Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-592/2026 22.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər:kredit,borc) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. 1.İşin halları 2.(Kreditor) ASC İddiaçı ilə borclu Cavabdeh (Borc alan) arasında bağlanmış ##.##.2024-cü il tarixli, DKM/***N**A******** №-li Kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 36 (otuz altı) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə 11 600 (on bir min altı yüz) manat məbləğində kredit verilmişdir. 3.Müqavilənin 2.4-cü maddəsinə və onun * №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən cavabdeh Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. ##.##.2024-cü il tarixli, DKM/***N**A******** saylı kredit müqaviləsinə edilmiş 1saylı Əlavəyə əsasən kredit və ona hesablamış faizlərin ödəniş cədvəli tərtib edilmişdir. 4.##.##.2024-cü il tarixli, DKM/***N**A******** saylı kredit müqaviləsinə edilmiş ## #### 2024-cü il tarixli * saylı Əlavə Sazişə əsasən bu sazişin predmetini kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 5 % (beş faiz) təyin olunması ilə bağlı edilmiş dəyişikliyin kredit müqaviləsində əks etdirilməsi təşkil edir. 5.“xxxx” ASC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən həmin tarixə 9,948.54 (doqquz min doqquz yüz qırx səkkiz manat, 54 qəpik) manat məbləğində ümumi borcunuz yaranmışdır ki, bunun 9098,07 (doqquz min doxsan səkiz manat, 07 qəpik) manatını kreditüzrə əsas borc məbləği, 579,91 (beş yüz yetmiş doqquz manat, 91 qəpik) manatını vaxtı keçmiş əsas borc məbləği, 268.47 (iki yüz altmış səkiz manat, 47 qəpik) hesablanmış adi faiz və 2,09 (iki manat, 9 qəpik) hesablanmış cərimə faizləri məbləği təşkil edir. Kredit müqaviləsinin 5.2 (yarım)bəndinə müvafiq olaraq, tərəfinizdən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduğuna görə kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 5% (beş) faiz dərəcəsi ilə cərimə faizləri hesablanır. Hazırkı xəbərdarlığın tarixinə hesablanmış cərimə faizləri 2,09 (iki manat, 9 qəpik) manat təşkil edir. Bununla bağlı Sizi rəsmi şəkildə xəbərdar edirik ki, Kredit müqaviləsi ilə nəzərdə tutulmuş kredit üzrə ödənişlərin aparılması qaydası və müddətlərinə dair öhdəliklərin tərəfinizdən pozulması nəticəsində Bank Kredit müqaviləsinin 3.4.3 (yarım) bəndinə əsasən kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını tələb edə və bu tələbin icrasını təmin etmək üçün iddia ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 6.İş üzrə qəbul edilmiş məhkəmə aktı 7.Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, ##.##.2024-cü il tarixli, DKM/***N**A******** №-li Kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh iddiaçı ASC İddiaçı qarşısında 9 677,98 (doqquz min altı yüz yetmiş yeddi manat 98 qəpik) manat məbləğində əsas borc, ##.##.2025ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 988,25 (doqquz yüz səksən səkkiz manat 25 qəpik) manat məbləğində adi faizlər üzrə borc, ##.##.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanmış 50,61 (əlli manat 61 qəpik) manat məbləğində penya, cəmi 10 716,84 (on min yeddi yüz on altı manat 84 qəpik) manat məbləğində pul vəsaiti və ##.##.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penyanın cavabdeh Cavabdeh iddiaçı ASC İddiaçı xeyrinə tutulmasını və iddia ərizəsinin verilməsinə görə 122,15 (bir yüz iyirmi iki manat 15 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. 9.İddia onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC İddiaçı ilə cavabdeh Cavabdeh (Borc alan) arasında bağlanmış ##.##.2024-cü il tarixli, DKM/***N**A******** №-li Kredit müqaviləsinə müvafiq olaraq İddiaçı tərəfindən Borcalana 36 (otuz altı) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə 11 600 (on bir min altı yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun * №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən cavabdeh Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, ##.##.2025ci il tarixinə cavabdeh Cavabdeh bank qarşısında gecikdirilmiş borcu 10 666,23 (on min altı yüz altmış altı manat 23 qəpik) manat təşkil edir ki, bunun da 9 677,98 (doqquz min altı yüz yetmiş yeddi manat 98 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 988,25 (doqquz yüzsəksən səkkiz manat 25 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə cavabdeh Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, ##.##.2025-ci il tarixinə bu məbləğ 50,61 (əllimanat 61 qəpik) manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarım bəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə İddiaçı tərəfindən cavabdeh Cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair 10.##.##.2025-ci il tarixli QB-XO29.4.2025-*** №-li xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. 11.Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli, DKM/***N**A******** saylı kredit müqaviləsi üzrə 9677,98 (doqquz min altı yüz yetmiş yeddi manat 98 qəpik) manat məbləğində əsas borc, 270,56 (iki yüz yetmiş manat 56 qəpik) manat məbləğində faiz borcu, 50,61 (əlli manat 61 qəpik) manat məbləğində cərimə, cəmi 9999,15 (doqquz yüz doxsan doqquz manat 15 qəpik) manat və dövlət rüsumu üçün ödənilmiş 122,15 (bir yüz iyirmi iki manat 15 qəpik) manat tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissəsi təmin olunmaması qət edilmişdir (hakim Günel Kamilli). 12.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 421.2, 425.1, 427.3, 427.4, 443.1, 448.1, 460.1, 462.1, 462.3, 467, 739.1 və 739.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəsinin ## #### 2009-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 13.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri 14.Apellyasiya şikayətinin dəlilləri 15.İddiaçı “xxxx” ASC apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(027)-****/**** №-li qətnaməsini qismən, yəni iddia tələblərinin təmin edilməyən hissələrində ləğv edilməsini və iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 61,08 (altmış bir manat 08 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmiş aşağıdakı halları qəbul etmir: - Kredit müqaviləsi üzrə hesablanmış adi faizlər üzrə borc məbləğinin qismən təmin edilərək azaldılmasını; - İddia tələbinin “##.##.2025-ci il tarixdən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlərin və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penyanın” Cavabdehdən İddiaçının xeyrinə tutulmasına dair hissəsinin təmin edilməməsini. Aşağıda qeyd edilən əsaslara görə Bank hesab edir ki, Qətnamə maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur. Buna görə də həmin qətnamə qismən ləğv edilməli və Bankın iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə iddia tələbləri üzrə «adi faizlər üzrə borcun tutulması» hissəsində qismən təmin edilməsi, «##.##.2025-ci il tarixdən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanan adi faizlərin və illik 5 % dərəcəsi ilə hesablanan penyanın tutulması» hissəsində isə təmin edilməməsi ilə bağlı mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» ## #### 2023-cü il tarixli Qərarından irəli gələn hüquqi mövqe ilə əlaqələndirərək belə nəticəyə gəlir ki, «Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. “xxxx” ASC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişin məzmunudan müəyyən olunur ki, sözügedən şəxsdən kredit müqaviləsi üzrə 9098,07 (doqquz min doxsan səkiz manat, 07 qəpik) manat kredit üzrə əsas borc məbləği, 579,91 (beş yüz yetmiş doqquz manat, 91 qəpik) manat vaxtı keçmiş əsas borc məbləği, 268.47 (iki yüz altmış səkiz manat, 47 qəpik) hesablanmış adi faiz və 2,09 (iki manat, 9 qəpik) hesablanmış cərimə ödənilməsi tələb edilmişdir. Belə olan halda məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək həmin bildirişin göndərilməsi tarixini iddiaçının müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradə ifadəsinin qarşı tərəfə bildirilməsi olaraq qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli, DKM/***N**A******** saylı kredit müqaviləsi üzrə 9 677,98 manat əsas borc və 270.56 manat faiz borcu tutulmalıdır». Bank hesab edir ki, Məhkəmənin yuxarıda qeyd edilənlər ilə bağlı mövqeyi əsassızdır. Belə ki, iş materiallarında olan Kredit müqaviləsi ##.##.2024-cü il tarixində 36 (otuz altı) ay müddətinə bağlanmış, yəni müqavilə ##.##.2027-ci il tarixinə qədər qüvvədədir və həmin kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən Bank əsaslar yarandıqda kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini Borcalandan tələb edə bilər. Həmin Kredit müqaviləsinə * saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən Cavabdeh kredit üzrə əsas borc məbləğini və hesablanmış faizləri hər ay Banka ödəmək öhdəliyi götürmüş, müəyyən müddət bu öhdəliyi yerinə yetirsə də, sonrakı vaxtlarda həmin öhdəliyi pozmağa başlamışdır. Bu səbəbdən Bank ##.##.2025-ci il tarixində Cavabdehə xəbərdarlıq ünvanlayaraq həmin tarixə (məktubun tarixinə) yaranmış 579.91 manat məbləğində vaxtı keçmiş əsas borc və 268.47 manat məbləğində isə hesablanmış adi faiz borcu barədə məlumat vermişdir. Eyni zamanda gecikdirilən borc məbləğinin ##.##.2025-ci il tarixinədək ödənilməsi tələb edilməklə yanaşı, Kredit müqaviləsinin 5.2-ci yarımbəndinə əsasən cavabdehin əsas borc məbləğinin ödənilməsi müddətlərini pozduğuna görə ona kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 5% dərəcəsi ilə cərimə faizlərinin hesablandığı barədə məlumat verilmiş və kredit üzrə ödənişlərin aparılması qaydası və müddətlərinə dair öhdəliklərin onun tərəfindən pozulması nəticəsində Bankın kredit müqaviləsinin 3.4.3-cü yarımbəndinə əsasən kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılması və bu tələbin icrasını təmin etmək üçün iddia ilə məhkəmə müraciət etmək hüququnun olması barədə məlumatlandırılmışdır. Həmçinin Bank bildirir ki, borcun tam qaytarılmasının tələb edilməsinə dair hər hansı cümlə (buna dair iradə ifadəsi) sözügedən xəbərdarlığın məzmununda mövcud deyildir. Göründüyü kimi, xəbərdarlıq məktubunun məzmunu həmin günə formalaşmış gecikdirilmiş borcun qaytarılması ilə bağlıdır. Bank Kredit müqaviləsinin 3.1.3-cü bəndini rəhbər tutaraq, öhdəliklərin vaxtından əvvəl icrası ilə bağlı yalnız ##.##.2025ci il tarixli borcun Borcalandan tutulmasını barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla belə Bank hesab edir ki, iddia ərizəsinin verilməsi belə iddiaçının müqaviləyə xitam verilməsinə dair iradəsini ifadə etmir. Lakin, məhkəmə xəbərdarlığı iddiaçının kredit müqaviləsi üzrə bütün borcun vaxtından əvvəl geri tələb etməsi ilə bağlı qarşı tərəfə “bildiriş” göndərdiyini və bununla da həmin tarixdən sonra müqavilənin ləğv edildiyinə dair səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Beləliklə də, Məhkəmə Konstitusiya Məhkəməsinin 2023-cü il ## #### tarixli Qərarının 1-ci və 4-cü bəndlərində (“qərara aldı” hissəsi) qeyd olunan hüquqi mövqeyi işin faktiki hallarına əsasən münasibətdə səhv tətbiq etmiş və bununla da düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, həmin Qərarda yer alan hüquqi mövqeyə əsasən «...müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır». Belə olan halda Bank hesab edir ki, Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin normaya görə, “müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.” Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və göründüyü kimi bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” ## #### 2009-cu il tarixli qərarında daha bir hüquqi mövqe göstərilmişdir ki, həmin mövqeyə görə də «Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur». Həmçinin məlum olduğu kimi, Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarından sonra ##.##.2023-cü il tarixində qüvvəyə minmiş qanunla Azərbaycan Respublikası Mülki Məcəlləsinin kredit münasibətləri ilə bağlı müddəalarına əsaslı dəyişikliklər edilərək “Borc fəsli” yeni redaksiyada verilmişdir. Həmin dəyişikliklərin təhlili də təsdiq edir ki, kreditor kredit müqaviləsi üzrə öhdəliklərin faktiki olaraq tam şəkildə icra edildiyi tarixə qədər əsas borc məbləğinə müqavilə ilə müəyyən edilmiş faiz dərəcəsi ilə adi faizləri və penyanı hesablamaq hüququna malikdir. Belə ki, dəyişikliklərdən sonra MMin 740.4-cü maddəsində faizlərin, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlərin və digər haqların yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanmalı olduğu qeyd edilmişdir. KM Plenumunun “N.Hacıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, – “Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır”. – “Ədalətli məhkəmə araşdırmasının tərkib hissəsi olaraq tərəflərin təqdim etdiyi təqdimatların, arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasının təmin edilməsi milli məhkəmələrin vəzifəsi olaraq müəyyən edilmişdir (Avropa Məhkəməsinin Van de Hurk Hollandiyaya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli Qərarı)”. Lakin Məhkəmə iş materiallarında olan ##.##.2025-ci il tarixli xəbərdarlığa düzgün hüquqi qiymət verməmiş və bununla da mühüm əhəmiyyət daşıyan məsələ üzrə səhv nəticə gələrək əsassız qətnamə qəbul etmişdir. 17.Apellyasiya şikayətinə qarşı etirazlar 18.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. 19.Məhkəmə icraatı iştirakçılarının izahatları 20.Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. 21.Cavabdehə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 22.Tətbiq edilən hüquq 23.Azərbaycan Respublikası Mülki Məcəlləsi: 24.Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 25.Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 26.Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 27.Maddə 448.1. bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 28.Maddə 449.1. özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 29.Maddə 465.2. əgər borclu lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditorun onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər 30.Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 31.Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 32.Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 33.Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 34.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 35.Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 36.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 37.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 38.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 39.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 40.Apellyasiya baxışının hədləri 41.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 42.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 43.Apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissədə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlayır. 44.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 45.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 46.Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. 47.Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ##.##.2024-cü il tarixli, DKM/***N**A******** №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 12 % ödənilməsi şərtilə 11 600 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi lazımi qaydada və vaxtında icra etməmişdir. Bununla da müqavilə şərtlərini pozmuşdur. Nəticədə iddiaçı bank qarşısında cavabdehin kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə məsuliyyəti yaranmışdır. 48.“xxxx” ASC tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişin məzmunudan müəyyən olunur ki, sözügedən şəxsdən kredit müqaviləsi 9098,07 (doqquz min doxsan səkiz manat, 07 qəpik) manat kredit üzrə əsas borc məbləği, 579,91 (beş yüz yetmiş doqquz manat, 91 qəpik) manat vaxtı keçmiş əsas borc məbləği, 268.47 (iki yüz altmış səkiz manat, 47 qəpik) hesablanmış adi faiz və 2,09 (iki manat, 9 qəpik) hesablanmış cərimə ödənilməsi tələb edilmişdir. 49.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək, hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 50.Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. 51.Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 52.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq, Qət etdi: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-592/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-592/2026
22.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver