Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1251/2026 31.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: ərazi aidiyyəti) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun pozulması nəticəsində vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun pozulması nəticəsində vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2000-ci il tarixli icarə müqaviləsi və ##.##.2022-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətinə verilmiş Şəmkir rayonu, Ceyrançöl massivi, 36 və ** saylı qış otlaq sahəsinin 382 ha torpaq sahəsinin otlaq üçün yararlı hissəsindən cavabdehin qanunsuz istifadə etməklə onun mülkiyyət hüququnu pozduğunu, nəticədə son 10 il ərzində ona 250.000 manat məbləğində maddi zərər vurulduğunu bildirərək, həmin məbləğin, habelə ödənilmiş 540 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun pozulması nəticəsində vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır.
3. Qərardad belə əsaslandırılmışdır ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı cavabdehin ona məxsus torpaq sahəsindən qanunsuz istifadə etməsi nəticəsində vurulduğunu iddia etdiyi 250.000 manat məbləğində maddi zərərin ödənilməsini tələb edir. Hazırkı mübahisənin predmeti daşınmaz əmlaka hüququn tanınması, həmin hüququn qeydə alınması, torpaq sahəsinin geri qaytarılması, istifadəyə maneələrin aradan qaldırılması və ya daşınmaz əmlak üzərində hər hansı əşya hüququnun müəyyən edilməsi deyil, mülki hüquq pozuntusu nəticəsində vurulduğu iddia edilən maddi zərərin əvəzinin ödənilməsindən ibarət olduğundan, cavabdehin rəsmi qeydiyyat yeri Bakı şəhəri Xəzər rayonu olduğundan, iddia ərizəsinə Şəmkir Rayon Məhkəməsində baxılması prosessual qanunvericiliyin ərazi aidiyyəti qaydalarına uyğun deyildir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. İddiaçı İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslanov A.Ə. ilə onun arasında bağlanmış ##.##.2000-ci il tarixli, *** nömrəli icarə müqaviləsinə əsasən, xırdabuynuzlu mal-qaranın saxlanılması məqsədilə Şəmkir rayonu, “Ceyrançöl” massivinin 36 və ** saylı qış otlaq sektorlarının 382 ha torpaq sahəsi onun icarəsinə verilmişdir. Həmin müqavilə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Reyestri PHŞ-nin ** saylı Şəmkir Ərazi İdarəsi tərəfindən onun adına ##.##.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. İddiaçı bildirmişdir ki, icarəsinə verilmiş otlaq sahəsində qoyunçuluq təsərrüfatı ilə məşğul olur və qoyunçuluğun inkişafı üçün həmin otlaq sahələrindən istifadə edir. İcarəsində olan 382 ha torpaq sahəsinin bir hissəsi otlaq üçün yararlıdır. Lakin qeyd olunan torpaq sahəsinin otlaq baxımından əsas əhəmiyyət kəsb edən hissəsini cavabdeh Bayramov 10 ildən artıq müddətdir ki, qanunsuz olaraq zəbt etmiş və istifadə edir. İddiaçı qeyd etmişdir ki, cavabdehə və onun çobanlarına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar qanunsuz hərəkətlərinə son qoymamışlar. Bununla əlaqədar olaraq, cavabdehin onun istifadəsində olan otlaq torpaq sahəsinə dair istifadə hüququnu pozduğunu və bu pozuntu nəticəsində ona 250.000 (iki yüz əlli min) manat məbləğində maddi zərər vurulduğunu əsas gətirərək, həmin zərərin cavabdehdən tutulması tələbi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Lakin Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*)-***-****/**** nömrəli qərardadla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardadı qanunsuz və əsassız hesab etdiyini, mübahisəyə mahiyyəti üzrə baxılmalı olduğunu, işin isə Şəmkir Rayon Məhkəməsinin icraatında saxlanılaraq mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
6. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, iddiaçı torpaq sahəsinə dair mülkiyyət hüququnun pozulması nəticəsində vurulmuş maddi zərərin ödənilməsini xahiş edir.
13. Belə olan halda kollegiya qeyd edir ki, iş materiallarında iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməməsi üçün qanunla başqa halın nəzərdə tutulmasına əsas ola biləcək, o cümlədən müstəsna aidiyyəti nəzərdə tutan hallar mövcud deyildir.
14. İş materiallarından müəyyən olunur ki, cavabdeh Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Şah İsmayıl Xətai küçəsi ev 1 ünvanında daimi qeydiyyatdadır.
15. Mülki-prosessual qanunvericiliyin imperativ tələblərindən göründüyü kimi, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Qanunla başqa hal nəzərdə tutulmadığı halda iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir.
16. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Hazırkı iş üzrə cavabdehin rəsmi qeydiyyat yeri Bakı şəhəri Xəzər rayonu olduğundan, iddia ərizəsinə Şəmkir Rayon Məhkəməsində baxılması prosessual qanunvericiliyin ərazi aidiyyəti qaydalarına uyğun deyildir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.