan yararsız əşya qismində anbara təhvil verilmişdir. Bu səbəbdən də zərərin hesablanması yalnız ayrı-ayrı bəzək hissələrinin qiyməti ilə məhdudlaşdırıla bilməz.

22. Cavabdeh işıq dirəyinin yalnız bəzək hissələrinin zədələndiyini və buna görə də hesablanmış zərərin əsassız olaraq yüksək olduğunu iddia etsə də, öz mövqeyini təsdiq edən nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut (alternativ smeta, qiymətləndirməmütəxəssis rəyi və sair) təqdim edə bilməmişdir. Başqa sözlə, cavabdeh zərərin vurulması faktını qəbul etməklə yanaşı, onun məbləğinin az olduğunu bildirir, lakin iddiaçı tərəfindən təqdim edilmiş smetada göstərilən hesablamaların hansı konkret hissəsinin və hansı əsasla düzgün olmadığını sübut edə bilmir.

23. Məhkəmə kollegiyası ekspertizanın keçirilməsi məsələ ilə bağlı qeyd edir ki, zədələnmiş işıq dirəyi hadisədən sonra sökülərək ərazidən çıxarılmışdır. Bu səbəbdən hazırda onun hadisə baş verdiyi andakı fiziki vəziyyətinin bilavasitə ekspert tərəfindən yerində və ya naturada tədqiq edilməsi mümkün deyil. Digər tərəfdən həmin dirək yerli istehsal deyil və razılaşdırılmış qiymət üzrə istehsalçı ölkədən əldə edilir. Eyni zamanda, sərbəst dövriyyədə olmaması səbəbindən onun yerli bazardan əldə edilməsi də qeyrimümkün görünür. İddiaçı bu göstəricilərə malik (eyni) dirəyin daha aşağı dəyərdə olması ilə bağlı da hər hansı sübut təqdim edə bilmir. Təqdim edilmiş sənədlərə əsasən isə onun qiyməti məhz yuxarıda göstərilən məbləğdədir. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin bu barədə dəlillərini əsassız hesab edir.

24. Nəzərə alınmalıdır ki, zərər məbləğinin hesablanması zamanı istifadə illərinə uyğun olaraq 3 faiz amortizasiya da nəzərə alınmışdır. Bu da əmlakın yeni əmlak kimi tam dəyərinin iddiaçı tərəfindən tələb edilmədiyini, əksinə, əmlakın əvvəlki vəziyyəti və köhnəlməsi nəzərə alınmaqla zərərin hesablandığını göstərir. Buna görə də, cavabdehin yalnız bəzək hissələri zədələnib deməsi hesablanmış zərərin məbləğini aradan qaldırmaq üçün kifayət edə bilməz.

25. Nəticə etibarilə, iş materialları ilə cavabdehin təqsirli əməli, həmin əməl ilə zərər arasında səbəbli əlaqə və iddiaçıya məxsus əmlaka maddi zərərin dəyməsi təsdiq edilir. İddiaçı tərəfindən təqdim edilmiş smeta isə zərərin məbləğinin müəyyən edilməsi üçün əsas sənədlərdən biri olmaqla, cavabdeh tərəfindən onun əksini təsdiq edən mötəbər sübutlarla təkzib edilməmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya vurulmuş zərərin məbləğini müəyyən edərkən haqlı olmuşdur, iddiaçıya dəymiş ümumi maddi zərər məbləğ etibarı ilə 7.663,10 manat təşkil etmiş, həmin zərərin 5.000 manat hissəsi sığorta ödənişi hesabına qarşılanmışdır. Buna görə də, ödənilməmiş və cavabdehdən tutulmalı olan zərərin qalan hissəsi 2.663,10 manat təşkil edir. Bu səbəbdən cavabdehin bu qəbildən olan dəlilləri əsassızdır və təmin edilə bilməz.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh əmlakın qalıq hissələrin dəyərinin müəyyən edilməsi ilə bağlı ayrıca tələb irəli sürməmiş və bu səbəbdən qalıq hissələrinin dəyərinin müəyyən edilməsi hazırki məhkəmə araşdırmasının predmeti olmamışdır.

28. Məhkəmə kollegiyası cavabdehdən dövlət nəfinə dövlət rüsumunun tutulması və həmin dövlət rüsumunun məbləği ilə bağlı hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və həmin hissədə də qətnamənin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas görmür.

29. Beləliklə, məhkəmə kollegiyası sərgilədiyi hüquqi mövqeyin yekunu olaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

30. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın ümumi qiyməti 2.663,10 manat təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh Məmmədov İmaməddin Tahid oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi cavabdeh Məmmədov İmaməddin Tahid oğlunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Məmmədov İmaməddin Tahid oğluna aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar