Məhkəmə qərarları › İş №e-2(3-6)-3040/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3040/2026

31.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3040/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, hazırkı iş üzrə sadələşdirilmiş icraat qaydasında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026cı il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı MMC-nin buna səlahiyyətli olan nümayəndəsi MMC-nin adından cavabdehə qarşı “kiçik mübahisələr üzrə iddia ərizəsi” ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, satıcı olaraq MMC ilə alıcı olaraq cavabdeh arasında ##.##.2024-cü il tarixdə bağlanmış “Nisyə alğı-satqı müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas borcların ödənilməsi məqsədi ilə cəmi 1.725 manat, müqavilə üzrə öhdəliyin icra edilməməsi səbəbindən hesablanmış dəbbənin (cərimənin) ödənilməsi məqsədi ilə 172,5 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,98 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı MMC arasında ##.##.2024-cü il tarixdə bağlanmış ******** nömrəli müqaviləyə əsasən, dəyərini hissəhissə ödəmək şərti ilə “Motorola Razr 40 Ultra 8/256GB” mobil telefonu və “1 il ultra qızıl zəmanət” xidmətini almışdır. Müqavilənin şərtinə görə, cavabdeh, müqavilənin qiyməti olan 2.070 manatı 18 ay ərzində hissə-hissə, ayda 115 manat olmaqla MMC-yə ödəməli idi. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü ödəniş öhdəliyini tam yerinə yetirməmiş, nəticədə onun MMC-yə 1.725 manat əsas borcu yaranmışdır və MMC tərəfindən cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənilməmiş qalmışdır. Borcun ödənilməməsini nəzərə almış MMC, onunla cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı müqaviləsinə” edilmiş ##.##.2024-cü il tarixli “Əlavənin” şərtlərinə əsasən cavabdehə ödənişin gecikdirilmiş məbləğinə hər gününə 2% olmaqla cərimə (dəbbə) hesablamış, lakin dəbbənin tam həcmdə deyil, yalnız 172,5 manat hissəsinin ödənilməsini tələb etmişdir. Cavabdeh qeyd edilən növdə və məbləğdə olan borclarını ödəmədiyi üçün, MMC, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 38,98 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat

3. “Kiçik mübahisələr üzrə iddia ərizəsinə” dair mülki işə yazılı icraat qaydasında baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, MMC ilə cavabdeh arasında bağlanmış “Nisyə alğı-satqı müqaviləsi” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 1.725 manat, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə hesablanmış dəbbənin azaldılmasını və azaldılmış dəbbənin ödənilməsi məqsədi ilə 50 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,98 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki, cavabdeh, onunla iddiaçı MMC arasında ##.##.2024cü il tarixdə bağlanmış müqaviləyə əsasən, dəyərini hissə-hissə ödəmək şərti ilə “Motorola Razr 40 Ultra 8/256GB” mobil telefonu və “1 il ultra qızıl zəmanət” xidmətini almışdır. Müqavilənin şərtinə görə, cavabdeh, müqavilənin qiyməti olan 2.070 manatı 18 ay ərzində hissə-hissə, ayda 115 manat olmaqla MMC-yə ödəməli idi. Lakin o, müqavilə üzrə MMC qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, MMC-yə ödəməli olan borcu qismən ödəmiş, nəticədə onun MMC-yə 1.725 manat əsas borcu yaranmışdır. Cavabdeh, iddiaya qarşı etiraz verməmişdir. Cavabdeh, qeyd edilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi sübuta yetir. Buna görə də, o, müqavilə üzrə yaranmış 1.725 manat məbləğində əsas borcu MMC-yə ödəməlidir. İddiaçı MMC ilə cavabdehin bağladıqları “Müqaviləyə əlavədən” görünür ki, onlar razılığa gəlmişlər ki, alıcı olan cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasını gecikdirsə və ya öhdəliyi icra etməsə yaranmış əsas borcun məbləğinə hər gününə 2% olmaqla cərimə (dəbbə) ödəməlidir. MMC, bunu nəzərə alaraq cavabdehə dəbbə hesablamış, lakin dəbbənin tam həcmdə deyil, yalnız 172,5 manat hissəsinin ödənilməsini tələb etmişdir. Buna baxmayaraq məhkəmə hesab edir ki, 172,5 manat məbləğində dəbbə də, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri baxımından tənasübsüz surətdə yüksəkdir. Buna görə də, dəbbə pulunun məbləği azaldılaraq 50 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmalıdır. c) apellyasiya şikayəti haqqında məlumat

5. İş üzrə cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh, ##.##.2024-cü il tarixdə iddiaçıdan mobil telefon almış, sonradan cihazda nasazlıq yarandığı üçün o bu barədə ##.##.2024-cü il tarixdə iddiaçı MMC-yə məlumat vermiş və ##.##.2024-cü il tarixdə telefonu MMC-nin təmir xidmətinə təhvil vermişdir. Cavabdehin bildirdiyinə görə, telefon “1 il ultra qızıl zəmanət” xidməti ilə alınmasına baxmayaraq təmir edilməmiş və yenisi ilə əvəz olunmamış, ##.##.2024-cü il tarixdən etibarən cihaz cavabdehin faktiki sahibliyindən çıxmışdır. Cavabdeh hesab edir ki, Rayon Məhkəməsi göstərilən halları araşdırmadan və təqdim edilmiş sübutlara düzgün qiymət vermədən iddianın qismən təmin edilməsi barədə əsassız nəticəyə gəlmişdir. d) apellyasiya icraatı barədə məlumat

7. İşə sadələşdirilmiş icraat qaydasında baxıldığı üçün iş üzrə tərəflər apellyasiya baxışı iclasında dəvət edilməmiş, işə yazılı qaydada, yəni tərəflərin iştirakı olmadan baxılmışdır.

8. Cavabdeh apellyasiya icraatı zamanı ərizə ilə Məhkəməyə müraciət edərək, yazılı icraatdan iddia icraatına keçilməsini və məhkəmə iclasının təyin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində iddia ilə bağlı etiraz təqdim edə bilməmiş, iş üzrə faktiki hallara dair mübahisə və əlavə sübutlar mövcuddur. Məhkəmə hesab etmişdir ki, iş materialları və tərəflərin təqdim etdikləri sübutlar apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi üçün kifayət etdiyindən, işə tərəflərin iştirakı ilə baxılmasına zərurət yoxdur. Buna görə işə şifahi məhkəmə iclasında baxılması barədə ərizə təmin edilməmişdir. e) apellyasiya baxışının hədləri barədə məlumat

9. Hazırkı apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin edilsə də, iddiaçı MMC qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

10. Cavabdeh isə qətnamədən verdiyi apellyasiya şikayətində iddianın təmin edilmiş hissəsini mübahisələndirərək həmin hissədə qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını apellyasiya baxışının predmeti olan hissədə yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

12. İşə yazılı icraat qaydasında, yəni tərəflərin iştirakı olmadan işə baxan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

13. Belə ki, işdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh onunla MMC arasında ##.##.2024-cü il tarixdə bağlanmış ******** nömrəli hissə-hissə ödənişlə alğı-satqı müqaviləsinə əsasən MMC-dən Motorola Razr 40 Ultra 8/256GB mobil telefonu və “1 il ultra qızıl zəmanət” xidmətini almışdır.

14. İş materiallarından görünür ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü ödəniş öhdəliyini tam icra etməmiş, nəticədə onun iddiaçı MMC-yə 1.725 manat məbləğində əsas borcu yaranmışdır. MMC öhdəliyin cavabdeh tərəfindən lazımınca icra edilməməsini nəzərə alaraq müqavilənin şərtlərinə əsasən 172,50 manat cərimə (dəbbə) hesablamışdır. Rayon Məhkəməsi isə dəbbənin məbləğini işin hallarına münasibətdə tənasübsüz hesab edərək 50 manatadək azaltmışdır.

15. İş materiallarından həmçinin görünür ki, Rayon Məhkəməsi MMC tərəfindən verilmiş və mümkün sayılaraq icraata qəbul edilmiş iddia ərizəsini cavabdehə göndərmiş, cavabdeh işə sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə məlumatlandırılmış, lakin müəyyən edilmiş müddətdə iddia tələbinə qarşı əsaslandırılmış etirazını və öhdəliyin icra edilməsini təsdiq edən sübutları Rayon Məhkəməsinə təqdim etməmişdir.

16. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (maddə 405.1.). Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.). Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (maddə 425.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).

17. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdehin onunla iddiaçı MMC arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü ödəniş öhdəliyini lazımınca icra etməməsi səbəbindən mülki məsuliyyət daşıması və yaranmış borcu ödəməli olması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

19. Cavabdehin mobil telefonun nasaz olması, zəmanət əsasında servisə təhvil verilməsinə baxmayaraq təmir və ya yenisi ilə əvəz edilməməsi və ##.##.2024-cü il tarixdən cihazın onun faktiki sahibliyində olmaması barədə apellyasiya şikayətinin dəlillərinə gəldikdə, Məhkəmə həmin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab etmir.

20. Belə ki, apellyasiya şikayətinin dəlillərinə qarşı iddiaçı MMC tərəfindən verilmiş yazılı etiraza əlavə edilmiş və cavabdeh tərəfindən imzalanmış ##.##.2024-cü il tarixli, ****** nömrəli servis sifarişindən, habelə həmin sifarişə əlavə olan fotoşəkildən görünür ki, yuxarıda qeyd edilən mobil telefon cavabdeh tərəfindən servisə təhvil verilmiş və bu zaman müəyyən edilmişdir ki, telefon iki hissəyə bölünmüşdür, telefonun ekranında və korpusunda, o cümlədən video kamera hissəsində zədələr var.

21. Cihaz üzrə verilmiş texniki rəydən isə diaqnostika zamanı telefonda ağır mexaniki zədələrin aşkarlandığı, cihazın iki hissəyə ayrıldığı, ön və arxa ekranların, batareyanın, korpusun, plata ötürücü lentinin və kamera hissələrinin zədələndiyi, bu səbəbdən cihazın təmirinin iqtisadi cəhətdən məqsədəuyğun olmadığı müəyyən edilir.

22. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin telefonun servisə təhvil verilməsi faktına istinad etməsi özlüyündə onun alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü ödəniş öhdəliyinə xitam verilməsi üçün əsas yaratmır. İş materiallarında cihazda istehsal xarakterli qüsurun olması, müqavilənin ləğv edilməsi və ya cavabdehin müqavilə üzrə ödəniş öhdəliyindən azad edilməsi barədə nəticəyə gəlməyə əsas verən sübut mövcud deyildir.

23. Bundan başqa, iddiaçı MMC tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli aktda ##.##.2024-cü il tarixdə MMC-nin əməkdaşının cavabdehlə telefon danışığı apardığı, cihaz barədə məlumat verdiyi və cihazın geri götürülməli olduğunu bildirdiyi qeyd edilmişdir.

24. MPM-in 77.1-ci maddəsinin tələbləri baxımından cavabdeh telefonun servisə təhvil verilməsinin onun müqavilə üzrə pul öhdəliyinə xitam verdiyini, yaxud həmin öhdəliyin icrasından azad edilməsinə əsas verən halın yarandığını təsdiq edən sübutları Məhkəməyə təqdim etməmişdir.

25. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, əsas borca aid tələbi təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və işin hallarına uyğundur.

26. Dəbbə pulunun tutulması barədə tələbə münasibətdə Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).

27. Qeyd edilən maddi hüququ normalarının tələblərini nəzərə alan Məhkəmə bildirir ki, qanunverici cərimənin (dəbbənin) ağlabatan və ədalətli məbləğinin hesablanması meyarlarını müəyyən etməmişdir. Bununla bağlı məhkəmə təcrübəsi formalaşmışdır. Formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, borcludan kreditorun xeyrinə tutulmalı olan cərimə əsas borcun 10 faizi civarında olmalıdır.

28. İddia ərizəsindən görünür ki, iddiaçı MMC-nin dəbbə pulunun tutulması barədə tələbi formalaşmış məhkəmə təcrübəsinə uyğun olmuşdur. Yəni işə baxmış Rayon Məhkəmə dəbbə pulunu tələb olunan məbləğdən az məbləğdə cavabdehdən MMC-nin xeyrinə tutulmasını qət etməkdə məhkəmə təcrübəsinə uyğun olmayan nəticəyə gəlmişdir. Lakin Məhkəmə nəzərə alır ki, iddiaçı MMC qətnamədən apellyasiya şikayəti verməmiş, Rayon Məhkəməsinin həmin nəticəsi ilə razılaşmışdır.

29. Buna görə də göstərilənləri və cavabdehin qətnamədən verdiyi apellyaisya şikayətinin dəlillərinin əsassız olmasını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin dəbbə pulunun tutulması barədə nəticəsi dəyişdirilmədən saxlanılmalıdır. g) apellyasiya baxışının nəticəsi

30. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi faktlar nöqteyinəzərindən işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

32. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

33. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5.000 manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

34. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar