Məhkəmə qərarları › İş №e-2(3-6)-3012/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3012/2026

07.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3012/2026 07.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Axundov İsfəndiyar Məhəmməd oğluna, cavabdeh2 və “Universal Servis İnşaat” MTK-ya qarşı işi üzrə Açar sözlər:( «kredit müqaviləsi üzrə borc») hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi nümayəndə3 və cavabdeh cavabdeh2 nümayəndəsi vəkil nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Axundov İsfəndiyar Məhəmməd oğluna, cavabdeh2 və “Universal Servis İnşaat” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra tələbini dəqiqləşdirməklə məhkəmədən cavabdehlər cavabdeh2, Axundov İsfəndiyar Məhəmməd oğlu və “Universal Servis İnşaat” MTK-dan iddiaçı İddiaçı ASCnin xeyrinə ##.##.2016-cı il tarixli, 11-22-082016-US MTK AF nömrəli kredit müqaviləsinə əsasən əsas 66746,53 manat əsas və pretenziya məktubunun göndərilmə tarixindən sonra 5 % olmaqla, ödənilməmiş 787,98 manat faiz borcu olmaqla, ümumilikdə 67534,51 manat kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 308,81 dövlət rüsumunun və 0,86 AZN bank xidmət haqqının, 200 manat ekspertiza xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2016-cı il tarixli, 11-2208-2016-US MTK AF nömrəli təminatlı kredit müqaviləsinə əsasən cavabdehə 240 ay müddətinə, 10 faiz dərəcəsi ilə 86958 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı kimi bank ilə Axundov İsfəndiyar Məhəmməd oğlu arasında ##.##.2016-cı il tarixli, 11-22-08-2016- US MTK AF nömrəli və “Universal Servis İnşaat” MTK ilə ##.##.2016-cı il tarixli, 11-22-08-2016- US MTK AF nömrəli zaminlik müqavilələri imzalanmışdır. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 307.94 AZN dövlət rüsumu və 0.46 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə cavabdeh2, Axundov İsfəndiyar Məhəmməd oğluna və “Universal Servis İnşaat” MTK -ya 28.04.2025ci il tarixdə *-*-**/*- *****/**** saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - İddiaçı ASC ilə cavabdeh2 arasında bağlanmış ##.##.2016-cı il tarixli, 11-22-08-2016-US MTK AF nömrəli kredit müqaviləsinə əsasən cavabdeh2 mənzilin alınması üçün 240 ay müddətinə 10 % dərəcəsiilə 86958 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul etməyi, bu müqavilədə göstərilən qaydada və müddətdə kredit və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür; - İddiaçı ASC ilə cavabdeh2 və “Universal Servis İnşaat” MTK arasında bağlanan ## ###### 2016-cı il tarixli, 11-22-082016-US-MTK AF saylı zaminlik müqaviləsinə əsasən zamin ##.##.2016-cı il tarixli, 1122-08-2016-US MTK AF nömrəli kredit müqaviləsi üzrə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür; - İddiaçı ASC ilə cavabdeh2 və Axundov İsfəndiyar Məhəmməd oğlu arasında bağlanan ## ###### 2016-cı il tarixli, 1122-08-2016-US-MTK AF saylı zaminlik müqaviləsinə əsasən zamin ##.##.2016-cı il tarixli, 11-22-08-2016-US MTK AF nömrəli kredit müqaviləsi üzrə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür; - Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən ##.##.2025-ci il tarixli *-**-**/*-*/****/**** saylı ekspert rəyindən görünür ki, borclunun banka ##.##.2025-ci il tarixinə 69789,48 manat əsas, 1901,75 manat faiz, ##.##.2025-ci il tarixində 69789,48 manat əsas, 2270,09 manat faiz borcu vardır. Ekspertiza tədqiqatının dəyəri 200 manatdır; - İddiaçı ASC tərəfindən təqdim edilən ##.##.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən cavabdeh2 ##.##.2016 cı il tarixli, 11-22-08-2016-US MTK AF nömrəli kredit müqaviləsi üzrə 66746,53 manat əsas borc, pretenziya məktubunun göndərildiyi vaxtdan 5 % olmaqla, 787,98 manat faiz borcu hesablanmışdır. Maliyyə arayışından görünür ki, borcalan tərəfindən ##.##.2025ci il tarixində 8540 manat ödəniş edilmiş, həmin vəsaitdən 3305,19 manat əsas borca, 3876,48 manat faiz borcuna, 1358,33 manat cərimə borcuna silinmişdir; - İddiaçı ASC tərəfindən borclulara ünvanlanan ##.##.2025ci il tarixli bildirişə əsasən, borclulara ##.##.2016-cı il tarixli, 11-22-08-2016-US MTK AF nömrəli kredit müqaviləsi üzrə 70051,72 manat əsas və ona hesablanmış faiz və cərimə borcunun ##.##.2016-cı il tarixinədək tam şəkildə banka ödənilməsi təklif edilmişdir; - İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 308,81 manat dövlət rüsumu ödənilmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ##.##.2016-cı il tarixli, 11-22-08-2016- US MTK AF nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 63151,23 manat manat, faiz borcuna görə 1901,75 manat, gecikdirilmiş vaxt üçün 787,98 manat faiz borcu olmaqla, cəmi 65840,95 (altmış beş min səkkiz yüz qırx manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlər Axundov İsfəndiyar Məhəmməd oğlu, Məmmədov Tofiq Səhrəd oğlu və “Universal Servis İnşaat” MTK-dan müştərək qaydada tutulmaqla, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 308,81 manat məbləğində pul vəsaiti, 0,86 manat xidmət haqqının cavabdehlər Axundov İsfəndiyar Məhəmməd oğlu, cavabdeh2 Səhrəd oğlu və “Universal Servis İnşaat” MTK-dan müştərək qaydada tutulmaqla, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, 200 manat məbləğində ekspertiza xərcinin Axundov İsfəndiyar Məhəmməd oğlu, cavabdeh2 və “Universal Servis İnşaat” MTK-dan müştərək qaydada tutulmaqla, məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 428.4, 442, 443.1, 448.1, 472.1, 472.2, 472.2, 739.2; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ##.##.2023-cü il tarixli plenum qərarına istinad edilməklə qeyd edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Digər cavabdehlər Axundov İsfəndiyar Məhəmməd oğlu və “Universal Servis İnşaat” MTK isə zamin kimi cavabdeh cavabdeh2 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Bununla belə, məhkəmə o qənaətə gəlir ki, iddiaçının tələbi qismən əsaslıdır və kreditor kredit müqaviləsindən imtina etdiyi vaxtdan sonra borcalana faiz borcu hesablamaqda haqlı olmamışdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi kreditor borclunun öhdəliyini lazımi qaydada icra etməməsinə görə ##.##.2025-ci il tarixdə müqavilədən imtina etməklə müqavilənin ləğv edildiyi ana qədər yaranmış öhdəliyin icrasını tələb etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, pretenziya göndərilən tarixə (##.##.2025) borcalana 69789,48 manat əsas, 1901,75 manat faiz borcu hesablanmışdır. Borcalan tərəfindən isə sonuncu dəfə ##.##.2025-ci il tarixində 8540 manat ödəniş edilmiş, iddiaçı tərəfindən həmin ödənişdən 3305,19 manat əsas borca, 3876,48 manat faiz borcuna, 1358,33 manat cərimə borcuna silinmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı sonuncu dəfə iddia tələbini dəqiqləşdirdiyi zaman cavabdehdən faiz borcunun tutulmasını tələb etməsə də, müəyyən edilmişdir ki, ##.##.2025-ci il tarixində edilmiş ödənişdən 3876,48 manat faiz borcuna silinmə əməliyyatı aparmışdır. Belə olan halda məhkəmə hesab edir ki, əsas və faiz borcunun məbləği aşağıdakı qaydada aparılmalıdır: borcalanın ödənişi nəzərə alındıqda, ödəniş edilən məbləğdən pretenziya göndərilən tarixə ekspert rəyi ilə hesablanmış faiz məbləği çıxılmalı, qalıq qalan borc isə ekspert rəyinə görə pretenziya məktubunun ünvanlandığı tarixə hesablanmış əsas borcdan çıxılmalıdır. Belə ki, (ödənişedilən məbləğ) 8540 manat - (ekspert rəyi ilə hesablanan faiz) 1901,75 manat = 6638,25 manat, 69789,48 manat (ekspert rəyi ilə hesablanan əsas borc) – 6638,25 manat (ödənişdən faiz borcu çıxdıqdan sonra qalan qalıq) = 63151,23 manat (tutulmalı olan əsas borc), yəni cavabdehdən əsas borca görə 63151,23 manat tutulmalıdır. Faiz məbləği isə iddiaçının silinmə apardığı 3876,48 manat məbləğində deyil, ekspert rəyinə uyğun olmaqla, müqavilədən imtina edildiyi vaxta olan həcmdə, yəni 1901,75 manat məbləğində tutulmalıdır. Cərimə məbləğinə münasibətdə isə iddiaçı ümumiyyətlə 1358,33 manat cərimə borcuna silinmə aparmaqda haqlı olmamışdır. Belə ki, iddiaçının cavabdehdən cərimə məbləği ilə bağlı tələbi olmamışdır. Gecikdirilmiş vaxt üçün yəni ##.##.2025-ci il tarixindən (bildiriş göndərilən) ##.##.2026-cı il tarixinə 315 gün üçün illik 5 % hesablanan faiz borcu (63151,23 x 5%=3157,56, 3157,56/12=263, 263/30=8,76, 8,76x315 gün) 2759,4 manat təşkil edir. Halbuki iddia tələbində gecikdirilmiş vaxt üçün 787,98 manat faiz tələb olunur. Odur ki, məhkəmə iddia tələbindən kənara çıxmayaraq, gecikdirilmiş vaxt üçün tələb edilən faiz məbləğinin tələb edilən həcmdə tutulmasını məqsədəmüvafiq hesab edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, ##.##.2026-cı il tarixli e-*(***)- ****/**** nömrəli qətnaməni ləğv edib, tədqiq edilmiş sübutlar əsasında iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçı bank gecikdirilmiş vaxt üçün yəni ##.##.2025-ci il tarixindən (bildiriş göndərilən) ##.##.2026-cı il tarixinə 315 gün üçün illik 5 % hesablanan faiz borcu (63151,23 x 5%=3157,56, 3157,56/12=263, 263/30=8,76, 8,76x315 gün) 2759,4 manat təşkil edir. Halbuki iddia tələbində gecikdirilmiş vaxt üçün 787,98 manat faiz tələb olunur. Eyni zamanda faizlərin bu qədər şişməsinin təqsiri borcalanda deyil, 2759,4 manat əlavə faizlərin hesablanması da tamamilə qanunsuz və əsassızdır. Odur ki, hesab edir ki, məhkəmə yuxarıda qeyd edilən faktı da araşdıraraq, hüquqi qiymət verməlidir. Belə ki, kredit müqaviləsi iddiaçı özünə məxsus olan hüquqdan sui istifadə edərək müqaviləni vaxtından öncə xitam edib həmin günə olan faiz məbləği hesablanmaqla pul vəsaitini tələb etməmişdir. Bununla da, qanunla qadağan olunan borcalanın vəziyyətinin ağrlaşmasına şərait yaratmışdır. Məhkəmə isə qətnamədə hər hansı bir araşdırılma aparılmadan yalnız iddiaçının iddia tələbində qeyd edilənlər göstərilməklə iddia tələbinin təmin olunduğu qeyd edilmişdir. Bununla da, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırmamış və iş üçün əhəmiyyəti olan halları sübut etməmişdir. Belə ki, qətnamədə məhkəmə nədən axırıncı ödəniş edildiyi gündən pul vəsaitinin tələb edilməməsi halını və müqaviləyə vaxtından əvvəl xitam verilməməsinin borclanın vəziyyətinin ağırlaşdırılmasının səbəblərini araşdırmamışdır. Məhkəmənin qənəatinə görə 69789,48 manat (ekspert rəyi ilə hesablanan əsas borc) – 6638,25 manat (ödənişdən faiz borcu çıxdıqdan sonra qalan qalıq) = 63151,23 manat (tutulmalı olan əsas borc), yəni cavabdehdən əsas borca görə 63151,23 manat tutulmalıdır. Göründüyü kimi mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmənin yekunda yanlış nəticəyə gəlməsinə səbəb olmuşdur ki, bu da məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün MPM-nin 385.1.2-ci maddəsi ilə əsas yaratmışdır. İş materiallarında mövcud olan müqavilə və ödəniş qrafikinə əsasən məhkəmə mühasibatlıq-ekspertizası qarşısında pretenziya verilən tarixədək nə qədər əsas və ona hesablanmış faiz borcu hesablanmalı olduğu barədə suala aydınlıq gətirilməsini tələb ediməli idi. Məhkəmə heç bir tutarlı sübutla təsdiq edilməyən yalnız iddiaçının nümayəndəsinin məhkəmə iclasında söylədiyi əsassız fikirlərə istinad etmişdir. Göründüyü kimi məhkəmə ziddiyətlərlə dolu olan aid olmayan və təsdiq edilməyən sübutlarla iş üzrə olan faktları təsdiq etməyə çalışmış və yeganə sübut kimi şəxsin şifahi ifadəsinə əsaslanmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi vəkil nümayəndə1 apellyasiya şikayətini müdafiə etmiş, ümumilikdə borc məbləğinin düzgün hesablanmadığını qeyd etməklə təkrar ekspertiza keçirilməsini xahiş etmiş, cavabdeh cavabdeh2 müqavilənin davam etdirilməsində maraqlı olduğunu və gecikdirilmiş 3000 manat borcu ödəməyə hazır olduğunu bildirmiş, eyni zamanda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq faiz borcuna görə 1901,75 manat pulun cavabdehdən tutulmasını qət etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Səmədəlizadə Gülər Arif qızı apellyasiya şikayətinə etiraz etmiş, birinci instansiya məhkəməsinin ekspert rəyinə əsaslanmaqla qərar qəbul etdiyini, ekspertin düzgün hesablama apardığını, cavabdehə pretenziya göndərildikdən sonra bank tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edildiyni bildirmiş və tələblərinin əsas borc və pretenziya məktubunun göndərilmə tarixindən sonra 5 % olmaqla faiz borcunun tutulmasından ibarət olduğunu qeyd etmişdir.

7. Məlumatlandırılması üçün qanunvercilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Axundov İsfəndiyar Məhəmməd oğlu və “Universal Servis İnşaat” MTK-nın iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur. 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır. 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. 740.7. Borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir. 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9. Bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 741.2. Borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. 742.3. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalan borcun verildiyi gündən qaytarıldığı günədək hesablanmış faizləri və (və ya) haqları ödəməklə, borcu vaxtından əvvəl qaytara bilər. 742.4. Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 742.5.3. borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.4. borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə istinadən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası aşağıdakı əsasa görə birinci instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır. Belə ki, Mülki Prosessual Məcəllənin 9.1-ci maddəsinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı bank tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia ərizəsində (iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizədə) faizlərin tutulması barədə tələb irəli sürülməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etmədiyi faiz məbləği tutmaqla iddia həddindən kənara çıxıldığından qətnamə faiz borcuna görə 1901,75 manat məbləğin tutulması hissəsində ləğv edilməlidir.

12. Digər hissələrdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran, habelə ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən etmir və apellyasiya şikayətinin özünün dəlillərini isə hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar. İş materiallarından görünür ki, cavabdeh müqavilə üzrə götürdüyü əsas borc öhdəliyini lazımı qaydada icra etməmişdir, yaranmış borc cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməməsi nəticəsində yaranmışdır.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.

14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” ## ###### 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Qərar ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu belə nəticəyə gəlmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.

15. Beləliklə məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti mülki prosessual əsaslardan irəli gələrək qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi qismən- faiz borcuna görə 1901,75 manat məbləğin tutulması hissəsində ləğv edilməli, digər hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

16. Eyni zamanda cavabdeh diqqətinə çatdırılır ki, "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər.

17. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qətnaməsi qismən - faiz borcuna görə 1901,75 manat məbləğin tutulması hissəsində ləğv edilsin. Digər hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” İnformasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar