Məhkəmə qərarları › İş №e-2(3-8)-1162/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-1162/2026

15.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-1162/2026 15.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddət, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi, Cavabdeh cavabdeh1 iştirakı ilə, Iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək cəmi borcu 24846,84 ABŞ dolları- bundan 10423,85 ABŞ dolları əsas, 4016,97 ABŞ dolları faiz, 8909,62 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1496,40 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 216,72 manat dövlət rüsumunun cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Zəngilan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Gülsarə Imanova) iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 10235,45 ABŞ dolları əsas, 3741,63 ABŞ dolları faiz, 1500 ABŞ dolları cərimə, illik 5% olmaqla hesablanmış 1452,87 ABŞ dolları faiz borcu olmaqla, cəmi 16929,95 ABŞ dolları (qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq) məbləğində borc və 216,72 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən xeyrinə ödənilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada ekspertiza xərci olan 100 manatın tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

3. Cavabdeh cavabdeh1 Zəngilan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya icraatı iştirakçılarının izahatları

4. Cavabdeh cavabdeh1 apellyasiya şikayətinin mümkün hesab edilərək, icraata qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

5. Iş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.1 Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 227.4. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qətnaməni tərtib etdikdən sonra onu elektron imzası ilə təsdiq etməklə 3 (üç) gün ərzində işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Maddə 357.1. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Maddə 366.1 Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2 Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

7. Məhkəmə kollegiyası hesab edir ki, Zəngilan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü üçün əsaslar olmadığına görə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357-364-cü maddələrinin tələbləri baxımından prosessual müddətlə bağlı hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

8. Iş materialları ilə müəyyən olunur ki, Zəngilan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ## #### 2026-cı il tarixli məktubla cavabdehin ünvanına göndərilmiş, lakin göndərilən ünvandan köçdüyünə görə zərf geri qayıtmışdır.

9. Bundan sonra qətnamə ##.##.2026-cı il tarixli məktubla icra olunması üçün Bakı şəhəri Nəsimi rayon Icra və Probasiya Şöbəsinə göndərilmiş və həmin tarixli icraata başlamaq haqqında Qərar iş materiallarına əlavə olunmuşdur.

10. Iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, cavabdeh cavabdeh1 ##.##.2026-cı il tarixində qəbzə imza etməklə qətnaməni əldə etmiş və ## #### 2026-cı il tarixində apellyasiya şikayəti vermişdir.

11. Zəngilan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən apellyasiya şikayəti MPM-nin 361.1.1-ci maddəsinin tələblərinə əməl olunmadığı üçün geri qaytarılmışdır.

12. Bundan sonra, cavabdeh cavabdeh1 ## #### 2026-cı il tarixində apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

13. Göründüyü kimi apellyasiya şikayəti iki gün müddət ötürülməklə verildiyindən, prosessual müddətin bərpa edilməsinə dair ərizə də verilmiş, lakin məhkəmə tərəfindən prosessual müddətin ötürülməsinə dair ərizəyə heç bir münasibət bildirilmədən, həmin şikayət ## #### 2026-cı il tarixdə təhvil alınaraq ## ###### 2026-cı il tarixdə apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

14. “Cavid Nurəddin oğlu Ismayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya şikayətilə bağlı konstitusiya məhkəmə icraatının predmeti olan mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları ilə işin mahiyyət üzrə düzgün həll edilib-edilməməsi məsələsinə toxunmayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət verilməsi qaydalarını, habelə məhkəmə aktlarının qanuni qüvvəyə minməsi anını tənzimləyən normalarının təhlil olunması zəruridir. Həmin Qərarda məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq instansiyalara şikayətlərin verilə bilməsi hüququ öz təsdiqini tapmış, lakin onun zamana görə qeyri-müəyyən hədlərdə deyil, yalnız Mülki Prosessual Məcəllədə nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Qanunverici Mülki Prosessual Məcəllədə qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir.

15. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayarkən qeyd edilən hala əhəmiyyət verməmiş, müddətin buraxılıb-buraxılmamasına hüquqi qiymət vermədən, apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyi halda buna münasibət bildirmədən, Mülki Prosesual Məcəllənin 364-cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, o cümlədən prosessual müddətin bərpası barədə vəsatətə baxmadan, apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

16. Kollegiya qeyd edir ki, sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir.

17. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

18. Kollegiya hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il ## ###### tarixli Qərarında göstərilmişdir: «Imperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur».

20. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh cavabdeh1 apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması, prosessual müddətin bərpası barədə vəsatətə baxılması üçün şikayət mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

21. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 366.2-ci və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Zəngilan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 361-364-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Zəngilan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülkikollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar