Məhkəmə qərarları › İş №e-2(3-6)-2897/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2897/2026

31.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2897/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Pərvin Əhmədovun, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı “xxxx” BOKT ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Iddiaçı (borc verən) ilə cavabdehin (borc alanın) arasında bağlanmış ##.##.2025ci il tarixli PKSTN-**** nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 4.200 manat kredit verib. Kredit 24 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 50 faiz müəyyən edilib. 2.Iddiaçı (ipoteka saxlayan) ilə cavabdehin (ipoteka qoyanın) arasında bağlanmış ##.##.2025-ci il tarixli PKSTN-**** nömrəli ipoteka müqaviləsinə əsasən, cavabdehin həmin kredit müqaviləsindən əmələ öhdəliyinin icrasının təminatı üsulu kimi “Chevrolet Cruze” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilib. 3.Iddiaçının verdiyi maliyyə arayışına görə, kredit müqaviləsi üzrə ##.##.2026-cı il tarixə ödənilməmiş əsas borcun məbləği 3.753 manat, faiz borcunun məbləği 670 manat, cərimənin məbləği 512 manat təşkil edir. Məhkəmə icraatı 4.Iddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 3.753 manat, faiz borcu kimi 670 manat, cərimə kimi 512 manat, cəmi 4.935 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 69,35 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, tutma ipoteka predmeti olan “Chevrolet Cruze” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, avtomobil hərracda satılsın, satışdan əldə olunan pul hesabına borc ödənilsin, satışdan əldə edilən pul borcun ödənilməsinə kifayət etmədikdə qalan borc cavabdehdən tutulsun. 5.Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, əsas borc kimi 3.753 manat, faiz borcu kimi 670 manat, cərimə kimi 100 manat, cəmi 4.523 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 65,23 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən – faiz borcunun və cərimənin tutulmasına aid hissədə ləğv edilsin. Apellyasiya şikayəti yalnız onunla əsaslandırılıb ki, kredit yüksək faizlə - 50 faizlə verilib. 7.Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh bildirdi ki, apellyasiya şikayəti əsaslıdır, ona görə də təmin olunmalıdır. 8.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Pərvin Əhmədov bildirdi ki, banklar cavabdehə kredit verməkdən imtina etdiklərinə görə cavabdeh kredit almaq üçün iddiaçıya müraciət edib, cavabdeh kreditin 50 faizlə verilməsinə könüllü şəkildə razılaşıb, heç kəs onu 50 faizlə kredit almağa məcbur etməyib, ona görə də qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin mövqeyi 9.Apellyasiya şikayətində qətnamənin bir hissəsi - faiz borcu kimi 670 manat, cərimə kimi 100 manat tutulmasına aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 10.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Kreditdən istifadəyə görə illik faiz dərəcəsinin 50 faiz müəyyən edilməsi barədə şərti tərəflər azad surətdə müəyyənləşdiriblər. Cavabdehin 50 faizlə kredit almağa məcbur edildiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməyib. Odur ki, faiz dərəcəsinin 50 faiz müəyyən edilməsi cavabdehi faiz borcunu və cəriməni ödəmək öhdəliyindən azad edilməsi üçün əsas deyil. Müəyyən olunur ki, faiz borcunun və cərimənin məbləği müqavilənin şərtlərinə uyğun hesablanıb. Ona görə də məhkəmə Mülki Məcəllənin 425-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi faiz borcu kimi 670 manat, cərimə kimi 100 manat tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar