Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3591/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “borc tələbinə” dair mülki iş üzrə aidiyyət məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 5.510 (beş min beş yüz on) manat həcmində borc məbləğinin və iddiaçı tərəfindən ödənilmiş 75.10 (yetmiş beş manat on qəpik) manat dövlət rüsumunun tutularaq, iddiaçı İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən həmin qərardad qəbul edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 40 və 44-cü maddələri rəhbər tutulmaqla tərəflər arasında bağlanmış sazişə istinad edilmişdir. Belə ki, Göygöl Rayon Məhkəməsi qeyd etmişdir ki, “iş üzrə tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli, ******** saylı borc müqaviləsinin 4.3-cü bəndindən göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddəsinin müddəasına əsasən tərəflər məhkəmə mübahisələrinin yerli məhkəmələrdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi, Kommersiya məhkəmə aidiyyətində isə Bakı Kommersiya Məhkəməsi olaraq razılığa gəlirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd edilən maddələrin tələblərindən göründüyü kimi, məhkəmədə aidiyyət məsələsi həll edilərkən həm mübahisənin tərəfləri, həm də mübahisənin predmeti və münasibətlərin xarakteri dəqiq müəyyənləşdirilməli, mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və hüquq sahəsinin prinsipləri rəhbər tutulmalıdır. Məhkəmə hesab etmişdir ki, iş üzrə tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli, ******** saylı borc müqaviləsinin 4.3-cü bəndinə əsasən mülki iş müqavilə aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir”. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadı ilə Göygöl Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən aidiyyətı üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığına münasibət bildirilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi isə qeyd etmişdir ki, “iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə mülki prosessual qanunvericiliyin 35.1-ci maddəsinə əsaslanmaqla, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Göygöl Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlanılmaqla icraata qəbul edilmişdir. Bundan sonra Göygöl Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadına əsasən tərəflərin vəsatətləri olmadan iddiaçı İddiaçı MMCnin cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Halbuki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Göygöl Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir və həmin məhkəmə işə baxılmasında səlahiyyətli idi. Məhkəmə tərəflər arasında bağlanmış müqavilədə məhkəmə mübahisəsinin aidiyyətini dəyişdirilməsinə əsaslansa da, iddia ərizəsi həmin müqavilənin tərəfi olan iddiaçı tərəfindən qanunauyğun formada Göygöl Rayon Məhkəməsinə verilmiş, qarşı tərəfin isə etirazı məhkəməyə daxil olmamışdır. Bununla yanaşı, qeyd edilməlidir ki, mülki prosessual qanunvericilikdə tərəflər arasında saziş ilə mübahisəli işin ərazi aidiyyətinin dəyişdirilmə imkanı nəzərdə tutulsa da, tərəflər arasında saziş olduğu təqdirdə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət edilməsini istisna edən hər hansı bir qadağanedici norma mövcud deyildir. Göstərilənləri və məhkəmələr arasında ərazi aidiyyəti ilə əlaqədar fikir ayrılığının olmasını nəzərə alaraq hesab etmişdir ki, Göygöl Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmiş mülki iş ərazi aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığına münasibət bildirilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir”. Məhkəmə Kollegiyası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. 40.4-cü maddəsinə əsasən mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. 44.1-ci maddəsinə görə aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2-ci maddəsində məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verilməsinin konkret əsasları göstərilmişdir. 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.4-cü maddəsinə görə bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə mülki prosessual qanunvericiliyin 35.1-ci maddəsinə əsaslanmaqla, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Göygöl Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlanılmaqla icraata qəbul edilmişdir. Bununla belə iş materiallarında olan tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli, ******** saylı borc müqaviləsinin 4.3-cü bəndindən göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddəsinin müddəasına əsasən tərəflər məhkəmə mübahisələrinin yerli məhkəmələrdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi, Kommersiya məhkəmə aidiyyətində isə Bakı Kommersiya Məhkəməsi olaraq razılığa gəlirlər. Göründüyü kimi tərəflər arasında saziş bağlanmaqla mübahisəli işin ərazi aidiyyətin müəyyən edilmişdir. Bununla belə hazırki iddia tələbi sazişdə qeyd edilən rayon məhkəməsinə deyil, Göygöl Rayon Məhkəməsinə verilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iddia ərizəsi aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyindən Göygöl Rayon Məhkəməsi düzgün olaraq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərara gəlmişdir. Çünki Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli olsa da həmin məcəllədə məhkəmənin öz icraatına qəbul etdiyi işin başqa məhkəməyə verilməsinin konkret əsasları göstərilmişdir. Həmin əsaslardan biri də iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilməsidir. İş materiallarından görünür ki, Göygöl Rayon Məhkəməsində hazırlıq iclasında həmin hallar müəyyən edilmiş və tərəflərin vəsatətinə zərurət olmadan mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda tərəflər arasında sazişlə mübahisənin məhkəmə aidiyyatı müəyyən edildiyindən, lakin iddia ərizəsi həmin sazişə uyğun olmayaraq başqa məhkəməyə verildiyindən, həmin məhkəmə də hazırlıq iclasında sazişə istinad etməklə mülki işi sazişdə müəyyən edilmiş məhkəməyə göndərdiyindən Məhkəmə Kollegiyası hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə düzgün olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərildiyindən həmin məhkəmədə də baxılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40, 44, 45, 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3591/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3591/2026
03.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver