Məhkəmə qərarları › İş №e-2(3-6)-4044/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4044/2026

02.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4044/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X1 və Mərdanova Xumar Xanlar qızından ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 360948,16 manat əsas borc və 650,95 manat dövlət rüsumunun əvəzi, cavabdeh cavabdeh2 97251,06 manat faiz borcu və 97,25 manat dövlət rüsumunun əvəzi İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200 manat pulun cavabdeh cavabdeh2 alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh cavabdeh2 tərəfindən həmin qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa olunması barədə ərizə verilmişdir. Ərizə belə əsaslandırılmışdır ki, sözügedən mülki iş üzrə hüquqlarını vəkil-nümayəndə təmsil edirdi. Lakin, nümayəndə iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi xəbərini ona deyəndə, onunla mübahisə edərək xidmətlərindən imtina etdiyindən, qeyd olunan iş üzrə çıxarılmış məhkəmə qətnaməsindən xəbərsiz olmuşdur. ##.##.2026-cı il tarixdə rəsmi ərizə ilə məhkəməyə müraciət edib qətnamənin surətini almışdır. Bütün bunlara əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin ##.##.2026- cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddəti üzrlü səbəbdən buraxıldığı üçün prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətini qəbul edərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə ərizənin təmin edilməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan cavabdeh cavabdeh2 verdiyi şikayət Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 135.6-ci maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki Prosessual Məcəlləyə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Hazırki işin hallarına görə məhkəmə qətnaməsi cavabdeh cavabdeh2 vəkil və nümayəndəsi olmuş vəkil2 elektron kabinetinə ##.##.2026-cı il tarixdə, saat 15:30-da yerləşdirilmiş, daha sonra isə cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə ərizə verilərək məhkəmə qətnaməsinin ona təqdim edilməsi xahiş edilmiş və həmin tarixdə də məhkəmə qətnaməsi məhkəmə qəbzinə rəsmi qaydada imza edilməklə qəbul edilmişdir. Bundan sonra cavabdehin vəkili-nümayəndəsi vəkil1 elektron kabineti vasitəsilə cavabdehin adından ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi qətnamə ##.##.2026-cı il tarixdə cavabdehin nümayəndə-vəkilinin elektron kabinetinə yerləşdirilməklə rəsmi qaydada təqdim edilmiş, qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət ##.##.2026-cı il tarixdə bitmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixdə verilmiş, beləliklə qətnamədən şikayət verilməsi üçün nəzərədə tutulmuş prosessual müddət ötürülmüşdür. Kollegiya qeyd edir ki, cavabdehin məhkəmə qətnaməsini sonradan təkrar əldə etməsi müvafiq prosessual müddətlərin yoxlanılmasını aradan qaldırmır. Cavabdeh müddəti ötürməsini onu mülki işdə təmsil edən nümayəndə-vəkilinin hüquqi xidmətlərindən imtina etməsi, bu səbəbdən məhkəmə qətnaməsindən məlumatsız olması ilə əsaslandırmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, N° 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.” Kollegiya hesab edir ki, cavabdeh müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Sabit Bəhrəmzadə Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar