Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2900/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər İsmayılova Fidan Ceyhun qızı, İsmayılov Ceyhun Nürəddin oğlu və İsmayılova Kəmalə Nəriman qızına qarşı “pul tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qətnamədən cavabdeh İsmayılova Kəmalə Nəriman qızının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı İddiaçı vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, (17.169 + 860=) 18.029 manat, mənəvi zərərə görə 3.641 manat, hüquqi yardım üçün vəkilə ödənilmiş 350 manat, dövlət rüsumunun əvəzi olaraq 156 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh Kəmalə İsmayılovanın özü və ailə üzvləri ilə işgüzar mühitlə bağlı tanış olmuşdur. Cavabdehlər tərəfindən ondan 52.000 manatlıq qızıl məhsulu alınmışdır. Cavabdehlər qızıl məhsullarını satıb öz xeyirlərini götürmək şərti ilə qabaqcadan razılaşdırılmış pulu – 52.000 manat ona qaytarmalı idilər. Cavabdehlər məbləğin bir hissəsi qaytarmış, qalan 17.169 manatı qaytarmamışlar. Bundan başqa bu borcun qaytarılması üçün alınan 2.000 manat “lotereya” pulundan da 860 manat qaytarılmamışlar. Cavabdehlər qaytardıqları pulları ancaq bank kartından karta köçürmüşlər. Pulun qaytarılmamasında cavabdehlərin hər biri məsuliyyət daşıyır. Cavabdeh Kəmalə İsmayılova Tibb Universitetində laborant işləyir. Qızılları orada satacağını bildirmiş, əsasən qızıl məhsullarını ona təhvil vermişdir. Ondan qızıl məhsullarını digər cavabdehlər də müxtəlif vaxtlarda götürmüşlər. Qızılın keyfiyyətini də hər zaman bəyəniblər. Qızılın keyfiyyətini yoxladıqlarını, onun keyfiyyətindən və təmizliyindən razı qaldıqlarını bildirmişlər. Bu barədə müvafiq səs yazıları da var. Cavabdeh Fidan İsmayılova qızıl məhsullarının pulunun qaytarılacağında onu və həyat yoldaşını dəfələrlə inandırmışdır. Fidan həmçinin qızılın qəbulunda da iştirak etmişdir. Həmçinin, məhz Fidanın yeni işə düzəlməsi ilə bağlı da ondan böyük məbləğin əvəzi olaraq qızıl götürülmüşdür. Fidan da öz növbəsində pulun qaytarılacağına dəfələrlə öz adından zəmanət vermişdir. Onda cavabdehə qarşı əminlik hissi yaranmışdır. Cavabdeh Ceyhun İsmayılov qızılın alınmasında müxtəlif vaxtlarda iştirak etmişdir. Qızılın alışında ilkin ödənişləri əksər vaxtlarda Ceyhun vermişdir. Bundan başqa, o, məbləğin qaytarılacağına da iddiaçıya söz vermişdir. Ceyhun borcun qaytarılmasında yubanmalara görə aldıqları “lotereya pulunun” da geri qaytarılmasında iştirak etmişdir. Ceyhunun və Kəmalənin bu barədə səs yazıları mövcuddur. Qızıl məhsuluna görə sonuncu borc ödənişi 2024-cü ilin sonlarında olmuşdur. Bundan başqa ödənişin olmaması səbəbindən “lotereya” oyununda cavabdehlər iştirak etmişlər. Lotereya oyununun oynanılacağını onun internet statusundan görmüş, xahiş etmişlər ki, iştirak etsinlər və borcun qaytarılmasında onlara köməklik etsin. 2.000 manatlıq lotereya pulu götürmüşlər, həmin pulun da bir hissəsini qaytarmışlar. Amma lotereya pulundan 860 manat borcları qalmışdır. Pulun qaytarılmasına vəd verdikləri zaman evlərinin satışa çıxardıqlarını bildirmişlər. Evlərinin satılmasına onlara makler ilə də köməklik etmişdir. Lakin müştəri tapıldığı an evin satışdan çıxarıldığını bildirmişlər. Bundan bir qədər sonra evlərini onlardan xəbərsiz satmışlar. Lakin borc pulunu qaytarmamışlar. Borcun qaytarılması üçün dəfələrlə onların yaşadıqları ünvana getmiş, həmin pulun alınmasına cəhdlər etmişdir. Borcun olması barədə hər bir cavabdehin səs yazısı vardır. Sonuncu dəfə Ceyhun tərəfindən ##.##.2025-ci il tarixdə - 500 manat ödəniş olmuşdur. O da bildirmişdir ki, bu lotereyadan olan borcun bir hissəsidir. Halbuki cavabdehlərə satış üçün verilən qızıl məhsullarını da o kimlərdənsə alıb və onların dəyərini həmin şəxslərə qaytarmalıdır. Pulun qaytarılmaması ilə bağlı onları da narahat edir və haqlı tələblərini irəli sürürlər. Cavabdehlərə qarşı atdığı addımlarını izləyirlər. Cavabdehlərin bu hərəkətləri iddiaçının səhhətinə də mənfi təsirsiz ötüşməmişdir. Cavabdehlər ondan aldığı pul vəsaiti hesabına əsassız varlanmışlar. b) cavabdeh tərəfin iddia tələbinə münasibəti barədə məlumat
3. Cavabdeh Kəmalə İsmayılova Rayon Məhkəməsinə verdiyi yazılı etirazı onunla əsaslandırmışdır ki, o, qızıl alverçisi olan iddiaçıdan müxtəlif vaxtlarda qızıl əşyalar almış və böyük faizlə satılan həmin qızıl əşyalara görə iddiaçıya tam ödəniş etmişdir. Lakin iddiaçıdan nə onun qızı, nə də ki, keçmiş həyat yoldaşı qızıl almamış və iddiaçı qarşısında onların heç bir öhdəlikləri də olmamış və hazırda da yoxdur. İddiaçının guya 52.000 manatlıq qızıl məhsulu satması tam yalandır, iddiaçı başqasının hesabına varlanmaq niyyətindədir.
4. Cavabdeh Ceyhun İsmayılov Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, 1 dəfə Hövsana getdikdə arvadı – cavabdeh Kəmalə İsmayılova ona içində qızıl olan 1 paket vermişdir ki, paketi iddiaçıya versin. Onun qızıl alış-verişi barədə məlumatı olmamışdır. Onun və qızının heç kimə borcu yoxdur. İddiaçı ilə Kəmalənin qızıl-zinət əşyalarını kimə satması, pulları isə hara xərcləməsi barədə də məlumatı yoxdur. Lotereya pulu isə 1.860 manat olmuşdur. Pulu keçmiş arvadı olan Kəmalə götürsə də, 1.000 manatını o ödəmiş, qalan məbləği də ödəmək istəyirdi, lakin iddiaçı onun barəsində əsassız şikayət etdiyi üçün münasibətləri pozulmuş, ödənişi davam etməmişdir. Həmçinin bildirir ki, keçmiş arvadının iddiaçıya 17.000 manat borclu olmuş, lakin həmin borc ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş edir.
5. İş üzrə digər cavabdeh olan Fidan İsmayılova iddia tələbinə dair mülahizələrini nə yazılı, nə də ki, şifahi qaydada Rayon Məhkəməsinə bildirməmişdir. c) birinci instansiya icraatı zamanı tərəflərin verdikləri izahat barədə məlumat
6. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh Ceyhun İsmayılov Rayon Məhkəməsinə iddia tələbinə qarşı verdiyi etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
8. Cavabdeh Kəmalə İsmayılova və cavabdeh Fidan İsmayılova məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, iclaslarda iştirak etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişlər. Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
9. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Kəmalə İsmayılovadan 17.169 manat pul və ödənilmiş 156 manat dövlət rüsumunun bir hissəsinin – 127 manatın tutularaq iddiaçıya ödənilməsini, cavabdehlər Ceyhun İsmayılov və Kəmalə İsmayılovadan 860 manat məbləğində pulun və vəkilin göstərdiyi hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi olaraq 350 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsini, iddia tələbinin qalan hissəsinin təmin edilməməsini qət etmişdir.
10. Rayon Məhkəməsi bu kimi mövqeyini onunla əsaslandırmışdır ki, “satıcı” olan iddiaçı ilə “alıcı” olan cavabdeh Kəmalə İsmayılova arasında qızıl-zinət əşyalarının nisyə alğı-satqısı ilə bağlı şifahi qaydada müqavilələr bağlanmış və onların arasında yaranmış borc münasibəti də məhz həmin müqavilələrdən qaynaqlanır. Cavabdeh Kəmalə İsmayılova iddiaçıdan aldığı malın dəyərini tam həcmdə deyil, kəsirlə ödəmiş, nəticədə onun iddiaçıya 17.169 manat məbləğində borcu yaranmışdır. Rayon Məhkəməsi 17.169 manat məbləğində qalıq borcun mövcudluğunu müəyyən edərkən iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş CD diskdəki səs yazısına da istinad etmişdir. Həmin səs yazısının dinlənilməsi zamanı Rayon Məhkəməsi müəyyən etmişdir ki, həmin səs yazısında əks olunan danışıqda Kəmalə İsmayılova iddiaçıya olan borcun bir hissəsini qaytardığını və iddiaçıya təxminən 18.000 manat məbləğində borcunun olmasını bildirmişdir ki, bu da iddiaçının ödənilməsini tələb etdiyi 17.169 manat məbləğində borcun məbləği ilə uyğunlaşır. Lakin qızıl-zinət əşyalarının alğı-satqısından əmələ gəlmiş borcun ödənilməsi ilə bağlı tələbin digər cavabdehlərə - Ceyhun İsmayılova və Fidan İsmayılovaya aid hissəsi sübuta yetmir. Buna görə də Rayon Məhkəməsi hesab etmişdir ki, bu tələb yalnız cavabdeh Kəmalə İsmayılova aid hissədə təmin edilməlidir. “Lotereya pulu” olan 860 manat məbləğində pulun tutulması barədə tələblə bağlı isə Rayon Məhkəməsi tərəflərin izahatlarını və CD diskdəki əks olunan səs yazılarını qiymətləndirərək, müəyyən etmişdir ki, bu tələb cavabdeh Fidan İsmayılovaya aid hissədə sübuta yetməsə də, cavabdehlər Kəmalə İsmayılova və Ceyhun İsmayılova aid hissədə sübuta yetir. Belə ki, Ceyhun İsmayılov, həmin səs yazısında əks olunan danışıqda “Lotereya pulu” ilə bağlı onlar ilə iddiaçı arasında münasibətin mövcudluğunu və həmin münasibətlərdən yaranmış 2.000 manat məbləğində borc məbləğindən təxminən 1.000 manat civarında olan məbləğin iddiaçıya ödədinildiyini bildirmişdir ki, bu da iddiaçının ödənilməsini tələb etdiyi 860 manat məbləğində borcun məbləği ilə uyğunlaşır. e) apellyasiya şikayəti barədə məlumat
11. Cavabdeh Kəmalə İsmayılova həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, ləğv edilməsini və iddianın tam həcmdə rədd olunmasını xahiş etmişdir.
12. İddiaya qarşı verilmiş etirazın məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, onun iddiaçıya hər hansı məbləğdə borcu qalmamışdır. İddiaçı, borcun bir hissəsinin ödənilməmiş qalmasını sübuta yetirə bilməmişdir. Lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
13. Apellyasiya baxışı iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər, o cümlədən apellyator, iclaslara gəlməmiş və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edə biləcək sübutları Məhkəməyə təqdim etməmişlər. Odur ki, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə almış Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
14. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia tələbi, habelə Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdi. g) apellyasiya baxışının hədləri barədə məlumat
15. Hazırkı apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə qeyd edir ki, içə baxmış Rayon Məhkəməsi iddianı qismən təmin etsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş və iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
16. Cavabdehlər Ceyhun İsmayılov və Fidan İsmayılova qətnaməni ümumiyyətlə mübahisələndirməmişər.
17. Cavabdeh Kəmalə İsmayılovanın isə qətnamədən verdiyi apellyasiya şikayətinin məzmunundan görünür ki, o, qətnamənin iddianın bir qisminin təmin edilməməsi hissəsini mübahisələndirmir. O, qətnamənin iddianın bir qisminin təmin edilməsi hissəsini mübahisələndirir.
18. Odur ki, qeyd edilənləri və MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə almış Məhkəmə iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin yalnız mübahisələndirilən hissəsinin əsaslığını yoxlamışdır. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
19. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissəsinin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı qeyd edilməlidir ki, işin mübahisəsiz halı kimi müəyyən edilir ki, qızıl-zinət əşyalarının nisyə alğı-satqısı ilə bağlı müqavilələr şifahi qaydada “satıcı” olan iddiaçı ilə “alıcı” qismində iştirak etmiş yalnız cavabdeh Kəmalə İsmayılova arasında bağlanmışdır. İddiaçı bildirir ki, Kəmalə İsmayılova ondan aldığı qızıl-zinət əşyalarının dəyərini iddiaçıya tam həcmdə deyil, kəsirlə ödəmişdir. Cavabdeh Kəmalə İsmayılova isə bildirir ki, onun iddiaçıya bu kimi borcu olsa da, o, həmin borcu son nəticədə tam ödəmiş və hazırda iddiaçıya borcu yoxdur.
21. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. İddiaçı ilə cavabdeh Kəmalə İsmayılovanın məhkəmələrə verdikləri məlumatlar nəzərə alındıqda müəyyən edilir ki, yuxarıda qeyd edilən borc olub. Belə olan halda iş üzrə iddiaçı bu halı sübuta yetirmək vəzifəsindən azaddır. Çünki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir (maddə 106.3.). Belə olan halda cavabdeh Kəmalə İsmayılova sübut etməlidir ki, o, iddiaçıya olan həmin borcu ödəmişdir. Lakin işin hallarından görünür ki, Kəmalə İsmayılova bu halı sübuta yetirə bilmir. “Ödəniş terminalları” vasitəsi ilə edilmiş ödənişləri təsdiq edən “ödəniş qəbzləri” Kəmalə İsmayılova tərəfindən Məhkəməyə təqdim edilsə də, Məhkəmə həmin qəbzləri Kəmalə İsmayılovanın mövqeyini təsdiq edə biləcək sübut kimi qiymətləndirə bilmir. Çünki həmin qəbzlər də göstərilmiş məbləğlərin borcun məhz qalıq hissəsi ilə bağlı edilmiş ödənişlər olmasını təsdiq edən məlumat qəbzlərdə əks olunmamışdır.
23. Digər tərəfdən isə qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş CD diskdə əks olunan və Rayon Məhkəməsi tərəfindən dinlənilmiş səs yazısındakı danışıqda Kəmalə İsmayılova iddiaçıya olan borcun bir hissəsini qaytardığını və iddiaçıya təxminən 18.000 manat məbləğində borcunun olmasını bildirmişdir ki, bu da iddiaçının ödənilməsini tələb etdiyi 17.169 manat məbləğində borcun məbləği ilə uyğunlaşır. Lakin qızıl-zinət əşyalarının alğı-satqısından əmələ gəlmiş borcun ödənilməsi ilə bağlı tələbin digər cavabdehlərə hissəsi sübuta yetmir.
24. Buna görə Məhkəmənin mövqeyi ondan ibarətdir ki, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, bu tələb yalnız cavabdeh Kəmalə İsmayılova aid hissədə təmin edilməli, 17.169 manat ondan tutularaq iddiaçıya ödənilməlidir. Rayon Məhkəməsinin bu kimi mövqeyi Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə uyğundur. Çünki Mülki Məcəllənin tələblərinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).
25. “Lotereya pulu” olan 860 manat məbləğində pulun tutulması barədə tələbin cavabdeh Kəmalə İsmayılova və cavabdeh Ceyhun İsmayılova aid hissədə təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin əsaslılığı ilə bağlı Məhkəmə qeyd edir ki, bu məsələ ilə bağlı iddiaçı ilə Kəmalə İsmayılova və Ceyhun İsmayılov arasında hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halını təşkil edir.
26. İddiaçı bildirir ki, cavabdehlər ondan 2.000 manatlıq lotereya pulu götürmüş, pulun bir hissəsini qaytarmış, amma 860 manat məbləğində borcu qaytarmamışlar.
27. Kəmalə İsmayılova həmin borcun da tam qaytarıldığını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir.
28. Bununla yanaşı nəzərə alınmalıdır ki, iş materiallarına əlavə edilmiş CD diskdə əks olunan və Rayon Məhkəməsi tərəfindən dinlənilmiş səs yazısındakı danışıqda cavabdeh Ceyhun İsmayılov “Lotereya pulu” ilə bağlı onlar ilə iddiaçı arasında münasibətin mövcudluğunu və həmin münasibətlərdən yaranmış 2.000 manat məbləğində borc məbləğindən təxminən 1.000 manat civarında olan məbləğin iddiaçıya ödədinildiyini bildirmişdir.
29. Göründüyü kimi, sübuta yetir ki, iddiaçının əsaslılığı müzakirə edilən bu tələbi də Ceyhun İsmayılova və Kəmalə İsmayılovaya aid hissədə sübuta yetir. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, bu tələb cavabdeh Kəmalə İsmayılova və Ceyhun İsmayılova aid hissədə təmin edilməli və onlardan iddiaçının xeyrinə 860 manat tutularaq iddiaçıya ödənilməlidir. Rayon Məhkəməsinin bu kimi mövqeyi Mülki Məcəllənin yuxarıda qeyd edilmiş 425.1, 442, 448.1, 448.2-ci maddələrinin və Mülki Məcəllənin aşağıda qeyd edilən 739.1-ci maddəsinin tələbinə uyğundur. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinin tələbinə görə, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. i) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
30. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən olan nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdeh apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən onun özünə aid edilməlidir.
33. Məhkəmə həmçinin bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirlmədən saxlanıldığından, qətnamədən apellyasiya şikayəti verməmiş şəxslər – iddiaçı İddiaçı, cavabdeh Ceyhun İsmayılov və cavabdeh Fidan İsmayılova hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər. Apellyator – cavabdeh Kəmalə İsmayılova isə hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
34. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh İsmayılova Kəmalə Nəriman qızının apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ##### 2026-cı il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh İsmayılova Kəmalə Nəriman qızı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPMə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə digər şəxslər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.