Məhkəmə qərarları › İş №e-2(3-6)-442/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-442/2026

02.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(3-6)-442/2026 02.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-193/2026 nömrəli 14 fevral 2026-cı il tarixli qərardadına əsasən mübahisəli aidiyyat məsələsinin müəyyənləşdirilməsinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi ziyanın əvəzinin tutulması məqsədilə 20.775 (iyirmimin yeddi yüz yetmiş beş) manat əsas borc məbləğinin, iddia ərizəsinin hazırlanması üçün hüquqi yardım müqabilində ödənilmiş 320 (üç yüz iyirmi) manat vəkil haqqının, məhkəməyə ödənilmiş 154 (bir yüz əlli dörd) manat dövlət rüsumunun, ümumilikdə 21.249 (iyirmi bir min iki yüz qırx doqquz) manat məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi 2(033)-1393/2025 nömrrəli 16 oktyabr 2025-ci il tarixli qərardadı ilə Zaqatala Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Cavabdeh işin baxılma yerinin dəyişdirilməsi barədə xx.xx.2025-ci il tarixdə vəsatətlə müraciət edərək, təqdim edilmiş yaşayış yeri arayışını, məsafə fərqini, maddi və fiziki çətinlikləri, həmçinin iddiaçının da faktiki Bakı şəhərində yaşamasını nəzərə alaraq, Mülki Prosessual Məcəllənin 32-ci və 33-cü maddələrinə əsasən, işin baxılma yerinin dəyişdirilməsi və işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil da ərizə ilə müraciət edərək, mülki işin Bakı şəhəri Yasamal rayon məhkəməsinə baxılması üçün göndərilməsini xahiş etmişdir. Zaqalara Rayon Məhkəməsinini 2(033)-1393/2025 nömrəli 19 dekabr 2025-ci il tarixli qərardadı ilə (hakim Zərifə Məmmədova) İddiaçı Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki işin ərazi aidiyyəti üzrə baxılması ücün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(5-004)-193/2026 nömrəli 14 yanvar 2026-cı il tarixli qərardadı ilə mülki iş aidiyyət məsələsi müəyyənləşdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsini Zaqatala Rayon Məhkəməsinə cavabdehin qeydiyyatda olduğu ünvan üzrə təqdim etdiyindən və məhkəmə tərəfindən də, iddia ərizəsi aidiyyət qaydaları pozulmadan icraata qəbul edildiyindən, məhkəmə mulki işin MPM-nin 40.2, 40.3-cü maddələrinə istinad edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 40-cı maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir (maddə 40.1). Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır (maddə 40.2). Saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər (maddə 40.3). Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz (maddə 40.4). Hazırki iş üzrə iddiaçının tələbi “borcun tutulması” barədə olmaqla müstəsna aidiyyət qaydalarının tətbiq olunduğu iddia tələblərlinə aid deyil. İş materiallarından da göründüyü kimi, Cavabdeh işin baxılma yerinin dəyişdirilməsi barədə xx.xx.2025-ci il tarixdə vəsatət vermiş, iddiaçının nümayəndəsi-vəkili da ərizə ilə müraciət edərək mülki işin baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Göründüyü kimi, iş üzrə iddiaçı və cavabdeh Zaqatala Rayon Məhkəməsində hazırlıq iclası keçirilənədək vəsatətlə müraciət edərək, mülki işin baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərməsini xahiş etmişlər. Kollegiya hesab edir ki, tərəflərin hərəkəti MPM-nin 40.3-cü maddəsində ifadə olunan işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə sazişi ehtiva etdiyindən, işə Yasamal Rayon Məhkəməsində baxılmalıdır. MPM-in 45-ci maddəsinə müvafiq olaraq bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göstərilənlərə əsasən və MPM-in 45, 397-398, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar