Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-1237/2026 07.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) cavabdeh Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin e-*(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə X4(borcalan) arasında ## ### 2024-cü il tarixdə bağlanmış CC/*****/A*/** nömrəli kredit sazişindən görünür ki, Bank borcalana 48 ay müddətinə illik 13,40% dərəcəsi ilə 17.500 manat məbləğində kredit vermişdir. X4 ## #### 2025-ci il tarixdə vəfat etmişdir. Bank tərəfindən verilmiş ##.##.2026-cı il tarixli maliyyə arayışına əsasən, X4 ##.##.2024-cü il tarixli, CC/*****/A*/** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalmış əsas kredit borcu 14.762,93 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 302,5 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə 39,82 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ##.##.2024-cü il tarixli, CC/*****/A*/** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş qalmış əsas kredit borcu 14.762,93 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 302,5 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimə borcu 39,82 manat, ümumilikdə 15.105,25 manat və 136 manat məbləğində dövlət rüsumunun tutularaq Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bank işin yuxarıda qeyd olunan hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli məktubundan görsənir ki, mərhum borclu X4 mülkiyyətində Goranboy rayonu X1ində yerləşən 0,59 ha kənd təsərrufati təyinatlı torpaq sahəsi, həmcinin X1ində yerləşən 0,1119 ha kənd təsəruffatlı torpaq sahəsi var. X4 ölümündən, yəni onun barəsində vərəsəliyin açılmasından 3 aydan artıq vaxt keçmişdir. Vərəsələr faktiki olaraq həmin əmlakı artıq qəbul etmiş sayılırlar. Goranboy Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) e-*(*-***)- **/**** nömrəli iş üzrə qəbul etdiyi ## ### 2026-cı il tarixli qətnaməsi ilə (hakim H.Əliyev) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə 14.762,93 manat məbləğində əsas borcun, 302,5 manat məbləğində faiz borcunun, 39,82 manat məbləğində cərimə borcunun, cəmi 15.105,25 manat borcun və ödənilmiş 136 manat dövlət rüsumunun əvəzi iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, hazırki iş üzrə cavabdeh Cavabdeh atası X4 mülkiyyətində olmuş Goranboy rayonu Xan-Qərvənd kəndində yerləşən fərdi yaşayış evi hazırda cavabdehin faktiki istifadəsində olması da (görünür: X1 İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndə E.Rüstəmovun *-**-*/*-**/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubundan) yuxarda qeyd olunan maddələrin tətbiqi üçün məhkəməyə əsas verir. Beləliklə bu hal cavabdehin mirası faktiki qəbul etdiyini göstərən hüquqi əhəmiyyətli hərəkət kimi qiymətləndirilməlidir. Miras əmlakından faktiki istifadə etməklə cavabdeh yalnız həmin əmlaka münasibətdə hüquqlar əldə etmir, eyni zamanda mirasın qəbulunun hüquqi nəticələrini də üzərinə götürür. Mirasın qəbul edilməsi vərəsəyə miras qoyanın yalnız aktivlərini deyil, qanunla müəyyən edilmiş həddə onun öhdəliklərini də qəbul etmək nəticəsini yaradır. Buna görə də cavabdeh atasından qalmış miras əmlakına faktiki sahiblik etməsi ilə əlaqədar olaraq miras qoyanın borcları və digər passivləri üzrə də miras əmlakının dəyəri çərçivəsində məsuliyyət daşıyır. Beləliklə, cavabdehin miras qoyanın əmlakından faktiki istifadə etməsi onun mirası qəbul etməsi barədə nəticəyə gəlməyə əsas verir və bu hal onun miras kütləsinə daxil olan həm aktivlər, həm də qanunvericiliklə nəzərdə tutulmuş passivlər üzrə hüquqi nəticələr daşımasını şərtləndirir. Hazırki iş üzrə yaranmış mübahisənin həlli istiqamətində vahid məhkəmə təcrübəsi formalaşdırılmasına xidmət etmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli üç ulduzlu qərarında göstərilmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər.Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Bununla yanaşı, cavabdehin miras qoyandan qalmış əmlaklardan birindən faktiki istifadə etməsi onun mirası qəbul etməsinə dair iradəsini və faktiki hərəkətlərini göstərir. Qanunvericiliyin tələblərinə əsasən vərəsənin miras əmlakının yalnız bir hissəsinə sahiblik etməyə və ya ondan istifadə etməyə başlaması mirasın həmin hissəsi ilə məhdudlaşmır, vərəsənin bütövlükdə mirası qəbul etməsi kimi qiymətləndirilir. Belə olan halda cavabdehin miras qoyandan qalmış torpaq sahəsindən faktiki istifadə etməsi, onun miras kütləsinə daxil olan digər əmlakları da qəbul etdiyini göstərir. Nəticə etibarilə, cavabdeh miras qoyanın əmlakının yalnız ona fayda verən hissəsini deyil, həmin mirasdan irəli gələn hüquq və öhdəlikləri bütövlükdə qəbul etmiş hesab olunur. Bu baxımdan, miras qoyanın öhdəlikləri üzrə məsuliyyət məsələsi də mirasın qəbul edilməsinin hüquqi nəticələrindən biri kimi qiymətləndirilməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.1, 442, 443.1, 448, 739.1, 739.2, 1146, 1243.2, 1255, 1306.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə ilk növbədə Goranboy rayonu X1ində yerləşən mülkün miras predmeti olub-olmamasını araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəfindən vərəsəlik şəhadətnaməsi alınmamış və bununla bağlı cavabdeh notariusa da müraciət etməmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, mərhumun cavabdehdən başqa 3 nəfər başqa qanunu üzrə birinci növbə vərəsəsi, mərhumun həyat yoldaşı, cavabdehdən başqa bir oğlu və bir qızı vardır. Belə olan halda iddia niyə görə məhz cavabdehə qarşı qaldırılması anlaşılmazdır. Belə olan halda məhkəmə tətbiq etməli olan maddi hüquq normalarını tətbiq etməmiş, yanlış maddi hüququ normalarını tətbiq etmişdi. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Bank apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən Bankın nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktının qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır(hazırki iş üzrə miras açılan vaxt- ##.##.2025-ci il tarixdə qüvvədə olan redaksiya). Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir(hazırki iş üzrə miras açılan vaxt- ##.##.2025-ci il tarixdə qüvvədə olan redaksiya). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2020-ci il tarixli Qərarı: ...beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün asının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Bank ilə cavabdehin mərhum atası X4(borcalan) arasında ## ### 2024-cü il tarixdə bağlanmış CC/*****/A*/** nömrəli kredit müqaviləsindən görünür ki, Bank borcalana 48 ay müddətinə illik 13,40% dərəcəsi ilə 17.500 manat məbləğində kredit vermişdir. X4 ## #### 2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin mərhum atasının kredit(borc) öhdəliyi onun ölümü ilə xitam olunmayan öhdəlikdır və mirasa miras qoyanın əmlak hüquqları ilə yanaşı əmlak vəzifələri də daxil olduğuna görə cavabdeh mərhum atasının kredit öhdəliyi üçün Bank qarşısında məsuliyyət daşıyır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin iş materiallarından görünür ki, cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Apellyasiya şikayətinin bir dəlili ondan ibarətdir ki, cavabdeh tərərfındən vərəsəlik şəhadətnaməsi alınmamış və bununla bağlı cavabdeh notariusa da müraciət etməmişdir. Məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktuba əlavə edilmiş sənədlərdən görünür ki, mərhum X4 adına Goranboy rayonu, Xanqərvənd kəndində 5 nəfər ailə üzvü ilə birlikdə 0,11 ha və 1,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Goranboy rayonu İcra Hakimiyyəti başçısının X1 İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan görünür ki, X1 İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyində mərhum X4 məxsus yaşayış evində yaşayan şəxslər X2 və Cavabdehdur(hazırki iş üzrə cavabdeh). Həmin şəxslər 2005-ci ildən həmin evdə yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Həmin normanın tələbinə görə mirasdan imtina vərəsənin iradəsinin qanunla müəyyən edilmiş müddətdə ifadə edilməsini və bu imtinanın notariat orqanında rəsmiləşdirilməsini tələb edir. Beləliklə, qanunverici vərəsənin mirasdan imtina etməsi üçün konkret müddət və konkret hüquqi forma müəyyən etmişdir. Hazırkı iş üzrə isə cavabdehin qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməsi barədə notariat qaydasında rəsmiləşdirilmiş hər hansı ərizə və ya digər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan cavabdehin yalnız vərəsəlik şəhadətnaməsi almamasına istinad etməsi onun mirası qəbul etmədiyi nəticəsinə gəlmək üçün kifayət deyildir. Vərəsəlik şəhadətnaməsinin olmaması ilə mirasdan imtina edilməsi eyniləşdirilə bilməz. Əksinə, qanunvericilikdə mirasdan imtinanın ayrıca hüquqi proseduru və müddəti müəyyən edilmişdir. Qeyd olunanlardan əlavə, iş materiallarından görünür ki, cavabdeh mərhum atasına məxsus yaşayış evində yaşayır. Bu hal da iş üzrə digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Belə ki, qanunvericilik mirasın faktiki qəbulu ilə bağlı əmlaka sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamağı da hüquqi əhəmiyyətli hal kimi qəbul edir. Nəticə etibarilə, cavabdehin mirasdan imtina etməsi barədə qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş iradəsi müəyyən edilmədiyindən, onun yalnız vərəsəlik şəhadətnaməsinin olmamasına əsaslanaraq mirası qəbul etmədiyini iddia etməsi əsassızdır və apellyasiya şikayətinin həmin dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin başqa dəlili isə budur ki, mərhum Məhəbbət Məmmədovun cavabdehdən başqa 3 nəfər birinci növbə vərəsəsi: həyat yoldaşı, bir oğlu və bir qızı vardır. Məhkəmə bildirir ki, iddiaçının öz pozulmuş hüququnun müdafiəsi məqsədilə vərəsələrdən birinə və ya bir neçəsinə qarşı tələb irəli sürməsi onun prosessual hüququdur. Digər vərəsələrin mövcudluğu cavabdehin vərəsə statusunu aradan qaldırmadığı kimi, iddiaçının cavabdehə qarşı iddia qaldırmaq hüququnu da istisna etmir. Başqa sözlə, mərhumun digər birinci növbə vərəsələrinin olması cavabdehin mirasdan imtina etdiyini və ya miras hüquq münasibətlərindən kənarda qaldığını təsdiq edən hal deyildir. Bu şəxslərin də vərəsə olması onların ayrıca hüquqi statusuna aid məsələdir və cavabdehin mirası qəbul etməsi faktını istisna etmir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının tələbinin yalnız bütün vərəsələrə qarşı eyni vaxtda irəli sürülməsi zərurəti barədə qanunda belə bir məcburi tələb nəzərdə tutulmamışdır. İddiaçı konkret vərəsəyə qarşı öz tələbinin hüquqi əsaslarını göstərməklə iddia qaldıra bilər. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin e-*(*-***)-**/**** nömrəli, ## ### 2026-cı il tаrixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-7)-1237/2026
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-1237/2026
07.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver