Məhkəmə qərarları › İş №e-2(3-8)-466/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-466/2026

21.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-466/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 18500 manat məbləğində borcun, 146 manat köçürdüyü dövlət rüsumunun və hüquqi yardımla bağlı köçürülən 325 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun tanışıdır, o 2024- cü il ərzində müxtəlif vaxtlarda ona ümumilikdə 18500 (on səkkiz min beş yüz) manat məbləğində pul vermiş, lakin cavabdeh həmin pulları ondan alsa da, sonradan qaytarmamışdır. Həmin pulların çox hissəsi onun adına olan kart hesabına köçürməklə verilmişdir. Cavabdehin ondan qeyd olunan məbləğdə pulları alması və qaytarmaması aralarında aparılan votsap danışıqları və karta edilən ödəniş qəbzləri ilə də təsdiq olunur.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Cavabdeh ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı ona kart vasitəsi ilə 12000 manat pul atmışdır. Həmin puldan hər ay 1200 manat kökündən getməyən faiz ödəmişdir. Bundan başqa iddiaçı lombarda qızıl qoyub ona pul vermişdir. Həmin pul 2400 manat məbləğində deyildi. İddiaçı puldan özünə götürüb bir hissəsini ona vermişdir. Hal-hazırda pulun məbləğini xatırlamır. Bundan başqa ödənişlərlə bağlı çeklər və yazışmalar silindiyindən hazırda təqdim edə bilmir. Rüsum və vəkil xərcini də qəbul etmir. Hesablamasına görə iddiaçıya borcu yoxdur. Yalnız lombarddan götürdüyü məbləği dəqiqləşdirdikdən sonra hər ay hissə-hissə ödəyə bilər.

5. İddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı iddia tələbində cavabdehə 18500 manat məbləğində pul verdiyini bildirmişdir. İddia olunan vəsaitin 12080 manatı cavabdehə kart vasitəsi ilə verilmiş, 2400 manatı ##.##.2025-ci ildə qızıllarını lombarda girov qoymaqla götürərək nağd şəkildə vermiş, ##.##.2024-cü ildə 2500 manat, ##.##.2024-cü ildə isə 1520 manat pulu nağd olaraq cavabdehə vermişdir. Ümumilikdə, nağd olaraq cavabdehə 6400 (altı min dörd yüz) manat məbləğində borc pul vermişdir. Cavabdehin iddiaçıya təqdim etdiyi kart hesabına edilmiş ödənişlər isə aşağıdakı kimi olmuşdur: Cavabdehə məxsus olan **************** saylı kart hesabına aparılan ödənişlər: ##.##.2024-cü ildə e-manat vasitəsi ilə 1000 manat, ##.##.2024-cü ildə 1000 manat, ##.##.2024-cü ildə 200 manat, ##.##.2024-cü ildə 100 manat, ##.##.2024-cü ildə e-manat vasitəsi ilə 2490 manat, ##.##.2024-cü ildə emanatla 10 manat, ##.##.2024-cü ildə 100 manat, ##.##.2024-cü ildə 100 manat, ##.##.2024cü ildə e-manatla 2000 manat, ##.##.2024-cü ildə Mpayla 1000 manat, ##.##.2024-cü ildə 1900 manat, ##.##.2024-cü ildə 1500 manat, ##.##.2024-cü ildə 680 manat, cəmi 12080 (on iki min səksən) manat.

6. İddiaçı tərəfindən cavabdehə ödənişlərin edilməsi ilə bağlı təqdim edilmiş qəbzlərdən görünür ki; ##.##.2024-cü il tarixli, ***** nömrəli ödəniş qəbzinə əsasən B** R** S** qızı adlı müştəriyə məxsus **** **** **** **** nömrəli kart hesabına 1000 manat; ##.##.2024-cü il tarixli, *-******** nömrəli qəbzə əsasən, RE** B** adlı müştəriyə məxsus **** **** **** **** nömrəli kart hesabına 1000 manat; ##.##.2024-cü il tarixli, *-******** nömrəli qəbzə əsasən, RE** B** adlı müştəriyə məxsus **** **** **** **** nömrəli kart hesabına 200 manat; ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən RE** B** adlı müştəriyə məxsus **** **** **** **** nömrəli kart hesabına 2490 manat; ##.##.2024-cü il tarixli ödəniş qəbzinə əsasən B** R** S** qızı adlı müştəriyə məxsus **** **** **** **** nömrəli kart hesabına 10 manat; ##.##.2024-cü il tarixli, ***** nömrəli ödəniş qəbzinə əsasən **** **** **** **** nömrəli kart hesabına 2000 manat; ##.##.2024-cü il tarixli, **** nömrəli ödəniş qəbzinə əsasən B** R** S** qızı adlı müştəriyə məxsus **** **** **** **** nömrəli kart hesabına 1000 manat; ##.##.2024-cü il tarixli, *-********* nömrəli qəbzə əsasən **** **** **** **** nömrəli kart hesabına 1900 manat; ##.##.2024-cü il tarixli, *********** nömrəli qəbzə əsasən **** **** **** **** nömrəli kart hesabına 1500 manat; ##.##.2024-cü il tarixli, *-********* nömrəli qəbzə əsasən RE** B** adlı müştəriyə məxsus **** **** **** **** nömrəli kart hesabına 680 manat məbləğində pullar köçürülmüşdür.

7. ##.##.2025-ci il tarixli, ****** nömrəli girov biletindən görünür ki, İddiaçı tərəfindən 2508 manat dəyərində qızıl-zinət əşyalarının ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək girov qoyulması nəticəsində 2400 manat kredit əldə edilmişdir.

8. ##.##.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt şəhəri * saylı Vəkil Bürosunun hesabına 325 manat ödəniş edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

9. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Pərvin İmamverdiyeva) iddianın qismən təmin edilməsi, 14400 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 113.88 manat və vəkil xərcinə görə 253.5 manat olmaqla, ümumilikdə 14767.38 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1091.1, 1091.2 və 1092.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 115.0.6, 121.1, 191.1, 217.1, 218.3, 216-220, 227, 233, 358, 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

11. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e*(***)-****/**** nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normaları ciddi şəkildə pozulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsi mövcud deyil. O, izahatında iddiaçıdan 12000 manat məbləğində vəsaitini faizlə (aylıq 1200 manat ödəmək şərti ilə) aldığını etiraf etmişdir. Lakin məhkəmə tərəfindən onun bu vəsaitin böyük hissəsini faiz adı altında geri qaytarmasına dair izahatları tamamilə diqqətdən kənarda saxlanılmışdır. Belə ki, o, iddiaçıya dəfələrlə ödənişlər etmişdir, lakin həmin məbləğlər əsas borcdan silinməmişdir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi və özünə "sərf edən" səs yazılarını və yazışmaları əsas götürmüş, onun telefonundakı sübutların qızı tərəfindən silinməsi səbəbindən yaranmış çətinliyi obyektiv qiymətləndirməmişdir. Xüsusilə vurğulayır ki, lombard vasitəsilə götürülən 2400 manat məbləğində vəsaitin ona tam verilmədiyi, iddiaçının həmin məbləğin bir hissəsini özünə götürdüyü barədə etirazı araşdırılmamış, məhkəmə girov biletindəki məbləği avtomatik olaraq onun borcu kimi tanımışdır. Məhkəmə münasibətləri əsassız varlanma kimi tövsif etsə də, onun tərəfindən edilən geri ödənişlərin həcmini müəyyən etmədən tam məbləği tutmuşdur. Əgər o, hər ay 1200 manat ödəniş etmişdirsə, bu, iddiaçının hesabına əsassız varlanmanın olmadığını və ya məbləğin əhəmiyyətli dərəcədə azaldığını sübut edir. Məhkəmə 3000 manatdan artıq məbləğlər üçün yazılı müqavilənin olmamasını düzgün qeyd etsə də, bu faktın iddiaçının zərərinə işləməli olduğu halda, sübutetmə yükünü qeyri-mütənasib olaraq onun üzərinə qoymuşdur. Məhkəmə bu iş üzrə ədalət mühakiməsini, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə sübutları düzgün təhlil etməmiş və bununla da AR MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmamışdır. Sübutlar məcmusuna qiymət verilərkən onun izahatlarının bir hissəsi (borcu alması) "etiraf" kimi qəbul edilmiş, digər hissəsi (geri ödəməsi) isə "sübutsuz" hesab olunaraq rədd edilmişdir. Bu, sübutlara birtərəfli yanaşmadır. Məhkəmə iddiaçının kartına və ya əlinə geri qaytarılan vəsaitlərin hərəkətini araşdırmamışdır. Lombard krediti üzrə faktiki olaraq onun əlinə çatan məbləğ müəyyən edilməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

15. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixində elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

16. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

21. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etdi ki, iddiaçı cavabdehin ondan 18500 manat məbləğində borc aldığını, həmin borcu qaytarmadığını iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.

23. Birinci instansiyadakı araşdırma zamanı cavabdeh iddia etiraz edərək iddiaçıdan 12.000 manat borc aldığını, həmin məbləği də qaytardığını, yalnız lombarddan götürülən məbləğə görə borclu qaldığını bildirmişdir.

24. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir /bax bənd 9/.

25. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə borc şəklində 18500 manat pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmamışdır. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinin mənasına görə borc müqaviləsinin predmetinin üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanır. Göründüyü kimi tərəflər arasında yazılı borc müqaviləsi bağlanmadığından, mövcud mübahisəyə Mülki Məcəllənin 739-cu maddəsinin tətbiqi yolverilməzdir.

26. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallar qismində ödəniş qəbzləri təqdim edilmiş, həmin ödəniş qəbzlərinə əsasən cavabdehə 11780 manat verildiyi öz təsdiqini tapır. İddiaçı ərizəsində ##.##.2024-cü ildə 100 manat, ##.##.2024-cü ildə 100 manat və ##.##.2024-cü ildə 100 manat ödəniş etdiyini bildirsə də, bu halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin iddiaçı qarşısında nağdsız öhdəliyinin həcminin cavabdehin etirafı həcmində, yəni 12000 manat olmasını əsaslı hesab etmişdir.

27. Daha onra məhkəmə qeyd etmişdir ki, iddiaçı lombarda girov qoyaraq cavabdehə 2400 manat məbləğində pul verdiyini bildirmiş, cavabdeh bu cür faktın mövcudluğunu etiraf etmiş, lakin məbləğin o qədər olmadığını və iddiaçının özünə də pul götürdüyünü bildirmişdir. ##.##.2025-ci il tarixli girov biletindəki məbləğin “kredit” adlı bölməsində “2400” göstərilməsi işin mübahisəsiz halıdır. Lakin cavabdeh həmin məbləğin ona tam şəkildə verilmədiyini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı, həmçinin, pulun bir hissəsini (4020 manat) cavabdehə əlbə-əl verdiyini iddia etsə də, bu hallara dair məhkəməyə sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə öhdəliyin həcminin 14400 manat (12000+2400) olması qənaətinə gəlmişir. İddiaçı həmin məbləğdən heç bir ödəniş edilmədiyini, cavabdeh isə hər ay 1200 manat olmaqla, kökündən getməyən faizlər ödədiyini bildirmişdir. Lakin bununla bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

28. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.

29. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

30. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizə olmaqla heç bir sübuta əsaslanmır.

31. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Konstitusiya Məhkəməsinin Plenumu Qərarlarında göstərilmişdir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

33. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

35. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır.

36. Mülki prosessual qanunvericiliyin qeyd olunan prinsiplərindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından mübahisə üzrə pul məbləğinin geri qaytarılmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin göründüyü kimi cavabdeh tərəfindən nə birinci instansiya məhkəməsindəki araşdırma zamanı, nə də apellyasiya icraatı zamanı etirazını istinad etdiyi hallara dair heç bir sübut təqdim edilməmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 385.2, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar