Məhkəmə qərarları › İş №e-2(3-7)-1033/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1033/2026

06.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1033/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı “xxxx” KB ASC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, iddiaçı ilə cavabdeh Cavabdeh arasında ##.##.2022-ci il tarixli ərizə-anket və imza nümunəsi imzalanmaqla, cavabdeh Cavabdeh «xxxx» KB ASC-nin rəsmi internet səhifəsində (https://www.leobank.az) yerləşdirilmiş ##.##.2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. ##.##.2021-ci il tarixli Bank xidmətlərinin təqdim edilməsinə dair müqavilənin (ümumi ofertanın) şərtlərinə əsasən «xxxx» KB ASC tərəfindən cavabdeh Cavabdeh bank hesabı açılmış və onun əsasında debet (hesab) kartı (4098 **** 8298) təqdim edilmişdir. Cavabdeh Cavabdeh istifadəsində olan həmin kartdan artıq məbləğlər istifadə etmiş və onun 1244951 manat kredit (overdraft) borcu yaranmışdır. Yaranmış borca ##.##.2026-cı il tarixədək Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi 6,75 faiz bank uçot dərəcəsi ilə hesablanmaqla 15425,45 manat faiz hesablanmışdır. Tələb edilməsinə baxmayaraq cavabdeh Cavabdeh borcunu ödəmədiyini qeyd etməklə cavabdeh Cavabdeh 1244951 manat kredit (overdraft) borcu, həmin məbləğə ##.##.2026-cı il tarixədək bank uçot dərəcəsi ilə hesablanmış 15425,45 manat faiz borcunun və ödənilmiş dövlət rüsumunun əvəzində 1420,19 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində hazırki mübahisə ilə əlaqədar yekun akt qanuni qüvvəyə minənə qədər iddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbi barədə *(*-***)-***/**** saylı mülki işin icraaatı dayandırılmışdır. İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi Nümayəndə Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından ##.##.2026-cı ildə elektron kabinet vasitəsi ilə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə icraatın dayandırılması Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2004-cü il tarixli qərarındakı mövqeyə tamamilə zidd olmuşdur. Qeyd olunan qərardakı hüquqi mövqeyə əsasən, ibtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz. Göstərilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Prosessual Məcəllənin 254.1.4cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)- ***/**** saylı qərardadı tam ləğv edilməli və iddiaçı “xxxx” KB ASC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. İşə baxan məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində hazırki mübahisə ilə bağlı cinayət işi olduğundan həmin iş üzrə yekun akt qüvvəyə minənə qədər Ağdam Rayon Məhkəməsinin icraatında olan hazırki iş üzrə icraat dayandırılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 254-cü maddəsində məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi və 255-ci maddədə məhkəməyə belə hüququ verən konkret hallar müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 254.1.4-cü maddəsində qeyd edilir ki, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 256.0.3-cü maddəsinə əsasən, iş üzrə icraat bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, qərardadı qüvvəyə minənə qədər dayandırılmalıdır. “Azərbayacan Respublikasının MPM-in 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Qanunvericiliyin mənasına görə, işə baxılmanın mümkün olmaması dedikdə, başqa bir işdə icraatı dayandırılmış mülki iş üçün preyudisial əhəmiyyəti olan hər hansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülür. Preyudisial əhəmiyyəti olan həmin faktlar mülki icraat qaydasında baxılan iş üzrə araşdırma predmeti olan və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. Göründüyü kimi, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işin icraatının dayandırılması qanunauyğun deyil. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 254-256, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadından iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qərardadı tam ləğv edilsin. İddiaçı “xxxx” KB ASC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün iş Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar