Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2747/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbulundan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*- ***)-****/**** nömrəli qərardadından iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə ##.##.2025-ci il tarixdə bağlanmış HHA ***** saylı nisyə alqısatqı müqaviləsi üzrə ödənilməmiş 1892 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 473 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 2365 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 61 manat pulun “xxxx” MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilməsi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.
3. Qərardadın əsaslarına görə, iş materiallarından müəyyən olunur ki, cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixdə ölmüşdür. Məhkəmə hesab etmişdir ki, mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi aidiyyəti müəyyən edilməli, iddia tələbinin yönəldiyi şəxs müəyyən edilməli, məhkəmə tərəfindən həmin şəxsə sənədlərin surətlərinin göndərilməsi və işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrinin izahı haqqında bildiriş göndərilməsi təmin olunmalıdır. Iddia tələbinin yönəldiyi fiziki şəxs hal-hazırda vəfat etdiyindən həmin şəxsə sənədlərin surətlərinin göndərilməsi mümkün olmadığından həmin mülki işin icraata qəbul edilməsi qeyri-mümkündür. Iddiaçı tərəfindən cavabdehin vərəsəsi müəyyən olunduqdan sonra onun vərəsəsinə qarşı yenidən iddia qaldırıla bilər. Qanunvericiliyin qeyd olunan tələbinə görə məhkəmə hesab etmişdir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir.
4. Həmin qərardaddan iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək, qərardadın tamamilə ləğv edilməsini, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini, eyni zamanda işin mahiyyətinə baxılarkən məhkəmənin Mülki Prosessual Məcəllənin 46-cı maddəsinə əsasən hüquqi varislik məsələsini həll etmək üçün təşəbbüs göstərməsi, iddiaçının da bu istiqamətdə fəaliyyətini nəzərə alması zəruriliyinin qeyd edilməsini xahiş etmişdir.
5. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsinin mövqeyi tamamilə əsassızdır və qərardad ləğv edilməlidir. Məhkəmə öz qərardadını cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə, yəni iddia qaldırılmamışdan əvvəl ölməsi, nəticədə işin icraata qəbulunun qeyri-mümkün olması ilə əsaslandırmışdır. Bu nəticə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 50.3-cü maddəsinin tələbi: Məhkəmənin də istinad etdiyi bu maddəyə əsasən, cavabdeh iddia tələbinin yönəldiyi fiziki şəxsdir. Iddia ərizəsi verilən an həmin fiziki şəxs artıq vəfat etmişdirsə, onun mülki prosessual hüquq qabiliyyətinə (MPM, maddə 48) xitam verildiyindən, o, prosesdə tərəf ola bilməz. Lakin bu hal, qanunvericiliyin tələbinə görə, iddianın yolverilməzliyi üçün deyil, əksinə, hüquqi varislik institutunun tətbiqi üçün əsasdır. Məhkəmə mərhumun hüquq qabiliyyətinin olmamasını onun vərəsələrinin hüquq qabiliyyətinə şamil etmişdir ki, bu da yanlışdır. MPM-in 46.1-ci maddəsinə əsasən, prosesdə olan mübahisəli maddi hüquq münasibətində tərəflərdən biri (vəfat, hüquqi şəxsin yenidən təşkili və s. səbəblərdən) çıxdıqda, məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz edir. Hüquqi varislik işin istənilən mərhələsində mümkündür. Ali Məhkəmənin Plenumunun müvafiq qərarları da göstərir ki, əgər iddia ərizəsi qəbul edilərkən cavabdehin öldüyü aşkar edilərsə, məhkəmə iddianın qəbulundan imtina etməməli, iddiaçıya mərhumun vərəsələrini müəyyən etmək və onları prosesə cəlb etmək üçün vaxt verməli, zərurət olduqda isə işi icraata götürərək MPM-in 46-cı maddəsinə uyğun hərəkət etməlidir. Qərardaddan belə məlum olur ki, məhkəmə iddiaçıya bu hüququndan istifadə etmək imkanı belə yaratmamışdır. Məhkəmə bu normanı tətbiq etmək əvəzinə, iddia ərizəsini yolverilməz hesab etmişdir. Məhkəmə, MPM-in 153.3-cü maddəsinə əsasən, “işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını” qərardadda göstərməlidir. Məhkəmə bu tələbi yerinə yetirməmiş, yalnız vərəsə müəyyən olunduqdan sonra yenidən məhkəməyə müraciət edilməsini qeyd etməklə kifayətlənmişdir ki, bu da özlüyündə ziddiyyətlidir: məhkəmə eyni zamanda həm işə məhkəmə qaydasında baxılmalı olmadığını iddia edir, həm də yenidən məhkəməyə müraciət etməyi tövsiyə edir. Bu, məhkəmənin öz vəzifəsini tam icra etməməsi deməkdir. Əksinə, iddiaçı qismində “xxxx” MMC qanuni hüquqlarının bərpası üçün dərhal fəal tədbirlər görməyə başlamışdır. Belə ki, məhkəmənin qeyri-müəyyən göstərişini aydınlaşdırmaq üçün eyni vaxtda Bakı şəhər Suraxanı rayon Notariat Ofisinə rəsmi sorğu məktubu göndərilmişdir. Həmin sorğuda mərhum Cavabdeh vərəsəlik işinin açılıb-açılmaması, vərəsələrinin kimliyi barədə məlumat tələb olunmuşdur. Iddiaçı bütün mümkün qanuni vasitələrdən istifadə edərək işin məhkəmə qaydasında həllinə çalışır. MPM-in 153.2.1-ci maddəsi əsasında iddia ərizəsinin qəbulundan imtina yalnız o halda mümkündür ki, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Bu iş üzrə mübahisə mülki-hüquqi xarakter daşıyır və məhkəmə qaydasında baxılmalıdır. Cavabdehin ölümü işin məhkəmə aidiyyətini dəyişdirmir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş və ya düzgün tətbiq etməmişdir. Məhkəmə cavabdehin ölümü faktını əsas götürərək işin icraata qəbulunu qeyri mümkün hesab etmişdir. Lakin Mülki Məcəlləyə əsasən, vərəsələr mirası qəbul etdikləri andan miras qoyanın əmlak hüquq və vəzifələri, o cümlədən borcları üzrə məsuliyyət daşıyırlar. Məhkəmə borcun miras əmlakının tərkib hissəsi olması faktını və vərəsələrin bu borc üzrə cavabdeh qismində çıxış edə bilməsi imkanını nəzərə almamışdır. MM-in öhdəlik hüququna dair normaları: Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öhdəliklər cavabdehin ölümü ilə xitam olunmur. Bu öhdəliklər vərəsələrə keçir. Məhkəmə müqavilə öhdəliklərinin vərəsələr üçün məcburi olması faktını qiymətləndirməmişdir. Məhkəmə qərardadında yalnız bir fakta — cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə vəfat etməsinə əsaslanaraq iddia ərizəsinin qəbulundan imtina etmişdir. Lakin məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən aşağıdakı faktiki halları ümumiyyətlə aydınlaşdırmamışdır: Mərhum Cavabdeh vərəsələrinin olub-olmaması; Vərəsəlik işinin notariat orqanlarında açılıb-açılmaması; Vərəsələrin mirası qəbul edib-etməməsi faktı. Məhkəmə bu halları aydınlaşdırmadan, yalnız cavabdehin ölümü faktına əsaslanaraq iddianın yolverilməzliyi qənaətinə gəlmişdir. Halbuki, məhz bu faktiki halların aydınlaşdırılması işin sonrakı hərəkəti — hüquqi varisliyin tətbiqi və ya iddianın yolverilməzliyi barədə düzgün nəticə çıxarılması üçün zəruri idi. Məhkəmə qərardadında belə bir nəticəyə gəlmişdir ki, "iddia tələbinin yönəldiyi fiziki şəxs hal-hazırda vəfat etdiyindən həmin şəxsə sənədlərin surətlərinin göndərilməsi mümkün olmadığından həmin mülki işin icraata qəbul edilməsi qeyrimümkündür". Lakin məhkəmə bu nəticəni heç bir sübuta əsaslandırmamışdır: Məhkəmə vərəsələrin olub-olmamasını araşdırmadan, onlara sənədlərin göndərilməsinin mümkünlüyünü yoxlamamışdır; Məhkəmə notariat orqanlarına sorğu göndərərək vərəsəlik işinin mövcudluğunu təsdiq edən heç bir sənəd əldə etməmişdir; Iş materiallarında yalnız cavabdehin ölüm faktı haqqında məlumat vardır ki, bu da təkbaşına işin icraata qəbulunun qeyri mümkünlüyünü sübut etmir. Beləliklə, məhkəmənin gəldiyi nəticə sübut olunmamış faktlara əsaslanır. Məhkəmə qərardadında göstərmişdir ki, "Iddiaçı tərəfindən cavabdehin vərəsəsi müəyyən olunduqdan sonra onun vərəsəsinə qarşı yenidən iddia qaldırıla bilər". Bu nəticə işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir: MPM-in 46-cı maddəsi məhkəməyə işin istənilən mərhələsində tərəfi onun hüquqi varisi ilə əvəz etmək səlahiyyəti verir. Bu norma məhkəməni passiv gözləmə mövqeyi tutmağa deyil, əksinə, fəal hərəkət etməyə — vərəsələrin müəyyən edilməsi üçün tədbirlər görməyə və işi icraata götürməyə sövq edir. Işin faktiki halı ondan ibarətdir ki, tərəflər arasında müqavilə münasibəti mövcud olmuş, ödənilməmiş borc yaranmışdır. Bu borc miras əmlakının tərkib hissəsidir və vərəsələr tərəfindən mirasın qəbul edilməsi ilə onlar bu borc üzrə də məsuliyyət daşıyırlar. Məhkəmə borcun mövcudluğu faktını nəzərə almamışdır. Məhkəmə öz nəticəsində iddiaçıya vərəsəni müstəqil müəyyən etmək vəzifəsini qoyur, halbuki bu məlumatları əldə etmək üçün iddiaçının qanuni imkanları məhduddur. Məhz məhkəmə öz səlahiyyətləri çərçivəsində bu məlumatları tələb edə bilər. Iddia ərizəsinə baxılması mərhələsində məhkəmə tərəfindən iddia ərizəsinin qəbulundan imtina edildiyi üçün tərəflərə sübutların təqdim edilməsi imkanı yaradılmamışdır. Bununla belə, iddiaçı qanuni hüquqlarının müdafiəsi üçün fəal tədbirlər görmüş və məhkəmənin qərardadından sonra aşağıdakı yeni sübutları əldə etmək üçün hərəkətə keçmişdir. Bakı şəhər Suraxanı rayon Notariat Ofisinə göndərilmiş rəsmi sorğu məktubu — Bu sorğu vasitəsilə mərhum Cavabdeh vərəsəlik işinin açılıb-açılmadığı, vərəsələrin kimliyi barədə məlumatların əldə edilməsinə çalışılır. Həmin sorğu məktubunun surəti bu şikayətə əlavə edilir. Bu sübutun birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbi məhkəmənin iddia ərizəsini qəbul etməməsi və bununla da iddiaçını sübut təqdim etmək imkanından məhrum etməsidir. Yeni sübut iş üçün mühüm əhəmiyyət kəsb edir, çünki vərəsələrin müəyyən edilməsi məhkəmənin hüquqi varislik institutunu tətbiq etməsi və işə mahiyyəti üzrə baxması üçün zəruri əsas yaradır.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ****/**** nömrəli qərardadı ilə şikayət təmin olunmamış, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Maddə 49.1. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Maddə 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Maddə 50.3. Iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 58.1. Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Maddə 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
9. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh ## #### 2026-cı il tarixində vəfat etmişdir. Mülki iş icraata götürülməmişdən əvvəl onun ərazi aidiyyəti müəyyən edilməli, iddia tələbinin yönəldiyi şəxs müəyyən edilməli, məhkəmə tərəfindən həmin şəxsə sənədlərin surətlərinin göndərilməsi və işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrinin izahı haqqında bildiriş göndərilməsi təmin olunmalıdır. Iddia tələbinin yönəldiyi fiziki şəxs hal-hazırda vəfat etdiyindən həmin şəxsə sənədlərin surətlərinin göndərilməsi mümkün olmadığından həmin mülki işin icraata qəbul edilməsi qeyri-mümkündür. Iddiaçı tərəfindən cavabdehin vərəsəsi müəyyən olunduqdan sonra onun vərəsəsinə qarşı yenidən iddia qaldırıla bilər.
10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, MPM-nin 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Yəni, Iddia ərizəsi verilən an həmin fiziki şəxs artıq vəfat etmişdirsə, onun mülki prosessual hüquq qabiliyyəti mövcud olmadığından o, prosesdə tərəf ola bilməz.
11. Iddiaçı isə tələbi mülki prosessual hüquq qabiliyyəti olmayan şəxsə qarşı yönəldir, bu situasiyada ərizənin icraata qəbul edilməli olduğunu qeyd edir və əsaslandırmanı da bu formada aparır ki, MPM-in 46.1-ci maddəsinə əsasən, prosesdə olan mübahisəli maddi hüquq münasibətində tərəflərdən biri (vəfat, hüquqi şəxsin yenidən təşkili və s. səbəblərdən) çıxdıqda, məhkəmə həmin tərəfi onun hüquqi varisi ilə əvəz edir, hüquqi varislik işin istənilən mərhələsində mümkündür. Ali Məhkəmənin Plenumunun müvafiq qərarları da göstərir ki, əgər iddia ərizəsi qəbul edilərkən cavabdehin öldüyü aşkar edilərsə, məhkəmə iddianın qəbulundan imtina etməməli, iddiaçıya mərhumun vərəsələrini müəyyən etmək və onları prosesə cəlb etmək üçün vaxt verməli, zərurət olduqda isə işi icraata götürərək MPM-in 46-cı maddəsinə uyğun hərəkət etməlidir. Qərardaddan belə məlum olur ki, məhkəmə iddiaçıya bu hüququndan istifadə etmək imkanı belə yaratmamışdır. Məhkəmə bu normanı tətbiq etmək əvəzinə, iddia ərizəsini yolverilməz hesab etmişdir.
12. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin təcrübə müəyyən edən hər hansı qərarında qeyd olunan mövqe əksini tapmamışdır. Iddiaçı şikayətdə normanı səhvən MPM-nin 46.1-ci maddəsi kimi qeyd etsə də, həmin müddəalar Məcəllənin 58-ci maddəsində qeyd olunmuşdur. Normanın məzmununa görə barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.
13. Normadan qeyd olunan “Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.” müddəası iddia ərizəsinin icraata qəbulundan sonrakı mərhələni nəzərdə tutur və vəfat etmiş şəxsə qarşı qaldırılmış iddianın icraata qəbul edilməsi üçün əsas ola bilməz.
14. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.