Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3094/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Salahov İsmayıl İslam oğlunun cavabdehlər cavabdeh3 QSC, cavabdeh1 QSC və cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «maddi ziyanın ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı Salahov İsmayıl İslam oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 QSC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: 2021-ci il buraxılışlı, “X5” markalı, qara rəngli **- ON-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2022-ci il tarixdə Salahov İsmayıl İslam oğlunun adına qeydiyyata alınıb.
2. Bakı şəhəri Binəqədi rayon X1 Şöbəsi tərəfindən verilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda göstərilib ki, ##.##.2025-ci il tarixində tarixdə saat 17:30-da DSK yolunda toqquşma nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. “X2 4140 Yük” markalı, **- JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi cavabdeh3 QSC və hadisə baş verdiyi anda sürücüsü cavabdeh2dur. Yol nəqliyyat hadisəsinin baş verdiyi anda sürücünün yol vərəqi ilə sürücülük hüququ olmuş, sürücü ayıq vəziyyətdə olmuşdur. Hadisə nəticəsində zərər vurulmuş avtomobil Salahov İsmayıl İslam oğlunun mülkiyyətində olan “X5” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Hadisə zamanı avtomobili idarə edən X4 olmuşdur. Avtomobilin sol arxa yan hissəsi və sağ ön yan hissəsi zədələnmişdir. Eyni zamanda Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə məxsus səkiyə zərər dəymişdir.
3. ******* nömrəli, ##.##.2025-ci il tarixli İnzibati xəta haqqında protokolda, “X2 4140 Yük” markalı, 99-JA162 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi göstərilib.
4. “xxxx” şirkəti tərəfindən tərtib olunmuş AA***/**** nömrəli ##.##.2025- ci il tarixli akta əsasən “X5” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin dəyişdirilməsi üçün tələb olunan məbləğ 19.168 manat təşkil edir.
5. “Express Servis” tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli qüsur aktından göstərilib ki, **-ON-*** dövlət qeydiyyat nişanl avtomobilin ehtiyyat hissələri və görüləcək təmir işlərinin məbləği 15.188 manat təşkil edir.
6. “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli ödəniş tapşırığında göstərilib ki, “xxxx” Sığorta Şirkəti ASC tərəfindən Salahov İsmayıl İslam oğlunun hesabına ****** saylı soğorta aktına əsasən sığorta ödənişi olaraq 5000 (beş min) manat köçürülmüşdür.
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti *-**-*/*-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubunda qeyd edilir ki, cavabdeh2 adına ##.##.2025-ci il tarixdə "Əmək və məşğulluq" altsistemində qüvvədə olan əmək müqaviləsi barədə məlumatı təqdim etmişdir. Həmin məktuba əlavə edilmiş məlumatdan görünür ki, cavabdeh2 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixinədək cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətində çalışmışdır.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı Salahov İsmayıl İslam oğlunun cavabdehlər cavabdeh3 QSC və cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Salahov İsmayıl İslam oğluna məxsus olan “Hyundai Grandeur” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyanın əvəzində 10188 (on beş min yüz səksən səkkiz) manatın, dövlət rüsumuna görə ödənilmiş 120.6 (yüz iyirmi manat altmış qəpik) manatın, hüquqi yardıma görə 300 (üç yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
9. İddiada göstərilib ki, haqqında bəhs edilən yol-nəqliyyat hadisəsində iddiaçı zərərçəkən şəxs olduğu üçün onun cavabdehdən zərərin əvəzini tələb etmək hüququ yaranır.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbinin qismən təmin edilərək cavabdehlər cavabdeh1 QSC və cavabdeh2 müştərək qaydada 10.188 (on min yüz səksən səkkiz) manat məbləğində maddi zərərin, vəkilə hüquqi yardıma görə ödənilmiş ödənilmiş 300 (üç yüz) manat pulun və ödənilmiş 120,60 (bir yüz iyirmi manat altmış qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Salahov İsmayıl İslam oğluna ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili qanuni əsasla idarə edən cavabdeh2 və işəgötürən cavabdeh1 QSC birgə mülki məsuliyyətə cəlb edilməlidir. cavabdeh2 ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixinədək cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin işçisi olmuşdur. cavabdeh2 idarə etdiyi avtomobil digər cavabdeh cavabdeh3 QSC-nin mülkiyyətində olmuş, o, avtomobili cavabdeh3 QSC tərəfindən verilmiş yol vərəqi əsasında idarə etmişdir. Göründüyü kimi cavabdeh cavabdeh2 hadisəni törədərkən onun avtomobili idarə etmək səlahiyyəti olmuşdur. Maddi zərərə dair hissədə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır. Məhkəmə həmin qüsur aktını iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab etmişdir ki, həmin qüsur aktı sübut kimi qəbul edilməli, avtomobilin təmir-bərpa işlərinə görə tələb olunan pul məbləği 15.188 manat məbləğində müəyyən edilməlidir. İşin hallarından müəyyən edilir ki, “xxxx” Sığorta Şirkəti ASC tərəfindən iddiaçı Salahov İsmayıl İslam oğluna 5000 (beş min) manat məbləğində sığorta ödənişi köçürülmüşdür. Məhkəmə hesab edir ki, dəymiş ziyan hesablanarkən sığorta ödənişi kimi ödənilmiş 5000 manat da nəzərə alındığından, iddiaçı qalan məbləğdə maddi zərərin ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin vəkilə hüquqi yardıma görə ödənilmiş pulun tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iş materiallarında olan Salahov İsmayıl İslam oğlu (müraciət edən şəxs) ilə Ekol Vəkil Bürosunun rəhbəri İsayev Emin Ağamməd oğlu arasında bağlanmış ##.##.2025-ci il tarixli, EM-****VK-*****/** nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, bu müqaviləyə görə vəkil Vəkil ona həvalə edilən tapşırıq əsasında Salahov İsmayıl İslam oğluna hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 300 (üç yüz) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, vəkilə hüquqi yardıma görə ödənilmiş ödənilmiş 300 (üç yüz) manat pulun əvəzi cavabdehlər cavabdeh1 QSC və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh cavabdeh1 QSC (nümayəndəsi X6) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə rədd edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə cavabdeh hüquqi şəxsin məsuliyyətinin əsaslandırılması üçün Mülki Məcəllənin 1099.2-ci maddəsinə istinad etmiş, lakin normanı hazırkı işin faktiki hallarına düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən, işçinin hərəkətlərinə görə işəgötürənin məsuliyyəti yalnız o halda yarana bilər ki, işçi müvafiq hüquqi şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına həmin hüquqi şəxsin nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Hazırkı iş üzrə nəqliyyat vasitəsini idarə edən sürücü yol hərəkətində müstəqil iştirakçı olmuş, nəqliyyat vasitəsini birbaşa özü idarə etmiş və yol hərəkəti qaydalarına əməl olunmasına dair qərarları özü qəbul etmişdir. Yol hərəkəti zamanı sürücünün davranışına hüquqi şəxs tərəfindən birbaşa və ani nəzarətin həyata keçirilməsi faktiki olaraq mümkün olmamışdır. Yol hərəkəti şəraitində sürücünün hərəkətlərinə operativ müdaxilə və ya daimi nəzarət imkanı mövcud olmadığından, Mülki Məcəllənin 1099.2-ci maddəsində nəzərdə tutulmuş “işlərin təhlükəsiz aparılmasına nəzarət” elementi hazırkı hüquq münasibətində mövcud deyildir. Buna görə də, yalnız sürücünün əmək münasibətlərində olması özü-özlüyündə hüquqi şəxsin müştərək delikt məsuliyyəti daşıması üçün kifayət etmir. İşəgötürənin məsuliyyəti üçün qanunun tələb etdiyi faktiki nəzarət və təhlükəsizlik üzərində idarəetmə elementi sübuta yetirilməlidir. İş materiallarında isə həmin halı təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Cavabdeh cavabdeh1 QSC tərəfindən zərərin yaranmasına səbəb olan hər hansı bir müstəqil hüquqazidd hərəkət və ya hərəkətsizlik müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 1099.2-ci maddəsini geniş və qanunun məqsədinə uyğun olmayan şəkildə şərh etmiş, nəticədə hüquqi şəxsə əsassız olaraq delikt məsuliyyəti tətbiq etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
13. Məhkəmə iclasında iddiaçı Salahov İsmayıl İslam oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Cavabdeh cavabdeh1 QSC elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizədə ##.##.2026-cı il tarixində ölkə xaricində olacağından məhkəmə iclasının başqa bir tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
16. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2022-ci il tarixli qərarına əsasən əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqress tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin şikayət verən cavabdehə aid hissədə ləğv edilməsi və iddianın ona aid hissədə rədd edilməsi üçün əsas ola bilməz.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın QSC-yə aid təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdeh QSC-nin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
25. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
26. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
27. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
28. Əvvəla, maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə təqdim edilməsi mümkün olan sübutlar təqdim edilmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında da göstərilib ki, zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir.
29. Belə ki, cavabdeh QSC-nin işçsi olan digər cavabdeh cavabdeh2 hüquqa zidd davranışı nəticəsində iddiaçıya maddi zərər dəyməsi işin mübahissiz halına çevrilib. Çünki cavabdeh QSC də bunu hansısa formada təkzib etmir, əksinə baş vermiş hadisədə yalnız cavabdeh2 mülki hüquqi məsuliyyətə cəlb edilməli olduğunu düşünür. 30.Demək ki, məhkəmə nəinki MM-in 1099.1-ci maddəsinin dispozisiya şərtləri baxımından düzgün hüquqi dəyərləndirmə aparıb. Belə ki, cavabdeh2 də iddiaçı qarşısında vurduğu maddi zərərə görə mülki hüquqi məsuliyyət daşımalı olub. Eyni zamanda cavabdeh QSC-nin inzibati məsuliyyətə cəlb edilməməsi də, onu hazırkı iddia üzrə mülki hüquqi məsuliyyətdən azad etmir. Çünki cavabdeh2 törətdiyi hüquq pozuntusunda onun təqsiri olmasa da, hazırkı iddia üzrə təqsirsiz də olsa məsuliyyət daşımalıdır. Bununla bağlı, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında da hüquqi mövqe formalaşıb. Yəni, QSC işçisi olmuş cavabdeh2 törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və MM 1099.1-ci maddəsinə əsasən vurduğu zərərin əvəzini ödəməlidir.
31. Məhkəmə tərkibi vurğulayır ki, hazırkı iş üzrə MM-in 1099-cu maddəsinin təfsiri kimin üçünsə genişləndirici kimi görünə bilər. Məsələn, düşünülə bilər ki, cavabdeh2 İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş xətanı törətməsi nəticəsində iddiaçıya maddi zərər vurub, bu əməlin, yəni xətanın törədilməsində işəgötürən QSC məsuliyyətə cəlb edilməyib, buna görə də hazırkı iddia üzrə də mülki hüquqi məsuliyyətə də cəlb edilməməlidir. Ancaq cavabdeh QSC Mülki Məcəllənin 1099-cu maddəsinin tələbləri baxımından ona görə məsuliyyət daşımalıdır ki, o, öz mənafeyi üçün cavabdeh2 əməyindən(xidmətlərindən) yararlandığına görə vurulan istənilən zərəri qarşılamaq öhdəliyi də vardır. 32.Bir daha qeyd olunur ki, burada QSC-nin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət onun mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Burada Mülki Məcəllənin 1099cu maddəsinin məqsədi cavabdeh QSC-ni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərlərin, arzuolunmaz nəticələrin baş verməməsi üçün qabaqlayıcı tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, o cümlədən hazırkı işdə iddiaçını və bütövlükdə cəmiyyəti qorumaqdan ibarətdir.
33. Göstərilənlərlə yanaşı, Mülki Məcəllənin 1099.1 və 1114.1-ci maddəsinin tələbləri baxımından da, iddiaçı tərəfindən tələb olunan və məhkəmə tərəfindən müəyyən edilən maddi zərərin QSC-dən də tutulması və iddiaçıya ödənilməsi düzgündür. Çünki qeyd olunan maddələrin tələbinə əsasən QSC öz işçisi olan şəxsin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşımalı və və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bununla yanaşı, Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən cavabdeh QSC zərərin əvəzini ödədikdən sonra, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
34. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdeh cavabdeh1 QSC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ## ### 2026-cı il tarixli qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.