Məhkəmə qərarları › İş №e-2(3-6)-3459/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3459/2026

18.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3459/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Fuad Abdıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Deputat Tomayevin iştirakı ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddia ərizəsində tələb olunub: 1) iddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında bağlanmış ##.##.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, bir ədəd “LG” TV-nin qiymətinin ödənilməmiş hissəsi kimi 1.326,84 manat, cərimə kimi 132,68 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun; 2) iddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında bağlanmış ##.##.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən, bir ədəd “Iphone” smartfonun qiymətinin ödənilməmiş hissəsi kimi 2.543,88 manat, Innovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun əvəzi kimi 23,6 manat, cərimə kimi 254,39 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun; 3) iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 62,82 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin edilsin, ##.##.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcun ödənilməmiş hissəsi kimi 1.326,84 manat, cərimə kimi 20 manat, ##.##.2025-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcun ödənilməmiş hissəsi kimi 2.543,88 manat, Innovativ Layihələr Mərkəzinə ödənilmiş rüsumun əvəzi kimi 23,6 manat, cərimə kimi 30 manat, hər iki müqavilə üzrə cəmi 3.944,32 manat, dövlət rüsumunun əvəzi kimi 59,44 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd edilsin. Cavabdeh Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Deputat Tomayev apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Işin faktiki halları birinci instansiya məhkəməsinin qətnaməsində müəyyən edildiyindən, hazırkı qətnamə isə eyni faktiki hallara əsaslandığından onların təkrar qeyd edilməsinə zərurət yoxdur. Müəyyən olunur ki, cavabdehin iddiaçının qarşısında iki alqı-satqı müqaviləsi üzrə vaxtı çatmış, lakin icra edilməmiş pul öhdəliyi var. Pul öhdəliyinin məbləği birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389, 425 və 567-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, mübahisələndirilən hissədə, yəni iddianın təmin edilməsinə aid hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar