Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2799/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Mübahisə “Toyota Prius” markalı **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlıdır (bundan sonra – avtomobil). 2.Avtomobil iddiaçının mülkiyyətindədir. Avtomobil cavabdehə icarəyə verilib, habelə avtomobilə dair cavabdehin adına ##.##.2024-cü il tarixli etibarnamə verilib. ##.##.2025-ci il tarixdə, saat 23 radələrində avtomobil cavabdehin sahibliyində və istifadəsində olarkən başqa şəxs – X1 avtomobili qaçırıb. O, avtomobili Xəzər rayonunun Türkan qəsəbəsində idarə edərkən ##.##.2025-ci il tarixdə saat 00:30 radələrində qəza törədib. Qəzada avtomobil mexaniki zədə alıb, nəticədə mülkiyyətçiyə (iddiaçıya) 5.525 manat məbləğində maddi zərər dəyib. Bu əməlinə görə X1 Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsində nəzərdə tutulan “zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə” cinayətinin törədilməsində təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Məhkəmə icraatı 3.Iddia ərizəsində tələb olunub ki, maddi zərərin əvəzi kimi 9.205 manat, əldən çıxmış faydanın əvəzi kimi 4.520 manat, habelə yol hərəkəti qaydalarının pozulmasına görə hesablanmış cərimənin əvəzi kimi 1.198 manat cavabehdən tutularaq iddiaçıya verilsin. 4.Maddi zərərin əvəzi kimi 9.205 manat tutulması barədə tələb iddia ərizəsində onunla əsaslandırılıb ki, qəzaya uğramış avtomobilin bərpası üçün 5.525 manat xərc çəkilməlidir. Bundan başqa, qəzadan sonra cavabdeh özü avtomobili “cərimə meydançası”ndan götürərək dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün qiymətləndirməyə aparıb, daha sonra cavabdeh avtomobili iddiaçıya təhvil vermək əvəzinə Bakı şəhərinin Babək prospektində - yol kənarında qoyaraq oranı tərk edib, nəzarətsiz qalan avtomobilin müxtəlif hissələri naməlum şəxslər tərəfindən talanıb, nəticədə mülkiyyətçiyə (iddiaçıya) 3.680 manat məbləğində əlavə maddi zərər dəyib. Bununla da maddi zərərin ümumi məbləği 9.205 manat (5.525 manat + 3.680 manat) təşkil edir. 5.Əldən çıxmış faydanın əvəzi kimi 4.520 manat tutulması barədə tələb iddia ərizəsində onunla əsaslandırılıb ki, iddiaçı avtomobilin icarəsindən hər gün 20 manat pul qazanırdı, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək olan 226 gün ərzində iddiaçı bu qazancdan məhrum olub. 226 günə görə ümumi məbləğ 4.520 manat (226 gün x 20 manat) təşkil edir. 6.Yol hərəkəti qaydalarının pozulmasına görə hesablanmış cərimənin əvəzi kimi 1.198 manat tutulması barədə tələb iddia ərizəsində onunla əsaslandırılıb ki, cavabdeh avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub, buna görə 1.198 manat cərimə tətbiq edilib, lakin cəriməni ödəməyib. 7.Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə qət olunub ki, maddi zərərin əvəzi kimi 5.525 manat, əldən çıxmış faydanın əvəzi kimi 4.520 manat, yol hərəkəti qaydalarının pozulmasına görə hesablanmış cərimənin əvəzi kimi 1.198 manat, cəmi 11.243 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 123,73 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd edilsin. 9.Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 10.Iddiaçı İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin mövqeyi 11.Apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissəyə münasibətdə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. Avtomobilin bərpası üçün çəkilməli olan xərc barədə 12.Qətnamə 5.525 manat tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 13.Müəyyən olunur ki, qəzaya uğramış avtomobilin bərpası üçün 5.525 manat xərc çəkilməlidir. Bu, iddiaçının məhkəməyə təqdim etdiyi, avtomobillərin təmiri ilə məşğul olan şəxslərin avtomobilə baxış keçirməsi nəticəsində tərtib etdiyi aktla (iş v. 8) və məhkəmə qanuni qüvvəyə minmiş hökmü ilə (iş v. 42) təsdiq olunur. Hökmdən görünür ki, avtomobli qaçırmış şəxsin (təqsirləndirilən şəxs Vüqar Cəlilovun) qəza törətməsi nəticəsində mülkiyyətçiyə (zərər çəkmiş şəxs İddiaçı) xeyli miqdarda, yəni 5.525 manat məbləğində zərər vurulub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması hissəsində məcburidir. Hökm Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsinə əsasən qəbul edilib, həmin maddədə isə xeyli miqdarda ziyan vurulması tövsifedici əlamət kimi nəzərdə tutulub. “Xeyli miqdar” deyildikdə 5.000 manatdan yuxarı, lakin 50.000 manatdan artıq olmayan məbləğ başa düşülür. Odur ki, MPM-in 82.4-cü maddəsinin tələbi baxımından “hadisə” anlayışı xeyli miqdarda zərərvurmanı da əhatə edir, yəni hökm mülkiyyətçiyə xeyli miqdarda (5.000 manatdan yuxarı) zərər vurulmasına münasibətdə hazırkı mülki işə baxan məhkəmə üçün məcburidir. 14.Iddiaçı İddiaçı 5.525 manatı öz seçiminə əsasən cavabdeh Cavabdeh (icarəçidən) və ya Vüqar Cəlilovdan (qəzanı törətmiş şəxsdən) tələb edə bilər. Iddiaçı hüququndan istifadə edərək zərəri cavabdehdən tələb edib. Cavabdeh Cavabdeh başqa şəxsin – Vüqar Cəlilovun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə bunu aşağıda qeyd olunanlarla əsaslandırır. 15.Məhkəmə ilk öncə qeyd edir ki, bu münasibətə Mülki Məcəllənin 1108-ci maddəsi tətbiq edilə bilməz. Həmin maddə yüksək təhlükə mənbəyinin başqalarının əmlakına və ya sağlamlığına vurduğu zərərə aiddir. Hazırkı işdə yüksək təhlükə mənbəyinin (avtomobilin) özünün zədələnməsi nətisəsində onun mülkiyyətçisinə vurulmuş zərərin əvəzinin ödənilməsi tələb olunur. Bu münasibətə qanunun analogiyası qaydasında Mülki Məcəllənin 780.2-ci maddəsi tətbiq olunmalıdır. Həmin maddədə qeyd olunub: “Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır”. Cavabdehin adına etibarnamə o məqsədlə verilib ki, avtomobildən taksi kimi istifadə etsin və hər gün 20 manat icarə haqqı ödəsin. Cavabdeh avtomobili idarə edərkən buna ixtiyarı çatmadan başqa şəxsin - Vüqar Cəlilovun avtomobildən istifadə etməsinə şərait yaradıb. “Yol hərəkəti haqqında” Qanunun 52ci maddəsinin 9-cu hissəsində qeyd olunub: “Nəqliyyat vasitəsinin öz-özünə hərəkətini və ya sürücü olmadıqda ondan istifadəni istisna edən zəruri tədbirləri gördükdən sonra sürücü öz yerini tərk edə və ya nəqliyyat vasitəsini qoyub gedə bilər”. Cavabdeh bu normanın tələbini pozub. Hökmdən görünür ki, cavabdeh ona etibar edilmiş avtomobili sürücü qismində idarə edərkən yolda təqsirləndirilən şəxs Vüqar Cəlilov cavabdehin razılığı ilə sərnişin qismində avtomobilə əyləşmiş, cavabdeh avtomobili özünün yaşadığı evin yaxınlığında mühərriki söndürmədən saxlamış, aldığı ərzaq məhsullarını evə qoyub qısa zaman ərzində qayıdacağını təqsirləndirilən şəxsə bildirərək avtomobili tərk etmiş, təqsirləndirilən şəxs isə avtomobilin mühərrikinin işlək vəziyyətdə qalmasından istifadə edərək sürücülük vəsiqəsi olmadan, eyni zamanda cavabdehin razılığı olmadan sükan arxasına keçərək avtomobili sürüb aparmış, daha sonra isə qəza törətmişdir. Ona görə də cavabdeh Cavabdeh qəza törətmiş şəxs Vüqar Cəlilovun hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşıyır. 16.Bununla yanaşı qeyd olunmalıdır ki, bu, təsadüfi baş verən hadisə deyil, cavabdeh əvvəllər də avtomobili idarə etmək üçün Vüqar Cəlilova verib. Belə ki, hökmdən görünür ki, cavabdeh cinayət işi üzrə şahid qismində ifadə verərkən bildirib ki, Vüqar Cəlilov onun tanışıdır, arada Vüqar Cəlilov ondan avtomobili sürmək üçün istəmiş, o da özünün iştirakı ilə kənd yollarında avtomobili sürmək üçün Vüqar Cəlilova vermişdir. 17.Cavabdeh həmin pulu iddiaçıya ödədikdən sonra qəzanı törətmiş şəxsə – Vüqar Cəlilova qarşı reqres qaydasında tələb irəli sürə bilər. Belə ki, Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Əldən çıxmış fayda barədə 18.Qətnamə 4.520 manat tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 19.Müəyyən olunur ki, iddiaçıya əldən çıxmış fayda formasında 4.520 manat məbləğində zərər dəyib. Belə ki, avtomobil günlük 20 manat icarə haqqı ödənilməklə cavadehin icarəsində olub. Bunu cavabdehin özü də etiraf edib. Hökmdən görünür ki, cavabdeh cinayət işi üzrə şahid qismində ifadə verərkən bildirib ki, avtomobili günlük 20 manat icarə haqqı ödəməklə icarəyə götürüb (iş v. 43). Avtomobil ##.##.2025-ci il tarixdə qəzaya uğrayaraq istifadəyə yararsız vəziyyətə düşüb, bundan sonra icarə haqqı ödənilməyib. Iddia ərizəsi ##.##.2025-ci il tarixdə verilib, ##.##.2025-ci il tarixdən (qəzanın baş verdiyi tarixdən) ##.##.2025-ci il tarixədək (iddia verilən ərəfəyədək) olan 226 günə görə əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələb olunub. 226 günə görə ümumi məbləğ 4.520 manat (226 gün x 20 manat) təşkil edir. Məhkəmə Mülki Məcəllənin 21.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi 4.520 manatın cavabdehdən iddaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Bu tələb üzrə cavabdehin məsuliyyətinin yaranmasının hüquqi əsası yuxarıda qeyd olunmuş hüquqi əsasla eynidir. Odur ki, cavabdeh həmin pulu iddiaçıya ödədikdən sonra qəzanı törətmiş şəxsə – Vüqar Cəlilova qarşı reqres qaydasında tələb irəli sürə bilər. Cərimə barədə 20.Qətnamə 1.198 manat tutulmasına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. 21.Müəyyən olunur ki, avtomobilin idarə edilməsi zamanı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə cavabdehə inzibati cərimələr tətbiq edilib. Inzibati cərimələrin və onların vaxtında ödənilməməsinə görə hesablanan dəbbə pulunun ümumi məbləği 1.198 manat təşkil edir. Bu məbləği cavabdeh ödəməlidir, çünki cərimə tətbiqi barədə qərarlarda cərimə olunan şəxs kimi cavabdehin adı göstərilib, cavabdeh qərarları mübahisələndirməyib və qərarlar qanuni qüvvəyə minib. Cərimənin ödənilməsi üçün müəyyənləşdirilmiş müddət keçdiyinə, lakin cavabdeh cəriməni ödəmədiyinə görə iddiaçı cərimənin özü tərəfindən ödənilməsi məqsədilə həmin pulu cavabdehdən tələb etmək hüququna malikdir. Bu hüquq inzibati cərimənin ödənilməsi qaydalarını müəyyən edən maddə ilə mülkiyyət hüququnun müdafiəsinə təminat verən maddələrin müqayisəli (sistematik) təfsirindən irəli gəlir. 22.Belə ki, iddiaçı avtomobilin mülkiyyətçisidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ həm də əmlakdan istifadə imkanını nəzərdə tutur. Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına münasibətdə qeyd olunub: “Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır”. Göründüyü kimi, cərimə 2 ay müddətində ödənilmədikdə avtomobil üzərində mülkiyyət hüququna məhdudiyyət tətbiq edilə bilər və bu məhdudiyyət yalnız müvafiq ödənişlər həyata keçirildikdən sonra aradan qaldırıla bilər. Odur ki, mülkiyyətçinin ixtiyarı var ki, inzibati cərimə tətbiq edilməsi barədə qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay keçdikdən sonra həmin məhdudiyyətdən qorunmaq üçün müvafiq məbləğdə pulun cərimələnmiş şəxsdən özünün xeyrinə tutulmasını tələb etsin və bu pulun hesanına cəriməni və digər ödənişləri ödəsin. Mülkiyyətçidən tələb oluna bilməz ki, müvafiq məbləğdə pulu əvvəlcə dövlət nəfinə ödəsin, daha sonra reqres qaydada cərimələnmiş şəxsə qarşı tələb irəli sürsün. Bunun iki səbəbi var. Birinci, öz hesabına başqa şəxsin əvəzinə cərimə ödəmək mülkiyyətçinin vəzifəsi deyil. Ikinci, cərimənin və dəbbə pulunun məbləği elə həddə ola bilər ki, onu ödəmək mülkiyyətçinin maddi imkanları xaricində olar və onu ağır maliyyə yükü altına qoyar. Ona görə də 2 ay keçdikdən sonra mülkiyyətçi müvafiq məbləğin əvvəlcədən ona ödənilməsini cərimələnmiş şəxsdən tələb edə bilər. Əgər qətnamə qəbul edildikdən sonra cərimələnmiş şəxs cəriməni və dəbbə pulunu dövlət nəfinə ödəyərsə, mülkiyyətçinin bu qətnaməyə əsasən ondan həmin məbləği tələb etmək hüququ aradan qalxacaq. 23.Beləliklə, iddianın təmin edilməsinə aid hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Iddianın rədd edilməsinə aid hisədə qətnamə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 24.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2799/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2799/2026
24.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver