Məhkəmə qərarları › İş №e-2(3-6)-2932/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-2932/2026

31.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-2932/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları 1.Iddiaçı (kredit verən) ilə cavabdehin əri X1 (kredit alanın) arasında ##.##.2020-ci il tarixli CC/*****/**/** nömrəli kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, kredit verən 5.000 manat məbləğində pulu illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə kredit alana verib. 2.Kredit alan ##.##.2021-ci il tarixdə ölüb. Cavabdeh (kredit alanın arvadı) kredit alanın vərəsəsidir. Belə ki, * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən cavabdehin adına iki vərəsəlik şəhadətnaməsi verilib: 1) ##.##.2021-ci il tarixli 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə; 2) ##.##.2021-cü il tarixli 2V-*** reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə. Həmin şəhadətnamələrə görə, kredit alanın mülkiyyətində olmuş göstərilən iki avtomobil miras kimi cavabdeh tərəfindən qəbul edilib: 1) “Mercedes Benz 190” markalı **- VE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili; 2) “Opel Astra” markalı **-GU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili. 3.Iddiaçının təqdim etdiyi sübutlara görə, kredit müqaviləsi üzrə əsas borcun məbləği 3.528,2 manat təşkil edir. Cavabdeh borcun məbləğini mübahisələndirmir. Məhkəmə icraatı 4.Iddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə 3.528,2 manat əsas borc, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 56 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 5.Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, 3.528.2 manat əsas borc, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 56 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, həmin avtomobillərdən biri – “Opel Astra” markalı avtomobil cavabdehin ərinə məxsus olub, ərinin vəfatından sonra cavabdeh bu avtomobili 4.000 manata sataraq kredit müqaviləsi üzrə yığılmış faiz borcunu ödəyib. Digər avtomobil - “Mercedes Benz 190” markalı avtomobil isə formal olaraq cavabdehin ərinin mülkiyyətində olub. Avtomobili 2018-2019-cu illərdə cavabdehin ərinin dostu “maşın bazarı”ndan etibarnamə ilə almış, sonradan etibarnamənin müddəti bitdiyi üçün həmin şəxs avtomobili cavabdehin ərinin adına keçirmişdir. Cavabdehin əri onkoloji xəstə olduğuna və qəfl vəfat etdiyinə görə, ərinin dostu avtomobili öz adına keçirə bilməmişdir. Cavabdeh mirası qəbul etdikdən sonra avtomobili yenidən ərinin dostunun adına sənədləşdirmişdir. Yəni avtomobil faktiki olaraq cavabdehin ərinin dostuna məxsus olmuşdur. 7.Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmənin mövqeyi 8.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin mirasın açıldığı zaman (##.##.2021-ci il tarixdə) qüvvədə olmuş 1307-ci maddəsinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Cavabdeh miras qoyanın borcunun (3.528,2 manatın) mirasdan (iki avtomobilin dəyərindən) çox olduğunu sübut etməyib. Bundan başqa, cavabdeh avtomobillərdən birinin formal olaraq ərinə məxsus olduğunu bildirsə də, avtomobil üzərində cavabdehin ərinin mülkiyyət hüququna dair qeyd etibarsız hesab edilmədiyindən o, avtomobilin həqiqi mülkiyyətçisi sayılır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 9.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar