Məhkəmə qərarları › İş №e-2(3-7)-515/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-515/2026

08.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-515/2026 08.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “İdeal Motor” MMC-nin cavabdeh Cavabdeh qarşı dair iş üzrə (Açar sözlər: maddi ziyan, pul tələbi) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “İdeal Motor” MMC-nin cavabdeh Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Satıcı “İdeal Motor” MMC ilə alıcı Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, K-***-A-PCC-** saylı avtomobilin müddətli satışı üzrə müqavilədən görünür ki, satıcı “BAIC X3” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ilkin olaraq 6300 manat ödəmək şərti ilə 60 ay müddətinə aylıq 600 manat hissə-hissə ödənilməsi üzrə alıcıya satması barədə razılığa gəlmişdir.

2. ##.##.2023-cü il tarixli, K-***-A-PCC-** saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə * saylı, eyni tarixli əlavədən görünür ki,müqavilənin dəyəri 42.271 manat, ilkin ödəniş 6300 manat, güzəşt müddəti 60 ay, aylıq ödəniş 600 manat təşkil etmişdir.

3. Nəqliyyat vasitəsinin BB****** saylı şəhadətnaməsindən görünür ki, “BAIC X3” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ üzrə iddiaçı “İdeal Motor” MMC-yə məxsusdur.

4. İnzibati tənbeh vermə haqqında ##.##.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh “BAIC X3” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2- ci maddəsinin tələbini pozduğu üçün 80 manat məbləğində cərimə edilmişdir.

5. Sığortaçı «xxxx» ASC ilə “İdeal Motor” MMC arasında tərtib edilmiş 16.04.24-cü il tarixli aktdan görünür ki, MC-MIC-****/** saylı sığorta şəhadətnaməsi əsasında sığorta edilmiş və ##.##.2024-cü il tarixdə qəzaya uğramış “BAIC X3” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tam itkiyə məruz qalmışdır. Avtomobilin hadisədən sonra qalıq hissə dəyəri 8000 manat, bazar dəyəri isə 27000 manatdır. Avtomobilin qalıq hissəsi müvafiq olaraq sığortalının öhdəliyində qalır.

6. Hesabdan çıxarışdan görünür ki, «xxxx» ASC tərəfindən sığortalı “İdeal Motor” MMC-nin hesabına ##.##.2024-cü il tarixdə qəzaya uğramış “BAIC X3” minik markalı, **-PX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün 18700 manat sığorta ödənişi edilmişdir.

7. “İdeal Motor” MMC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, “İdeal Motor” MMC-yə ödənilməli olan 6271 manat məbləğində pulun 3 gün müddətində ödənilməsi tələb edilmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı «İdeal Motors» MMC cavabdeh Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı “İdeal Motor” MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 6271 manat məbləğində vurulmuş zərərin və 83 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ## ######## 2023-cü il tarixli, K-***- A-PCC** nömrəli avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh “İdeal Motors” MMC-dən “BAIC X3” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi almışdır. Satılmış nəqliyyat vasitəsinin dəyəri tərəflər arasında 42.271 (qırx iki min iki yüz yetmiş bir) manat məbləğində razılaşdırılmışdır. Müqavilənin şərtlərinə əsasən, cavabdeh tərəfindən ilkin olaraq 6300 (altı min üç yüz) manat məbləğində ilkin ödəniş icra edilmişdir. Qalan 35971 (otuz beş min doqquz yüz yetmiş bir) manat məbləğində pulun müqavilənin ** saylı əlavəsinə əsasən hər ay 600 (altı yüz) manat məbləğinə hissə-hissə olmaqla ödənilməsi barədə tərəflər arasında razılıq əldə edilmişdir. Müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi saz halda cavabdehə təhvil verilmişdir. ## ###### 2024-cü il tarixində cavabdeh yol nəqliyyat hadisəsi törətmiş və bunun da nəticəsində qeyd edilən nəqliyyat vasitəsi tamamilə məhv olmuş və yararsız hala düşmüşdür. Bununla bağlı olaraq Tovuz rayon polisi tərəfindən inzibati xəta haqqında ******* saylı, ##.##.2024-cü il tarixli protokol tərtib olunmuşdur. Cavabdehin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində “İdeal Motors” MMC-yə 6271 (altı min iki yüz yetmiş bir) manat məbləğində zərər dəymişdir. Belə ki, cavabdeh “BAIC X3” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün ilkin ödəniş də daxil olmaqla, ümmilikdə 9300 (doqquz min üç yüz) manat məbləğində pul ödəmişdir. Qeyd edilən nəqliyyat vasitəsi “xxxx” ASC-də tam sığorta olunduğu üçün “xxxx” ASC nəqliyyat vasitəsinin bazar dəyəri 27000 (iyirmi yeddi min) manat məbləğində qiymətləndirmişdir. Nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsindən sonrakı qalıq dəyəri isə “xxxx” ASC tərəfindən 8000 (səkkiz min) manat məbləğində qiymətləndirilmişdir. Sığorta müqaviləsinə əsasən 300 (üç yüz) manat məbləğində şərtsiz azadolma (franşiza) məbləği çıxıldıqdan sonra “xxxx” ASC tərəfindən 18700 (on səkkiz min yeddi yüz) manat məbləğində sığorta ödənişi “İdeal Motors” MMC-yə ödənilmişdir. Beləliklə də, “BAIC X3” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinun ümumi dəyərini təşkil edən 42.271 (qırx iki min iki yüz yetmiş bir) manatdan cavabdeh tərəfindən ödənilmiş 9300 (doqquz min üç yüz) manat, 18700 (on səkkiz min yeddi yüz) manat məbləğində sığorta ödənişi və nəqliyyat vasitəsinin qalıq dəyərini təşkil edən 8000 (səkkiz min) manat məbləğində pulu çıxdıqdan sonra cavabdeh tərəfindən “İdeal Motors” MMC-yə vurulmuş zərərin məbləği 6271 (altı min iki yüz yetmiş bir) manat təşkil edir. Lakin cavabdeh vurduğu zərəri ödəməkdən imtina etdiyi üçün hazırkı tələblə məhkəməyə müraciət etmişlər.

10. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim P.Z.İsaqlı) iddiаçı “İdeal Motor” MMC-nin cavabdeh Cavabdeh qarşı “maddi ziyan” tələbinə dаir iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçı “İdeal Motor” MMC-yə aid edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, nəqliyyat vasitəsi cavabdehdə olan müddət ərzində aylıq ödənişlər vaxtında ödənilmiş, bununla bağlı tərəflər arasında hər hansı mübahisə yaranmamışdır. Nəqliyyat hadisəsi baş verdikdən sonra isə avtomobilə dəymiş ziyan ilə bağlı iddiaçıya sığorta şirkəti tərəfindən sığorta ödənişi edilmiş və avtomobilin qalıq hissəsi də Cəmiyyətə verilmişdir. Bundan sonra iddiaçının satıcı olaraq nəqliyyat vasitəsinin müqavilə üzrə geri qalan dəyərinin vurulmuş ziyan kimi ödənilməsini tələb etməsi yolverilməzdir.

12. Belə ki, mövcud vəziyyətdə avtomobil cəmiyyətin sahibliyindədir. Nəzərə almaq lazımdır ki, alıcı özü də başqa servislərdə aldığı nəqliyyat vasitəsinin təmirini həyata keçirə bilər və müqavilə üzrə yaranmış öhdəliyini davam etdirə bilərdi. Əşyanın ona təqdim edilməməsi isə onu bu hüquqdan da məhrum etmişdir. Nəticədə alıcı girdiyi öhdəlik hüquq münasibətlərinin ona verdiyi kreditor səlahiyyətlərindən istifadə edərək əşyasını tələb etmiş, daha sonra isə ödənişləri vurulmuş ziyan kimi tələb edir.

13. Məhkəmə, həmçinin bildirmişdir ki, iş materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı «İdeal Motors» MMC cavabdeh Cavabdeh qarşı hazırda dəymiş ziyan kimi tələb etdiyi məbləği nisyə alqı-satqı müqaviləsi əsasında yaranmış borcun ödənilməsi kimi tələb etmiş və iddia tələbi təmin edilməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, ##.# 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 82.3, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim etdikləri sübutlar məhkəmə tərəfindən obyektiv, qərəzsiz, hərtərəfli və tam şəkildə araşdırılmamışdır. Belə ki, təqdim etdikləri sübutlar nəqliyyat vasitəsinə vurulmuş zərərin mövcudluğunu tam sübut edir. Lakin buna baxmayaraq məhkəmə heç bir qanuni əsas olmadan yalnız öz mülahizəsinə əsasən iddianı rədd etmişdir. Halbuki işdə olan sübutların məcmusu məhkəmənin gəldiyi qənaətin tam əksini götərir. Məhkəmə isə sübutları hərtərəfli, tam və obyektiv araşdırmadığı üçün düzgün qənaətə gəlməmişdir. Məhkəmə iddianı təmin etməmək üçün heç bir sübuta əsaslanmamış, müəyyən etdiyi faktları şərh etməmişdir. Həmçinin məhkəmənin gəldiyi nəticə işdə olan materiallarla uyğunluq təşkil etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaçının avtomobilə vurulmuş ziyana görə sığorta məbləği aldıığını bildirdi və iddianın rədd edilməsini xahiş etdi.

19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyеktləri öz hüquq və vəzifələrini vicdanla həyata kеçirməyə borcludurlar. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

23. Hazırkı işdə iddia tələbi təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, 6271 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəyə düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normaları səhv tətbiq olunmuşdur. Bu isə qətnamənin ləğv edilməsi üçün əsasdır.

26. Birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə nəqliyyat vasitəsinin qəzaya uğraması və çıxdaş olması nəticəsində iddiaçının məruz qaldığı ziyanın bütünlükdə sığorta şirkəti tərəfindən qarşılandığına görə iddianın əsaslı olmaması qənaətinə gəlmişdir. Halbuki, tərəflər arasında bağlanmış avtomobilin nisyə alqı-satqı müqaviləsi üzrə məbləğ avtomobilə görə ödənilən sığorta məbləğini üstələmişdir.

27. İşdən görünən odur ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən avtomobil cavabdehə 42.271 manata satılmışdır. Başqa sözlə, iddiaçı cavabdehlə bağladığı müqavilədən qeyd edilən məbləğdə mənfəət əldə etməyi planlaşdırırdı. Cavabdeh həmin məbləğdən ümumilikdə 9300 ödədikdən sonra qəza törətmiş və avtomobilin dəyəri 8000 manat qiymətləndirilmişdir.

28. Cavabdehin tələbə etirazı ondan ibarətdir ki, iddiaçı vurulmuş ziyanın əvəzi olaraq sığorta ödənişi almışdır və ondan yenidən ziyanın əvəzinin tutulması əsassızdır.

29. İş materiallarından görünür ki, iddiaçı qəzadan sonra azadolma məbləği çıxılmaqla 18700 manat məbləğində sığorta ödənişi almışdır.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlə nisyə alqı-satqı müqaviləsi bağlamaqda məqsədi avtomobilin satışından müqavilədə qeyd edilən məbləğdə gəlir əldə etmək olduğuna görə və cavabdehin təqsirli hərəkəti nəticəsində avtomobil yararsız vəziyyətə düşdüyünə görə, iddiaçı müqavilə üzrə əldə etməyə ümid etdiklərindən məhrum olmuşdur. Buna görə də, iddiaçı tərəf avtomobilin ümumi dəyəri 42.271 manatdan cavabdehin ümumi ödədiyi 9300 manatı, 18700 manat sığorta ödənişini və 8000 manat avtomobilin qalıq dəyərini çıxdıqdan sonra yerdə qalan 6271 manat pulu tələb etməkdə haqlıdır.

31. Kollegiya iddia tələbinə münasibətdə cavabdeh tərəfin etirazlarını əsaslı hesab etmir. Ona görə ki, sığorta məbləği iddiaçının məruz qaldığı ziyan məbləini tam qarşılamamışdır.

32. Kollegiya, həmçinin onu da qeyd edir ki, iddiaçının daha əvvəl cavabdehə qarşı nisyə alqı-satqı əsasında borcun tələb edilməsi tələbi ilə məhkəməyə müraciət etməsi və məhkəmədə həmin tələbinin digər əsas üzrə rədd edilməsi hazırda iddiaçının ziyan tələbini qaldırmağa prosessual əngəl törətmir. Belə ki, hazırkı iddia tələbinin predmeti ayrıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 6271 manat pul və iddia ərizənin verilməsinə görə ödənilmiş 83 manat dövlət rüsumu tutularaq “İdeal Motor” MMC-nə ödənilsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən tutulara iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar