Məhkəmə qərarları › İş №e-2(3-6)-3148/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3148/2026

01.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3148/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Cəfərli Pəri Ilham qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi X3, Cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(009)- ****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı MMC (bundan sonra, iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin əmlakına (avtobusa) dəymiş 15467,17 manat ziyan məbləğinin, 136,40 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 15603,97 (on beş min altı yüz üç manat, 97 qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuş və onunla MMC arasında ##.##.2020-ci il tarixdə əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh ##.##.2025-ci il tarixədək, yəni son yaş həddinə çatma ilə təqaüdə çıxması ilə əlaqədar tutduğu vəzifədən azad edilənədək İddiaçı MMC-də çalışmışdır. Cavabdeh ##.##.2025-ci il tarixdə Bakı-Bərdə marşrut xətti üzrə xidmətdə olan zaman idarə etdiyi “X8” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusla hərəkətdə olarkən Avtovağzal yolunda anidən qarşısına digər nəqliyyat vasitəsi çıxdığından toqquşmanın qarşısını almaq (qəza törətməmək) məqsədi ilə avtobusu sağ tərəfə yönəltmiş və idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə vuraraq yol-nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh avtobusa dəymiş ziyanı könüllü olaraq ödəyəcəyini öz izahatında etiraf etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobus müvəqqəti yararsız hala düşmüş və təmir olunması üçün 135 gün xidmətdən kənarlaşdırılmış, istismara buraxılmamışdır. “xxxx” MMC tərəfindən verilən ##.##.2025-ci il tarixli, ***** nömrəli qüsur aktına əsasən hadisənin baş verdiyi vaxt cavabdehin zədələdiyi “X8” markalı **-JH-*** dövlət qeydiyyat nişanlı avtobusa 15467,17 manat məbləğində maddi ziyan dəymişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(009)- ****/**** saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia qismən təmin edilərək, 2300 (iki min üç yüz) manat pul vəsaitinin və dövlət rüsumunun 43 (qırx üç) manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 manatın 100 manat hissəsinin cavabdehdən, 150 manat hissəsinin iddiaçıdan tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Iddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam həcmdə təmin olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Iddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin iddianın təmin olunmayan hissəsində əsassız olmasını, “xxxx” MMC tərəfindən verilmiş natamam rəyə əsaslanmasını, MMC tərəfindən avtobusun təmiri üçün “xxxx” MMC-yə ziyan məbləğini tam ödənildiyinin nəzərə alınmaması, qüsur aktında qeyd edilən “Ehtiyat hissələri” cədvəlinin 1-ci, 2-ci və 4-cü qrafalarında sadalanan və əsaslı dəyişdirilmiş detallara ekspert tərəfindən heç bir münasibət bildirilməməsini, həmin detalların baş vermiş hadisə nəticəsində zədələnərək yararsız hala düşdüyünün və dəyişdirildiyinin heç bir şübhə doğurmamasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Izahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hadisə nəticəsində avtobusun bəzi detallarında zədələr yaranmış, yan yük yerinin qapısı və arxa qapının korpusu yenisi ilə əvəz edilmiş, həmin detallara müvafiq olaraq 3706 manat və 6591 manat xərc çəkilmişdir. Rayon məhkəməsi mütəxəssis rəyinə də əsaslanmaqla həmin detalların düzəldilməli olması, yenisinin alınmasına zərurətin olmaması nəticəsinə gəlmişdir. Düzgür, fotoşəkillərdə əziklərin ciddi olmaması görünsə də, həmin detalların yenisi ilə əvəz olunması məhz təhlükəsizlik baxımından əhəmiyyətli olmuşdur. Hesab edir ki, “xxxx” MMC tərəfindən verilən ##.##.2025-ci il tarixli, ***** nömrəli qüsur aktına əsasən dəymiş ziyan tam həcmdə təmin olunmalı idi. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş emişdir. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, hadisə nəticəsində avtobusa cüzi zərər dəymiş, dəvət etdiyi dəmirçi və malyar təmirin cəmi 500 manata başa gələcəyini bildirmiş, lakin İddiaçı MMC bununla razılaşmamış, əsassız olaraq yan yük yerinin qapısını və arxa qapının korpusu yeni detal qiyməti ilə ondan tələb etmişdir. Halbuki, işdə olan fotoşəkillərdən və mütəxəssis rəyindən də açıq aşkar görünür ki, həmin detallara cüzi zədə dəymiş, düzəldilməsi mümkün olmuşdur. Iddiaçı isə həmin detallara görə ondan 10000 manatdan çox pul tələb edir. O, hazırda 400 manat pensiya alır, maddi imkanı aşağıdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işə iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Ilkin olaraq qeyd edilməlidir ki, cavabdehin iddiaçı MMC-də sürücü vəzifəsində işləyərkən ##.##.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətməsi (işdə olan IXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və TP seriyalı ******* nömrəli ##.##.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh IXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə olunmuşdur), nəticədə idarə etdiyi, iddiaçıya məxsus “X8” markalı **-JH-*** d.q.n. avtobusa maddi ziyan dəyməsi işin mübahisə olunmayan hallarıdır. Mübahisəli hal dəymiş zərərin məbləği ilə bağlıdır. Belə ki, iddiaçı “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli qüsur aktına əsaslanaraq, cavabdehdən ümumilikdə 15467,17 manat zərər tələb etmiş, cavabdeh isə bununla razılaşmamış, zərərin məbləğinin kifayət qədər aşağı olmasını bildirmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı avtobusa dəymiş ziyanın obyektiv qiymətləndirilməsi üçün ekspertiza təyin edilmiş, “xxxx” MMC-nin ## ###### 2026-cı il tarixli **-***/** nömrəli mütəxəssis rəyinə əsasən - X8 markalı, **-JH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2300,0 manat müəyyən edilmişdir (ehtiyat hissələrinin qiyməti – 670 manat, əmək haqqı qiyməti – 1630 manat). Məhkəmə iclasında iştirak edən mütəxəssis X6 bildirmişdir ki, rəyi müdafiə edir, tərəflərlə əlaqə saxlanılmış, avtobus təmir olunduğundan baxışın keçirilməsi qeyri-mümkün olmuşdur. Təqdim edilən fotoşəkillərlə qiymətləndirilmə aparılmış, həmçinin bu sahədə fəaliyyət göstərən servis şirkətlərində monitoriq keçirilərkən müəyyən edilmişdir ki, müəyyən ehtiyyat hissələri təmir edilərək bərpa edilə bilər, yenisinin alınmasına zərurət olmamışdır. Qüsur aktında göstərilən bəzi detallar yararsız vəziyyətə düşməmiş, bərpa edilə bilən ehtiyyat hissələridir. Qapı sensorunun bəlkə də reallıqda görüb baxış keçirsələr işlək olduğu müəyyən edilə bilərdi. Birinci cədvəl ehtiyyat hissələri ilə bağlıdır, ikinci cədvəl işçi xərcləri ilə bağlıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfin zərər dəymiş ehtiyat hissələrinin təmir edilməsi deyil, bütövlükdə dəyişdirilməli olması ilə bağlı mövqeyi cavabdeh tərəfindən vurulmuş real həcmindən artıq məbləğdə zərərin əvəzinin ondan tutulması üçün əsas yaratmır. Bundan başqa, iddiaçı ehtiyat hissələrinin dəyişdirilməzsə təhlükəli ola biləcəyini qeyd etsə də, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi həmçinin mütəxəssis rəyinə əsaslanaraq iddiaçıya dəymiş maddi zərəri 2300 manat həddində müəyyən etmiş və həmin pul vəsaitinin cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Ilkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. MM-nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yuxarıda da qeyd edildiyi kimi, işdə olan sübutlarla cavabdehin təqsirli olaraq müvafiq yol-nəqliyyat hadisəsini (deliktin) törətməsi və nəticədə iddiaçının mülkiyyətində olan avtobusa zərər dəyməsi müəyyən olunur. Lakin zərərin əvəzinin ödənilməsi institutu zərərçəkmiş şəxsin pozulmuş əmlak vəziyyətinin bərpasına xidmət etməklə, zərərvuran şəxsin üzərinə faktiki vurulmuş zərərdən artıq maliyyə yükünün qoyulması vasitəsi kimi çıxış edə bilməz. Buna görə də iddiaçının avtobusun təmiri ilə əlaqədar müəyyən məbləği faktiki ödəməsi (halbuki, real ödənişlə bağlı məhkəməyə sübut təqdim edilməmişdir) həmin məbləğin avtomatik olaraq cavabdehin hərəkətləri nəticəsində vurulmuş zərərin həcmi kimi qəbul edilməsinə əsas vermir. Iş üzrə müəyyən edilməli olan hal iddiaçının təmir müəssisəsinə nə qədər vəsait ödəməsi deyil, yol-nəqliyyat hadisəsi nəticəsində avtobusa faktiki olaraq hansı həcmdə zərər dəyməsi və onun əvvəlki vəziyyətinin bərpası üçün obyektiv olaraq hansı xərclərin zəruri olmasıdır. Bu baxımdan birinci instansiya məhkəməsinin zərərin məbləğini müəyyən etmək məqsədilə xüsusi biliyə malik mütəxəssis cəlb etməsi və onu digər sübutlarla birlikdə qiymətləndirməsi əsaslı olmuşdur. Iddiaçının təqdim etdiyi qüsur aktı ilə mütəxəssis rəyi – işçilik (servis) haqqı hissədə analoji olmuş (fərq cəmi 8 manat təşkil etmiş) və mübahisə doğurmamış, ziddiyyət “ehtiyat hissələri” ilə bağlı hissədə yaranmışdır. Həmin hissədə iddiaçının əsas etirazı yan yük yerinin qapısının və arxa qapının korpusunun təmir edilməsinin deyil, yenisi ilə əvəz olunmasının zəruri olması ilə bağlı olmuşdur. Lakin iş materiallarında olan fotoşəkillər və mütəxəssisin rəyi həmin detalların hadisə nəticəsində tam yararsız vəziyyətə düşmədiyini, onların zədələnməsinin təmir-bərpa yolu ilə aradan qaldırılmasının mümkün olduğunu göstərir. Mütəxəssis məhkəmədə verdiyi izahatında da servis şirkətlərində aparılmış monitorinq nəticəsində müvafiq ehtiyat hissələrinin bərpasının mümkün olduğunu və yenisinin alınmasına zərurət olmadığını bildirmişdir. Iddiaçı isə həmin detalların dəyişdirilməməsinin nəqliyyat vasitəsinin təhlükəsiz istismarına mane olacağını bildirsə də, bu dəlili təsdiq edən texniki rəy, istehsalçı tələbi və ya digər mötəbər sübut təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsi baxımından belə zərurəti sübut etmək yükü məhz ona istinad edən iddiaçının üzərinə düşür. Buna görə iddiaçının öz seçimi ilə bərpası mümkün olan detalı yenisi ilə əvəz etməsi nəticəsində çəkdiyi əlavə xərcin bütövlükdə cavabdehin üzərinə qoyulması faktiki zərərin əvəzinin ödənilməsi prinsipinə uyğun hesab edilə bilməz. Bununla belə, qapı silindrinə münasibətdə işdə olan sübutların məcmusu fərqli nəticəyə gəlməyə əsas verir. Belə ki, yol-nəqliyyat hadisəsinin baş verməsi, avtobusun maneəyə çırpılması və nəticədə onun qapı hissəsində zədələrin yaranması mübahisə edilmir. Birinci instansiya məhkəməsi də qapı mexanizminə aid sensorun hadisə nəticəsində zədələnməsini qəbul etmişdir. Bu halda eyni konstruktiv sistem daxilində yerləşən qapı silindrinin zədələnməsi barədə “xxxx” MMC-nin qüsur aktında əks olunmuş məlumat ayrıca və digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməli idi. Qüsur aktında silindr zədələnmiş detal kimi göstərilmiş və onun dəyişdirilməsi üçün 485,92 manat xərc müəyyən edilmişdir. Hadisənin xarakteri, zərbənin avtobusun qapı hissəsinə təsiri və həmin mexanizmin digər elementi olan sensorun zədələnməsinin artıq müəyyən edilməsi qüsur aktında silindrlə bağlı göstərilən məlumatın hadisənin mexanizmi ilə uzlaşdığını göstərir. Digər tərəfdən, “xxxx” MMC-nin rəyi qapı silindrinin hadisə nəticəsində zədələnmədiyini müəyyən edən konkret texniki nəticə ehtiva etmir. Əksinə, mütəxəssisin izahatından görünür ki, avtobus artıq təmir olunduğundan ona bilavasitə baxış keçirilməsi mümkün olmamış, qiymətləndirmə əsasən təqdim edilmiş fotoşəkillər əsasında aparılmışdır. Mütəxəssis ayrı-ayrı detalların faktiki texniki vəziyyəti barədə də qəti nəticə bildirməmiş, məsələn, qapı sensorunun real baxış zamanı işlək olduğunun müəyyən edilə biləcəyini ehtimal formasında ifadə etmişdir. Bu səbəbdən həmin rəy qüsur aktında qapı silindrinin zədələnməsi barədə məlumatı təkzib edən üstün və qəti sübut kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin eyni qapı sisteminə aid sensor üzrə zərəri qəbul etdiyi halda, silindr üzrə qüsur aktındakı məlumatı hansı konkret sübuta əsasən qəbul etmədiyini göstərməməsi də gəldiyi nəticənin həmin hissədə kifayət qədər əsaslandırılmadığını göstərir. Beləliklə, qapı silindrinin hadisə nəticəsində zədələnməsi barədə qüsur aktındakı məlumat, yol-nəqliyyat hadisəsinin və qapı hissəsində zədələnmələrin mövcudluğunun müəyyən edilməsi, həmin mexanizmin digər elementi olan sensor üzrə zərərin qəbul olunması və mütəxəssis rəyində silindrin zədələnməsini istisna edən konkret texniki nəticənin olmaması qarşılıqlı əlaqədə qiymətləndirildikdə, silindrin dəyişdirilməsi üçün göstərilmiş 485,92 manatın hadisə ilə səbəbli əlaqədə olan real zərərin tərkibinə daxil edilməsi üçün kifayət qədər əsas mövcuddur. Buna görə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməli və cavabdehdən tutulmalı maddi zərərin ümumi məbləği 2785,92 manat (2300+485,92) müəyyən edilməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Avropa Insan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı, “X2rşı” iş üzrə ## ####### 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 384.0 və 384.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləği 2785,92 manat müəyyən olunmalı, qətnamə yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin qeyd olunmalıdır ki, qətnamənin dəyişdirilmiş hissədə məbləği mütənasiblik baxımından məhkəmə xərclərinə təsir göstərmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi, hazırki qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti cavabdeh üçün beş min manatdan azdır (485,92 manat), bu səbəbdən də cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI: Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(009)- ****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(009)- ****/**** saylı qətnaməsi dəyişdirilsin, cavabdeh Cavabdeh dəymiş maddi zərərə görə iddiaçı İddiaçı MMCnin xeyrinə tutulmalı olan maddi ziyanın məbləği 2785,92 (iki min yeddi yüz səksən beş manat, doxsan iki qəpik) manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən cavabdeh kassasiya şikayəti verə bilməz. Qətnamə iddiaçıya rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar