Məhkəmə qərarları › İş №e-2(3-7)-654/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-654/2026

08.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-654/2026 08.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Abduləzimov İmadi Rövşən oğluna qarşı iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakimlər X8 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Abduləzimov İmadi Rövşən oğluna qarşı «subroqasiya qaydasında zərərin ödənilməsi» tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Yevlax rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-***/***** saylı hökmündən görünür ki, Abduləzimov İmadi Rövşən oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

2. ##.##.2019-cu il tarixli, PQA********** nömrəli İcbari Sığorta Müqaviləsinə Dair Məlumatdan görünür ki, “V.İ.P.LEASING” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “VAZ 21214” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobil 12 ay müddətinə, yəni ##.##.2019-cu il tarixdən ##.##.2020-ci il tarixədək İddiaçı ASC-də əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat, bir hadisə üzrə 50000 manatadək sığortalanmışdır.

3. Baş vermiş sığorta hadisəsi nəticəsində zərərçəkənə dəymiş zərərin aradan qaldırılması üçün həyata keçiriləcək sığorta ödənişinə dair Sığorta Aktından görünür ki, “V.İ.P.LEASING” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan “VAZ 21214” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı minik avtomobil 12 ay müddətinə, yəni ##.##.2019-cu il tarixdən ##.##.2020-ci il tarixədək İddiaçı ASC-də əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat sığortalanmışdır, zərər çəkən (səhhətinə vurulmuş az ağır xəsarət) X2 1500 manat vəsait ödənilmişdir.

4. ##.##.2025-ci il tarixli Arayışdan görünür ki, 1500 manat məbləğində vəsait ##.##.2019-cu il tarixdə X2 bank hesabına köçürülmüşdür.

5. CM ****/** saylı işlərə dair Sığorta Aktından görünür ki, X1 “Volkswagen Passat” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş ziyanla bağlı 2995 manat vəsait ödənilmişdir.

6. ##.##.2019-cu il tarixli **** nömrəli ödəniş tapşırığından görünür ki, X1 2995 manat vəsait ödənilmişdir.

7. ##.##.2019-cu il tarixli, ****/** saylı Qiymətləndirmə Aktdan görünür ki, avtonəqliyyat vasitəsinin ehtiyyat hissələri 2155 manat, təmirə 840 manat, cəmi 2995 manat vəsait xərcləmişdir.

8. Avtonəqliyyatvasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, ##.##.2019-cu il tarixdə Yevlax rayonu, Malbinəsi kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi üzrə “VAZ 21214” markalı, ** PX *** dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Abduləzimov İmadi Rövşən oğlu təqsiri olan şəxslər barədə məlumatda qeyd edilmiş və Yol-nəqliyyat hadisəsinin sxemi çəkilmişdir.

9. İddiaçı ASC-nin ##.##.2023-cü il tarixli bildirişin surətindən görünür ki, Abduləzimov İmadi Rövşən oğluna 7 (yeddi) iş günü ərzində dəymiş 4495 manat pulun ödənilməsi barədə məlumatlandırılmış, qeyd olunan müddət ərzində vəsaitin ödənilməyəcəyi halda ona qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəkdir.

10. AD №****** Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Volkswagen Passat” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi X1 mülkiyyətindədir.

11. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş ##.##.2025- ci il tarixli arayışdan və AA2276576 seriya nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Abduləzimov İmadi Rövşən oğlu ##.##.1985-ci il tarixdə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Ədalət Ədilov küçəsi ev 57 qeydiyyatdadır və yaşayır.

12. AC 022451 seriya nömrəli sürücülük vəsiqəsi barədə məlumatdan görünür ki, Abduləzimov İmadi Rövşən oğlunun B C dərəcəli sürücülük hüququ vardır.

13. AC №****** Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21214” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “V.İ.P.LEASING” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətindədir.

14. ##.##.2025-ci il tarixli, ************ nömrəli AsanPay ödəniş qəbzindən görünür ki, iddiaçı İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 64,95 manat məbləğində dövlət rüsumu ödəmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı ASC) kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Abduləzimov İmadi Rövşən oğludan 4495 manat məbləğində zərərin və iddia qaldırılması üçün ödənilmiş 64,95 manat dövlət rüsumunun tutularaq xeyirinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. İddiaçı ASC iddia tələbini belə əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 21214” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobil Abduləzimov İmadi Rövşən oğlu tərəfindən idarə olunarkən ##.##.2019-cu il tarixində Yevlax rayonu, Malbinəsi kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Passat” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş, X2 az ağır xəsarət dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar İddiaçı ASC tərəfindən “Volkswagen Passat” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 2995 (iki min doqquz yüz doxsan beş) manat, sağlamlığa dəyən zərərə görə isə 1500 (min beş yüz) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Yevlax Rayon Məhkəməsinin Hökmündə müəyyən edilmişdir ki, “VAZ 21214” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü Abduləzimov İmadi Rövşən oğlu hadisə yerindən yayınmışdır. Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulan sanksiya tətbiq olunmuşdur. “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində

17. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim F.F.Abdullayev) iddianın təmin edilməsi, cavabdeh Abduləzimov İmadi Rövşən oğlundan 4495 (dörd min dörd yüz doxsan beş) manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 64,95 (altmış dörd manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

18. Məhkəmə hesab etmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

19. Təqdim edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Volkswagen Passat” markalı, ** BL *** dövlət nömrə nişanlı avtomobilə dəymiş 4495 manat məbləğində ziyan sığorta müqaviləsi üzrə iddiaçı tərəfindən zərərçəkənlərə ödənilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb etməkdə haqlıdır və həmin pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36 və 81-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 386.1, 883.1, 925.1, 925.2, 925.3, 936.4, 936.1, 936.2, 1096.1, 1097.1, 1108.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” qanunun 19.1, 19.2, 25.1.1, 52.1, 63.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 217.3, 217.4, 284.1, 284.5.1-284.5.3-cü maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istifadəsində olan maşını lizinqə götürmüşdür. Axırıncı ayın ödənişini etməkdə çətinlik çəkdiyindən, lizinq təşkilatı etibarnamənin vaxtını uzatmamışdır. Ancaq maşın yenə onun istifadəsində və sahibliyində olmuşdur. Dəymiş zərərin hesablanmasına dair ##.##.2019-cu il tarixli, ****/** saylı Qiymətləndirmə aktı ilə maşına 2.995 manat ziyan dəyməsi ilə razı deyildir. Belə ki, maşına ən uzağı 2.000 manat ziyan dəymişdir. Bunu avtoqəzadan sonra, həm onun, həm də zərərçəkənin gətirdiyi ustalar maşına baxıb bildirdilər ki, maşına dəymiş ziyan 2.000 manatdır. Bundan sonra, o həmin iş üzrə zərərçəkmiş şəxs Volkswagen Passat” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi X1 ilə onun maşınına dəymiş ziyanın məbləğinin 2.000 manat olması barədə razılığa gəldi və razılaşdıqları 2.000 manatı ona vermişdir. Yevlax Rayon Məhkəməsində işə baxılarkən ona 2.000 manat verməyini itəsdiq etmişdir. Həmin hökmü özündə saxlamamışdır. Sarı Quliyev ondan 2.000 manat aldıqdan sonra, yenidən sığortadan hansısa yollarla 2995 manat sığorta ödənişi almış və nəticədə artıq onun ödədiyi məbləğin Sığorta Təşkilatı tərəfindən yenidən ondan tələb etməsi qanunsuz və əsassızdır. Şərh olunanlara əsasən hesab edir ki, dəymiş zərərin həcminin müəyyən edilməsi üçün iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmuşdur.

24. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətində Bərdə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə maddi və prosessual hüquq normalarının pozulduğunu, sadələşdirilmiş icraat qaydasında işə baxılması barədə lazımi qaydada məlumatlandırılmadığını, həmçinin tərəflər arasında çəkişmə və bərabərlik prinsipinin pozulduğunu iddia etmişdir. Lakin bu arqumentlər hüquqi və faktiki baxımdan əsassızdır.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, kommersiya mübahisələri üzrə isə 10.000 manatdan az olduqda həmin işlərə sadələşdirilmiş icraat qaydasında baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina üçün əsaslar olmadıqda, ərizə məhkəməyə daxil olduğu vaxtdan etibarən beş iş günü ərzində hakim tərəfindən cavabdehə rəsmi bildiriş göndərilir və bildirişdə iddiaçının tələbinə dair cavabdehin etiraz vermək hüququ olduğu izah edilir. Cavabdeh apellyasiya şikayətində iddia tələbinin nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə təmin edildiyini bildirmişdir. Halbuki bu iddia həqiqəti əks etdirmir. Belə ki, iddia tələbi nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə olunmasına görə deyil, yol-nəqliyyat hadisəsini törədən sürücünün hadisə yerindən yayınması nəticəsində sığortaçının subroqasiya hüququnun yaranmasına əsasən irəli sürülmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Yevlax Rayon Məhkəməsinin ## ######## 2019-cu il tarixli, *(***)-***/**** saylı hökmü ilə müəyyən edilmişdir ki, "VAZ 21214" markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Abdüləzimov İmadi Rövşən oğlu hadisə yerindən yayınmış və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbiri tətbiq edilmişdir. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, həmin Qanunun 63.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayındıqda, sığorta ödənişini həyata keçirmiş sığortaçının hadisəni törədən şəxsə qarşı ödənilmiş sığorta məbləği həcmində subroqasiya hüququ yaranır. İş materiallarından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə Abdüləzimov İmadi Rövşən oğlu təqsirli hesab edilmişdir. Müəyyən olunmuşdur ki, o, ## #### 2019-cu il tarixdə Yevlax rayonu, Malbinəsi kəndi ərazisində idarə etdiyi "VAZ 21214" markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə "Volkswagen Passat" markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuş, X2 az ağır xəsarət yetirmiş və hadisə yerindən yayınmışdır. Hadisə ilə əlaqədar İddiaçı ASC tərəfindən zərərçəkmiş nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2.995 (iki min doqquz yüz doxsan beş) manat, sağlamlığa vurulmuş zərərə görə isə 1.500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, sığortaçının subroqasiya hüququ qanuni əsaslarla yaranmış, cavabdehin hadisə yerindən yayınması səbəbindən iddia birbaşa ona qarşı yönəldilmişdir. Nəticə etibarilə, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki halları düzgün qiymətləndirmiş, təqdim olunmuş sübutlara obyektiv və hərtərəfli hüquqi qiymət vermiş, həmçinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən cavabdehin apellyasiya şikayətində irəli sürdüyü arqumentlər əsassız olduğundan təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin tərəf (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

28. Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni bütvlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası cavabdehin etibarnamə üzrə nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, işdə olan sübutlarla müəyyən olunur ki, Cavabdeh iddiaçı şirkət tərəfindən sığortalanmış “VAZ 21214” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili ilə qəza törətmiş və nəticədə "Volkswagen Passat" markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuş, X2 az ağır xəsarət yetirmiş və hadisə yerindən yayınmışdır.

33. İş materiallarından da göründüyü kimi, bu hadisə sığorta hadisəsi kimi dəyərləndirilmiş, həmin məbləğ zərərçəkmiş tərəfə sığorta müqaviləsi əsasında sığortaçı İddiaçı ASC tərəfindən ödənilmişdir.

34. Qanunvericiliyin istinad olunan müvafiq normalarından göründüyü kimi, sığorta ödənişi həyata keçirildikdən sonra sığortaçı zərərçəkmiş sığortalı və ya faydalanan şəxsin zərərin vurulmasında təqsirli olan şəxsə qarşı tələb hüququnu subroqasiya qaydasında əldə edir.

35. Cavabdeh tərəfin apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, işin araşdırılan halları ilə şikayətin dəlilləri təsdiqini tapmır.

36. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini rəhbər tutaraq düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

38. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Abduləzimov İmadi Rövşən oğlunun apellyasiya şikayəti təmin olunmasın. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar