Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2909/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Mübahisə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 85-də yerləşən ** nömrəli mənzillə bağlıdır (bundan sonra – mənzil). 2.Mənzil Bəyim Xanım Məlikovanın mülkiyyətindədir. Cavabdeh (satıcının nümayəndəsi) mülkiyyətçinin (satıcının) adından etibarnamə əsasında çıxış edərək mənzilə dair iddiaçı (alıcı) ilə notariat qaydasında ##.##.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlayıb. Müqavilədə mənzilin qiyməti 60.000 manat göstərilib. 3.Bundan əvvəl məhkəmənin icraatında mənzilə dair mübahisə üzrə mülki iş olub. Hazırkı işin tərəfləri də həmin mülki işdə iştirak edib. Iş üzrə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə yuxarda qeyd olunan alqı-satqı müqaviləsi etibarsız hesab edilib (iş v. 18). Etibarsızlıq onunla əsaslandırılıb ki, müqavilə mülkiyyətçinin iradə ifadəsi və məlumatı olmadan bağlanıb (iş v. 19). Bununla yanaşı, həmin işə baxılan zaman müəyyən olunub ki, cavabdehin mənzili iddiaçının xeyrinə borc müqabilində girov qoymaq niyyəti olmuş, tərəflər arasında alqı-satqı müqaviləsi bu məqsədlə bağlanmışdır (iş v. 22). 4.Bundan başqa, həmin mülki işə baxılarkən cavabdehin məhkəməyə verdiyi məlumatlara görə, cavabdeh iddiaçıdan faizlə 40.000 manat borc pul istəmişdir. Iddiaçı isə pulu vermək üçün təminat istəmiş, cavabdeh təminat kimi mənzili təklif etmiş, iddiaçı bununla razılaşaraq mənzili girov qoymaq üçün notariat qaydasında müqavilə bağlanmalı olduğunu bildirmiş, bu məqsədlə həmin alqı-satqı müqaviləsi bağlanmışdır. Bankda iddiaçı öz hesabından 60.000 manat pul çıxardaraq notariusun hesabına köçürmüş, növbəti gün onlar birlikdə banka getmiş, cavabdeh bankdan 60.000 manat pulu götürmüş, iddiaçı həmin puldan 34.000 manatı cavabdehə vermiş, qalan pulu isə yenidən bankda öz hesabına qoymuşdur. Iddiaçı 34.000 manat pulu cavabdehə faizlə verdiyinə görə, cavabdeh il yarım iddiaçıya faiz ödəmiş, lakin sonradan faizi ödəyə bilməmişdir (iş v. 12) . Məhkəmə icraatı 5.Iddia ərizəsində tələb olunub ki, 62.800 manat məbləğində pul, habelə həmin pul vəsaitinin qanunsuz olaraq saxlanıldığı ##.##.2019-cu il tarixdən 2025-ci ilin iyun ayınadək olan 6 illik dövrə görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 18.840 manat məbləğində kompensasiya cavabdehdən alınaraq iddiaçıya verilsin. 6.Iddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı (alıcı) ilə mənzilin mülkiyyətçisi (satıcı) Bəyim Xanım Məlikovanın arasında mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı mənzilin dəyəri kimi satıcıya verilməsi üçün notariusun depozit hesabına 60.000 manat pul köçürmüş, bundan əlavə 2.800 manat nağd pul vermişdir. Alqı-satqı müqaviləsi bağlanan zaman satıcının adından etibarnamə əsasında nümayəndə kimi cavabdeh çıxış etmişdir. Lakin sonradan alqı-satqı müqaviləsi məhkəmənin qətnaməsi ilə etibarsız hesab edilmiş, mənzil satıcının mülkiyyətinə qaytarılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh mənzilə görə notariusun depozit hesabı vasitəsilə iddiaçının ödədiyi 60.000 manat pulu hesabdan çıxardıqdan sonra satıcıya (mənzilin mülkiyyətçisinə) verməmiş, eləcə də alqısatqı müqaviləsini etibarnamədən sui-istifadə edərək mülkiyyətçinin iradəsinə zidd bağlamışdır. Iddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə istinad edib. 7.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia rədd edilsin. 8.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. 9.Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 10.Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin mövqeyi 11.Tərəflərin arasında pulun borc verilməsinə dair münasibət olub. Belə ki, yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən olunub ki, cavabdehin mənzili iddiaçının xeyrinə borc müqabilində girov qoymaq niyyəti olmuş, tərəflər arasında alqı-satqı müqaviləsi bu məqsədlə bağlanmışdır (iş v. 22). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Ona görə də iddiaçı pulun borc verilməsi faktına əsaslanaraq cavabdehə qarşı iddia irəli sürə bilər. Lakin cavabdeh bu fakta istinad etməyib. 12.Iddia ərizəsindən görünür ki, iddiaçı alqı-satqı müqaviləsini həqiqi alqı-satqı hesab edir və cavabdehin ona zərər vurmasına (delikt törətməsinə) əsaslanaraq 62.800 manat tələb edir. Tələbin hüquqi əsası kimi iddiaçının istinad etdiyi maddələr də bunu təsdiq edir. Belə ki, iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin “zərərin əvəzinin ödənilməsi” adlı 21-ci maddəsinə, “mülki hüquq pozuntuları (deliktlər) anlayışı” adlı 1096-cı maddəsinə və “mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları” adlı 1097-ci maddəsinə istinad olunub. Lakin cavabdehin delikt törətməsi və iddiaçıya 62.800 manat məbləğində zərər vurması müəyyən edilmir. Zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsi üçün zərərin vurulduğu müəyyən edilməlidir. Zərər vurlması müəyyən edilmədiyinə görə, məhkəmə zərərin əvəzinin ödənilməsi barədə normalara – Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilə bilməz. 13.Məhkəmə iddianın əsasını dəyişə bilməz, yəni zərərə görə pul tələb olunduğu hada borc verilməsi faktına əsaslanaraq pul tutulmasını qət edə bilməz. Belə ki, MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu maddədə “tələblər” deyiləndə tələbin əsası da nəzərdə tutulur, yəni məhkəmə tələbi həll edərkən onun əsasından kənara çıxa bilməz. MPM-in 149.2.3-cü maddəsindən görünür ki, tələbin əsası iddia ərizəsinin məzmununa daxildir. MPM-in 53-cü maddəsindən görünür ki, iddianın əsasını dəyişmək iddiaçının hüququdur. Əks təqdirdə, məhkəmənin bu hərəkəti həm mülki prosesin dispozitivlik prinsipini, həm də cavabdehin müdafiə hüququnu pozacaq. 14.Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etsə də, işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi zərərin ödənilməsi barədə” iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2909/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2909/2026
14.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver