Məhkəmə qərarları › İş №e-2(3-7)-1187/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-1187/2026

31.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-1187/2026 31.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması”) Hakimlər X7 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “yanlış ödənilmiş sığorta ödənişin geri alınması tələbi barədə” iddiasına dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən görünür ki, “Lexus” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2024-cü il tarixində PME********** saylı müqavilə ilə İddiaçı ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin №*** nömrəli ekspert rəyinə əsasən, Cavabdeh bədənində aşkar edilmiş xəsarət- təpə nahiyəsinin səthi əzilmiş yarası- küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti ##.##.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmiş, eyni zamanda döş qəfəsinin KT müayinəsi zamanı döş qəfəsinin sol tərəfində IV-V-VI qabırğalarda köhnə bitişmiş sınıqlar müəyyən edilmiş, bu xəsarətlər bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətlərinin müəyyən edilməsinin mümkün olmadığı sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli xəsarətlərə aid edildiyi ekspert rəyində öz əksini tapmışdır.

3. Gəncə şəhər BPİ tərəfindən tərtib edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarın sürətindən görünür ki, yol-nəqliyyat hadisəsi törətmiş təqsirkar sürücü X1 hadisə nəticəsində xəsarət alan X2 ilə barışdığından sürücü X1 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir.

4. ##.##.2025-ci il tarixli Sığorta ödənişi aktından görünür ki, İddiaçı ASC tərəfindən az-ağır dərəcəli xəsarət almış Cavabdeh dəymiş zərərə görə 1500 azn məbləğində köçürülmə yolu ilə sığorta ödənişi edilmişdir.

5. ##.##.2025-ci il tarixli ödənişdən görünür ki, RABİTƏ BANK ASC-nin Baş ofisindən Cavabdeh məxsus “xxxx” ASC AZ**NABZ******************** saylı kart hesabına 1500.00 manat məbləğində vəsait köçürülmüşdür.

6. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ASC tərəfindən 1500 (bir min beş yüz) manat yalnış ödənilmiş sığorta ödənişinin 3 (üç) iş gün müddətində İddiaçı ASC-nin bank hesabına ödənilməsi, ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

7. X9 ##.##.2025-ci il tarixli döş qəfəsinin rentgenoqrafiyasına (ön-arxa; bir proyeksiyalı) dair rəydən görünür ki, Cavabdeh döş qəfəsinin iki proyeksiyada R-qrammasında sol XI qabırğanın sınığı qeyd olunur. Yerdəyişmə yoxdur.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun hesabına ödənilmiş 1500 (bir min beş yüz) manat, 35,40 (otuz beş manat, qırx qəpik) manat dövlət rüsumu, ümumilikdə 1535,40 (bir min beş yüz otuz beş manat, qırx qəpik) manatın tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-də PME********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmış, X1 idarə etdiyi “Lexus” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ##.##.2025-ci il tarixində Gəncə şəhəri ərazisində hərəkət edən zaman yol-hərəkəti qaydalarını pozmuş, nəticədə Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, həmin avtomobilin sürücüsü Cavabdeh sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət, sərnişin qismində olan X2 isə az ağır dərəcəli xəsarət yetirilmişdir. Yuxarıda qeyd olunan hadisə ilə bağlı Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində tərtib olunmuş“cinayət işi başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirkar şəxs “Lexus” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü X1 müəyyən olunmuşdur. Gəncə şəhər BPİ tərəfindən tərtib edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərara və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin №*** nömrəli ekspert rəyinə əsasən, Cavabdeh bədənində aşkar edilmiş xəsarət- təpə nahiyəsinin səthi əzilmiş yarası- küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti ##.##.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. Eyni zamanda döş qəfəsinin KT müayinəsi zamanı döş qəfəsinin sol tərəfində IV-V-VI qabırğalarda köhnə bitişmiş sınıqlar müəyyən edilmişdir. Bu xəsarətlər bərk küt əşyanın təsiri nəticəsində əmələ gəldiyi, əmələ gəlmə müddətlərinin müəyyən edilməsinin mümkün olmadığı sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli xəsarətlərə aid edildiyi ekspert rəyində öz əksini tapmışdır. Lakin ##.##.2025-ci il tarixdə baş vermiş sığorta hadisəsinin tənzimlənməsi zamanı yol verilmiş diqqətsizlik nəticəsində sığorta hadisəsi ilə əlaqəsi olmayan az ağır dərəcəli bədən xəsarətinə görə Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Nəticə etibarilə, iddiaçı Cəmiyyət tərəfindən Cavabdeh hesabına ödənilmiş 1500 (bir min beş yüz) manat ödənişin heç bir hüquqi əsası olmamışdır. Odur ki, belə olan təqdirdə, cavabdeh Cavabdeh hesabına ödənilmiş 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini Cəmiyyətə geri qaytarmaq öhdəliyi yaranmışdır. Qeyd edirlər ki, sözügedən məsələ ilə bağlı cavabdehlə əməkdaşları tərəfindən telefon zəngi vasitəsilə əlaqə saxlanılmış, ##.##.2025-ci il tarixdə pretenziya xarakterli məktub göndərilmiş, lakin Cavabdeh tərəfindən Cəmiyyətə heç bir ödəniş edilməmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi Cavabdeh barəsində tərtib edilmiş məhkəmə-tibbi ekspertiza rəyinə əsasən, müəyyən edilmiş az ağır dərəcəli xəsarətlərin ##.##.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqəsi olmadığından, cavabdehə verilmiş sığorta ödənişinin heç bir hüquqi əsası olmamışdır. Nəticə etibarilə, cavabdeh Cavabdeh Cəmiyyətdən aldığı1500 (bir min beş yüz) manat ödənişin heç bir hüquqi əsası olmamışdır. Odur ki, o, əsassız varlanmış şəxs hesab olunmalıdır.

10. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ş.Ə.Məmmədova) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh onun hesabına ödənilmiş 1500 (bir min beş yüz) manat, 35,40 (otuz beş manat, qırx qəpik) manat dövlət rüsumu alınıb iddiaçı İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab etmişdir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, X1 idarə etdiyi “Lexus” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ##.##.2025- ci il tarixdə Gəncə şəhəri ərazisində hərəkət edən zaman yol-hərəkəti qaydalarını pozmuş, nəticədə Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Prius” markalı, ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymiş, həmin avtomobilin sürücüsü Cavabdeh sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarət, sərnişin qismində olan X2 isə az ağır dərəcəli xəsarət yetirilmişdir. İddiaçı ASC-nin ##.##.2021-ci il tarixli “xxxx”na əsasən ##.##.2025-ci il tarixli ödənişlə RABİTƏ BANK ASC-nin Baş ofisindən Cavabdeh məxsus “xxxx” ASC AZ**NABZ******************** saylı kart hesabına 1500.00 manat məbləğində vəsait köçürülmüşdür.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7, 439.4, 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 4.1, 77, 88,119.1, 217.4, 284-5.3-cü maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC tərəfindən ona ödənilmiş 1500 manat sığorta ödənişi tamamilə sığorta şirkətinin öz qərarı əsasında, könüllü şəkildə bank hesabıma köçürülmüşdür. O həmin ödənişin həyata keçirilməsi üçün sığorta şirkətinə hər hansı yalan məlumat verməmiş, onları aldatmamış və ya qanunsuz hərəkətlər etməmişdir. Gəncə Şəhər Yol Polis İdarəsinin təqdim etdiyi Forma-4 arayışı əsasında köçürülmə olub. Əgər forma-4 arayışında xəsarət qeyd olunmasa sığorta şirkəti necə ödəniş etmişdir. Sığorta şirkəti hadisəni araşdırdıqdan sonra özü ödəniş etmək barədə qərar qəbul etmiş və vəsaiti hesabıma köçürmüşdür. Qətnamədə istinad olunan hallar da iddiaçının ödənilmiş vəsaiti geri tələb etmək hüququnun yaranmasını öz-özünə təsdiq etmir. Sığorta ödənişi peşəkar sığorta şirkəti tərəfindən aparılmış araşdırma nəticəsində könüllü ödənilmişdir və bu ödənişin nəticələrinə görə məsuliyyət sığorta şirkətinin öz üzərinə düşür. “Aradan uzun müddət keçdikdən sonra iddiaçının ödənilmiş sığorta məbləğini ‘əsassız ödəniş’ kimi qiymətləndirərək geri tələb etməsinin hüquqi və faktiki əsasları məhkəmə tərəfindən tam araşdırılmamışdır.” Məhkəmə isə bu halı araşdırmadan yalnız iddiaçının mövqeyinə üstünlük vermişdir. Qətnamədə iddia olunur ki, guya ona məktublar göndərilmiş və telefon zəngləri edilmişdir. Bu məlumat həqiqətə uyğun deyildir. Ona İddiaçı ASC tərəfindən hər hansı tələb məktubu təqdim edilmiş, nə də belə məktubların ona çatdırılması barədə imzası olan hər hansı sənəd mövcuddur. Sadəcə məktubun göndərilməsi onun ünvan sahibinə çatdırılması demək deyildir. “İddiaçı tərəfindən guya ona pretenziya göndərildiyi qeyd olunsa da, həmin məktub ona təqdim edilməmişdir. İş materiallarında məktubun məhz ona təqdim edildiyini təsdiq edən imzalı çatdırılma bildirişi və ya digər mötəbər sübut mövcud deyildir. Məhkəmə bu halı araşdırmadan iddiaçının iddiasını doğru qəbul etmişdir.” Bundan əlavə, o, Şəmkir Rayon Məhkəməsində işə baxılması barədə lazımi qaydada məlumatlandırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə ona məhkəmə bildirişi təqdim edilməmişdir. Nəticədə ona məhkəmə iclasında iştirak etmək, etirazlarını bildirmək, sübutlar təqdim etmək və müdafiə hüququndan istifadə etmək imkanından məhrum edilmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9 və 14-cü maddələrində nəzərdə tutulmuş çəkişmə və tərəflərin bərabərliyi prinsipləri, eləcə də ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Ona məhkəmə iclası barədə lazımi qaydada bildiriş verilmədiyindən iş üzrə öz mövqeyini bildirmək, sübutlar təqdim etmək və iddiaçının dəlillərinə etiraz etmək imkanı olmamışdır. Birinci instansiya məhkəməsi bu halları araşdırmadan qətnamə qəbul etmişdir Məhkəmə yalnız iddiaçının təqdim etdiyi sənədlərlə kifayətlənmiş, iddiaçının məktublarının ona həqiqətən çatdırılıb-çatdırılmadığını, sığorta ödənişinin hansı hüquqi əsaslarla “əsassız varlanma” hesab edildiyini tam araşdırmamışdır. Belə olan halda hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun deyildir. Əlavə olaraq qeyd edirəm Şəmkir rayon məhkəməsinin e-*(*-***)-****/**** saylı qətnaməsini 30 iyun tarixində Çinarlı poçtundan götürmüş və Şəmkir məhkəməsinə 30u günü xəbərnamə göndərilib

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirdi ki, onun qəzadan öncə səhhəti ilə əlaqədar heç bir problemi olmamışdır.

19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. İddiaçı tərəfin iştirak etməməsinə dair məlumat daxil olmamışdır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq tələbinə əsasən, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

21. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 14.1. Fərdi qəza sığortası üzrə sığorta olunanın və ya mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına dəyən zərər bu Qanunun məqsədləri üçün aşağıdakı hallar hesab edilir: 14.1.1. şəxsin yüngül, az ağır və ya ağır xəsarət alması; Maddə 14.2. Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləğinin aşağıdakı nisbətlərində ödənilir: 14.2.4. əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması – 30 faiz; 14.2.5. yüngül xəsarət alması – 15 faiz.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir.

26. İşin hallarından müəyyən edilir ki, ##.##.2025-ci il tarixdə saat 12:30 radələrində sürücü X1 idarə etdiyi “Lexus” minik markalı avtomobillə Gəncə şəhəri, B.Əliyev və Ə.Əliyev küçələrinin kəsişməsi ilə hərəkətdə olarkən,sürücü Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı avtomobillə toqquşmuş, nəticədə “Toyota” markalı avtomobilin sürücüsü Cavabdeh azağır dərəcəli xəsarət almışdır. İddiaçı ASC tərəfindən az-ağır dərəcəli xəsarət almış Cavabdeh dəymiş zərərə görə 1500 azn məbləğində sığorta ödənişi edilmiş, lakin sonra sığorta şirkəti Cavabdeh döş qəfəsindəki köhnə bitişmiş sınıqların sığorta hadisəsi nəticəsində əmələ gəlməməsini iddia edərək, ödənilmiş məbləği geri tələb etmişdir.

27. İşə baxan birinci instansiya məhkəməsi cavabdehin müəyyən edilmiş prosessual müddətdə iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməməsi, həmçinin müvafiq ekspert rəyində cavabdehin döş qəfəsindəki köhnə bitişmiş sınıqların əmələ gəlmə müddətlərinin müəyyən edilməsinin mümkün olmaması səbəbindən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir.

28. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə işin halları ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir.

29. Belə ki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin №*** nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh bədənində aşkar edilmiş xəsarət-təpə nahiyəsinin səthi əzilmiş yarası-küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti ##.##.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmiş, eyni zamanda döş qəfəsinin KT müayinəsi zamanı döş qəfəsinin sol tərəfində IV-V-VI qabırğalarda köhnə bitişmiş sınıqlar müəyyən edilmiş, bu xəsarətlər bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Lakin əmələ gəlmə müddətlərinin müəyyən edilməsinin mümkün olmadığı sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır dərəcəli xəsarətlərə aid edildiyi ekspert rəyində öz əksini tapmışdır. Rəydən göründüyü kimi, Cavabdeh bədənində aşkar edilmiş xəsarət-təpə nahiyəsinin səthi əzilmiş yarası-küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş və əmələ gəlmə müddəti ##.##.2025-ci il tarixə (qəzanın baş verdiyi) uyğun gəlir.

30. Kollegiya qeyd edir ki, işdən cavabdeh tərəfin məhkəmə barədə məlumatlandırıldığı müəyyən edilmir. Belə ki ona göndərilən məhkəmə bildirişi geri qaytarılmışdır. Bu səbəbə görə cavabdeh tərəfindən kollegiyaya təqdim edilən tibbi sənəd sübut kimi qəbul edilmişdir.

31. Həmin sənəddən müəyyən edilir ki, cavabdeh qəzanın baş verdiyi ##.##.2025-ci il tarixində xəstəxanaya müraciət etmiş, onun döş qəfəsinin iki proyeksiyasında R qrammasında sol XI qabırğanın sınığı qeyd olunmuşdur.

32. Bu hal onu deməyə əsas verir ki, rəydə döş qəfəsinin sol tərəfində müəyyən edilmiş köhnə bitişmiş sınıqların yaranma tarixi müəyyən edilə bilməsə də, həmin xəsarətlərin də elə qəza nəticəsində yaranması kifayət qədər məntiqlidir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas verir. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət işin halları baxımından qanuni və əsaslı olmamışdır.

34. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “yanlış ödənilmiş sığorta ödənişin geri alınması tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar