Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-619/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İddiaçı İbrahimli Turqay Həbib oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı inzibati xəta haqqında qərarın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı İbrahimli Turqay Həbib oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakim E.Məmmədov) iddiaçı İbrahimli Turqay Həbib oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə qarşı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə iddia ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunması qərara alınmışdır. İddiaçı İbrahimli Turqay Həbib oğlu qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli mülki iş üzrə ##.##.2026cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, iddiaçı İbrahimli Turqay Həbib oğlunun Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli mülki iş üzrə ##.##.2026-cı il tarixli qərardadından ##.##.2026-cı il tarixində verdiyi şikayət ərizəsi baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI İddiaçı İbrahimli Turqay Həbib oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.2-ci maddəsində göstərilən inzibati xətanı törətməsinin müəyyən edilməsi və 20 manat cərimə edilməsinə dair inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı İbrahimli Turqay Həbib oğlu Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadının ləğv edilməsi və işin icraata qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, IXP******* nömrəli qanunsuz protokolu əsasında (inzibati xətanın törədildiyi iddia olunan tarix: ##.##.2025-ci il) ##.##.2025-ci ildə qüvvəyə minmiş icra qərarından elektron məhkəmə portalı üzərindən Abşeron Rayon Məhkəməsinə şikayət etmişdir. Lakin məhkəmənin ##.##.2026-cı il tarixli, *(*- ***)-****/**** nömrəli qərardadı ilə “inzibati xəta haqqında qərarın ləğv edilməsi” barədə iddia ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunmuşdur. Hesab edirlər ki, qərardad qanunsuz və əsassız qəbul edilmiş və ləğv edilməlidir. Belə ki, ilk növbədə, o, qeyd olunmalıdır ki, məhkəmənin müraciəti iddia ərizəsi kimi qiymətləndirməsi və məsələyə o aspektdən baxması başdan bəri yanlış yanaşmadır. Çünki işə qoşma edilmiş və tərəfindən yazılmış sənədə (şikayət, pdf formatda) baxıldıqda görünür ki, həmin ərizə iddia ərizəsi formasında yox, qərardan şikayət formasında yazılmışdır. Ona görə də məhkəmənin öz qərardadında iddia ərizəsi ifadəsini istifadə etməsi anlaşılan deyildir. Əgər məhkəmə sənədlərin yüklənilməsi zamanı məcburiyyətdən iddia icraatı formatının seçilməsini nəzərdə tutursa, bu olduqca yanlış yanaşmadır, çünki elektron məhkəmə portalında qərardan inzibati qaydada məhkəməyə şikayət icraatında müraciət edilməsi üçün ayrıca bir imkan nəzərdə tutulmamışdır. Buna görə də formal olaraq məcbur şəkildə, elektron sistem üzərində göndərə bilmək üçün iddiaçıcavabdeh bölmələri üzərindən sənəd göndərilmişdir. Yenə də xüsusi təkrarlamaqda fayda görür ki, nə qoşma sənədlərdə, nə mətn hissədə, heç bir yerdə tərəfindən “iddia ərizəsi” ifadəsi işlədilməmiş, müraciət İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qəbul edilmiş qərardan inzibati qaydada şikayət edilməsi ilə bağlı olmuşdur. Belə halda məhkəmənin bunu görməzdən gələrək, elektron portalda mövcud olan çatışmazlığı önə çəkməsi və bunu vətəndaş əleyhinə istifadə edərək süründürməçiliyə yol verməsi, hesab edirlər ki, qəbul edilən olmamalıdır. Qərardadda qeyd olunan mətndən də göründüyü kimi məhkəmə bilərəkdən sistemdə məcburiyyətdən irəli gələn “iddiaçı” və “cavabdeh” bölmələrinin formalaşmasını bəhanə kimi irəli sürmüş və qeyd etmişdir ki, ona görə də hazırkı ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və yaxud inzibati qaydada müvafiq məhkəməyə şikayət verməlidir. Həmçinin qərardadın qəbulu zamanı məhkəmə onun tərəfindən təqdim edilən sənədləri ətraflı şəkildə incələyərək tədqiq etməmişdir. Belə ki, şikayətinin mətnində xüsusi qeyd edilmişdir ki, qərar qəbul edildiyini gördükdən sonra dərhal həm elektron kabinetdən, həm də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin veb səhifəsindən müraciət edərək qəbul edilən qərarın elektron mətninin ona göndərilməsini tələb etmişdir. Hər iki istiqamətdən etdiyi müraciətə guya ##.##.2026-cı il tarixində yazılmış İ-259179 nömrəli, AR DİN Bakı şəhər Baş Polis İdarəsinin X1 İdarəsi tərəfindən yazılmış, müraciətin məzmunundan kənar verilmiş cavab məktubu cari ilin aprel ayında elektron olaraq “E-polis” sisteminə yüklənmişdir. Məhkəmə yuxarı səlahiyyətli orqana etdiyi müraciəti və onlar tərəfindən verilmiş cavabı görməzdən gəlmiş, qərardadda ona inzibati tənbeh tətbiq etmə haqqında qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) şikayət etmək hüququnun olmasını izah etmişdir. Nəticə olaraq görünür ki, məhkəmə şikayəti nəzərdən keçirərkən işin mahiyyətinə baxmaq yerinə (qoşma edilmiş şikayət, digər sənədlər və s.) sadəcə elektron məhkəmə portalındakı çatışmazlıqdan öz lehinə istifadə etməyə çalışmış, məhz bu səbəbdən də əslində inzibati qaydada verilmiş şikayəti bilə-bilə iddia ərizəsi kimi qiymətləndirmiş və müraciətin qəbulundan imtina etmişdir. Halbuki müraciət məhz inzibati qaydada şikayət olaraq müvafiq məhkəmə olan Abşeron Rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri və hərbi məhkəmələr İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlardır. Məhkəmə müraciətin iddia ərizəsi olduğunu iddia etmiş, lakin bunu sübut edəcək dəlillər ortaya qoymamışdır. Məhkəmə aktında (qərardadda) işin iddia ərizəsi formasında verilməsi qeyd edilsə də işin faktiki hallarında (yüklənmiş sənədlər) müraciətin inzibati xətaya dair qərardan şikayət olduğu açıq-aydın görünür. Bu isə məhkəmənin süründürməçiliyə yol verdiyini göstərir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunmasını ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İşdən görünür ki, İbrahimli Turqay Həbib oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.2-ci maddəsində göstərilən inzibati xətanı törətməsinin müəyyən edilməsi və 20 manat cərimə edilməsinə dair inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məlum olduğu kimi İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsində haqqında iş üzrə qərar qəbul edilmiş şəxsə qeyd olunan Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermə hüququ təsbit edilmişdir. Lakin iddiaçı Turqay İbrahimli mövcud şikayətini İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq tərtib edilməmişdir. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat” ın 33-cü bəndinə əsasən Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə işlərin (materialların) vahid elektron qeydiyyatı zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”ndan istifadə edilir. İcraat növlərinin bir-birindən fərqləndirilməsi üçün isə onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı məqsədilə indekslər müəyyən edilmişdir: 1 - cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat; 2 - mülki işlər üzrə icraat; 2- 1 - inzibati mübahisələrə dair işlər üzrə icraat; 2-2 - kommersiya mübahisələrinə dair işlər üzrə icraat; 2-3 - apellyasiya məhkəmələrinin birinci instansiya qismində baxdığı inzibati mübahisələrə dair işlər üzrə icraat; 3 - inzibati xətalar haqqında işlər üzrə icraat. Göründüyü kimi yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərardan verilmiş şikayətlər 3 indekslə inzibati xətalar haqqında işlər üzrə icraat qaydasında baxılmalıdır. Belə olan halda aşağı instansiya məhkəməsi MPM-nin 153.2.1. maddəsinə əsasən iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli və onunla bağlı ## ### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI İddiaçı İbrahimli Turqay Həbib oğlunun şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli və onunla bağlı ## ### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-619/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-619/2026
02.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver