Məhkəmə qərarları › İş №e-2(3-6)-3212/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3212/2026

14.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3212/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddia ərizəsində tələb olunub ki, mənəvi zərərin əvəzi kimi 20.000 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. Tələb onunla əsaslandırılıb ki, iddiaçı Ukrayna vətəndaşı olan cavabdeh cavabdeh2 tərəfindən uzunmüddətli, məqsədli və sistemli şəkildə həyata keçirilən təzyiq, böhtan və şantaj xarakterli hərəkətlərin qurbanı olmuşdur. Belə ki, cavabdeh bir müddət öncə iddiaçı ilə əlaqə saxlayaraq həyat yoldaşı Alina Vasilenko ilə münasibətləri barədə əsassız şübhələr irəli sürmüş və aralarındakı münasibətə dair video görüntülərin təqdim edilməsini tələb etmişdir. Iddiaçı dəfələrlə belə bir əlaqə və materialın mövcud olmadığını izah etməsinə baxmayaraq, cavabdeh əsassız iddialarını davam etdirərək tələbini yerinə yetirmədiyi halda bu barədə onun iş yerinə və digər qurumlara müraciət edəcəyini bildirmişdir. Bu yazışmalar açıq-aşkar təhdid və şantaj xarakteri daşıyır. Sonradan məlum olmuşdur ki, cavabdeh həyat yoldaşının şəxsi telefonuna qanunsuz müdaxilə edərək onun şəxsi yazışmalarını və şəkillərini əldə etmiş, həmin materialları təhrif edərək məktubla iddiaçının iş yerinə göndərmişdir. Həmin məktubda cavabdeh əsassız olaraq iddiaçının guya təhdid və psixoloji basqı etdiyini iddia etmişdir. X1 bu məsələ ilə bağlı rəsmi olaraq iddiaçının işlədiyi yerə məktub göndərmiş, bundan başqa, Nərimanov rayon 18-ci PB-də izahat verərək iddiaçı tərəfindən heç bir təhdid, təzyiq və ya qeyri-etik davranışın baş vermədiyini, bütün bu hərəkətlərin cavabdeh cavabdeh2 şəxsi qısqanclıq və emosional vəziyyətindən qaynaqlandığını bəyan etmişdir. Bundan başqa, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilmiş, araşdırma aparılmış və nəticədə cinayət tərkibi olmadığı təsdiqlənmişdir. Bununla yanaşı, təqdim olunan skrinşotlardan aydın görünür ki, cavabdeh cavabdeh2 qanunsuz hərəkətlərini həyata keçirərkən çalışdığı şirkətə – cavabdeh cavabdeh1 MMC-yə məxsus xidməti noutbukdan istifadə etmişdir. Bu hal onun şəxsi davranışlarını məhz işəgötürənin resursları vasitəsilə gerçəkləşdirildiyini sübut edir. Bu məsələ ilə bağlıcavabdeh1 MMC-yə rəsmi qaydada vəkil sorğusu göndərilmiş, iddiaçının özü tərəfindən müraciət edilmiş, lakin şirkət rəhbərliyi təqdim olunmuş müraciətə və vəkil sorğusuna cavab verməmiş, məsələ ilə bağlı hər hansı araşdırma aparmamış və işçinin davranışına dair tədbir görməmişdir. Şirkətin bu hərəkətsizliyi əməkdaşın xidməti avadanlıqlardan qanunsuz məqsədlərlə istifadəsinə şərait yaratmış, həmçinin onun nüfuzuna və iş şəraitinə vurulan ziyanın qarşısını almaq üçün zəruri tədbirlərin görülmədiyini göstərmişdir. Cavabdeh yalan, böhtan və təhqir olan fikirləri ilə şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsinə dair qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Bundan başqa, cavabdehin iddiaçını işlədiyi təşkilata əsassız şikayətlər etməsi nəticəsində iddiaçı bir ay işsiz qalmışdır. Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməyib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, həyat yoldaşı Alina Vasilenko ilə iddiaçının arasındakı münasibətlərdən xəbərdar olan cavabdeh cavabdeh2 iddiaçıya “Telegram” sosial şəbəkəsi vasitəsilə ##.##.2025-ci il tarixdə mesaj yazmış və tərəflər arasında həmin vaxtdan mübahisə yaranmışdır. Cavabdeh iddiaçıdan həyat yoldaşı ilə olan münasibətləri barədə soruşmuş, həmçinin həyat yoldaşı ilə olan videonu ona göndərməsini tələb etmiş və bildirmişdir ki, əgər videonu göndərsə məsələni bağlayacaq, əgər göndərməsə həyat yoldaşı ilə olan münasibətləri ictimailəşdirəcək, iddiaçının işlədiyi yerə də məktub yazacaq. Iddiaçı isə cavabdehə verdiyi cavablarında onun həyat yoldaşı ilə sadəcə dostluq münasibətləri olduğunu və heç bir video görüntünün olmadığını bildirmişdir. Bundan sonra, cavabdeh həyat yoldaşı ilə iddiaçı arasında olan münasibətlər barədə iddiaçının iş yerinə - “xxxx” QSC-nə məktub yazmışdır. Həmin məktubda cavabdeh həyat yoldaşı ilə iddiaçının arasında olan münasibəti ictimailəşdirmiş, həmçinin belə hərəkətlərə yol verən şəxsin pilot kimi məsul vəzifə tutmağa mənəvi haqqı olmadığını, onun davranışları və vəziyyətinin insanların təhlükəsizliyinə və həyatına birbaşa təhlükə yarada biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqularının müdafəsi haqqında” ##.##.2025-ci il tarixli qərarının 2.2.10-cu bəndində qeyd olunub: “Şəxsin barəsində tənqid, habelə qiymətləndirici fikir və mülahizə xarakterli məlumatlar və ya ifadələr onun şərəf və ləyaqətinin ləkələnməsinə səbəb olmadığından, bu əsasla şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələbləri istisna edilir. Belə məlumat və ya ifadələrin məzmununa qiymət verməmişdən əvvəl onların faktların təsvirini, yoxsa şəxsin məsələyə dair subyektiv qiymətləndirməsini ehtiva etməsinə diqqət yetirilməlidir. Belə ki, faktların təsviri məlumatların həqiqiliyinin sübuta yetirilməsini tələb etdiyi halda, qiymətləndirilmə sübutetməni tələb etmir”. Müəyyən olunur ki, cavabdeh cavabdeh2nın iddiaçının şərəfini və ya işgüzar nüfuzunu ləkələmək, yaxud ləyaqətini alçaltmaq niyyəti olmamışdır. Onun iddiaçının iş yerinə - “xxxx” QSC-nə göndərdiyi məktubda qeyd olunan məlumatlar tənqid, habelə qiymətləndirici fikir və mülahizə xarakterli məlumatlar olmuş, mübahisəli məsələyə dair cavabdeh cavabdeh2 subyektiv qiymətləndirməsini ehtiva etmişdir. Digər cavabdeh cavabdeh1 MMC ilə iddiaçının arasında hər hansı münasibət olmamışdır. Cavabdeh cavabdeh2nın yazışmalar zamanı cavabdeh1 MMC-yə məxsus noutbukdan istifadə etməsi cavabdeh1 MMC-nin iddiaçının qarşısında mənəvi zərərə görə məsuliyyətinin yaranması üçün əsas deyil. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar