Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-880/2026 29.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI MÜƏYYƏN ETDİ: Iddiaçı «X1 Azərbaycan» QSC cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı maddi zərərin əvəzi qismində 1.073 manat 22 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat 73 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə «X1 Azərbaycan» QSC-nin cavabdeh1 və cavabdeh2 qarşı «pul» tələbi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbul olunmasından imtina edilmişdir. Həmin qərardaddan iddiaçı «X1 Azərbaycan» QSC həmin qərardan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə «X1 Azərbaycan» QSC-nin cavabdeh1 və cavabdeh2 qarşı maddi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir. Qərardad qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddia predmetini yanlış qiymətləndirərək tələbin guya icra hərəkətləri ilə bağlı xərclərin tutulmasına yönəldiyi nəticəsinə gəlmişdir. Halbuki iddia ərizəsində tələb olunan 1.073 manat 22 qəpik məbləğ icra məmurunun sərəncamı əsasında çəkilmiş xərc deyil, icra qurumu tərəfindən ödənilmiş xərc deyil, icra hərəkətlərinin təşkili və keçirilməsi üçün sərf edilmiş xərc deyil və «Icra haqqında» Qanunun 79-cu maddəsində nəzərdə tutulan xərc kateqoriyasına aid deyil. Mübahisə predmeti Bank ilə «xxxx» MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli hüquqi xidmət müqaviləsi əsasında ödənilmiş vəsaitdir. Bu vəsait tərəflər arasında bağlanmış mülkihüquqi müqavilədən irəli gələn öhdəliyin icrası nəticəsində ödənilmişdir. Deməli, iddia icra xərclərinin tutulması deyil, cavabdehlərin hüquqazidd davranışları nəticəsində yaranmış maddi zərərin əvəzinin ödənilməsi barədə müstəqil mülki-hüquqi tələbdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, iddiaçı «X1 Azərbaycan» QSC cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı maddi zərər tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, «X1 Azərbaycan» QSC ilə ilə cavabdehlər arasında bağlanmış kredit müqaviləsi üzrə, borclu tərəfindən öhdəliklər lazımınca yerinə yetirilmədiyindən, kreditor tərəfindən məhkəməyə müraciət edilmiş və qəbul olunmuş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli məhkəmə əmrinə əsasən cavabdehlərdən müqavilə üzrə yaranmış əsas borc, faiz borcu və cərimə ilə yanaşı, dövlət rüsumu və digər xərclər iddiaçının xeyrinə tutulmuşdur. Həmin məhkəmə əmri qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq Icra Şöbəsinə göndərilmiş, icra mərhələsində tələb üzrə borcun tutulması üçün müəyyən icra hərəkətləri aparılmış və borc tam həcmdə ödənilmişdir. Iddiaçı «X1 Azərbaycan» QSC ilə «xxxx» MMC arasında ##.##.2021-ci il tarixli Hüquqi xidmət haqqında müqavilə bağlanmış, göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən MMC-yə 1.073 manat 22 qəpik məbləğində pul ödənilmişdir. Hazırda iddiaçı cavabdehlərdən borcun vaxtında ödənilməməsi və bununla bağlı «xxxx» MMC tərəfindən hüquqi xidmət göstərildiyinə görə sonuncuya hüquqi xidmət haqqı ödənilməsini əsas gətirərək, ödəmiş olduğu xidməti haqqı məbləğinin cavabdehlərdən tutulmasını xahiş edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia ərizəsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli, *(***)-****/**** nömrəli icra sənədi üzrə icra hərəkətləri ilə bağlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaq, qeyd edir ki, iddiaçı «X1 Azərbaycan» QSC-nin hazırki iddia tələbi cavabdehlərdən tələb olunan maddi zərərin əvəzi qismində pul tələbidir. Yəni, tələb olunan məbləğ icra hərəkətləri nəticəsində icra xərci kimi icra məmurunun qərarı ilə tutulan xərclərə aid deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 398.0.2-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 4.1, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı «X1 Azərbaycan» QSC tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli ləğv edilsin. Iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-880/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-880/2026
29.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver