Məhkəmə qərarları › İş №e-2(3-8)-724/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-724/2026

26.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-724/2026 26.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X4 ibarət tərkibdə, X1 qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı “xxxx” QSC və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Iş materiallarında olan “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərarın surətindən görünür ki, X2 atası (hazırki iş üzrə cavabdeh) Cavabdeh iştirakı ilə izahat verərək, ##.##.2025-ci il tarixdə, təxminən saat 17.00 radələrində dəmir yolu xəttinin yaxınlığında olarkən dəmir xətti istiqamətində kiçik ölçülü daşlar atmağa başlamış, həmin dəmir yolu xətti ilə hərəkət edən qatarı görmüş, lakin daş atmağa davam etmiş, atdığı daşlardan biri qatarın şüşəsinə dəydiyini görüdükdən sonra həmin yerdən qaçaraq yaşadığı evə getmişdir.

2. Iş materiallarında olan “EŞ2-003 qatarına dəymiş ziyanın aradan qaldırılmasınə dair” ##.##.2025-ci il tarixli arayışından görünür ki, Əmək haqqı 27 manat 98 qəpik, dolayı əmək haqqı 46 manat 63 qəpik, mal və materiallar 4176 manat 02 qəpik, amortizasiya 26 qəpik, ümumtəsərüffat 1 manat 61 qəpik olmaqla, ümumi ziyan 4252 manat 50 qəpik təşkil edir.

3. Iş materiallarında olan ##.##.2019-cu il tarixli, hüq*** nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Stadler Service AG şirkəti ilə iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti arasında ehtiyyat hissələrinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin * saylı Qoşmasının 6-cı xanasında bir ədədinin dəyəri 1299 avro olan 6 ədəd “Sərnişin salonunun aşağı mərtəbəsinin təhlükəsizlik şüşələri” iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır (iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin ##.##.2026-cı il tarixli məktubunda da, qeyd edilmişdir).

4. Iş materiallarında olan ##.##.2020-ci il tarixli, LS******** nömrəli hesab-fakturanın (Proforma-Invoice) surətindən görünür ki, satıcı Stadler Service Ag şirkəti tərəfindən sifariş olunmuş ehtiyyat hissələrinə görə alqı-satqının ümumi dəyərini əks etdirən hesab-faktura təqdim edilmişdir. Həmin hesab fakturanın 9-cu xanasında olan “Aşağı mərtəbənin şüşəsi (qəza çıxışı)”-nin 1 ədədinin dəyəri 1500 avro olaraq göstərilmişdir.

5. Iş materiallarında olan Gömrük bəyannaməsi və ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən idxal olunan məhsullara görə ümumilikdə 76576 manat 51 qəpik ödəniş edilmişdir.

6. Iş materiallarında olan ##.##.2022-ci il tarixli Aktdan görünür ki, EŞ2-003 elektrik qatara baxış keçirilmiş, baxış nəticəsində heç bir nöqsan aşkar edilməmiş və qatar tam saz vəziyyətdə hərəkət başlamışdır.

Birinci instansiya məhkəməsindəki icraat

7. Iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə vurulmuş 4252,50 manat məbləğində zərər və 63 manat məbləğində dövlət rüsumu, cəmi 4315,50 manat məbləğinin hadisə baş verən zaman yetkinlik yaşına çatmayan X2 qanuni nümayəndəsi Cavabdeh tutularaq, “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddia onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixində, saat 19.03 radələrində Bakı-Xırdalan-Sumqayıt istiqamətində hərəkətdə olan Stadler EŞ*-*** nömrəli qatar Xırdalan post mənzil 12-ci km piket 5-də hərəkətdə olarkən qatara daş atılması nəticəsində sözügedən qatara 4252,50 manat məbləğində ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Nəqliyyatda Baş Polis Idarəsi X3 Polis Idarəsinin Biləcəri xətt Polisi Şöbəsində araşdırma aparılmışdır. Biləcəri Xətt polis Şöbəsində ADY-yə daxil olmuş ##.##.2025-ci il tarixli, */*-*-**-**-*-*/*-****/**** nömrəli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, aparılmış araşdırma zamanı ##.##.2025-ci il tarixində Xırdalan-Güzdək dəmir yolu mənzilində ADY-yə məxsus Stadler EŞ2-003 Sumqayıt- Xırdalan-Bakı surətli elektrik qatarının vaqonuna kənardan daş atılması nəticəsində şüşə hissəsinə zərər verən şəxsin X2 olması müəyyən edilmişdir. Bununla əlaqədar, X2 bölməyə dəvət olunmuş və atası Cavabdeh iştirakı ilə izahatı alınmışdır. Həmçinin qərardan görünür ki, hadisə nəticəsində ADY-yə 4252,50 manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndə2 iddia ərizəsini müdafiə edərək və ona uyğun izahat verərək, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia ərizəsin etiraz edərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə vurulmuş maddi ziyana görə 2765 manat 55 qəpik pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 48 manat alınaraq, iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin cavabdeh Cavabdeh yetkinlik yaşına çatmayan oğlu X2 hərəkəti nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Işin araşdırılmış hallarından müəyyən olunur ki, ##.##.2025-ci il tarixində, saat 19.03 radələrində Bakı-Xırdalan-Sumqayıt istiqamətində hərəkətdə olan Stadler EŞ*-*** nömrəli qatar Xırdalan post mənzil 12-ci km piket 5-də hərəkətdə olarkən qatara yetkinlik yaşına çatmayan X2 tərəfindən daş atılması nəticəsində sözügedən qatara maddi ziyan dəymişdir. Vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün, qyed olunan ehtiyyat hissəsinin alış və digər xərcləri əhatə edən sənədlər tələb edilmiş və təqdim edilmiş sənədlərlə zərər dəymiş ehtiyyat hissəsinin (şüşənin) alış dəyərinin 1500 avro olması, ehtiyyat hissəsinin ölkəyə idxal edilən zaman avro-manat məzənnəsinin 1.8437 AZN olması nəzərə alınaraq, ehtiyyat hissəsinin alış dəyərinin 2765 manat 55 qəpik olması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə vurulmuş maddi ziyana görə 2765 manat 55 qəpik pul iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 4252 manat 50 zərərin təmin edilməyən 1486 manat 95 qəpik hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təqdim edilmiş sübutlarla təsdiqini tapmamışdır. Belə ki, təqdim edilən sənədlərdə (arayış, hesablama, hesab-fakltura, gömrük bəyannaməsi və s.) ehtiyyat hissəsinin alış dəyərindən əlavə tələb edilən 1486 manat 95 qəpik məbləğində pul vəsaitinin məhz zərər dəymiş ehtiyyat hissəsinə görə ödənildiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, “xxxx” QSC-nin Hərəkət vasitələrinin təmiri departamentinin rəisi tərəfindən təsdiq edilmiş “EŞ2-003 qatarına dəymiş ziyanın aradan qaldırılmasınə dair” ##.##.2025-ci il tarixli arayışda dəymiş ziyan olaraq 4252 manat 50 qəpik göstərilsə də, iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında heç bir təsdiq etməsi olmayan hesablama düsturunda isə dəymiş ziyan 4176 manat olaraq göstərilmişdir. Bu hal isə, iddiaçı tərəfindən qeyd olunan ehtiyyat hissəsinə çəkilmiş əlavə xərclərin dəqiqliklə hesablanmamasına dəlalət edir. Məhkəmə isə, dəqiq hesablanması göstərilməyən tələb əsasında cavabdehin əlavə məsuliyyətlə yüklənməsini qanuni və ədalətli hesab etmir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı tələb edilən 1486 manat 95 qəpik məbləğində pul vəsaitinin hesablamasını apararkən gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən iddiaçı tərəfindən ödənilmiş ƏDV vergisinin məbləğini də, nəzərə almışdır. Məhkəmə qeyd edir ki, əlavə dəyər vergisi ödəyiciləri olan şəxslər gömrük rəsmiləşdirilməsi zamanı ödənilən əlavə dəyər vergisini sonraki əməliyyatlar və hesabatlar dövründə əvəzləşdirilməsini tələb etmək hüququna malikdirlər. Bununla da, ödənilən ƏDV onlara geri qaytarılır. Vergi qanunvericiliyi hər hansı məhsulu idxal etmiş şəxsə idxal zamanı ödənilən ƏDV-ni əvəzləşdirmək hüququ verməklə ona həmin ödənilmiş məbləğdən sonradan digər məqsədlər üçün istifadə etmək imkanı yaradır. Bununla da, ödənilən ƏDV idxal edilmiş malın (məhsulun) maya dəyərini formalaşdırmır. Məhz bu səbəbdən də, ödənilmiş ƏDV məbləğinin cavabdehdən tələb edilməsini məhkəmə əsaslı hesab etmir.

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21-ci, 1096.1-ci, 1097-ci, 1108-ci maddələri, Vergi Məcəlləsinin 143-cü, 153.1-ci, 175.1-ci, 175.2-ci maddələri, Mülki Prosesual Məcəllənin 14.2-ci, 77.1-ci, 119.1-ci, və 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı “xxxx” QSC apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılan zaman qanunvericiliyin maddi və prosessual normalarının tələblərinə tam şəkildə əməl edilməmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, 1486 manat 95 qəpik məbləğində ödənişin məhz zədələnmiş ehtiyat hissəsinə aid olması müəyyən edilməmişdir. Lakin iş materiallarında olan araşdırma sənədlərini birgə şəkildə qiymətləndirildikdə həmin məbləğin bilavasitə zədənin aradan qaldırılması üçün çəkilmiş xərc olduğu açıq şəkildə müəyyən edilir. Məhkəmə isə sübutları ayrı-ayrılıqda və formal şəkildə qiymətləndirmiş, onların qarşılıqlı əlaqəsini nəzərə alamamışdır. Halbuki bir sıra sənədlərdə ehtiyyat hissəsinin alınması, gömrük rəsmiləşdirilməsi, ƏDV ödənişi, daşınma və rəsmiləşdirmə xərcləri eyni təmir prosesinin tərkib hissəsi kimi göstərilmişdir. Halbuki məhkəmə yalnız bir hissəsini qəbul edib, digər hissəsini isə əsassız olaraq zərərin tərkibindən çıxarmışdır. Hesab edirlər ki, 4176 (dörd min yüz yetmiş altı) manat və 4252,50 (dörd min iki yüz əlli iki manat 50 qəpik) manat fərqi iddianın rəddinə əsas ola bilməz. Qətnamədə isə məbləğ fərqinə istinad edilmişdir. Lakin bu fərq hesablamanın müxtəlif mərhələləri, əlavə xərclərin daxil edilməsi, ƏDV və gömrük ödənişlərinin nəzərə alınması ilə bağlı olmuşdur. Eyni zamanda məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş kalkulyasiya cədvəlində göstərilən 4176 (dörd min yüz yetmiş altı) manat məbləği, həmin məhkəməyə təqdim olunmuş maliyyə arayışında qeyd edilən “mal və materiallar” qrafasının hesablanma qaydasını əks etdirir. Beləliklə də, 4176 (dörd min yüz yetmiş altı) manat məbləği məhz 4252,50 (dörd min iki yüz əlli iki manat 50 qəpik) manat məbləğinin tərkib hissəsidir. Təəssüflər olsun ki, birinci instansiya məhkəməsi bu məqama ümumiyyətlə diqqət yetirməmiş, qiymət fərqinin mövcud olması nəticəsinə gəlmiş və bununla da tamamilə yanlış nəticəyə gəlmişdir. Birinci intansiya məhkəməsi isə həmin fərqin mahiyyətini araşdırmadan bunu iddianın rəddinə əsas götürmüşdür ki, bu da prosessual qanunvericiliyin tələblərinə ziddir. Mülki qanunvericiliyinin tələblərinə əsasən zərərin aradan qaldırılması üçün çəlkilmiş xərclər faktiki zərərin ayrılmaz hissəsidir. Bu səbəbdən 1486 (bir min dörd yüz səksən altı manat 96 qəpik) məbləğin zərərin tərkibindən çıxarılması hüquqi və məntiqi əsasdan məhrumdur. Bildirilir ki, qeyd edilən xidmətlərin göstərilməsi ADY-nin təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidmətləri göstərən alternativ bir qurum yoxdur. Bu xidmətlərin göstərilməsi üçün qatarlar və onların ehtiyat hissələri yalnız ADY tərəfindən xarici ölkələrdən sifariş olunaraq alınır. Beləliklə, qatarın və onun ehtiyat hissələrinin orta bazar dəyərini müəyyən etmək qeyri-mümkündür. Həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, “təqdim edilən sənədlərdə (arayış, hesablama, hesabfaktura, gömrük bəyannaməsi və s.) ehtiyyat hissəsinin alış dəyərindən əlavə tələb edilən 1486,95 manat məbləğində pul vəsaitinin məhz zərər dəymiş ehtiyyat hissəsinə görə ödənildiyini müəyyən etmək mümkün olmamışdır”. Bildirilir ki, Azərbaycan Respublikasının ərazisinə idxal edilən malların gömrük orqanlarında müvafiq qaydada rəsmiləşdirilməsi və sənədləşdirilməsi həyata keçirilmədən həmin malların ölkə ərazisinə idxal edilməsi mümkün deyildir. Bununla bağlı qeyd edilir ki, “ADY” tərəfindən Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən həyata keçirilmiş gömrük rəsmiləşdirilməsini təsdiq edən sənədlər birinci instansiya məhkəməsinə tam şəkildə təqdim edilmişdir. Lakin təəssüflər olsun ki, qeyd olunan sənədlər birinci instansiya məhkəməsinə təqdim edilsə də, sözügedən sənədlər məhkəmə tərəfindən tam, hərtərəfli, obyektiv şəkildə araşdırılmamış və nəticədə iş üzrə düzgün hüquqi nəticəyə gəlinməmişdir.

16. Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə sübutlar tam və obyektiv araşdırılmamışdır. Məhkəmə qətnaməsi qəbul edilərkən iddianı təsdiq edən kifayət qədər obyektiv sübutlar məhkəmə iclasında tam araşdırılmamışdır. Kamera görüntüləri və video materiallar təqdim edilməmişdir. Hadisə ilə bağlı kamera görüntüləri və digər texniki sübutlarla tanış olmaq tələb edilsə də, həmin materiallar ona təqdim edilməmiş, məhkəmədə tam araşdırılmamışdır. Yetkinlik yaşına çatmayan şəxsin izahatının alınma şəraiti araşdırılmamışdır. Yetkinlik yaşına çatmayan şəxsin izahatının hansı şəraitdə alınması, onun sərbəst və könüllü verilib-verilməməsi araşdırılmamışdır. Polis orqanında qorxu və təzyiq nəticəsində izahat alınması ilə bağlı ciddi narahatlıq mövcuddur. Hadisənin məhz onun və ya övladı tərəfindən törədilməsini təsdiq edən birbaşa və obyektiv sübut təqdim olunmamışdır. Qətnamədə nəticəyə hansı konkret, obyektiv və şübhəsiz sübutlar əsasında gəlindiyi tam əsaslandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh izahat verərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndə1 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

23. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

24. Maddə 1103. On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət 1103.1. On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. (...)

25. Maddə 1104. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət 1104.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. 1104.2. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. (...)

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

28. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətlərinin dəlilləri ilə mübahisələndirilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, iş materiallarında olan ##.##.2025-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, ##.##.2025-ci il tarixdə dəmir yolu xəttinin yaxınlığında olarkən yetkinlik yaşına çatmayan X2 həmin istiqamətdə daş atmış, dəmir yolu xətti ilə hərəkət edən qatarı görməsinə baxmayaraq daş atmağa davam etmiş, atdığı daşlardan birinin qatarın şüşəsinə dəydiyini gördükdən sonra hadisə yerindən uzaqlaşmışdır. Həmin qərarda aparılmış araşdırmanın nəticəsi olaraq ADY-yə məxsus Stadler EŞ2-003 elektrik qatarının vaqonunun şüşə hissəsinə zərər vuran şəxsin məhz X2 olması müəyyən edilmişdir.

35. Qeyd edilən qərarın hazırkı mülki iş üzrə sübut əhəmiyyəti ayrıca qiymətləndirilməlidir. Belə ki, həmin sənəddə əks olunan xüsusatlar mülki iş üzrə digər sübutlarla birlikdə qiymətləndirildikdə hadisənin başvermə mexanizmi, zərərvuran şəxsin kimliyi və onun hərəkəti ilə nəticələnmiş zərər arasında səbəbli əlaqənin mövcudluğu barədə kifayət qədər ardıcıl və bir-birini tamamlayan sübutlar mövcuddur.

36. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh yetkinlik yaşına çatmayan 2011ci il təvəllüdlü X2 atasıdır və onun himayəsində yaşayır.

37. Məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətində yetkinlik yaşına çatmayan X2 izahatının təzyiq və ya qorxu altında alınması barədə irəli sürdüyü mülahizələrə gəldikdə isə, qeyd edir ki, bu barədə iş materiallarında hər hansı obyektiv və mötəbər sübut yoxdur. Əksinə, həmin izahat yetkinlik yaşına çatmayan şəxsin atası Cavabdeh iştirakı ilə alınmışdır. Cavabdeh tərəfindən həmin izahatın etibarlılığını şübhə altına alan konkret fakt, izahatın məcburetmə yolu ilə alındığını təsdiq edən sənəd və ya digər sübut təqdim edilməmişdir.

38. Bundan başqa, cavabdehin hadisəni təsdiq edən kamera görüntülərinin və digər texniki sübutların təqdim edilməməsi barədə dəlili də əsaslı hesab edilə bilməz.

39. Belə ki, mülki prosesdə iş üzrə nəticə yalnız bir növ sübutun, o cümlədən video görüntünün mövcudluğundan asılı deyil. Sübutlar məhkəmə tərəfindən onların ayrı-ayrılıqda deyil, qarşılıqlı əlaqədə və məcmu halında qiymətləndirilməsi yolu ilə müəyyən edilir.

40. Hazırkı işdə yetkinlik yaşına çatmayan şəxsin izahatı, polis orqanındakı araşdırmanın nəticələri, hadisə nəticəsində qatarın şüşəsinin zədələnməsi, zərərin müəyyən edilməsi ilə bağlı sənədlər və digər sübutlar bir-birini tamamlayır.

41. Iddiaçının apellyasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, zərərin tam məbləğdə tutulması barədə tələb irəli sürən tərəf həmin zərərin məbləğini, onun faktiki olaraq mövcud olduğunu və tələb edilən bütün xərclərin məhz mübahisə predmetini təşkil edən zərərin aradan qaldırılması ilə birbaşa bağlı olduğunu sübut etməlidir.

42. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

43. ##.##.2025-ci il tarixli “EŞ2-003 qatarına dəymiş ziyanın aradan qaldırılmasına dair” arayışda ümumi zərər 4252,50 manat göstərilmişdir. Həmin məbləğin tərkibində əmək haqqı, dolayı əmək haqqı, mal və materiallar, amortizasiya və ümumtəsərrüfat xərcləri nəzərdə tutulmuşdur.

44. Lakin zərərin məbləğinin müəssisədaxili arayışda müəyyən məbləğdə göstərilməsi öz-özlüyündə həmin məbləğin bütövlükdə cavabdehdən tutulması üçün kifayət etmir. Məhkəmə zərərin faktiki məbləğini obyektiv və yoxlanıla bilən ilkin sənədlərlə müəyyən etməlidir. Xüsusilə də zərərin tərkibinə daxil edilmiş əlavə xərclərin konkret hansı mal və ya xidmətlə bağlı olması, həmin xərclərin məhz zədələnmiş ehtiyat hissəsinin alınması və dəyişdirilməsi ilə səbəbli bağlılığı, habelə onların faktiki olaraq iddiaçı tərəfindən çəkilməsi müəyyən edilməlidir.

45. Iş materiallarından görünür ki, ##.##.2020-ci il tarixli LS******** nömrəli hesabfakturada “Aşağı mərtəbənin şüşəsi (qəza çıxışı)” ehtiyat hissəsinin bir ədədinin dəyəri 1500 avro göstərilmişdir. Həmin sənəd digər sübutlarla, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərlə birlikdə qiymətləndirildikdə birinci instansiya məhkəməsinin 1500 avro məbləğində alış dəyərini sıradan çıxmış ehtiyat hissəsinin dəyəri kimi qəbul etməsi əsaslıdır.

46. Həmin məbləğ idxal zamanı tətbiq edilmiş 1,8437 manat məzənnəsi ilə hesablandıqda 2765,55 manat təşkil edir. Beləliklə, birinci instansiya məhkəməsinin 2765,55 manat məbləğini sənədlərlə təsdiq olunmuş real əmlak zərəri kimi qəbul etməsi iş materiallarına və sübutetmə qaydalarına uyğundur.

47. Iddiaçı isə əlavə olaraq 1486,95 manat məbləğinin də tutulmasını tələb edir. Lakin həmin məbləğin hansı konkret xərclərdən formalaşdığı və bu xərclərin bilavasitə zədələnmiş şüşənin alınması və dəyişdirilməsi ilə əlaqəli olduğu iş üzrə təqdim edilmiş sübutlarla tələb olunan aydınlıqda müəyyən edilmir.

48. Iddiaçının apellyasiya şikayətində gömrük rəsmiləşdirilməsi, daşınma, ƏDV və digər xərclərin ehtiyat hissəsinin ölkəyə gətirilməsi üçün zəruri xərclər olduğu barədə dəlilləri nəzərdən keçirilsə də, yalnız xərclərin müəyyən malın idxalı ilə əlaqəli olması onların avtomatik olaraq delikt nəticəsində vurulmuş zərərin tərkibinə daxil edilməsi üçün kifayət etmir. Hər bir xərcin, o cümlədən əlavə dəyər vergisinin konkret olaraq zədələnmiş ehtiyat hissəsinə aid olması və həmin xərcin zərərin aradan qaldırılması üçün zəruri və faktiki çəkilmiş xərc olması ayrıca sübuta yetirilməlidir.

49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

50. Məhkəmə kollegiyası hesab edir ki, dövlət rüsumunun bölüşdürülməsi məsələsinə də birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir.

51. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

52. MPM-in 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar