Məhkəmə qərarları › İş №e-2(3-8)-692/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-692/2026

22.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-692/2026 22.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı ASC İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (kredit müqaviləsi üzrə borc tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı ASC İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, Siyəzən Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı ASC İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ## ######## 2023-cü il tarixli, DKM/***N**A******** nömrəli kredit müqaviləsinin surətindən görünür ki, ASC İddiaçı tərəfindən yaşayış sahəsinin təmiri məqsədilə Cavabdeh 36 ay müddətinə, illik 12% ödəmək şərti ilə 8500 manat məbləğində kredit verilmişdir.

2. Müqavilənin 3.4.3.1-ci maddəsinə əsasən borcalan tərəfindən ödəniş cədvəlində (* saylı Əlavə) nəzərdə tutulmuş tarixdə kredit üzrə annuitet (əsas borc və kreditdən istifadəyə görə faizlər) ödəniş həyata keçirilmədikdə və ya ödənişlər 3 (üç) ardıcıl ay ərzində 2 (iki) dəfə gecikdirildikdə bank kredit üzrə əsas borcun qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etdikdə, müvafiq tələbi aldığı tarixdən ən geci 20 (iyirmi) iş günü ərzində krediti banka qaytarmaq və ödənilmə anınadək hesablanmış faizləri ödəmək borcalanın vəzifəsidir.

3. ##.##.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ## ######## 2023-cü il tarixli, DKM/***N**A******** nömrəli kredit müqaviləsi üzrə ##.##.2025-ci il tarixinə banka əsas borc üzrə 4393,60, hesablanmış adi faiz borcu üzrə 260,84 manat, cərimə faizləri üzrə 5,02 manat olmaqla, cəmi 4659,46 manat borcu vardır.

4. ASC "Xalq” Bankının cavabdehə ünvanladığı ## ###### 2025-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, həmin tarixə cavabdehin bank qarşısında 2097,81 manat məbləğində gecikdirilmiş borcun yarandığı, bunun 1719,59 manatı kredit üzrə vaxtı keçmiş əsas, 308,98 manatının isə hesablanmış faizlər üzrə borc məbləğinin təşkil etməsi, kredit müqaviləsinin 5.2-ci bəndində müvafiq olaraq, cavabdeh tərəfindən əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduğuna görə kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15% faiz dərəcəsi ilə hesablanmış cərimə faizinin 69,24 manat təşkil etməsi barədə cavabdehə xəbərdarlıq edilmiş və borc məbləğinin ##.##.2025-ci il tarixədək ödənilməsi tələb edilmiş, həmçinin hazırkı tələblərini aralarında bağlanmış kredit müqaviləsinin 3.4.3-cü maddəsi ilə əsaslandırmışlar.

5. ##.##.2026-cı il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ## ######## 2023-cü il tarixli, DKM/***N**A******** nömrəli kredit müqaviləsi üzrə ##.##.2026-cı il tarixinə banka əsas borc üzrə 4393,60, hesablanmış adi faiz borcu üzrə 417,55 manat, cərimə faizləri üzrə 150.90 manat olmaqla, cəmi 4962,05 manat borcu vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ASC İddiaçı cavabdeh Cavabdeh qarşı "kredit borcunun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə ##.##.2023-cü il tarixli DKM/***N**A******** nömrəli kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh iddiaçı ASC İddiaçı qarşısında 4393,60 manat məbləğində vaxtı keçmiş əsas borcu, ##.##.2025-ci il tarixə qədər kreditdən istifadəyə görə illik 12% dərəcəsi ilə hesablanmış 260,84 manatı məbləğində adi faizlər üzrə borc məbləği, ##.##.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5,02 manat məbləğində penya, cəmi 4659,46 manat məbləğində pul vəsaiti və ##.##.2025-ci il tarixindən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penyanın, eləcə də, iddia ərizəsinin verilməsinə görə 66,70 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra, ASC İddiaçı cavabdeh Cavabdeh qarşı kredit borcunun tutulmasına dair iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən iddiaçı Bankın xeyrinə ##.##.2023-cü il tarixli DKM/***N**A******** nömrəli kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh iddiaçı ASC İddiaçı qarşısında 4393,60 manatı məbləğində vaxtı keçmiş əsas borcu, ##.##.2026-cı il tarixə qədər kreditdən istifadəyə görə illik 12% dərəcəsi ilə hesablanmış 417,55 manatı məbləğində adi faizlər üzrə borc məbləği, ##.##.2026-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 150,90 manat məbləğində penya, cəmi 4962,05 manat məbləğində pul vəsaiti və ##.##.2026-cı il tarixdən qətnamənin qəbul edildiyi tarixədək əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penyanın, eləcə də iddia ərizəsinin verilməsinə görə 69,70 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia ərizəsi əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, iddiaçı ASC İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, DKM/***N**A******** №-li Kredit müqaviləsinə müvafiq olaraq Bank tərəfindən Borc alana 36 (otuz altı) ay müddətinə, illik 12% (on iki faiz) ödənilməsi şərtilə, 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun * saylı Əlavəsi olan Annuitet Ödəniş cədvəlinə əsasən cavabdeh Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, ##.##.2025-ci il tarixinə cavabdeh Cavabdeh Bank qarşısında gecikdirilmiş borcu 4654,44 (dörd min altı yüz əlli dörd manat 44 qəpik) manat təşkil edir ki, bunun da 4393,60 (dörd min üç yüz doxsan üç manat 60 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 260,84 (iki yüz altmış manat 84 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə, cavabdeh Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% (on beş faiz) dərəcəsi penya da ödəməlidir ki, ##.##.2025-ci il tarixinə bu məbləğ 5,02 (beş manat 02 qəpik) manat təşkil edir. Kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq bankın kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Borcun ödənilməsinin tələb edilməsinə dair ##.##.2025-ci il tarixli, SYZ-XO-#.##.****-*** nömrəli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Qeyd olunanlara əsasən bank məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

9. Siyəzən Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim G.Quluzadə) iddia tələbi qismən təmin edilərək: - cavabdeh Cavabdeh 4393,60 manat əsas və 215,86 manat faiz borcu olmaqla, cəmi 4609,46 (dörd min altı yüz doqquz manat qırx altı qəpik) manat məbləğində borcun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, - ödənilmiş məhkəmə xərcinin cavabdehdən tələb edilən 69,70 manat hissəsinin 93%-i, yəni 64,8 (altmış dörd manat səksən qəpik) manatın cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi, cavabdehdən tələb edilməyən 0,80 manat məhkəmə xərci də daxil olmaqla qalan 5,70 (beş manat yetmiş qəpik) manatın iddiaçı bankın özünə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin araşdırılan halları, iş materiallarına əlavə edilmiş maliyyə arayışları, ödəniş cədvəli və cavabdehin özünün də etirafı ilə cavabdehin banka 4393,60 manat məbləğində əsas borcu olduğu öz təsdiqini tapdığından iddia tələbi bu hissədə əsaslı hesab edilərək təmin edilməlidir. İddia tələbinin faiz və cərimə borcunun tutulması hissəsinə münasibət bildirən məhkəmə qeyd edib ki, iddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərkən 260,84 manat faiz və 5,02 manat cərimə, ##.##.2026-cı il tarixdə məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərkən isə 417,55 manat faiz və 150,90 manat cərimə borcunun tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edib ki, iddiaçı bank cavabdehə ## ###### 2025-ci il tarixində xəbərdarlıq məktubu göndərən zaman ondan müqavilə üzrə bütün məbləği deyil, həmin günə yaranmış əsas, faiz və cərimə borcunu tələb etsə də, ##.##.2025-ci il tarixində məhkəməyə müraciət edərkən müqavilə üzrə yaranmış bütün borcu tələb etməklə müqavilədən birtərəfli qaydada imtina ilə bağlı öz iradəsini ifadə etmişdir. Bundan başqa iddia ərizəsi məhkəməyə ##.##.2025-ci il tarixində daxil olsa da, ## ##### 2026-cı il tarixinə qədər iddiaçı bank tərəfindən tələbin dəqiqləşdirilməsinə dair hər hansı sənəd təqdim edilməmiş, yalnız ##.##.2026-cı il tarixində cavabdeh tərəfindən məhkəməyə 50 manat ödəniş etməsinə dair qəbz təqdim olunduqdan sonra məhz bu ödənişlə bağlı iddia tələbini dəqiqləşdirmiş və faiz və cərimə borcunun məbləği hissədə iddia tələbinin həcmini artırmışdır.

11. Qeyd olunanlara əsasən məhkəmə hesab edib ki, iddiaçı bank ##.##.2025ci il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən sözügedən müqavilə üzrə əsas və gecikmə günü üçün hesablanmış faiz borcunu, eyni zamanda cərimə borcunun qaytarılmasını tələb etməklə, həmin müqavilənin birtərəfli qaydada ləğv olunmasını bəyan etmişdir. Belə olan halda, kreditorun cavabdehdən bütün borcun qaytarılmasını tələb etməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq iradə ifadəsi qarşı tərəfə bildirildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz.

12. Məhkəmə həmçinin onu da qeyd edib ki, iddia tələbində cavabdehdən 260,84 manat faiz və 5,02 manat cərimə borcu tələb edilsə də, ##.##.2026-cı il tarixində məhkəməyə təqdim edilmiş maliyyə arayışında cavabdeh tərəfindən ##.##.2023-cü ildə 50 manat ödəniş edildiyi və həmin məbləğin cərimə faizləri üzrə hesablanan məbləğdən çıxıldığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edib ki, ödənilmiş 50 manat məbləğ cərimə və faiz borcuna hesablanaraq (50 manat-5,02 manat=44,98 manat; 260.84 manat-44.98=215,86 manat) cavabdehin cərimə borcunun qalmaması nəzərə alınmalı və 215,86 manat faiz borcunun tutulması əsaslı və ədalətli hesab edilməlidir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 421.3, 442, 445.2.1, 448.1, 462.1, 465.2-ci maddələrinə, ## ####### 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəllənin 739.1, 739.2, 741-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447 ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 88, 106.1, 217.1, 217.3, 217.4, 222.2-ci maddələrinə istinadən əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən narazı qalan iddiaçı ASC İddiaçı apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin qismən, yəni iddia tələblərinin təmin edilməyən hissələrində ləğv edilməsi və bankın iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 34,90 (otuz dörd manat 90 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə hesablanmış adi faizlər üzrə borc məbləğinin və penyanın qismən təmin edilərək azaldılması, eyni zamanda ##.##.2026-cı il tarixdən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% (beş faiz) dərəcəsi ilə hesablanan penyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissəsinin təmin edilməməsi barədə məhkəmə tərəfindən müəyyən edilmiş hallar qəbul edilməzdir. Qətnamə maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur. İşdə olan kredit müqaviləsindən görünür ki, müqavilə ##.##.2023-cü il tarixində 36 (otuz altı) ay müddətinə bağlanmış, yəni müqavilə ##.##.2026-ci il tarixinə qədər qüvvədədir və həmin kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən Bank əsaslar yarandıqda kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini borcalandan tələb edə bilər. Kredit müqaviləsinin 1.1-ci bəndinə və müqaviləyə * saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən cavabdeh kredit üzrə əsas borc məbləğini və hesablanmış faizləri hər ay banka ödəmək öhdəliyi götürmüş, müəyyən müddət bu öhdəliyi yerinə yetirsə də, sonrakı vaxtlarda həmin öhdəliyi pozmağa başlamışdır. Bank Kredit müqaviləsinin 3.1.3-cü bəndini rəhbər tutaraq, ##.##.2025-ci il tarixdə borcun borcalandan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra ##.##.2026-cı il tarixdə bank tərəfindən iddiaya dəyişiklik ərizəsi verilmişdir. Borcalana qarşı məhkəmədə iddianın qaldırılması iddiaçının müqaviləyə xitam verilməsinə dair iradəsini ifadə etmir. Lakin məhkəmə iddia ərizəsin verildiyi vaxtdan müqavilənin ləğv edildiyinə dair səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Bununla da, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcələsinin 399.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin normaya görə, “müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.” Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və göründüyü kimi bu şərt Azərbaycan Respublikası Mülki Məcələsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcələsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. X5 məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda , Azərbaycan Respublikasının Mülki Məcələsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilmiş hüquqi mövqelərini nəzərə alaraq qeyd edir ki, göründüyü kimi, iş üzrə hətta qətnamənin qəbul edilməsi tərəflər arasında müqavilə münasibətlərinə xitam vermədiyi halda, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi, yaxud məhkəmədə borcun tutulması və (ya) ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırması müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlmir. Bundan başqa ##.##.2023-cü il tarixində qüvvəyə minmiş qanunla Azərbaycan Respublikası Mülki Məcəlləsinin kredit münasibətləri ilə bağlı müddəalarına əsaslı dəyişikliklər edilərək “Borc fəsli” yeni redaksiyada verilmişdir. Həmin dəyişikliklərin təhlili də təsdiq edir ki, kreditor kredit müqaviləsi üzrə öhdəliklərin faktiki olaraq tam şəkildə icra edildiyi tarixə qədər əsas borc məbləğinə müqavilə ilə müəyyən edilmiş faiz dərəcəsi ilə adi faizləri və penyanı hesablamaq hüququna malikdir. Belə ki, dəyişikliklərdən sonra MM-in 740.4-cü maddəsində faizlərin, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlərin və digər haqların yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanmalı olduğu qeyd edilmişdir. Məhkəmə Bankın iddiasının “##.##.2026-cı il tarixindən (iddia ərizəsinə dəyişiklik ediləməsi barədə ərizənin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% (o beş faiz) dərəcəsi ilə hesablanan penyanın cavabdeh Cavabdeh iddiaçı ASC İddiaçı xeyrinə tutulmasına dair hissəsində təmin etməməklə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2023-cü il tarixli Qərarından irəli gələn hüquqi mövqeyi əlaqələndirmişdir.Halbuki qeyd olunan hissədə iddia tələbi Konstitusiya məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcələsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» ## #### 2009-cu il tarixli qərarına əsaslanır. X5 Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə: “Mübahisə yarandığı halda, məsələ məhkəmə qaydasında həll olunarkən, tərəflərin hüquq və mənafelərinin daha səmərəli qorunması üçün nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə qətnaməsinin çıxarılmasından əvvəl borc məbləği ödənilibsə, məhkəmə öz qərarında faiz və maliyyə sanksiyası məbləğini dəqiq göstərməlidir. Həmçinin məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyanın hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir”. Məhz Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqeyindən çıxış edərək bildirir ki, ##.##.2026-cı il tarixindən (iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizənin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12% (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penyanın cavabdeh Cavabdeh iddiaçı ASC İddiaçı xeyrinə tutulmasına dair hissədə tələbləri təmin edilməlidir. Göründüyü kimi məhkəmə iş materialarında olan ##.##.2026-cı il tarixli iddia tələbinə dəyişiklik edilməsinə dair ərizəyə düzgün hüquqi qiymət verməmiş və bununla da mühüm əhəmiyyət daşıyan məsələ üzrə səhv nəticə gələrək əsassız qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, bildirdi ki, iş məhkəmənin icraatında olan zaman cavabdeh borc üzrə 50 manat məbləğində ödəniş etmişdir. Bundan sonra məhkəmənin təklifi ilə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi iddia tələbinə dəqiqləşdirmə barədə ərizədə qeyd olunan faiz borcu tələbini əsaslı hesab etməmişdir. Məhkəmə əsassız olaraq cavabdehdən tutulmalı olan borc məbləğini məhkəməyə iddia ərizəsinin daxil olduğu vaxt qeyd olunmuş məbləğlə məhdudlaşdırmış və bu barədə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447 ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarına istinadla əsaslandırmağa çalışmışdır. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. İş üzrə cavabdeh X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. ## ####### 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəllə: 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447 ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarı

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kreditmüqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətindən görünür ki, apellyator Siyəzən Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir.

24. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisəndirilən hissədə yoxlamağı vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İddia tələbindən görünür ki, iddiaçının tələbi mövcud kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas və faiz, cərimə borcunun) cavabdehdən alınması barədədir.

27. İşin məhkəmə tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsi bağlanmış, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri lazımi qaydada icra etməmişdir.

28. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği cavabdeh Cavabdeh borc vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəlində razılaşdırmışlar. Buna baxmayaraq, cavabdeh ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və bankın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, borcun cavabdehdən tutulması haqqında iddiaçının tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır.

29. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyindən məhkəmə qətnaməsi yalnız bankın şikayətinin dəlilləri həcmində (borc məbləğinə münasibətdə) apellyasiya araşdırmasının predmetini təşkil edir.

30. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, iddiaçının apellyasiya şikayətinin yeganə və əsas dəlili məhkəmə tərəfindən qət edilən borc məbləğinin əsassızlığı ilə bağlıdır. Yəni iddiaçı bank qeyd edir ki, işə baxan məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun şəkildə faiz və cərimə borcu hissəsində düzgün nəticəyə gəlməmiş, cavabdehin təqsirli davranışları nəticəsində tərəflər arasında kredit müqaviləsi üzrə şərtləşdirilmiş qaydada faiz və cərimə borcunun hesablanması halı yaranmış və bank da bu hüququndan istifadə edərək, müqavilə üzrə əsas borcun gecikdirildiyi vaxta uyğun illik 12 faizlə hesablanan faiz borcu və 15 faizlə hesablanan cərimə borcunun ödənilməsini tələb etmişdir.

31. Şikayətin dəliləri ilə razılaşmayan kollegiya qeyd edir ki, işin araşdırılan hallarından bəlli olduğu kimi, iddiaçı bank ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən müqavilə üzrə yaranmış bütün borcu tələb etməklə müqavilədən birtərəfli qaydada imtina ilə bağlı artıq öz iradəsini ifadə etmişdir.

32. İddiaçı bank sonradan ##.##.2026-cı il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 4393,60 manat məbləğində vaxtı keçmiş əsas borcu, ##.##.2026-cı il tarixə qədər kreditdən istifadəyə görə illik 12% dərəcəsi ilə hesablanmış 417,55 manatı məbləğində adi faizlər üzrə borc məbləği, ##.##.2026-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 150,90 manat məbləğində penya borcunun tutulmasını tələb etmişdir.

33. Kollegiya işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, iddiaçı bank iddia ərizəsində cavabdehdən sözügedən müqavilə üzrə əsas və gecikmə günü üçün hesablanmış faiz borcunu, eyni zamanda cərimə borcunun qaytarılmasını tələb etməklə, həmin müqavilənin birtərəfli qaydada ləğv olunmasını bəyan etmişdir. Bankın cavabdehdən bütün borcun qaytarılmasını tələb etməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq iradə ifadəsi qarşı tərəfə bildirildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir.

34. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2025-ci il tarixində məhkəməyə iddia ərizəsi verilərkən tələb olunan faiz və cərimə borcunun tutulması əsaslı və ədalətli hesab edilməlidir, işə baxan məhkəmənin bu barədə nəticəsi əsaslı və işin hallarına uyğun sayılmalıdır.

35. Yenə işin mübahisəsiz hallarından bəlli olur ki, iddia tələbində cavabdehdən 260,84 manat faiz və 5,02 manat cərimə borcu tələb edilsə də, ##.##.2026-cı il tarixində məhkəməyə təqdim edilmiş maliyyə arayışında cavabdeh tərəfindən ##.##.2023-cü ildə 50 manat ödəniş edildiyi və həmin məbləğin cərimə faizləri üzrə hesablanan məbləğdən çıxıldığı müəyyən edilmişdir.

36. Belə vəziyyətdə ödənilmiş 50 manat məbləğin cərimə və faiz borcuna hesablanaraq, tələb olunan məbləğdən çıxılması (50 manat-5,02 manat=44,98 manat; 260.84 manat-44.98 =215,86 manat) barədə məhkəmənin mövqeyi əsaslı hesab edilməlidir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.

38. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iddiaçı bankın formal mülahizələridir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hazırkı halda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ASC İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar