Məhkəmə qərarları › İş №e-2(3-8)-733/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-733/2026

02.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-733/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X10 ibarət tərkibdə, X2 qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış ##.##.2024-cü il tarixli, GTKR*******C*** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 35 ay müddətinə, illik 19% ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir.

2. Işin materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 14909,33 manat əsas, 263,78 manat faiz borcu olmaqla, cəmi 15173,11 manat borcu vardır.

3. Iş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

4. Iş materiallarında olan ##.##.2024-cü il tarixdə “fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə anketi”ndə Cavabdeh imzası qeyd edilmişdir.

5. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */***-*/*** nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh adına ##.##.2024-cü il tarixli Fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünü qiymətləndirmə anketinin surətindəki imzanın montaj yolu ilə sənədə yerləşdirilməsi istisna edilmir. Ekspertizanın dəyəri 112 manat təşkil edir.

6. Iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən görünür ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinməsi, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, X3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, X3 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış İddiaçı ASC tərəfindən emissiya edilmiş ****- ****-****-**** nömrəli “X4” və İddiaçı ASC tərəfindən emissiya edilmiş ****-****-****-**** nömrəli “X6” kart hesablarının çıxarışları, həmçinin “xxxx” şirkətindən alınmış Cavabdeh məxsus İddiaçı ASC-yə aid kart hesablarından köçürülmüş vəsaitlər üzrə əməliyyatların siyahısı, həmin vəsaitlərin köçürüldüyü “M10” hesabı istifadəçilərinin anket məlumatları və fotogörüntülər cinayət işinin materiallarında saxlanılması, zərərçəkmiş şəxsə mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və ya xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınması, X3 göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi (30) iş saatı üçün nəzərdə tutulmuş 330 (üç yüz otuz) manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülməsi, hökmün icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasına və Abşeron rayon Polis Idarəsinə həvalə edilməsi hökm edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

7. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında elektron qaydada bağlanmış GTKR*******C*** saylı, ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən onun kartına müddəti 35 ay, illik 19 faiz dərəcəsi ilə 15000 manat məbləğində pul mədaxil edilmişdir. Daha dəqiq deyilsə, kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Iddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladıqları bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Nəticədə cavabdehin ##.##.2025-ci il tarixə İddiaçı ASC-yə 14909,33 manat əsas, 263,78 manat faiz, cəmi 15173,11 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14909,33 manat əsas, 263,78 manat faiz, cəmi 15173,11 manat pul vəsaitinin və 135,52 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

9. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi öz mövqeyini bununla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmamışdır. Belə ki, cavabdehə zəng edərək özünü İddiaçıın əməkdaşı kimi təqdim edən naməlum şəxs cavabdehə məxsus bank kartlarının rekvizitlərini öyrəndikdən sonra 4169 7388 8831 **** nömrəli kart hesabından 15000 manat pul oğurlamışdır. Iş materiallarının təhlili göstərir ki, kredit öhdəliyinin yaranmasına əsas olan sənədlər toplusunda yeganə imzalı sənəd “fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə anketi”dir. Lakin sözügedən anketin surətindəki imzanın montaj üsulu ilə yerləşdirilməsinin ekspert rəyi ilə istisna edilməməsi, faktiki olaraq kredit sənədləşməsinin saxtalaşdırıldığını və hüquqi əsasdan məhrum olduğunu sübut edir. Məhkəmə onu da qeyd edir ki, yuxarıda adıçəkilən qaydalarda video zəng və videoçəkiliş anlayışları fərqləndirilməklə, məsafədən bank hesabının açılması zamanı video zəng üsulunun yeni müştəriyə, video çəkilişin isə mövcud müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması zamanı tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, ##.##.2024-cü il tarixli müqavilə bağlanarkən həyata keçirilmiş iddiaçının eyniləşdirilməsinə dair 8 saniyəlik video çəkilişlə kifayətlənməklə bank ##.##.2024cü il tarixli müqavilə əsasında ona 15000 manat məbləğində kreditin ayrılmasını mümkün hesab etmişdir. Halbuki Qaydanın 5.7-ci bəndində sadalanan müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya gücləndirilmiş müştəri autentifikasiyası (şəxsin dürüst müəyyənləşdirilməsi) hesab edilir. Hazırki halda isə bank tərəfindən OTP kodun cavabdehə məxsus nömrəyə göndərilməsi, digər səs tanınması, barmaq izi və s. kimi elementlərdən istifadə təmin edilməmişdir. Göründüyü kimi cavabdehin kredit götürməklə bağlı hər hansı iradə ifadəsi olmadığı təqdirdə, bankın təhlükəsizlik tədbirlərini lazımi qaydada görməməsi ucbatından onun tərəfindən götürülməmiş 15000 manat krediti qaytarmalı olan borclu şəxs statusunu almışdır. Qeyd edilməlidir ki, əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsinin vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən kredit müqaviləsinin etibarlı sayılması, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Göstərilənlərə əsasən məhkəmə yalnız yazılı və formal hallarla kifayətlənməyərək, cavabdehin iradə ifadəsinin həqiqi məzmunu və niyyətini müəyyən edərək hesab edir ki, ##.##.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadələrinə uyğun olmadan bağlanmış, qeyd olunan halda cavabdehin iradə ifadəsinin zədələnməsi halı baş vermişdir ki, bu da müqavilənin etibarsız hesab olunması üçün əsasdır. Belə olan halda, cavabdeh öz fərdi məlumatlarının və bank kartının qorunmasında ehtiyatsızlıq etsə belə (bu sübut olunacağı təqdirdə), bu hal onun adından qanunsuz götürülmüş və mənimsənilmiş kredit borcuna görə müqavilə öhdəliyi daşımasına əsas vermir. Bank peşəkar maliyyə institutu kimi kreditin verilməsi zamanı təhlükəsizlik və identifikasiya prosedurlarını təmin etmədiyi üçün yaranmış riskləri özü daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin bank qarşısında hər hansı müqavilə öhdəliyinin olmadığı və iddiaçının iddiasının cavabdehə qarşı əsassız qaldırıldığı nəzərə alınaraq, iddia rədd edilməlidir.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Qasımovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2019-cu il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci, 331.1-ci, 337-ci, 339.2-ci, 339.3-cü, 404.1-ci, 406.3-cü, 746-2.5-ci, 746-2.6-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 76.2-ci, 216-220, 227-ci, 233-cü və 360-cı maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın rədd olunmasının səbəbi tam əsassızdır. Belə ki, bank tərəfindən qanunauyğun müqavilə bağlanmışdır. “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın 5.5.2.1-ci yarımbəndinə əsasən, məsafədən istehlak krediti müqaviləsinin bağlanması gücləndirilmiş elektron imza və videozəng vasitəsilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və videozəng vasitəsilə həyata keçirilə bilər. Göründüyü kimi, qanunvericilik istehlak krediti müqaviləsinin hansı formada və hansı texniki vasitələrdən istifadə olunmaqla bağlanmasını konkret şəkildə müəyyən etmiş və bu prosesi adi kredit müqaviləsinin bağlanmasından fərqləndirmişdir. Lakin məhkəmə mübahisəli məsələyə hüquqi qiymət verərkən kredit müqaviləsinin bağlanmasına düzgün olaraq yanaşmamışdır. Müştəri ilə onlayn qaydada kreditin verilməsi ilə bağlı müqavilə bağlanmış, 10 saniyəlik video rolik vasitəsi ilə şəxsiyyət müəyyən edilmiş və OTP kodu müştəriyə göndərilmiş müştəri təsdiq verdikdən sonra ##.##.2024-cü il tarixdə 35 ay müddətinə illik 19 faizlə 15000 manat məbləğində kredit verilmişdir. Belə ki, həmin OTP kodu yalnız müştəri tərəfindən tətbiq olunur, bundan sonra kredit rəsmiləşir. Digər şəxslər tərəfindən yalnız müştərinin özü tərəfindən ona aid olan məxfi kodların kiməsə verməsi səbəbindən baş verə bilər. Buna isə bir başa məsul şəxs müştərinin özüdür. OTP kodunu və cavabdehin istifadəsində olan mobil nömrədən verildiyini təsdiq edən sənədlər iş materiallarına əlavə edilmişdir. Iş üzrə cavabdeh bildirmişdir ki, həmin kredit onun tərəfindən götürülməmiş, onu aldadaraq adına rəsmiləşdirmişlər. Həmin kredit başqa şəxs tərəfindən götürülmüş, onun barəsində cinayət işi başlanılmış, məhkəmənin hökmü ilə cavabdeh həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin işə görə də təqsirləndirilən şəxsə qarşı habslə bağlı hökm çıxarılmışdır. Lakin məhkəmə həmin cinayət işinin olduğundan məlumatlı olsa belə, işə düşgün qiymət verməmişdir. Belə ki, cavabdeh şəxs cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdırsa hansı qanun pozuntusundan söhbət gedir. Belə olduğu halda sübut olunur ki, tərəflər arasında qaydalara uyğun müqavilə bağlanaraq kredit rəsmiləşdirilmişdir. Cavabdehin aldadılması isə bankla bağlı deyil, cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən edilmişdir. Buna isə məhkəmənin hökmü ilə qiymət verilmişdir. Cavabdeh hökm üzrə zərərçəkmiş kimi tanındığı halda bankın hərəkətlərində hansı qanun pozuntusu olmuşdur. Məhkəmə bu hissəni belə lazımca araşdırmamış, öz təşəbbüsü ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə tərəfindən bu cür ekspertizanın təyin edilməsi belə əsassızdır. Belə ki, kredit onlayn qaydada imzalandığı halda hansı xətşünaslıq ekspertizasından söhbət gedə bilər. Həmin qərardad əsasında məhkəmə-xətşünaslıq ekspertizasında natamam və işə aid olmayan əsassız bir rəy verərək məhkəməyə qaytarmışdır. Məhkəmə Ekspertizası Mərkəzi rəydə bildirilmişdir ki, tədqiqata təqdim edilmiş X9 adına ##.##.2024-cü il tarixli Fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi üçün özünü qiymətləndirmə anketinin surətindəki imzanın montaj yolu ilə sənədə yerləşdirilməsi istisna edilmir. Həmin sənədin ümumiyyətlə banka heç bir aidiyyəti yoxdur, kredit üzrə rəsmiləşmə aparılan zaman sistem üzərindən avtomatik olaraq çıxır, digər sənədlərlə birlikdə müştəriyə göndərilir. Bank hər hansı bir yerə imza etdirmir. Belə olduğu halda müştəriyə aid imzanın bank tərəfindən hansı sənədin montaj yolu ilə edildiyindən söbət gedə bilər. Ekspert tərəfindən belə bir rəyin verilməsi əsassızdır. Belə ki, sənədin əsli təqdim olunmadığı üçün rəy vermədən imtina edərək geri qaytarılmalı idi. Ekspert bu cür bir rəy verməklə ona verilən səlahiyyətini aşmışdır. Hörmətli məhkəmə bu cür əsassız bir rəyə və digər əsaslara görə iddianın rədd edilməsi o deməkdir ki, məhkəmənin hazırki işi düzgün araşdırmamış, sübutlara düzgün qiymət verməmişdir. Iddiaçı tərəfindən tədim olunmuş sübutlara bu cür qiymət verilməsi isə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Iddiaçı tərəf olaraq onlara hələ də maraqlıdır ki, məhkəmə cinayət işi üzrə qanuni qüvvəyə minmiş hökm olduğu halda düzgün araşdırma aparmadan iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, həmin cinayət işi üzrə cavabdeh zəzərçəkmiş kimi tanınmışdır, həmin kredt üzrə verilmiş məbləğin digər şəxs tərəfindən oğurlandığı sübut olunmuşdur. Belə olduğu halda həmin məbləğin bank tərəfindən cavabdehə verildiyi tam sübut olunur. Cavabdehi kimsə aldatmışdırsa onun həmin şəxsə qarşı həmin məbləğin ona ödənilməsi barədə iddia qaldırmaq hüququ yaranmışdır. Cavabdeh həm burdan borcunun olmadığını əsas gətirir, iddianın əsassız olduğunu bildirir, digər tərəfdən isə zərərçəkmiş kimi tanınır, ona zərərin vurulduğunu iddia edir. Bu isə yolverilməzdir. Məhkəmə tərəfindən hökm çıxarılmış, qanuni qüvvəsini almışdır. Belə olduğu halda hazırki kreditin cavabdeh tərəfindən mübahisələndirilməsi yolverilməzdir. Bir daha bildirilir ki, məhkəmə bankın təqdim etdiyi sübutlara deyil, cavabdehin bildirdiklərinə və öz mülahizələrinə əsaslanmışdır. Bundan başqa bildirilir ki, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bundan əlavə özü ilə dəfələrlə əlaqə saxlanılmış, bildirmişdir ki, onun kartından pul oğurlanıb polisə müraciət edib, bir daha onu narahat etməsinlər. Təqdim olunmuş sənədlərdən də görünür ki, müştəri tərəfindən onlayn qaydada imzalanmışdır. Həmin məbləğ isə cavabdehin göstərdiyi hesaba köçürülmüşdür. Ilk öncə bank tərəfindən kredit üzrə bütün sənədlər müştəriyə göndərilir. Müştəri tanış olur, müqavilə şərtləri ilə razı olduğu halda təsdiq verir. Sifariş verildikdən sonra həmin tətbiqə ondan başqa heç kim daxil ola bilməz, orada məxfi olan OTP kodu müştərinin mobil nömrəsinə göndərilir. Həmin kodu isə müştəridən başqa heç kim bilmir. Həmin kodlar yalnız müştərinin kiminləsə paylaşdığı və ya bildirdiyi halda mümkündür. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli GTKR*******C*** saylı müqaviləsinin 4.1-ci bəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. Buradan da görünür ki, məlumatların məxfi saxlanılması birbaşa cavabdehin öz üzərinə düşür. Bir daha qeyd edilir ki, məhkəmə tərəfindən işə düzgün qiymət verilməmiş, cinayət işi araşdırılmamış, məhkəmə cavabdehin maraqları tərəfdən işə yanaşmışdır. Bu isə yolverilməzdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

18. Maddə 331.3. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir.

19. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (...) 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

20. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

21. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

22. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

23. Maddə 743. Kredit müqaviləsinin anlayışı 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 743.3. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir.

Azərbaycan Respublikası Mərkəzi X8 ## ###### 2022- ci il tarixli **/* nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”

24. Bənd 5.1. Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur.

25. Bənd 5.2. Müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir.

26. Bənd 5.5. Yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; 5.5.2. rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə.

27. Bənd 5.6. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər.

28. Bənd 5.7. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

30. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

31. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

34. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

35. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

37. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...

39. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya baxışının hədləri

40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.

42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 339.2-ci maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər.

43. Göründüyü kimi hazırkı işdə bankın aldatmadan xəbərdar olması və ya xəbərdar olmalı olması sübut edilməmişdir.

44. Iş materiallarından müəyyən olunur ki, ## ###### 2024-cü il tarixdə İddiaçı ASC tərəfindən Qasımov Seyidəli Mirhüseyn oğlunun adına 15.000 manat məbləğində kredit rəsmiləşdirilmiş, kredit vəsaiti onun bank hesabına mədaxil edilmişdir. Mülki Məcəllənin 746- 2.5-ci maddəsinə əsasən istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər.

45. Bu baxımdan, kredit müqaviləsinin elektron formada bağlanması öz-özlüyündə onun etibarsızlığına əsas vermir. Birinci instansiya məhkəməsinin əsaslandırdığı kimi, yalnız vergi rezidentliyinin müəyyən edilməsi üçün özünüqiymətləndirmə anketindəki imzanın montaj yolu ilə yerləşdirilməsinin istisna edilməməsi kredit müqaviləsinin elektron qaydada bağlanmadığını və ya müqavilə üzrə elektron iradə ifadəsinin ümumiyyətlə mövcud olmadığını qəti şəkildə təsdiq etmir. Xüsusilə nəzərə alınmalıdır ki, ekspert rəyi “imzanın montaj yolu ilə yerləşdirilməsi istisna edilmir” nəticəsini ehtiva edir; bu ifadə imzanın məhz montaj yolu ilə yerləşdirilməsinin müəyyən edildiyi barədə qəti nəticə kimi qiymətləndirilə bilməz.

46. Bundan başqa, iş materiallarında kredit müqaviləsinin elektron qaydada rəsmiləşdirilməsi zamanı cavabdehin mobil telefon nömrəsinə OTP kodunun göndərilməsi və həmin koddan istifadə edilməklə kredit əməliyyatının təsdiq olunması barədə məlumatlar mövcuddur. Buna görə də, birinci instansiya məhkəməsinin yalnız 8 saniyəlik video görüntünü əsas götürməklə cavabdehin iradə ifadəsinin ümumiyyətlə mövcud olmaması barədə nəticəyə gəlməsi işdə olan digər elektron sübutların məcmu halında qiymətləndirilməsi tələbinə uyğun hesab edilə bilməz.

47. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nda məsafədən bank xidmətlərinin və müvafiq identifikasiya vasitələrinin tətbiqi ayrıca tənzimlənmişdir. Həmin qaydalar məsafədən hesabların və müvafiq sənədləşmənin elektron vasitələrlə həyata keçirilməsini mümkün hesab edir.

48. Lakin işin digər mühüm halı ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü ilə X3 təqsirli bilinmiş, cinayət işi üzrə Cavabdeh bank kart hesablarından vəsaitlərin çıxarılması və həmin vəsaitlərin başqa şəxsin hesablarına köçürülməsi ilə bağlı hallar müəyyən edilmişdir. Həmin hökmdə Cavabdeh məxsus kart hesablarından köçürülmüş vəsaitlər üzrə əməliyyatların, M10 hesablarının istifadəçiləri barədə məlumatların və digər materialların cinayət işində saxlanılması da göstərilmişdir.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

50. Bununla belə, göstərilən hal kredit müqaviləsinin mövcudluğunu avtomatik olaraq aradan qaldırmır. Kredit müqaviləsi üzrə pul vəsaitinin cavabdehin hesabına köçürülməsi ilə bank tərəfindən müqavilə üzrə öhdəliyin icrasının baş verdiyi müəyyən olunur. Başqa sözlə, vəsaitin sonradan üçüncü şəxs tərəfindən mənimsənilməsi bankla cavabdeh arasındakı müqavilə münasibətlərinin mövcudluğuna təsir etmir.

51. Məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, cavabdehin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınması onun hazırkı mülki mübahisədə kredit öhdəliyindən tam və avtomatik azad edilməsi anlamına gəlmir. Əksinə, cinayət nəticəsində ona əmlak zərəri vurulması müəyyən edildiyindən həmin zərərin cinayəti törətmiş şəxsdən mülki qaydada tələb edilməsi hüququ saxlanılır. Göründüyü kimi cavabdeh cinayət nəticəsində əmlak zərəri dəymiş zərərçəkmiş şəxs kimi tanınmaqla yanaşı, vurulmuş əmlak zərərinin ödənilməsi məsələsini mülki iddia qaydasında həll edə bilər.

52. Bu səbəbdən zərərçəkmiş statusu kredit müqaviləsi üzrə öhdəliyin avtomatik xitamına səbəb olmasa da, cinayət nəticəsində dəymiş zərərin məhz həmin cinayət işi üzrə təqsirli bilinmiş şəxsdən tələb olunmasına hüquqi imkan verir. Hökmdə zərərçəkmiş şəxsə mülki iddia ilə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi də bu hüququn ayrıca saxlanıldığını göstərir.

53. Iddiaçı apellyasiya instansiyasında tutulmasını tələb etdiyi əsas borcun məbləğini konkret olaraq 9153,83 manat müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfin irəli sürdüyü tələbin hədlərini nəzərə alaraq həmin məbləğ üzrə hüquqi qiymətləndirmə aparmalıdır.

54. Bu baxımdan, ilkin iddia ərizəsində göstərilmiş 14.909,33 manat əsas borcdan fərqli olaraq, apellyasiya baxışının predmeti kimi iddiaçının apellyasiya şikayətinin xahiş hissəsində konkretləşdirdiyi 9153,83 manat borc əsas götürülməlidir.

55. Məhkəmə xərclərinə münasibətdə kollegiya hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş 135,52 manat dövlət rüsumu, habelə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 67,76 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

56. Mülki Prosessual Məcəllənin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

57. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9153,83 manat əsas borc, 135,52 manat birinci instansiya məhkəməsində ödənilmiş dövlət rüsumu və 67,76 manat apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu tutulmalıdır.

59. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 112 (yüz on iki) manat da iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iddia tələbi qismən təmin edilsin. Cavabdeh Cavabdeh 9153,83 manat əsas borc, 135,52 manat birinci instansiya məhkəməsində ödənilmiş dövlət rüsumu və 67,76 manat apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilsin. Iddia tələbi qalan hissədə təmin edilməsin. Iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 112 (yüz on iki) manat İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar