Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2901/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh “X1” ASCyə qarşı müqavilənin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq verilmədiyindən geri qaytarılmışdır. Iddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh tərəfin ona qarşı etdiyi qanunsuz hədə-qorxu və psixoloji təzyiq faktları Xətai Rayon Polis Idarəsində qeydiyyata alınmış və müvafiq materiallar hazırda bu idarənin icraatındadır. Mülki Prosessual Məcəllənin müvafiq maddələrinə əsasən, hüquq pozuntusunun baş verdiyi və araşdırıldığı yer Xətai rayonu olduğu üçün, işin məhz Xətai Rayon Məhkəməsində baxılması prosessual qanunvericiliyə tam uyğundur. Rayon məhkəməsinin eyni saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsində təsbit olunmuşdur ki, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Mülki iş materiallarından məlum olur ki, iddiaçı ilə cavabdeh bank arasındakı münasibətlər istehlak xarakterli (bank kartından istifadə) olmaqla, iddiaçının hazırkı tələbi istehlakçı hüquqlarının müdafiəsi ilə bağlıdır. MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırkı iş materiallarına əlavə edilmiş “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən çıxarışdan görünür ki, cavabdeh “X1” ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 55, məhəllə 384-dür. Həmçinin “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən çıxarışdan görünür ki, iddiaçının qeydiyyat ünvanı Bakı şəhəri, Xətai rayonu, Tusi küçəsi, ev 47, mənzil 55-dir. Məhkəmə qeyd edir ki, iddia ərizəsindən müəyyən olduğu kimi hazırkı mübahisə istehlakçı hüquqlarının pozulması ilə bağlıdır. MPM-in 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Həmin maddənin 13-cü bəndində isə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququnun iddiaçıya aid olduğu qeyd edilmişdir. Iddiaçı hazırkı iddia ərizəsini öz yaşadığı yerə görə aidiyyəti üzrə məhkəməyə vermişdir. Belə olan halda Məhkəmə hesab edir ki, rayon məhkəməsi iddia ərizəsinin ərazi aidiyyəti qaydalarına uyğun verilməməsi barədə səhv nəticəyə gəlmiş, iddia ərizəsini geri qaytarmışdır. Odur ki, iddiaçının şikayəti təmin edilməli, qərardad ləğv edilməli, sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilən şikayət təmin edilsin. Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin, mülki işin icraata qəbulunun mümkünlüyünün tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2901/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2901/2026
14.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver