Məhkəmə qərarları › İş №e-2(3-6)-3716/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3716/2026

21.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3716/2026 21.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, *(***)-****/**** saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş ## #### 2026-cı il tarixli qərardaddan İddiaçı İddiaçı İstehsalat Birliyinin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı irəli sürdüyü “vurulmuş maddi ziyanın əvəzinin və debitor borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Birlik həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Birlik tərəfindən eyni zamanda “buraxılmış prosessual müddətin bərpası barədə ərizə” ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin “Elektron məhkəmə” İnformasiya Sistemində təqdim edilməsi ilə bağlı məlumatlarda fərqli tarixlər əks olunmuş, sənəd istiqamətində ##.##.2026-cı il, bildirişdə isə ##.##.2026-cı il tarix göstərilmişdir. Birlik həmin uyğunsuzluğun texniki səbəbdən yarandığını, nəticədə apellyasiya şikayətinin verilməsi üçün müddətin cəmi bir gün buraxıldığını bildirərək həmin müddətin üzrlü hesab edilməsini və apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. “Prosessual müddətin bərpa edilməsi haqqında” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla ərizənin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ##.##.2026-cı il tarixli qətnamə iddiaçı Birliyə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetin vasitəsi ilə ##.##.2026-cı il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Buna görə apellyasiya şikayətinin verilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 360-cı maddəsində müəyyən edilmiş bir aylıq müddət ##.##.2026-cı il tarixdə başa çatmışdır. İddiaçı Birlik isə apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə vermiş və müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübut təqdim etməmişdir. Rayon Məhkəməsi, həmçinin bildirişdə başqa tarixin göstərilməsinin qətnamənin iddiaçı tərəfindən daha gec alındığını təsdiq etmədiyini, apellyasiya şikayətinin verilməsi müddətinin bildirişdə göstərilən tarixdən deyil, məhkəmə aktının rəsmi qaydada verildiyi tarixdən hesablandığını qeyd etmişdir. İddiaçı Birlik həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və buraxılmış prosessual müddətin bərpası məsələsinə onun göstərdiyi texniki uyğunsuzluq nəzərə alınmaqla hüquqi qiymət verilməsini xahiş etmişdir. Əsasları “prosessual müddətin bərpa edilməsi haqqında” ərizənin əsasları ilə eynilik təşkil edən şikayətdə əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi ərizənin dəlillərinə səhv qiymət vermişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş ##.##.2026-cı il tarixli qərardad ləğv edilməli və Birlik tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında” ərizəyə və qətnamədən verilmiş apellyasiya şikayətinin qəbul edilməsinə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in tələblərinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360.). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1.). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1.). Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir (maddə 133.2.). Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (maddə 133.3.). Məhkəmə qeyd edir ki, hazırkı halda iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsində göstərdiyi əsas dəlil ##.##.2026-cı il tarixli qətnamənin elektron qaydada təqdim edilməsi ilə bağlı “Elektron Məhkəmə” İnformasiya Sistemində fərqli tarixlərin əks olunmasıdır. Belə ki, iddiaçı sənəd istiqamətində ##.##.2026-cı il, bildirişdə isə ##.##.2026-cı il tarixinin göstərildiyini və bu fərqin texniki səbəbdən yarandığını bildirmişdir. Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli qərardadında qətnamənin iddiaçı Birliyin elektron kabinetinə ##.##.2026-cı il tarixdə təqdim edildiyini əsas götürərək apellyasiya şikayətinin verilməsi müddətinin ##.##.2026-cı ildə başa çatdığı nəticəsinə gəlmişdir. Bununla belə, iddiaçının istinad etdiyi ##.##.2026 və ##.##.2026-cı il tarixləri arasındakı uyğunsuzluğun hansı səbəbdən yarandığını, həmin uyğunsuzluğun “Elektron Məhkəmə” İnformasiya Sistemində baş vermiş texniki problemlə əlaqəli olub-olmadığını araşdırmamışdır. Halbuki buraxılmış prosessual müddətin bərpası məsələsinin düzgün həlli üçün iddiaçının müddətin buraxılmasına səbəb kimi göstərdiyi bu konkret hal araşdırılmalı, zərurət olduqda “Elektron Məhkəmə” İnformasiya Sisteminin müvafiq texniki məlumatları əldə edilməli və yalnız bundan sonra həmin səbəbin üzrlü olub-olmamasına hüquqi qiymət verilməli idi. Məhkəmə xüsusilə qeyd edir ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası tərəfindən “Elektron Məhkəmə” İnformasiya Sistemində aparılmış təkmilləşdirilmə işləri ilə bağlı cari ilin mart ayının sonundan, aprel ayının sonuna kimi “Elektron Məhkəmə” İnformasiya Sistemində həqiqətəndə müəyyən problemlər olmuş və bu hal Məhkəməyə bəllidir. İddiaçı Birliyin bildirdiyi texniki problemin mövcud olub-olmaması halı araşdırılmadan üzrlü səbəb olmadan Birlik tərəfindən prosessual müddətin ötürülməsini birmənalı demək mümkün deyil. Lakin işin materiallarından görünür ki, Rayon Məhkəməsi bu məsələnin araşdırılması ilə bağlı Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına müvafiq sorğu verməmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçı Birliyin şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və “buraxılmış prosessual müddətin bərpası barədə” iddiaçı tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslananan və MPM-nin 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı İstehsalat Birliyinin şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəsi tərəfindən qəbul edilmiş ## #### 2026 -cı il tarixli qərardad ləğv edilsin. İddiaçı İddiaçı İstehsalat Birliyinin Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli qətnamədən verdiyi apellyasiya şikayətinin qəbulu məsələsinə və Birlik tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpası haqqında” ərizəyə yenidən baxılması üçün iş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar