Məhkəmə qərarları › İş №e-2(3-6)-4262/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4262/2026

14.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4262/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh3 MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3 MTK-na, cavabdeh2 və cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e- *(***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə təmin edilmiş, cavabdehlər cavabdeh3 MTK, cavabdeh2 və cavabdeh1 müştərək qaydada **-**-**-****-TN-BP nömrəli, ##.##.2016-cı il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 178139,59 manat, faiz borcu üzrə pretenziya məktubunun göndərilmə tarixinə qədər (illik 8%) 26836,78 manat və pretenziya məktubunun göndərilmə tarixindən sonra gecikdirilmiş vaxt üçün (illik 5%) 22242,47 manat olmaqla, cəmi 227.218,84 (iki yüz iyirmi yeddi min iki yüz on səkkiz manat səksən dörd qəpik) manat kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 46,45 (qırx altı manat qırx beş qəpik) manat məbləğində rüsum və xidmət haqqı, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 519,82 (beş yüz on doqquz manat səksən iki qəpik) manat və məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri kimi ödənilmiş 250 (iki yüz əlli) manat tutularaq, iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka müqaviləsinə əsasən cavabdeh cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 73, mənzil 179 Yeni qaydalarla: AZ1078, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 124 kv.m ibarət yaşayış sahəsinə (Qeydiyyat nömrəsi: 1121043494, qeydiyyat tarixi: ##.##.2021-ci il, yüklü edilən əmlakın reyestr nömrəsi: 007011004673-05301-093061) yönəldilməsi, əmlakın ilkin satış qiyməti (likvid dəyəri) 286.000 (iki yüz səksən altı min) manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunan vəsaitin kredit borcunun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq İddiaçı ASC-nə ödənilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 300 (üç yüz) manat cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 Mənzil Tikinti Kooperativindən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına Az.MEM, VÖEN ********** AZ34CTRE00000000000002088501, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodunun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilən vəsait ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ ipoteka predmetinin mülkiyyətçisi cavabdeh cavabdeh1 qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh cavabdeh3 MTK apellyasiya şikayəti vermiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-*)-****/**** saylı qərardadına əsasən, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin *(***)-**/**** saylı işi üzrə ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 MTK tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, mülki iş ##.##.2026-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh3 MTK tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh cavabdeh3 MTK tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Əlavə 2-də göstərilmiş formaya tam uyğun şəkildə verilmişdir. Şikayətin digər dəlilləri isə mahiyyət etibarilə ##.##.2026-cı il tarixli qətnamənin düzgünlüyünə yönəlmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, xxxx ASC-nin cavabdeh3 MTK və digər cavabdehlərə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası üzrə ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh3 MTK tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə qeyrimümkün hesab edilməsi və apellyasiya şikayətinə Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələbləri baxımından qiymət verilməsi üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş ##.##.2026-cı il tarixdə birinci instansiya məhkəməsinə daxil olduqdan sonra apellyasiya şikayətinin prosessual tələblərə uyğunluğu yoxlanılmış və ##.##.2026-cı il tarixli qərardadla şikayət geri qaytarılmışdır. Apellyasiya şikayətinin geri qaytarılmasının prosessual əsası ondan ibarət olmuşdur ki, onun məzmunu və forması Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində müəyyən edilmiş tələblərə tam uyğun deyildir. Birinci instansiya məhkəməsi şikayətdə, o cümlədən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş halların sübut edilməməsi, qətnamə nəticələrinin işin hallarına uyğun gəlməməsi, yeni sübutların və onların təqdim edilməsinin əsaslandırılması kimi qanunla tələb olunan məlumatların müvafiq qaydada əks etdirilmədiyi qənaətinə gəlmişdir. Bu dəlil ilə bağlı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayətində yalnız şikayət verən şəxsin və mübahisələndirilən məhkəmə aktının müəyyən edilməsi kifayət etmir. Qanun şikayətin məzmununa konkret tələblər müəyyən etməklə, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasların, istinad etdiyi konkret fakt və halların və onları təsdiq edən sübutların göstərilməsini, habelə digər zəruri məlumatların şikayətdə əks etdirilməsini tələb edir. Cavabdeh cavabdeh3 MTK tərəfindən verilmiş şikayətin birinci dəlilində apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə Əlavə 2-də müəyyən edilmiş formaya tam uyğun olduğunu bildirir. Lakin apellyasiya şikayətinin müəyyən edilmiş forma üzrə tərtib edilməsi həmin şikayətin Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində nəzərdə tutulmuş bütün məzmun tələblərinə əməl olunması anlamına gəlmir. Forma üzrə sənəddə müvafiq başlıqların və ya bölmələrin mövcudluğu ilə yanaşı, həmin bölmələrdə qanunun tələb etdiyi məlumatların konkret və aydın şəkildə ifadə olunması da zəruridir. Bu baxımdan, cavabdehin yalnız şikayətin Əlavə 2 formasında tərtib edildiyinə istinad etməsi birinci instansiya məhkəməsinin müəyyən etdiyi prosessual çatışmazlıqları aradan qaldırmır. Şikayətin digər dəlilləri isə mahiyyət etibarilə ##.##.2026-cı il tarixli qətnamənin düzgünlüyünə yönəlmişdir. Kollegiya bu dəlil ilə əlaqədar bildirir ki, kredit üzrə edilmiş ödənişlərin nəzərə alınmaması, kredit müddətinin başa çatmaması, vaxtından əvvəl bütün borcun tələb edilməsinin mümkünlüyü, ekspert rəyi ilə məhkəmənin müəyyən etdiyi məbləğ arasındakı fərq və faizlərin hesablanması ilə bağlı mülahizələr qətnamənin mahiyyəti üzrə mübahisələndirilməsinə aiddir. Şikayətçi bu məsələlər üzrə öz mövqeyini apellyasiya şikayətində ifadə edə bilər. Lakin həmin dəlillər ##.##.2026-cı il tarixli qərardadın, yəni apellyasiya şikayətinin prosessual tələblərə uyğun olmaması səbəbindən geri qaytarılması barədə məhkəmə aktının qanunsuzluğunu özlüyündə təsdiq etmir. Başqa sözlə, hazırkı mərhələdə Məhkəmə Kollegiyasının araşdırmasının predmeti ##.##.2026-cı il tarixli qətnamənin maddi hüquq normalarına uyğunluğu deyil, həmin qətnamədən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin müəyyən etdiyi forma və məzmun tələblərinə cavab verib-verməməsidir. Bu səbəbdən kredit üzrə ödənişlərin həcmi, kredit müqaviləsinin müddəti, faizlərin hesablanmasının düzgünlüyü və ekspert rəyinin qiymətləndirilməsi ilə bağlı dəlillərin hazırkı şikayətin təmin edilməsi üçün əsas kimi qəbul edilməsi mümkün deyildir. Şikayətin ipoteka predmetinin ər-arvadın ümumi birgə mülkiyyətində olması, cavabdeh1 həyat yoldaşının işə cəlb edilməməsi və bunun nəticəsində onun hüquqlarının pozulması barədə dəlillər də birbaşa ##.##.2026-cı il tarixli qətnamənin mahiyyəti və apellyasiya instansiyasında onun yoxlanılması ilə bağlıdır. Məhkəmə Kollegiyası hesab edir ki, bu arqumentlərin mövcudluğu apellyasiya şikayətinin prosessual formada təqdim edilməsi üçün qanunla tələb olunan məlumatların tam və lazımi qaydada göstərildiyini təsdiq etmir. Həmçinin Məhkəmə Kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə istinad edilməsi də hazırkı şikayətin nəticəsini dəyişmir. Həmin norma birinci instansiya məhkəməsinin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni həll etməsi halında qətnamənin ləğv edilməsinin mümkünlüyü ilə bağlıdır. Halbuki, hazırda Məhkəmə Kollegiyasının qarşısında duran məsələ birinci instansiya qətnaməsinin həmin əsasla ləğv edilib-edilməməsi deyil, həmin qətnamədən verilmiş apellyasiya şikayətinin qəbul edilə bilən prosessual formada olub-olmamasıdır. Şikayətin bu arqumenti də mahiyyəti üzrə apellyasiya baxışının predmeti ola biləcək məsələni təşkil etdiyindən, ##.##.2026-cı il tarixli qərardadın qanunsuzluğu nəticəsinə gəlmək üçün əsas vermir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində nəzərdə tutulmuş digər məzmun tələblərinə də cavab vermədiyini müəyyən etmişdir. Buna görə şikayətçinin tələbinin şikayətin sonrakı hissəsində ifadə olunması, digər prosessual çatışmazlıqların mövcudluğunu aradan qaldırmır. Eyni zamanda, cavabdehin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2009-cu il tarixli qərarına və Mülki Prosessual Məcəlləsinin məhkəmə aktlarının forması və qərardaddan şikayət verilməsi qaydasını tənzimləyən müddəalarına istinadı da fərqli nəticəyə səbəb ola bilməz. Çünki həmin normalar məhkəmə aktının forma və məzmununa, habelə ondan şikayət verilməsi imkanına dair ümumi prosessual qaydaları müəyyən edir. Bu normalardan apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin konkret tələblərinə əməl edilmədən qəbul edilməli olması nəticəsi çıxmır. Nəzərə alınmalıdır ki, apellyasiya icraatının başlanması üçün apellyasiya şikayətinin qanunla müəyyən edilmiş forma və məzmun tələblərinə cavab verməsi mühüm prosessual şərtdir. Bu tələblər formal xarakter daşımır. Onların məqsədi apellyasiya instansiyası məhkəməsinin hansı məhkəmə aktının hansı hissəsindən, hansı konkret faktiki və hüquqi əsaslarla şikayət verildiyini aydın müəyyən edə bilməsini və məhkəmə baxışının hədlərinin düzgün formalaşdırılmasını təmin etməkdir. Beləliklə, şikayətçinin irəli sürdüyü dəlillər ##.##.2026-cı il tarixli qərardadın qanunsuzluğunu və əsassızlığını təsdiq etmir. Əksinə, şikayətin məzmunundan onun əsas hissəsinin birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsinin mahiyyəti üzrə mübahisələndirilməsinə yönəldiyi, lakin həmin dəlillərin apellyasiya şikayətinin prosessual tələblərə uyğunluğunu müəyyən edən məsələdən fərqləndirilməli olduğu müəyyən olunur. Bu baxımdan, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə uyğunluğunu düzgün qiymətləndirmiş, həmin çatışmazlıqlar nəzərə alınmaqla şikayətin geri qaytarılması barədə əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin geri qaytarılması Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsində nəzərdə tutulmuş prosessual qaydaya uyğun həyata keçirildiyindən, ##.##.2026-cı il tarixli qərardadın ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Qeyd olunanlara əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Cavabdeh cavabdeh3 MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(***)-**/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar