Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3189/2026 23.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması və digər” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 mərtəbəsi, qaraj 20 ünvanında yerləşən qeyriyaşayış sahəsinin elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulmasından faktiki imtinası və müraciətin cavabsız saxlanılmasının qanunsuz hesab edilməsi, cavabdehin üzərinə iddiaçıya məxsus qarajın qanunvericilikdə nəzərdə tutulmuş qaydada elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulması, bunun üçün zəruri texniki tədbirlərin görülməsi, texniki şərtlərin və qoşulma sənədlərin rəsmiləşdirilməsi öhdəliyinin qoyulması və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-98) ****/**** nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı X5 Agentliyinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert rəyi məhkəməyə təqdim edilənədək işin məhkəmə baxışına hazırlanması üzrə icrааtın dаyаndırılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-98) ****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən şikayət verilmiş, məhkəmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(5-98)-1869/2026 üzrə ##.##.2026-cı il tarixli qərardadının iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsi, iş üzrə icraatın davam etdirilməsi üçün mülki iş materiallarının Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması, cavabdeh “xxxx” ASC-dən iddiaçıya məxsus qarajın elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulmasından imtinanın konkret normativ və texniki əsasları, habelə həmin zirzəmi mərtəbədə yerləşən digər qarajların elektrik enerjisi ilə təmin edilib edilməməsi barədə məlumatların tələb edib araşdırılması barədə məhkəməyə göstəriş verilməsi, ekspertizaya real zərurət saxlanıldığı halda, ekspert qarşısında qoyulan sualların konkret texniki təhlükəsizlik normaları göstərilməklə dəqiqləşdirilməsi və eyni zirzəmi mərtəbədə yerləşən digər elektrikləşdirilmiş qarajlarla müqayisəli qiymətləndirmə aparılmasının təmin edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 1. mübahisənin mahiyyəti texniki yox, ilk növbədə hüquqi xarakter daşıyır. Iddia tələbi ondan ibarətdir ki, “xxxx” ASC-nin iddiaçıya məxsus Bakı şəhəri, ünvan 1 mərtəbəsi, qaraj 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulmasından faktiki imtinası və müraciətin cavabsız saxlanılması qanunsuz hesab edilsin, cavabdehin üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qoşulma, texniki şərtlərin və qoşulma sənədlərinin rəsmiləşdirilməsi öhdəliyi qoyulsun. Göründüyü kimi, iddia tələbinin əsas predmeti cavabdehin faktiki imtinasının və hərəkətsizliyinin qanuniliyi məsələsidir. Cavabdeh iddiaçının müraciətinə rəsmi, əsaslandırılmış, yazılı cavab verməmiş, konkret normativ hüquqi aktın, texniki norma və ya təhlükəsizlik qaydasının hansı müddəasına əsasən qoşulmanın mümkün olmadığını göstərməmişdir. Belə olan halda mübahisənin həlli üçün əvvəlcə cavabdehin imtinasının hüquqi əsaslarının olub-olmaması araşdırılmalıdır. Cavabdeh konkret təhlükəsizlik normasına istinad etmədən yalnız ümumi şəkildə “təhlükəsizlik” arqumenti irəli sürmüşdür. Ümumi və sübutsuz “təhlükəsizlik” iddiası əsasında iş üzrə icraatın dayandırılması mülki prosesin səmərəliliyi və hüquqi müəyyənlik prinsipi ilə uzlaşmır. 2. Qərardadda hansı təhlükəsizlik qaydasının pozulduğu göstərilməmişdir. Məhkəmə qərardadında qeyri-yaşayış sahəsinin zirzəmi mərtəbədə yerləşməsi ilə əlaqədar texniki və təhlükəsizlik risklərinin mövcud olub-olmamasının ekspertiza yolu ilə müəyyən edilməli olduğu qeyd edilmişdir. Lakin qərardadda: qoşulmanın hansı konkret texniki normaya zidd ola biləcəyi; hansı təhlükəsizlik qaydasının pozulması ehtimalının mövcud olduğu; cavabdehin bu barədə hansı rəsmi sənəd, akt, texniki rəy və ya normativ əsas təqdim etdiyi; yalnız zirzəmi mərtəbədə yerləşmənin özlüyündə elektrik enerjisinə qoşulmaya niyə maneə sayıldığı əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən ekspertiza yalnız xüsusi bilik tələb olunan sualların izah edilməsi üçün təyin edilə bilər. Bu norma məhkəməyə ekspertiza təyin etmək hüququ versə də, həmin hüquq formal və ümumi ehtimallar əsasında deyil, iş üçün həqiqətən zəruri olan halların mövcudluğu əsasında həyata keçirilməlidir. Hazırkı halda isə cavabdeh tərəfindən təhlükəsizliklə bağlı heç bir konkret sübut təqdim edilməmişdir. Məhkəmə qərardadında da konkret texniki təhlükəsizlik qaydasının adı, məzmunu və həmin qaydanın hazırkı obyektə tətbiq edilməsinin səbəbi göstərilməmişdir. 3. Zirzəmidə yerləşən digər qarajlarda elektrik enerjisinin olması mühüm hal kimi nəzərə alınmamışdır. Iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi zirzəmi mərtəbədə digər qarajlarda elektrik enerjisi mövcuddur. Bu hal iş üçün mühüm əhəmiyyət daşıyır. Əgər həmin zirzəmi mərtəbədə yerləşən digər qarajlar elektrik enerjisi ilə təmin olunmuşdursa, bu, aşağıdakı nəticələrə əsas verir: Birincisi, “xxxx” ASC həmin binanın zirzəmi mərtəbəsində yerləşən qarajların elektrik enerjisi təchizatı ilə bağlı işləri artıq həyata keçirmişdir. Ikincisi, zirzəmi mərtəbədə yerləşmə özlüyündə elektrik enerjisinə qoşulmaya mütləq qadağa və ya təhlükəsizlik maneəsi kimi qiymətləndirilə bilməz. Üçüncüsü, eyni zirzəmi sahəsində digər qarajlara elektrik verildiyi halda iddiaçıya məxsus qarajın elektrik şəbəkəsinə qoşulmaması ayrıseçkilik xarakteri daşıya bilər və cavabdehin bu fərqli yanaşmanı əsaslandırmaq öhdəliyi yaranır. Dördüncüsü, əgər təhlükəsizlik riski həqiqətən mövcuddursa, cavabdeh eyni zirzəmidə yerləşən digər elektrikləşdirilmiş qarajların hansı əsasla təhlükəsiz hesab edildiyini, iddiaçıya məxsus qarajın isə hansı fərqli texniki xüsusiyyətə görə təhlükəli sayıldığını izah etməlidir. Bu hallar məhkəmə tərəfindən qiymətləndirilmədən, cavabdehin ümumi və sübutsuz təhlükəsizlik arqumenti əsasında ekspertiza təyin edilməsi və icraatın dayandırılması əsaslı hesab edilə bilməz. 4. Cavabdehin sübutetmə yükü ekspertiza vasitəsilə iddiaçının üzərinə keçirilə bilməz. Cavabdeh iddiaçının obyektinin elektrik enerjisi şəbəkəsinə qoşulmasının təhlükəsizlik qaydalarına zidd olduğunu iddia edirsə, bunu sübut etməlidir. Cavabdeh konkret normativ aktı, texniki qadağanı, təhlükəsizlik riskini və həmin riskin nədən ibarət olduğunu məhkəməyə təqdim etməlidir. Hazırkı işdə isə cavabdeh yalnız şifahi və ümumi şəkildə təhlükəsizlik məsələsinə istinad etmişdir. Belə vəziyyətdə ekspertiza təyin edilməsi faktiki olaraq cavabdehin sübut etməli olduğu halların məhkəmə tərəfindən onun əvəzinə araşdırılması nəticəsini yaradır. Məhkəmə cavabdehdən əvvəlcə aşağıdakı sənədlərin təqdim edilməsini tələb edə bilərdi: iddiaçının müraciəti üzrə qəbul edilmiş rəsmi qərar və ya imtina məktubu; qoşulmadan imtinanın konkret texniki və normativ əsasları; təhlükəsizlik riskini təsdiq edən akt, rəy və ya texniki baxış sənədi; eyni zirzəmidə yerləşən digər qarajların elektrik enerjisi ilə təmin edilməsinə dair məlumat; iddiaçıya məxsus qarajın digər qarajlardan hansı texniki xüsusiyyətinə görə fərqləndiyinə dair əsaslandırma. Bu sənədlər tələb edilmədən və qiymətləndirilmədən iş üzrə icraatın ekspertiza rəyi alınanadək dayandırılması vaxtından əvvəl qəbul edilmiş prosessual qərardır. 5. Mütəxəssis cəlb edilməsi icraatın dayandırılmasından daha mütənasib prosessual vasitə idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 64-cü və 207-ci maddələri məhkəməyə zəruri hallarda mütəxəssis cəlb etmək imkanı verir. Hazırkı işdə məhkəmə iclasında mütəxəssisin izahatı alınmaqla, yaxud cavabdehdən texniki sənədlər tələb edilməklə məsələnin ilkin qiymətləndirilməsi mümkün idi. Ekspertiza və icraatın dayandırılması ən son zəruri prosessual vasitə kimi tətbiq edilməlidir. Xüsusilə iddia tələbinin mahiyyəti cavabdehin faktiki imtinasının və müraciəti cavabsız saxlamasının qanuniliyinə aid olduğu halda, işin bütövlükdə ekspert rəyi alınanadək dayandırılması iddiaçının hüquqlarının müdafiəsini gecikdirir.
6. Icraatın dayandırılması iddiaçının hüquqlarının müdafiəsini əsassız gecikdirir. Qərardadla ekspert rəyi təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Ekspertizanın keçirilməsi qeyrimüəyyən müddət çəkə bilər. Bu müddət ərzində iddiaçı qanuni mülkiyyətində olan qarajdan normal istifadə edə bilmir, elektrik enerjisi olmadığından işıqlandırma, təhlükəsizlik sistemi və digər zəruri funksiyaların təmin edilməsi mümkün olmur. Məhkəmə icraatının dayandırılması mübahisənin həllini lüzumsuz şəkildə uzadır. Halbuki hazırkı mərhələdə məhkəmə cavabdehdən imtinanın rəsmi və normativ əsaslarını tələb etməli, eyni zirzəmi mərtəbədə yerləşən digər qarajların elektrik enerjisi ilə təmin edilməsi halını araşdırmalı, yalnız bundan sonra ekspertizaya real zərurətin olub olmamasını müəyyən etməli idi. 7. Ekspert qarşısında qoyulan suallar da ümumi xarakterlidir. Qərardadda ekspert qarşısında qoyulan suallar əsasən “risk yaradırmı”, “təhlükəsizlik normalarına uyğundurmu”, “hər hansı təhlükə yaradırmı” kimi ümumi ifadələrdən ibarətdir. Lakin həmin sualların hansı konkret normativ təhlükəsizlik qaydaları üzrə cavablandırılmalı olduğu göstərilməmişdir. Ekspertə konkret normativ çərçivə verilmədiyi halda, ekspertiza hüquqi qiymətləndirməni texniki rəy adı altında əvəz edə bilər. Halbuki təhlükəsizlik qaydalarının hansı normativ aktda nəzərdə tutulduğu, həmin qaydaların hazırkı obyektə tətbiq edilib-edilməməsi və cavabdehin imtinasının həmin qaydalara əsaslanıb-əsaslanmadığı məhkəmə tərəfindən araşdırılmalıdır. Qərardadın iş üzrə icraatın dayandırılması hissəsi əsaslandırılmamışdır. Məhkəmə cavabdehin ümumi “təhlükəsizlik” arqumentinə əsaslanmış, lakin həmin təhlükəsizlik riskinin hansı konkret normaya əsaslandığını göstərməmiş, zirzəmidə yerləşən digər qarajlarda elektrik enerjisinin olması faktını nəzərə almamış, cavabdehin sübutetmə yükünü faktiki olaraq ekspertiza vasitəsilə əvəz etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1, 64, 167.1.9, 207, 255.0.5, 256.0.2 və 170.3-cü maddələrinin tələbləri baxımından iş üzrə icraatın dayandırılması yalnız həqiqətən zəruri olduğu halda tətbiq edilməlidir. Hazırkı işdə isə icraatın dayandırılması üçün yetərli əsas mövcud deyil. Iddiaçı İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- **)-****/**** saylı qərardadından verilmiş şikayət həmin məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Əvvəla kollegiya qeyd etməyi zəruri hesab edir ki, Məhkəmə kollegiyası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının bütövlükdə qanuniliyini deyil, yalnız həmin qərardadın iş üzrə icraatın dayandırılması ilə bağlı hissəsidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması haqqında qərardaddan şikayət verilə bilər. Mübahisəli qərardadda da tərəflərə yalnız iş üzrə icraatın dayandırılması hissəsindən şikayət vermək hüququ izah edilmişdir. Bu səbəbdən şikayətdə ekspertiza təyin edilməsinin ümumiyyətlə zəruri olmaması, ekspert qarşısında qoyulmuş sualların məzmunu, onların dəqiqləşdirilməsi, cavabdehdən əlavə sübutların tələb edilməsinin mümkünlüyü və məhkəmənin araşdırmanı hansı istiqamətdə aparmalı olması ilə bağlı irəli sürülmüş dəlillər hazırkı icraat çərçivəsində qiymətləndirilə bilməz. Həmin dəlillər ekspertiza təyin edilməsinin mahiyyətinə aid olub, davam edən məhkəmə araşdırması gedişində qiymətləndirilə biləcək məsələlərdir. Bununla belə kollegiya qeyd edir ki, hazırkı mübahisədə iddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı tələbində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin onun mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 mərtəbəsi, qaraj 20 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulmasından faktiki imtinası və müraciətin cavabsız saxlanılmasının qanunsuz hesab edilməsi, cavabdehin üzərinə iddiaçıya məxsus qarajın qanunvericilikdə nəzərdə tutulmuş qaydada elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulması, bunun üçün zəruri texniki tədbirlərin görülməsi, texniki şərtlərin və qoşulma sənədlərin rəsmiləşdirilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Cabvabdeh isə iddiaya etiraz edərək iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin zirzəmi mərtəbədə yerləşdiyini, bu səbəbdən sahənin elektrik enerjisi ilə təchiz edilməməsinin təhlükəsizliklə əlaqədar olduğunu iddia etmişdir. Göründüyü kimi mübahisənin düzgün həlli üçün obyektin elektrik şəbəkəsinə qoşulmasının texniki cəhətdən mümkün olub-olmaması, mövcud vəziyyətin təhlükəsizlik tələblərinə uyğunluğu və qoşulmanın hər hansı risk yaradıb-yaratmamasının müəyyən edilməsinə zərurət yaranmışdır. Qeyd edilən halların müəyyən edilməsi xüsusi bilik tələb edən məsələ olduğundan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə məhkəmə mühəndis-texniki ekspertizаsı təyin edərək iş üzrə icraatı dayandırmaqda haqlı olmuş, hər hansı bir prosessaul pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə ekspertiza təyin olunduqda iş üzrə icraatı dayandıra bilər. Prosessual Qanunvericiliyin tələbinə görə, qeyd olunan halda, iş üzrə icraatın dayandırılması ilə bağlı məhkəməyə hüquq verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 256.0.2-ci maddəsinə əsasən iş üzrə icraat ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılır. Kollegiya həmçinin hesab edir ki, məhkəmə düzgün olaraq MPM-in 172-ci maddəsində nəzərdə tutulan prosessual müddətlərə qənaət etmək məqsədilə iş üzrə icraatın dayandırılmasını məqsədə müvafiq hesab etmiş, MPM-nin 255.0.5-ci maddəsinin dispozitiv imkanını qiymətləndirməklə qanuni və əsaslı olaraq mülki iş üzrə icraatı dayandırmaq hüququndan istifadə etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, şikayət əsassız olmaqla birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.