Məhkəmə qərarları › İş №e-2(3-6)-3233/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3233/2026

01.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3233/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı Bankın nümayəndəsi Bankın adından cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 651,38 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 18,30 manat, öhdəliyin lazımi qaydada icra edilməməsinə – ödənilməli olan kredit borcunun vaxtında ödənilməməsinə görə hesablanmış dəbbənin (cərimənin) ödənilməsi məqsədi ilə 39,42 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, iddiaçı Bank ilə onun arasında ##.##.2025-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən illik 18 faiz dərəcəsi ilə və borcun hissə-hissə 7 ay ərzində aybaay qaytarmaq şərti ilə Bankdan 1.162 manat məbləğində kredit götürmüşdür. Cavabdeh, həmin borcun bir hissəsini Banka qaytarsa da, borcu tam bağlamamış, nəticədə onun Banka 651,38 manat məbləğində əsas, 18,30 manat məbləğində faiz borcu yaranmışdır. Cavabdeh qeyd edilən “Kredit müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyi üçün, Bank, “Kredit müqaviləsinin” şərtinə əsaslanaraq cavabdehə 39,42 manat məbləğində dəbbə borcu (cərimə) hesablamışdır. Bank, qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh, Banka olan borcu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi məhkəməyə müraciət etmək və bunun üçün dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Bank ilə cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 651,38 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 15,61 manat, öhdəliyin lazımi qaydada icra edilməməsinə görə hesablanmış dəbbənin (cərimənin) ödənilməsi məqsədi ilə 13,57 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28,80 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsini, iddia tələbinin qalan hissəsinin təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh, onunla iddiaçı Bank arasında bağlanmış ##.##.2025-ci il tarixli “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliyi müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə icra etməmişdir. Bankın hesablamalarına görə, öhdəliyin icra edilməməsi səbəbindən cavabdehin Banka 651,38 manat məbləğində əsas, 18,30 manat məbləğində faiz və 39,42 manat məbləğində dəbbə borcu yaranmışdır. Öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi aşkardır. Buna görə də, o, öhdəliyin icra edilməməsinə görə mülki məsuliyyət daşımalıdır. Buna baxmayaraq işin hallarından müəyyən edilir ki, öhdəliyin icra ediləməməsinə görə cavabdehin Banka olan əsas borcu 651,38 manat məbləğində olsa da, əsas borca hesablanmış faiz borcu 18,30 manat deyil, 15,61 manat məbləğində, cərimə borcu isə 39.42 manat deyil, 13,57 manat məbləğindədir. Buna görə də, iddia qismən təmin edilməli və məhkəmə baxışının nəticəsi ilə borcun məbləği kimi müəyyən edilmiş məbləğlər cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. c) apellyasiya şikayəti haqqında məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni faiz borcunun və cərimənin ondan iddiaçı Bankın xeyrinə tutulması hissəsində ləğv edilməsini və həmin tələblərin təmin edilməməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə, mübahisələndirilən hissədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, himayəsində 2 azyaşlı uşağı olan cavabdeh maddi durumu çətindir. Buna baxmayaraq o, müəyyən müddət ərzində “Kredit müqaviləsi” üzrə ödənişləri vaxtında həyata keçirsə də, sonradan işsiz qalması və maddi vəziyyətinin ağırlaşması səbəbindən ödənişləri əvvəlki qaydada davam etdirə bilməmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. d) apellyasiya baxışının hədləri haqqında məlumat

7. Hazırkı apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iddiaçı Bank qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

8. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh də, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. O, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin faiz borcunun və cərimənin ondan iddiaçı Bankın xeyrinə tutulması hissəsi ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, göstərilənləri və mübahisənin predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat

9. İddiaçı və cavabdeh Bankın nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da iddiaçı apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

10. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, MPMnin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, iddiaçı Bank ilə cavabdeh arasında ##.##.2025-ci il tarixdə bağlanmış “Kredit müqaviləsindən” görünür ki, cavabdeh həmin müqaviləyə əsasən illik 18 faiz dərəcəsi ilə və borcun hissə-hissə 7 ay ərzində aybaay qaytarmaq şərti ilə Bankdan 1.162 manat məbləğində kredit götürmüşdür.

13. İşdə olan sənədlərdən, o cümlədən apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh, həmin borcun bir hissəsini Banka qaytarsa da, borcu tam qaytarmamışdır.

14. Bankın təqdim etdiyi hesablamalardan, o cümlədən “Maliyyə arayışından” görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən cavabdehin Banka 651,38 manat məbləğində əsas, 18,30 manat məbləğində faiz və 39,42 manat məbləğində dəbbə borcu yaranmışdır.

15. Bank tərəfindən cavabdehə ünvanlanmış bildirişdən və iş materiallarından görünür ki, Bank, qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh, Banka olan borcu ödəməmişdir.

16. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

17. Lakin hazırki iş üzrə cavabdeh iddiaçı Banka kredit borcunun olmadığını ümumiyyətlə iddia etmir. O, qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, maddi durumu çətin olsa da, müəyyən müddət ərzində “Kredit müqaviləsi” üzrə ödənişləri vaxtında həyata keçirsə də, sonradan işsiz qalması və maddi vəziyyətinin daha da ağırlaşması səbəbindən ödənişləri əvvəlki qaydada davam etdirə bilməmişdir.

18. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdehin maddi durumunda yaranmış problemlərə görə kredit borcunun ödənilməməsi haqqında şərt tərəflər arasında razılaşdırılmamış, bu şərt “Kredit müqaviləsinə” daxil edilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, Mülki Məcəllədə də, belə bir müddəa yoxdur ki, borcalanın maddi durumunda problemin yaranması, onu, kreditor qarşısında üzərinə götürdüyü öhdəliyin icrasından, hazırkı halda isə hesablanmış faiz borcunun və tətbiq edilmiş dəbbənin ödənilməsindən azad etsin.

19. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır (maddə 405.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.). Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər (maddə 460.1.). Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər (maddə 465.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).

20. Qeyd edilən maddi hüquq normaların tələblərindən işin hallarına yanaşdıqda müəyyən edilir ki, Bank, cavabdehin onun qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən, cavabdehdən, əsas kredit borcuna hesablanmış faiz borcunun və öhdəliyin lazımi qaydada icra edilməməsi səbəbində hesablanmış dəbbənin tutulmasını tələb etməkdə, Rayon Məhkəməsi isə bu tələbi qismən təmin edərək, 15,61 manat məbləğində faiz borcunu, 13,57 manat məbləğində isə dəbbə pulunu tutmaqda haqlı olmuşlar. g) apellyasiya baxışının nəticəsi

21. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin gəldiyi nəticə qanuni, əsaslı və işin müəyyən edilmiş hallarına uyğundur. Apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yaratmır.

22. Məhkəmə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

23. Buna görə də, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

24. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

25. Odur ki, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar